Uğurlu tədqiqat işi

 

Bu günlərdə Naxçıvan Dövlət Universitetinin pedaqogika və psixologiya kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Rzayevin “XIX əsr və XX əsrin əvvəllərində İrəvanda və Naxçıvanda məscid məktəbləri və mədrəsələr” adlı kitabını oxudum. Araşdırılan problemin günümüzdə vacibliyi, müəllifin məsələ ilə bağlı ilk mənbələrə ilkin olaraq müracət etməsi, bütöv əsər üçün məntiqi tamlıq, bir az da publisistik ruhda verilmiş şərhin gözəlliyi çox maraqlı göründü.

Adətən həcminə görə kiçik olan araşdırmalara (cəmi 90 səhifəlik kitaba) ön söz yazmaq o qədər də dəb deyil. Ancaq elə bilirəm ki, bir çox illər ərzində pedaqoji tədqiqatlarda, ümumən elmi fikirdə diqqətdən kənar qalan tədqiqat sahələri istisna təşkil edə bilər. Bu cəhət min ildən artıq bir dövr ərzində məscidlər yanında fəaliyyət göstərən təhsil müəssisələri, xüsusi ilə buradakı ibtidai məktəblər, onların tarixi, məzmun-mahiyyəti ilə bağlı tədqiqatlar üçün məqbul sayıla bilər. Fikrimizi konkretləşdirərək demək istəyirik ki, xalqın milli və dini- mənəvi sərvətlərinin araşdırılmasına yeni və özünəməxsus baxışlar kimi üzə çıxan bu araşdırma üçün ənənəni pozmağa dəyər. Müəllif ilk mənbələrə- arxiv sənədlərinə və dövri nəşrlərə istinad edərək göstərir ki, məscid məktəbləri ayrı-ayrı tarixi mərhələlərdə xalqın və ölkənin həyatında çox əhəmiyyətli mövqeyə malik olmuş, milli-mənəvi düşüncənin formalaşmasında öz funksiyasını şərəflə yerinə yetirmişdir. Təəssüf ki, müəyyən elmi əhəmiyyətə malik olmasına baxmayarq, tarixən formalaşmış ibtidai məktəblərin müxtəlif dövrlər üzrə sistemli və hərtərəfli öyrənilməsi sahəsində tədqiqatlar aparılmamışdır. Əlavə edək ki, bu məktəblərin pedaqoji məzmunu, savad öyrətmə üsulları, burada tədris olunan fənlər və onların tədris prosesində yeri, biri-biri ilə qarşılıqlı əlaqəsi, təlim üsulları, tərbiyə “doktirinası” və s. məsələlər də tədqiq olunmamışdır.

Tədqiqat işində müəllif bu tədris müəssisələrinin müxtəlif tarixi dövrlərdə daşıdığı funksiyanı üzə çıxarmağı bacarmış və bununla da tədqiqatın konsepsiyasını- əsas fikir, düşüncə qatını doğru-düzgün müəyyənləşdirə bilmişdir. Haqlı olaraq göstərilir ki, ilkin və orta əsrlərdə ölkədə savad təlimi və şəriətin əsaslarının yetişən nəslə öyrətmək, həmçinin zaman-zaman nəsillərin, böyük mütəfəkkirlərin ali mədrəsə təhsilinə, yaxud müstəqil şəkildə təhsillənmə yoluna işıq salmaq məhz bu məktəblər vasitəsi ilə mümkün olmuşdur. Digər tərəfdən, bəhs olunan əsrlərdə bu təhsil müəssisələri dövlət idarələrində kargüzarlığın, əhali arasında yazılı ünsiyyətin formalaşmasına, ümumən ölkədə savad təliminin yayılmasına xidmət etmişdir. Orta əsrlərdə Azərbaycanda gənc nəslin təhsil və tərbiyəsinin əsasları məscid yanındakı məktəblərdə qoyulmuşdur ki, həmin savad ocaqları Azərbaycanın bütün regionlarında, o cümlədən İrəvanda və Naxçıvanda yeganə tədris müəssisələri kimi fəaliyyət göstərmişdir.

Tədqiqat XIX əsr və XX əsrin əvvəllərində fəaliyyət göstərən məscid məktəblərinin öyrənilməsinə həsr olunmuşdur, Müəllif ayrıca bir dövr üzrə bu tədris müəssisələrinin tarixini öyrənərkən hansı məqsədləri, əsas qayəni izlədiyini dəqiq ifadə edə bilmişdir. XIX əsrin əvvəllərindən etibarən Rusiyanın müstəmləkə siyasətindən asılı olmayaraq Zaqafqaziyanın azərbaycanlılar yaşayan bütün bölgələrində, o cümlədən İrəvanda və Naxçıvanda məscid məktəblərinin öz fəaliyyətini davam etdirdiyi məlum həqiqətdir. Lakin bu tədris müəssisələrinə fərqli baxışlar, çox halda düzgün olmayan yanaşmalar olmuşdur. Müəllif bu təhsil ocaqlarına dövrün rəsmi və ictimai fikrinin münasibətlərini müəyyənləşdirərək yazır: “ XIX əsr və XX əsrin əvvəllərində rus Qafqazşünaslığı və pedaqoji ədəbiyyatında müsəlman təhsil sisteminin tənqidi kifayətqədər geniş yayılmışdı. Əlbəttə, bu fikirlərin əsasında mübahisə doğurmayan cəhətlərlə yanaşı, əsası olmayan, kəskin və qərəzli fikir və qənaətlər də yer almışdı. Bu mənbələrdə xarakterinə görə daha mənfi, dözülməzlik göstərməyə səbəb olan yanaşma və münasibətlərdən biri bütün ruhani ziyalı və müəllimlərə eyni nəzərlərlə baxılması, eyni xarakteristikaların verilməsi idi. Halbuki, bu zümrə içərisində İslam dininin əsaslarını mükəmməl şəkildə öyrənib mənimsəmiş, dövrün açıqgözlü, xalqın təəssübünü çəkən rühani ziyalılar da az deyildi. Onlar yetişən nəslin öz dini- milli dəyərləri əsasında formalaşmasına, zamanın tələblərini dərk edən, ona uyğunlaşan insanlar kimi yetişməsinə bütün qüvvə və bacarığını, zəka və istedadını əsirgəməmişlər”. Müəllifin araşdırdığı məsələyə məhz belə bir münasibət-mövqeyi əsərin uğurlarının təmin olunmasına zəmin yaratmışdır

Bu gün xalqımızın tarixi keçmişinin araşdırılması sahəsində irəliləyişin, müsbət dəyişiklərin getdiyi bir dövr kimi səciyyələndirilə bilər. Buna uyğun olaraq, müəllif qaldırdığı problemə, həll etmək istədiyi məsələyə bu günün prizmasından baxmağı bacarmış, konkret tarixi dövr kimi, həm də çox mürəkkəb şərait olaraq XIX əsrdə ənənəvi məktəblərin vəziyyətinə düzgün münasibət, həqiqi elmi yanaşma nümayiş etdirə bilmişdir. Tədqiqatçı problemə birtərəfli mövqe nümayiş etdirmir, əksinə elmi obyektivlik naminə məscid məktəblərinin dövrə, zamana görə zəif və nöqsanlı cəhətlərini də üzə çıxarır. Lakin, bununla belə, xatırladaq ki, məscidlər uzun zaman əhali arasında əsasən dini səciyyəli olsa da çox mühüm maarifləndirmə silahı olmuşdur. Müəllifin də göstərdiyi kimi məscidlər yanındakı bu məktəblər bir çox əsrlər ərzində yetişən nəsillər arasında savadın yayılması üzrə yeganə və şəriksiz vasitə idi. Xüsusi ilə kənd əhalisinin savadlanması bu məktəblərin vasitəsi ilə mümkün olurdu.

Müəllifin müəyyən tarixi mərhələdə İrəvan və Naxçıvan bölgəsi üzrə məscidlərin və məktəblərin arealını müəyyənləşdirməyə göstərdiyi səylər sosial mənası ilə də diqqəti cəlb edir. Tədqiqatdan yaranan qənaət belədir ki, bölgədəki məktəb və məscidlərin öyrənilməsi bu əraziyə siyasi təsirlərin öyrənilməsinə, həmçinin “erməni xülyalarının” əsassızlığı, bölgənin milli-etnik xüsusiyyətlər baxımından kimə mənsub olması məsələlərinə aydınlıq gətirən vasitələrdən biridir. Həqiqətən də Rusiyanın müstəmləkə işğalı nəticəsində bölgənin siyasi qurluşunun dəyişməsi, əlavə olaraq imperiya siyasəti fonunda “erməni kartı” kimi bədnam vasitədən istifadə edilməsi şəraitində məscidlərin və məktəblərin bölgədəki mövcudluğunun necə bir əhəmiyyətə və mahiyyətə malik olduğunu sübut etməyə ehtiyac qalmır.

Bölgənin dini təsisatları və onların nəzdindəki təhsil ocaqlarının ilk mənbələr əsasında dəqiq və elmi təsvirini vermək araşdırma üçün çox mühüm məziyyətdir. Arxiv sənədlərində, hökumətin Qafqaz təhsili üzrə hesabatlarında, çox cilidlik tarixi- etnoqrafik nəşrlərdə, hərbi və ümumi statistik mənbələrdə, ensiklopedik- təqvim xarakterli məcmuələrdə, yol qeyidləri və səyahətnamələrdə məscidlər və onların yanındakı məktəblər haqqında materiallar diqqətlə, elmi həqiqəti üzə çıxarmaq naminə öyrənilmişdir. Bəzi tədqiqatlarda problemə, onun daşıdığı məzmuna və istilahlara yanlış, nöqsanlı yanaşmalar mövcuddur. İlk mənbələrlə bilavasitə tanışlığın olmaması üzündən müəyyən səhvlərə və dolaşqlıqlara yol verilmiş tədqiqatlarda var. Müəllif bütün bunlara birbaşa münasibətini bildirməmişdir. Lakin əsər oxunduqca, müəllifin problemə aid mənbələrə yetərincə tanışlığını səhifəbəsəhifə izlədikcə bu cür yanlışlıqların aradan qalxacağına inam yaranır.

Bütövlükdə tədqiqatı elmi - pedaqoji mühitdə uğur qazana biləcək bir iş hesab edirəm. Uğurlu başlanğıc isə bir qayda olaraq gələcək uğurlar, yeni-yeni nailiyyətlər vəd edir.

 

İsmayıl Əliyev

Pedaqogika üzrə elmlər doktoru, professor

 

Azərbaycan müəllimi.- 2017.- 22 aprel.- S.15.