“Parisdə beynəlxalq musiqi

yarışmasının ikincisi oldum”

 

Nigar Hüseynli: “Ura! Ura! Azərbaycan! sözləri məni daha da ruhlandırdı”

 

Cümə günü saat 15 radələrində redaksiyanın telefonu zəng çaldı. Dəstəyi qaldırdım. Özünü təqdim edən şəxs Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova idi. O, rəhbərlik etdiyi təhsil ocağının uğurlarından ürəkdolusu danışdı. Dedi ki, istedadlı sagirdlərinin sayı günü-gündən artmaqdadır. Nigar, Süleyman, Nihad, Banu və digərləri gimnaziyanın ünvanına xoş sözlər qazandıran yetirmələrdir. Sonda onlar haqqında məqalə hazırlanmasını arzuladığını bildirdi.

Direktorun öz yetirmələri haqqında ürəkdolusu danışması, şübhəsiz, diqqətimizdən yayına bilməzdi. Odur ki, ertəsi gün gimnaziyaya yollandım. Yolboyu dünya və Azərbaycan bəstəkarlarının sənət yolu yaddaşımda təzələndi. Axı, onları da ucaldıqları zirvələrə aparan yol uşaqlıq və yeniyetməlik dövründən başlamışdı. Onlar da görüşəcəyim istedadlı yeniyetmələr kimi ilk uğurlara məhz bu yaşda imza atmışdılar.

Bəli, həmin istedadlı şagirdlərdən biri olan Nigar Hüseynli ilə Aytən xanımın otağında görüşürük. Qarşımda səmimi, bir az da utancaq olan bir qız dayanıb. Deyir ki, uşaqlıqdan musiqiyə həvəsi olub. Uşaq ikən atası ona çoxlu oyuncaq musiqi aləti alırmış. İlk ifa etdiyi də pianinoda “Cücələrim” mahnısı olub. İndi də tez-tez o mahnını ifa edirəm, - deyir.

- Balaca qarmonum da vardı. Böyüdükcə qarmonum da böyüdü. Tütəkdə də ifa edə bilirəm. Qardaşım Rauf məni həmişə həvəslə dinləyir. O, ifa edəndə mən dinləyirəm. Qardaşım da mən oxuduğum gimnaziyada təhsil alır. Amma nədənsə onun bu sahəyə sonradan həvəsi azaldı. Dərs əlaçısıdır, bütün vaxtını dərs hazırlamağa sərf edir. Mənim isə günü-gündən musiqiyə həvəsim daha da artır. Düşünürəm ki, valideynlərim mənim musiqiyə olan həvəsimi düzgün qiymətləndiriblər. Artıq 5-ci sinif şagirdiyəm. Fortepiano sinfində müəllimim Nigar Nəcəfovadan dərs alıram. Bütün məşqlərə həvəslə qatılıram. Boş vaxtım çox az olur. Olanda da dünya şöhrətli bəstəkar L.Bethovenin əsərlərini dinləməyi xoşlayıram. Dərslərimi də yaxşı oxuyuram.

2016-cı ilin apreli mənim üçün çox uğurlu oldu. Parisdə Nikolay Rubinşteyn adına XIII beynəlxalq musiqi yarışmasına qatıldım. Orada dünya bəstəkarlarından F.Şopenin əsərlərindən parçaları və Azərbaycan bəstəkarı Niyazinin xoreoqrafik valsını məharətlə ifa etdim və Parisdə beynəlxalq musiqi yarışmasının ikincisi oldum. Tamaşaçı alqışları zalı bürüdü: “Ura! Ura! Azərbaycan!”. Bu sözlər məni daha da ruhlandırırdı. Sanki dünyanın ən xoşbəxt insanıydım. Gözlərim zalda oturan anamı axtarırdı. Anam da tamaşaçılara qoşulub “Nigarım, mənim!” - deyərək, əllərini havada yellədir, sevincini gizlədə bilməyib ucadan qışqırırdı. Həmin gün yorğun olmağımıza baxmayaraq Fransanın Luvr muzeyində, Notr-Dam de Paris kilsəsində olduq. Ertəsi gün Yelisey sarayını, Eyfel qülləsini gəzdik. Bələdçilər Azərbaycandan olduğumuzu biləndə çox sevindilər, bizə hörmətlə yanaşdılar, orada çoxlu azərbaycanlıların yaşadıqlarını bildirdilər. “İbis” otelində qalırdıq. Məktəbimizdən iki nəfər - Banu Tağıyeva və Nuranə Əliyeva da bizimlə qalırdı. Onlar da fortepianoda dünya bəstəkarlarının bənzərsiz mahnılarını ifa edib II yerin qalibi olmuşdular. Vətənə qayıdanda sevincimin hədd-hüdudu yox idi. Tələsirdim ki, müəllimlərimlə, rəfiqələrimlə, bir də qardaşım Raufla təəssüratlarımı bölüşüm.

Həmin ilin dekabrında isə Nyu-Yorkda keçiriləcək beynəlxalq festivala gedəcəyimi biləndə çox sevindim. Nyu-Yorka getməzdən əvvəl müsabiqəyə iki əsər - A.Debusinin “Gəzinti”, F.Şopenin “Palanes” əsərlərindən ibarət səs yazılarımı göndərmişdim. Təxminən, bir aya müsbət cavab gəldi. Münsiflər heyəti səs yazımı bəyənmişdi.

Bilirsiniz, müsabiqədə anamla mən nə qədər həyəcan keçirirdik. Nəhayət, növbə mənə çatdı və münsiflər heyətinin qarşısında dünya bəstəkarlarının əsərlərini ifa edib qurtarandan sonra alqışlarla qarşılandım. Münsiflər heyəti mənə diplom təqdim edəndə yenə baxışlarım anamın həyəcan dolu baxışları ilə toqquşdu. İlahi, o baxışlar necə də mehriban və həyəcanlı idi! Bu baxışlar mənə stimul verdi və daha da ürəkləndim. Müəllimim Nigar xanım daha çox sevinirdi. Çünki əməyi hədər getməmişdi. Məktəbimizin adını ucaltmışdım.

7 gün şəhərdə qaldıq. Dünya Azərbaycanlılarının Həmrəylik Günü yaxınlaşdığı üçün şəhər al-əlvan şarlarla, yolkalarla bəzədilmişdi. Hər yan bayram libası geyinmişdi. Orada olarkən günlərimiz çox maraqlı keçirdi, Nyu-Yorkun Manhetten qəsəbəsində olduq. Qəsəbə haqqında məlumatları bizə bələdçilər verirdilər. “Azad qadın” heykəli ilə tanış olduq, gəmi ilə gəzintiyə çıxdıq. Gəzinti zamanı anama daha səylə çalışacağıma söz verdim. Çünki qarşıda növbəti beynəlxalq festivallar var idi. Qayıdandan sonra təəssüratlarımı dostlarımla bölüşdüm. Hamı sevinirdi. Onlar da mənim kimi xarici ölkədə olmaq, Azərbaycanı təmsil etmək arzusunda olduqlarını söyləyirdilər. Dostlarımı inandırdım ki, çox çalışsalar, arzularına çatacaqlar.

...Məktəbdə də məni gül-çiçəklə qarşıladılar. Direktorumuz Aytən Əhmədova, müəllimlərim sevinirdi, çünki müəllimlərimin əməyinin bəhrəsi göz önundə idi. Yeri gəlmişkən deyim ki, mən eyni zamanda məktəbimizin ictimai işlərində fəal iştirak edirəm. Çoxlu sayda fəxri fərmanlarım və diplomlarım var. Evimizdə uğurlarımla bağlı kolleksiya toplamışam. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş konsertdə fəal iştirak etdiyimə görə diplomla mükafatlandırıldım. Çoxlu bədii ədəbiyyat oxuyuram. Hazırda M.Tvenin “Şahzadə və dilənçi” əsərini qurtarmaq üzrəyəm. Gimnaziyada keçirilən “Nümunəvi xətt” yarışının qalibi olmuşam. Məktəbin xor kollektivinin üzvüyəm. Bu günlərdə Muğam Mərkəzində məktəbimiz tərəfindən təşkil olunan konsertdə xor kollektivində iştirak etmişəım.

Nigar Hüseynli təəssüratlarını bizimlə bölüşməkdən doymurdu. Mən onu dinlədikcə, bir yeniyetmə istedadın dilindən qopan, ürəyi riqqətə gətirən uğurları eşitdikcə qürur hissi keçirirdim. Nə yaxşı ki, sənətə, musiqiyə, yaradıcılığa bu qədər hədsiz həvəs göstərən övladlarımız var, - deyə düşünürdüm.

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2017.- 8 aprel.- S.12.