“Müəllim hər zaman
cəmiyyətin diqqət
mərkəzində
dayandığını unutmamalıdır”
“Yetirmələrimi
görəndə qürur hissi
keçirirəm”
Xalidə İsmayılova 1955-ci ildə Ağstafa rayon Köçəsgər kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. 1976-cı ildən Köçəsgər kənd 2 nömrəli tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir.
- Sizdə bu peşəyə marağı kim yaradıb?
- Mən bu sənəti sevirdim, uşaqlıqdan marağım vardı və ona görə də müəllim oldum.
Bu sual həm də məni illər öncəyə qaytardı. Mən uşaq olarkən qonşuluğumuzda kirayədə yaşayan bir müəllim vardı. Mən onun uşaqları ilə dərslərimi bir yerdə hazırlayırdım və bir yerdə də oynayırdıq. İmran müəllim hər gün çantasını əlinə alıb məktəbə gedirdi. O, şagirdlərə dərs demək üçün başqa rayondan gəlmişdi. Məndə elə həmin vaxtdan müəllimliyə maraq yarandı.
- Yaxşı müəllim olmaq üçün nə etmək lazımdır?
- Yaxşı müəllim olmaq üçün illəri vermək lazımdır, müəllim nə qədər savadlı olsa da, hər zaman mütaliə etməlidir. Müəllim “müəllim” olduğunu, hər zaman cəmiyyətin diqqət mərkəzində dayandığını unutmamalıdır. Şagirdləri bir-birindən seçməməli, onları anlamalı və onlarla anlayacağı dildə danışmalıdır. Şagirdlərdə elə maraq yaratmalıdır ki, şagird fənni sevsin.
- 41 illik iş təcrübəniz var. Bu illər ərzində nə qazandınız və nəyi itirdiniz?
- Əminliklə deyə bilərəm ki, bu illərdə heç nə itirmədim. Amma qazandığım çox şey var. Böyük bir kəndin, hətta rayonun sevgisi və yüzlərə məzun qazandım...
Bu gün müəllim olduğum üçün fəxr edirəm. Mən müəllimi bağbana bənzədirəm. Onun meyvələri müxtəlif bağlara səpələnir. Onun hər yerdə meyvəsi var. Mən hara getsəm, hansı qapını döysəm, açılacaq qapım var. Bu illərdə mühəndislər, həkimlər, hüquqşünaslar, hərbçilər, müəllimlər və b. ixtisasa sahib məzunlar yetişdirmişəm. İndi mən yetirmələrimi görəndə fəxr edirəm, qürur hissi keçirirəm.
- Xalidə xanım, bu gün müəllimlik ixtisasında oxuyan, amma gəlib kəndlərdə, qəsəbələrdə işləmək istəməyən müəllimlərə nə sözünüz var?
- Heç nədən qorxmağa ehtiyac yoxdur. Bu gün kəndlər şəhərdən heç də fərqlənmir. Su, qaz, işıq, telefon, internet, ən əsası, təmiz hava, saf ürəkli insanlar və onların yolunu gözləyən şagirdlər var.
Nəcibə
VƏLİYEVA,
Ağstafa Rayon Təhsil
Şöbəsinin
ictimaiyyətlə əlaqələr
üzrə məsul şəxsi
Azərbaycan müəllimi.- 2017.-
8 aprel.- S.13.