“Təhsildə ümumbəşəri dəyərlər
dünyamızı xilas edəcək”
Tailand Kral ailəsinin üzvü,
tanınmış pedaqoq, professor Art Onq
Djumsai:
“Yalnız cəmiyyət həyatını
dəyişə bilmək gücündə olanlar müəllim
ola bilər”
Məlum olduğu kimi, Bakıda Azərbaycan
Dövlət Pedaqoji Universiteti (ADPU), ADPU nəzdində
Dövlət Pedaqoji Kolleci və Respublika Humanist Pedaqogika Mərkəzinin
birgə təşkilatçılığı ilə
ümumbəşəri dəyərlərin təhsilə
inteqrasiyası mövzusunda növbəti ikigünlük pedaqoji
seminar başa çatıb. Təhsil ictimaiyyəti tərəfindən
böyük maraqla qarşılanan seminarın budəfəki
müəllifi məşhur pedaqoq, Tailand Kral ailəsinin
üzvü, Tailand Texnoloji Elmi-Tədqiqat İnstitutunun
direktoru, NASA-nın əməkdaşı, professor
Art Onq Djumsai olub. Doktor Djumsai Böyük
Britaniyanın Kembric Universitetində təbiət-texnika elmləri
üzrə təhsil alıb. Bir müddət
elmi tədqiqatlarla məşğul olsa da sonralar pedaqogikaya
meyil edib. Kembric Universitetində mühazirələr
oxuyub, seminarlar keçib. Kembric Universitetinin magistr, London Kral
Kollecinin doktorluq elmi dərəcələrini alıb. 1976-cı ildə NASA-nın əməkdaşı
kimi Marsa uçmuş “Vikinq” modullarının yerə enməsi
sisteminin hazırlanmasında iştirak edib. Raketlərin yaradılması üzrə
(yağışın süni yaradılması layihəsi)
Milli Elmi-Tədqiqat Şurasının ekspertidir. 1996-cı ildə Tailandda ümumbəşəri dəyərlər
əsasında fəaliyyət göstərən və
dünyada analoqu olmayan məktəb yaradıb, ona rəhbərlik
edir. Məktəbdə 180 uşaq təhsil
alır. Onlar sevgi, qarşılıqlı anlaşma və
əməkdaşlıq mühitində təhsil alırlar.
Konfransın sonuncu günündə professor Djumsai “Azərbaycan
müəllimi” qəzetinə müsahibə verdi.
Söhbətimizə doktor Djumsainin bir vaxtlar elmi
tədqiqatlardan pedaqogikaya necə keçməsi ilə
körpü saldıq.
- Əlbəttə ki, hər şey birdən-birə
baş vermədi. Müəyyən bir keçid
dövrü yaşadım. Universiteti bitirdikdən bir
müddət sonra ali məktəbdə
professorluq etmişəm. Universitetin mühəndislik
fakültəcində çalışmışam. Elə o zaman da mən ümumbəşəri dəyərlərə
əsaslanan elmi kursu tədris etməyə
başlamışam. Mən belə bir qənaətə
gəlmişdim ki, tələbələrim yaxşı
mühəndis olmaqla yanaşı, həm də əsl,
xeyirxah insan olmalıdırlar. Mən
heç istəmirdim ki, onlar hansısa ixtira etsinlər və
bu ixtira dünyanın məhvinə yol açsın. Arzu edirdim ki, tələbələrim elm yolunda irəliləməklə,
layiqli vətəndaş olmaqla cəmiyyətin rifahı naminə
xidmət göstərsinlər. Bu, nə qədər
mümkündür, ona çalışırdım. İstəyirəm ki, onlar başqalarına da
kömək etməklə yaxşı vətəndaş
olsunlar. Buna görə də mən hələ
universitetdə işləyərkən mühəndislik bilikləri
verməklə yanaşı tələbələrimin şəxsiyyət
kimi formalaşmasına böyük diqqət göstərirdim.
Bir müddət sonra universitet
auditoriyasını tərk edərək öz
ideyalarımı daha geniş yaymaq məqsədilə cəmiyyət
arasına çıxmağa qərar verdim. Biznesmenlərlə məşğul olmağa
başladım, onlara ümumbəşəri dəyərləri
öyrədirdim. Lakin biznesmenləri dəyişmək
çox çətin idi (gülür). Sonradan
siyasətçilərlə məşğul olmağa
başladım. Çünki mən
parlamentin üzvü idim. Dəfələrlə
parlamentdə ümumbəşəri dəyərlər
mövzusunda çıxışlar etmişdim. Lakin bu dəyişiklikləri siyasətçilərə
çatdırmaq çox çətin idi. Yəqin bilirsiniz, siyasətçiləri dəyişmək
daha çətin işdir. Mən 3 dəfə
parlamentin üzvü seçilmişəm. Eləcə də parlamentdə müvafiq komitənin
sədri olmuşam. Mən istəyirdim ki,
parlamentdə təmsil olunanlar da ölkənin rifahı naminə
gözəl siyasətçilər olsunlar. Lakin bu mümkün deyildi. Ona
görə də pedaqogikaya keçdim.
- Siz Böyük Britaniyada
orta məktəbin ən yaxşı şagirdi
seçilmisiniz? Buna necə nail oldunuz?
- Həyatımın
müəyyən mərhələsində başa
düşdüm ki, bütün səylərim ona yönəlməlidir
ki, mən yaxşı insan olmalıyam. 15
yaşım olanda həyatım tam dəyişdi, başa
düşdüm ki, həyatda əsas amalım
başqalarına kömək göstərməyə yönəlməlidir.
Bu yaşa qədər çox nadinc idim. Başa düşdüm ki, nadinclik sonda
yaxşılığa gətirib çıxarmayacaq. Mən başqalarına kömək etməliyəm
ki, onlar dəyişsinlər və həyatda xoşbəxt
olsunlar. Maraqlı kitablar oxuyur, dinlə
maraqlanırdım. Özümü öyrənməyə,
tədqiq etməyə başladım və həyatım tam dəyişdi.
Daha çox gülümsəməyə
başladım, pis işlərə son qoydum. Məktəbin
ən yaxşı şagirdi seçildim və tezliklə
Kembric Universitetinə daxil olmağa nail oldum. Bu,
bilirsiniz ki, İngiltərənin ən yaxşı universitetlərindən
biridir. Universitetdə oxuyarkən sakit bir
yerdə oturaraq meditasiya ilə məşğul olmağa,
öz fikirlərimi, düşüncələrimi, diqqətimi
cəmləşdirməyə səfərbər etməyə
başladım. Bir qrup tələbə
yoldaşım da mənə qoşularaq məndən öyrənməyə
çalışırdı. Tələbələr
meditasiyanın mənasını öyrənməyə cəhd
edirdilər. Onların çoxu sonradan
uğurlu insanlar oldu. Çünki onlar
öz ağıllarını, zəkalarını cəmləşdirməyi
öyrənmişdilər. Mən Kembric Universitetində
cəmi 2 il oxudum, adətən tam təhsil
kursu 3 il davam edir. Mənə 2 ilə elmi dərəcə
verdilər. Daha sonra elmi fəaliyyətə
başlayıb namizədlik dissertasiyası üzərində
işləməyə başladım. Bundan
sonra bütün ölkəni gəzərək tələbələrə
ümumbəşəri dəyərlər proqramını tədris
etdim. Mən bir çox insana fikirlərini
cəmləşdirməyin, diqqətli olmağın
yollarını göstərmişəm. Həyatım
dəyişdi və daha çox insana dəyərləri
öyrətməyə başladım. Mənə
həm də elmi işimi müdafiə etmək lazım idi.
Bir dəfə universitetin həyətində
sakit bir yerdə meditasiya ilə məşğul olmağa
başladım. Birdən qarşımda
geniş bir lövhə açıldı, mən başa
düşməyə başladım ki, artıq çox
şeyi başa düşür və anlayıram. Mən xüsusi aparat - mikrodalğalı gücləndirici
hazırladım. O vaxt bu cür ixtiralar yox idi. Bu, hardasa tamamilə yeni bir şey idi. Bütün bunlar mənim elmi işimdə əksini
tapdı. Fəlsəfə doktoru elmi dərəcəsi
aldıqdan sonra Tailanda qayıtmağa qərar verdim. Çünki başa düşürdüm ki, vətənə
qayıtmalı və ölkəmə kömək etməliyəm.
Buna görə də Tailanda qayıtdım və
müəllimliklə məşğul olmağa
başladım. Baxmayaraq ki, mühəndislik
ixtisası üzrə təhsil almışam, ümumbəşəri
dəyərlər proqramını tədris edirəm. İstəyirəm ki, həm professorlar, həm də
tələbələr xeyirxah və nəcib insanlar olsunlar.
Düşünürəm ki, təhsildə
ümumbəşəri dəyərlər dünyamızı
xilas edəcək.
-
Ümumbəşəri dəyərlərin təhsilə
inteqrasiyası nəyi ehtiva edir?
- Bizim
proqrama əsasən, ümumbəşəri dəyərlərin
təhsilə inteqrasiyası 5 prinsipə - düzgün
davranış, sülh, həqiqət, sevgi,
qeyri-zorakılığa əsaslanır. Bütün
bu dəyərlər bir-biri ilə bağlıdır. Onları bir-birindən ayırmaq olmaz. Dəyərlərin qarşılıqlı əlaqəsi
var. Şagirdlərə informasiya dəyərlər şəklində
verilməlidir. Tədrisə pozitivlik
qatılmalıdır. Biz müəllimlər
üçün ümumbəşəri dəyərlərə
əsaslanan metodik vəsait hazırlamışıq. Məsələn,
riyaziyyat dərsliyində bu məzmunda məsələ
qoyulur: “Meşədə 10 inək var idi. Onlardan
7-ni oğurladılar. Neçəsi qaldı?”. Biz hesab edirik ki, məsələnin
bu cür qoyuluşu kökündən səhvdir. Bizim
proqramda bu məsələ belə qoyulur: “Babanın 10 inəyi
vardı. Onlardan 7-ni nəvəsinə hədiyyə
etdi. Neçəsi qaldı?”. Biz “oğurlandı” sözünü “hədiyyə
etdi” sözü ilə əvəz etməklə fənnə
dəyər vermiş olduq. Buna görə
də müəllim hansı fənni tədris etməyindən
asılı olmayaraq keçdiyi dərsə dəyər
qatmalıdır. İstənilən fəndə,
hətta futbolda belə, dəyər olmalıdır.
Futbolu tədris edərkən biz uşaqlara təkcə
qapıya top vurmağı deyil, həm də komanda halında
oynamaq zərurəti kimi dəyər vermiş oluruq. Komanda halında oynamaq, paylaşmaq dəyərdir.
Həyatda yaxşı nə varsa, paylaşmaq
lazımdır. Siz hər şeydə
yaxşını görməlisiniz. Sizi təhqir
etsələr belə, bunu havanın vibrasiyası kimi qəbul
edin. Bizim proqramda ali dəyər
sevgidir. Uşaqlar məhz ümumbəşəri
dəyərlərin vasitəsi ilə müxtəlif maneələri
aşaraq sevgiyə gedən yolu tapmalıdır.
- Ümumbəşəri dəyərlər
bizə, müəllimlərə, cəmiyyətə nə
verir?
- İlk növbədə lazımdır ki, cəmiyyətin
hər bir üzvü mehriban, xoşbəxt olsun. Hər zaman
xoşməramlı, gülümsər olsun və cəmiyyətə
rifah gətirsin. Buna görə də
müəllimlər ölkə qarşısında öz məsuliyyətlərini
başa düşərək ümumbəşəri dəyərləri
cəmiyyət üzvlərinə necə
çatdırmalı olduqları barədə
düşünməlidirlər. Biz dəyərləri
təhsil məkanına gətirərək onu nəzərdə
tuturuq ki, təhsilverənlər səmimi, mehriban, xeyirxah
olsunlar. Buna görə də mən bu
proqramın həyata keçirilməsinə çox vaxt
ayırıram ki, müəllimlər onu hər yerdə
yaysınlar. Lakin bir müddət sonra hiss etdim ki, bu vəzifənin
öhdəsindən gəlmək o qədər də asan
iş deyil. Çünki insanlara nümunə
lazımdır. Yalnız nümunəyə
baxarkən insanlar dəyişirlər. Buna
görə də mən Tailandda bu məktəbi yaratmağa
başladım. Məqsədimiz şagirdlərin
ölkənin layiqli, gözəl vətəndaşları olmaları
üçün onları ümumbəşəri dəyərlər
ruhunda tərbiyə etmək idi. Buna
görə də bizim şagirdlərin daxili aləmi ümumbəşəri
dəyərlərlə tam doludur. Biz bu məqsədə
nail olandan sonra məktəbə çox sayda insanlar
axışmağa başladı. Onlara
maraqlı idi bizim məktəbdə baş verənlər.
Onlar soruşurdular ki, siz bütün bunlara necə nail ola bilmisiniz? Hər həftə 2
minə yaxın insan məktəbimizin fəlsəfəsini
öyrənmək üçün təhsil ocağına
baş çəkir. Dünyanın
müxtəlif ölkələrindən müəllimlər gəlir.
Biz hətta hökumətlə də
qarşılıqlı əlaqədəyik, onlar bizim işlərə
çox maraq göstərirlər. Buna görə də
biz tədris proqramlarında ümumbəşəri dəyərləri
nəzərə alan dəyişikliklər
etməyi nəzərdə tuturuq.
Qeyd edim ki, ümumbəşəri dəyərləri dərslərinə
inteqrasiya edən müəllimlər həyatlarının dəyişdiyini
bildirirlər.
Nədir bu dəyişiklik? Onlar
deyirlər ki, daxili rahatlıq və tarazlıq əldə
ediblər. Hər iki amil müəllimlik fəaliyyətində
mühümdür.
- Ancaq
hər bir tədris müəssisəsinin əməl etdiyi tədris
proqramları var. Ümumbəşəri dəyərlər
vahid standartlarla necə ayaqlaşmalıdır?
- Məlum
olduğu kimi, dünyanın bir çox ölkələrində
təhsil proqramlarını dəyişmirlər. Biz nə etməliyik? Bizim məqsədimiz
ümumbəşəri dəyərlərin məktəblərdə
tədris olunan bütün fənlərə inteqrasiya
olunmasına nail olmaqdır. Bununla belə, tədris
proqramlarını dəyişmək lazım deyil. Lakin hər bir müəllim bilməlidir ki, ümumbəşəri
dəyərləri tədris etdiyi fənlərə necə
inteqrasiya etməlidir. Mən bütün
dünyanı gəzirəm, heç yerdə tədris
proqramlarını dəyişməyə
çağırmıram. Mən yalnız
onlara öyrədirəm ki, əsl müəllim, alicənab
müəllim olsunlar. Dəyərlərə
sahib yeni nəsil kimi yetişsinlər. Biz
mehribanlıq, sevgi və qarşılıqlı anlaşma
şəraitində yaşamalıyıq. Onlar
hər zaman yaxşı insanlar olmalı və həmişə
həqiqəti deməlidirlər. Gələcək
hədəflərə yol həqiqət, sevgi və
xeyirxahlıqdan keçir. Mənim
yaratdığım proqram bütün bunları nəzərdə
tutur və öz işimdə bu dəyərləri nəzərdə
tuturam. Qeyd edim ki, bizim məktəbdə tədris
olunan bütün fənlər bəhs etdiyimiz ümumbəşəri
dəyərlərə əsaslanır. Əlbəttə
ki, biz ölkənin Təhsil Nazirliyinin
hazırladığı, məktəblərə göndərdiyi
standartları da nəzərə alırıq. Biz tədris etdiyimiz istənilən fənni redaktə
edə bilərik.
- Sizcə, internet dövründə
ümumbəşəri dəyərlərin yeri hardadır?
- İlk növbədə qeyd edim ki, ümumbəşəri
dəyərlər istənilən tədris prosesinin əsaslarını
təşkil etməlidir. Məsələn,
bizim ölkədə uşaqlar kompüterdən çox fəal
şəkildə istifadə edirlər. Lakin
biz müəllimlər çalışırıq ki,
kompüterdən istifadə zamanı ümumbəşəri
dəyərlərin əsas prinsipləri qorunsun və cəmiyyətə
xidmət etsin. Bütün texnologiyalarda
çalışmaq lazımdır ki, ümumbəşəri
dəyərlər öz əksini tapsın. Qabaqcıl texnologiyalardan kimlərinsə öz
maraqları naminə istifadə olunmasına yol vermək olmaz.
Bu və ya digər texnologiyalar cəmiyyətin
inkişafına xidmət etməlidir. Buna
görə də qloballaşma və internet dövründə
əsas vəzifə ümumbəşəri dəyərlərin
qorunub saxlanması və ona əməl olunmasıdır.
- Siz əsl
müəllimi necə görürsünüz?
- İlk növbədə, əsl müəllim yetirmələri-
istər şagird, istərsə də tələbələri
üçün bir nümunə, örnək
olmalıdır. Elə bir müəllim ki, yetirmələri
həyatda ona oxşamağa çalışsınlar, ondan
nümunə götürə bilsinlər. Yalnız bu halda təhsilalanlar müəllimlərinin
arxasınca gedəcəklər. O zaman onlar dəyişəcək,
hər şey müəllimdən asılıdır. Deməli, məktəb həyatında, tədris
prosesində ümumbəşəri dəyərlərin
şagirdlərə çatdırılmasında əsas rol
müəllimə məxsusdur. Bu, birmənalı
olaraq belədir. Əsl müəllim fədakarlıq,
mərhəmət nümayiş etdirməlidir.
- Necə bilirsiniz, ümumbəşəri
dəyərlərə əsaslanan proqram məktəbin, cəmiyyətin
problemlərini həll edə bilərmi?
- Qarşımıza qoyduğumuz məqsəd elə budur. Əlbəttə ki, bu, müəyyən vaxt aparan prosesdir. Bunun üçün isə, ilk növbədə, bu gün siyasətçilər ölkə həyatının bütün sahələrində keyfiyyət dəyişikliklərinin aparılması barədə düşünməlidirlər. Əgər biz müəllimlər bunu ümumbəşəri dəyərlərə əsaslanaraq məktəb səviyyəsində ediriksə, şagirdlərimiz böyüyüb layiqli vətəndaşa çevrilirsə, biz burada qazanırıq. Onlardan kimsə böyüyəndə siyasətçi olacaq. Əlbəttə ki, bütün bunlar dəyişikliklərə gətirib çıxaracaq. Lakin bunlar müəyyən vaxt aparacaq. Mənim yaratdığım məktəb Tailandda 26 ildir ki, fəaliyyət göstərir. Məktəbin keçmiş şagirdləri artıq tələbələrdir. Qeyd edim ki, məzunlarımızın 100 faizi ali məktəbə daxil olurlar. Onların əksəriyyəti elmi dərəcə alıb. Müxtəlif yerlərdə elmlə məşğuldurlar. Tailandın indiki təhsil naziri də bizim məzundur. İndi məzunlarımız öz həyatlarında yaşadıqları dəyişiklikləri cəmiyyətin inkişafına həsr edirlər. Lakin bunu təkcə bizim məktəbdə deyil, bütün məktəblərdə etmək lazımdır. Əks halda, insanların heç də hamısı ideyaqabiliyyətli olmayacaqlar. Buna görə də bizim məktəb bütün ölkə üçün şagird hazırlayır. Hazırda ölkədə nəzərəçarpan dəyişikliklər hiss olunmaqdadır. Bu isə ümumbəşəri dəyərlərin qələbəsidir. Bir faktı da deyim. Məktəb ölkənin yeganə təhsil ocağıdır ki, burada xəstə uşaq yoxdur, xəstəliklərə tutulma riski də yoxdur. Tailandın Səhiyyə Nazirliyi artıq bu fenomeni öyrənməyə qərar verib. Səbəb isə aydındır: məktəbimizdə uşaqlar təbiətlə təmasda, tam sevgi və qarşılıqlı anlaşma şəraitində təhsil alır. Şagirdlərə verilən meyvə-tərəvəz məktəbin həyətində yetişdirilir.
- Sizcə, istənilən şəxs müəllim ola bilərmi?
- Diqqət yetirək, biz şagirdləri həyata hazırlayırıq. Onlar getdikcə böyüyür və gözəl müəllimlər olurlar. Çünki əgər dəyərlər uşaqlara kiçik yaşlarından aşılanırsa, bunlar onların şüuraltı yaddaşlarında əksini tapır. Sonra isə onlar başqaları üçün nümunə olurlar. Getdikcə bu insanlar cəmiyyət həyatının istənilən sahəsində fəaliyyət göstərir, hətta hökumətdə də təmsil olunurlar. Lakin bu cür insanları yetişdirmək üçün müəyyən vaxt lazımdır. Biz elə etməliyik ki, dünyada hamı dəyişsin. Uşaqları dəyişmək üçün yaxşı müəllimlər lazımdır. Deməli, yalnız insan həyatını, cəmiyyət həyatını dəyişə bilmək gücündə olanlar müəllim ola bilər. Buna görə də müəllim cəmiyyətdə dəyişiklik yarada bilən yeganə faktordur. Yalnız təhsil vasitəsi ilə dünyanı xilas etmək olar.
- Təhsildə
mənəviyyat faktoruna necə baxırsınız?
- Əvvəla mənəviyyat dedikdə, bu söz altında nələri başa düşdüyümüzü bilməliyik. Deməli, biz uşaqları öyrədirik ki, onlar yaxşı insanlar olsunlar. Böyük dəyərlərə sahib olsunlar. Eyni zamanda akademik biliklər də qazansınlar. Məhz akademik biliklərin və ümumbəşəri dəyərlərin məcmusu cəmiyyətdə dəyişikliklərə yol aça bilər. Biz onların hər birinə şagirdlərinə ümumbəşəri dəyərləri aşılamağa çalışırıq. Bu nöqtədə mənəviyyat sözündən istifadə etməyə zərurət yoxdur, çünki ümumbəşəri dəyərlər var. Biz mənəviyyat sözü əvəzinə ümumbəşəri dəyərlər sözündən istifadə edə bilərik. Bizdə müxtəlif dinlərə məxsus uşaqlar təhsil alır. Mən 3 dəfə Səudiyyə Ərəbistanının təhsil nazirinin dəvəti ilə bu ölkədə səfərdə olmuşam. Qeyri-din daşıyıcısı olduğum üçün əvvəlcə mənə çıxış etməyə imkan vermirdilər. Lakin proqramımızla tanış olduqdan sonra mənə çıxış etmək üçün 15 dəqiqə vaxt verdilər. Lakin vaxt bitdikdən sonra çıxışımı davam etdirməyi xahiş etdilər. Beləcə, mən 15 dəqiqə əvəzinə 3 saatlıq çıxış etdim. Onlar məndən artıq ölkənin müəllimləri, professorları üçün mühazirələr oxumağımı xahiş edirlər. Yəni, onlar ümumbəşəri dəyərlərin hamı üçün hər zaman universal əhəmiyyət daşıdığını başa düşdülər.
- Ölkəmizdə
pedaqoji seminarların təşkilini necə qiymətləndirirsiniz?
- Mən
ilk dəfədir ki, Azərbaycandayam. Əlbəttə
ki, bu cür seminar və təlimlər müəllimlər
üçün mühüm əhəmiyyət
daşıyır. Bu cür tədbirlər
əhəmiyyətli təcrübə meydanıdır. Mən təlim və seminarlarımda müəllimlər
üçün çox vacib olan dəyərləri təqdim
edirəm. Ölkənizdə ilk dəfə
olduğum üçün deyə bilərəm ki, növbəti
gəlişim mənim üçün daha maraqlı olacaq.
Növbəti səfərimdə azərbaycanlı
müəllimlərin ümumbəşəri dəyərlərdən
necə yararlandığının şahidi olacağam.
Bütün bunlar, bir daha deyirəm, çox
faydalıdır. Mən Avropa, Afrika, Asiya ölkələrində,
ABŞ-da, Fransada, Rusiyada müəllim hazırlığı
kursları keçirmişəm. 2000-ci ildən
başlayaraq 5 dəfə Qazaxıstanda ölkənin birinci
xanımının təşəbbüsü ilə seminarlar
keçirirəm. Artıq 2017-ci ildə
100-ə yaxın qazaxıstanlı müəllimin bizim məktəbdə
təcrübə keçməsi qərara alınıb.
Məktəbimizdə digər ölkələrdən olan
müəllimlər üçün 2,5
aylıq, 2 həftəlik pulsuz kurslar təşkil edirik. Artıq ümumbəşəri dəyərlərə
dair təkliflərimi Qazaxıstanın Təhsil Nazirliyinə
də təqdim etmişəm. Sonda azərbaycanlı
müəllimlərə öz fəaliyyətlərində
uğurlar arzulamaq istəyirəm.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2017.- 22 aprel.- S.10.