On iki
yaşlı Mədinənin rənglər dünyası
Bakı şəhəri
Nizami rayon Uşaq-Gənclər
Yaradıcılıq Mərkəzində uşaq,
yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli
və faydalı təşkili üçün
hər cür şərait
yaradılıb. Mərkəzin başlıca vəzifəsi
dərin və hərtərəfli biliyə, xüsusi
istedada və bacarığa, yüksək
intellektə və mədəniyyətə malik
uşaqlar yetişdirməkdən,
onların yaradıcılıq potensiallarını inkişaf etdirməkdən ibarətdir. Burada 28 adda dərnək fəaliyyət
göstərir. “Milli rəqs”,
“Bal rəqsləri”, “Rəsm”, “Şahmat”, “Gimnastika”, “Gənc
aktyorlar”, “Çiçəyim uşaq teatr studiyası”,
“Sazçalanlar”, “Nağaraçalanlar”
və sair dərnəklərdə məşğul
olan yeniyetmə və gənc istedadlar mütəmadi olaraq
beynəlxalq festival və müsabiqələrə
qatılır, diplom və fəxri fərmanlara
layiq görülürlər. Mərkəzdə
olarkən diqqətimi daha çox
rəsm dərnəyinin üzvü, 12
yaşlı Mədinə Hüseynzadənin
yaradıcılığı cəlb etdi.
Həmsöhbət kimi seçdiyim
Mədinəyə yanaşmağım lap
ürəyincə olmuşdu. Sən demə
onun ürəyi dolu imiş. Cəsarətli
danışığı ilə söhbətə başlayan dilli-dilavərli qız
uğurları haqqında o qədər həvəslə
danışırdı ki!
- 4 yaşımda olarkən mərkəzdə fəaliyyət göstərən bədii gimnastika dərnəyində məşğul olmuşam. Rəsm çəkməyi çox xoşlayıram. Yaxşı yadımdadır, “Zambaq” adlı bağçaya gedirdim. Çoxlu karandaşlarım var idi. Ancaq şəkillər çəkir, rəngli kağızlardan müxtəlif fiqurlar düzəldirdim. Bağçada müəllimim deyirdi ki, valideynlərinə de, səni rəsm dərnəyinə qoysunlar. Hər gün evə gələndə müəllimimin dediyini atama çatdırırdım. Bir də xahiş edirdim ki, mənə rəngli karandaşlar alsın, evdə də rəsmlər çəkim. Ertəsi gün atam mənim dediklərimin hamısını alıb gətirdi. Təzə-təzə rəsm çəkməyə başlayanda “Fil”, “Dovşan”, “Yay təsvirləri”, “Dəniz”, “Ağac”, “Dağ” şəkillərini çəkirdim. Hər gün evə gələndə anam çəkdiyim rəsmlərə baxıb deyərdi: - Nə yaxşı çəkmisən, çox gözəldir, qızım! Bəlkə də həmin rəsmlər o qədər də yaxşı deyildi, ancaq anamın istedadıma verdiyi qiymət məni daha da ruhlandırırdı. O, çəkdiyim rəsmləri toplamaq üçün albom da ayırmışdı. Hamısını ora yığırdı və atam evə gələndə ona göstərirdi. Həmin albomda 100-ə yaxın rəsmim vardı.
“Çoxlu uğurlara imza atdım”
- Atam da mənim yaşımda olanda rəsm həvəskarı olub. Çoxlu rəsmləri var. Hərdənbir atamın rəsmləri ilə öz rəsmlərimi müqayisə edirəm və onun rəsmlərinə üstünlük verirəm. Çünki mənim Nərmin Abdullayeva kimi rəsm müəllimim olsa da, onun müəllimi olmamışdı, sadəcə fitri istedada malik idi, necə deyərlər, özü çəkib özü də qiymət verərdi.
Uşaq bağçasında bizim çox sərt təbiətli müəllimimiz var idi. Mənə elə gəlirdi ki, bütün müəllimlər onun kimi sərt olacaq. Amma bir gün fikrim dəyişdi. Birinci dəfə mərkəzə rəsm dərnəyinə gəldiyim günü nəzərdə tuturam. Eşidəndə ki, müəllimim Nərmin xanımdır, onunla məşğul olacağam, üzünə baxanda çox sevindim, onun üzündən nur süzülürdü. Bir andaca qorxu-hürkü canımı tərk etdi. Sonra isə onun sayəsində çoxlu uğurlara imza atdım. Fürsətdən istifadə edib Nərmin müəllimimə də qazandığım bütün nailiyyətlərə görə minnətdarlığımı ifadə edirəm. İlk gündən onunla dostlaşdıq.
Ən çox firuzəyi, bənövşəyi rəngləri xoşlayıram. Yaratdığım rəsmlərin əksəriyyətində bu rənglərdən istifadə edirəm. Bəzən çəkdiyim rəsmlərə tamaşaçı kimi baxıram, anam, atam, dostlarım bəyənirlər, əgər rəsmimdən xoşum gəlmirsə, onu təzədən çəkmirəm, sadəcə çatışmayan nöqsanlarını bərpa edirəm.
“Ən çox fantaziya janrına
üstünlük verirəm”
İlk dəfə “Abşeron” rəsm qalereyasında sərgim keçiriləndə çox sevindim. “Rənglərlə arzularıma doğru” adlı rəsm sərgimdə 70-ə yaxın rəsmim nümayiş olundu. Müasir və milli üslubda işlənmiş əl işləri, kompozisiyalar, təbiət mənzərələrim sərgi iştirakçılarının xoşuna gəldi. Sevinirdim ki, sərgi başa çatdıqdan sonra kim hansı rəsmimi bəyənirdisə onu da alırdı. Həmin gün 40-a yaxın rəsm əsərim satıldı. Qazandığım pulu anama verdim. Sərgim keçiriləndə məndən çox anam həm sevinir, həm də həyəcanlanırdı. Onun üzərimdə olan əziyyətini sadalamaqla qurtaran deyil. Rəsm sərgisində anam, atam, sinif yoldaşlarım, gimnast dostlarım da iştirak edirdilər. Yeri gəlmişkən deyim ki, evdə otağım lap emalatxanaya bənzəyir. Böyük bir rəsm stolum var. 40-a yaxın bankada rənglər, 3-4 dənə politra, fırçalar, flomasterlər və s. var. Ancaq nədənsə qrafika üslubunda çəkəndə ürəyim sıxılır. Ən çox fantaziya janrına üstünlük verirəm. Bu, mənim ürəyimcədir, çünki bütün düşüncələrim bu janrda canlanır, əsrarəngiz rəsmlərə çevrilir.
“Al-əlvan rənglərlə
işləməyi daha çox
xoşlayıram”
Akrel ilə daha çox işləyirəm. Gündə 4-5 saat rəsm çəkməyə vaxt ayırıram. Kətan üzərində atamın, anamın portretlərini yaratmışam və ad günlərində onlara hədiyyə etmişəm. Bilirsiniz, onlar necə sevindilər! Sanki dünyanı onlara bağışlamışdım. Dəfələrlə televiziya kanallarında dostluq, vətənpərvərlik mövzusunda çəkdiyim rəsmlərim nümayiş olunub. Azərbaycan rəssamlarından Səttar Bəhlulzadənin, Toğrul Nərimanbəyovun, Arif Hüseynovun, öz müəllimim Nərmin Abdullayevanın əsərlərinə tamaşa etməkdən doymuram. Bu günədək 9 ölkədə olmuşam. Bolqarıstanda, Macarıstanda, Almaniyada, Misirdə, Serbiyada, Türkiyədə, Gürcüstanda və sair. Mən eyni zamanda rəqslə də məşğul oluram.
“Beynəlxalq Uşaq Festivalında 40-a yaxın rəsm əsərim
nümayiş olundu”
2015-ci ildə Türkiyənin Bodrum şəhərində keçirilən “23 Nisan” Beynəlxalq Uşaq Festivalına qatılmışdım. Orada sərgi salonlarının birində mənim 40-a yaxın rəsm əsərim nümayiş olundu. “Xəyallarımın mənzərəsi”, “Arzularımın qız qalası”, “Qədim Bakı” və s. On gün Bodrumda qaldıq. Rəqslə məşğul olan rəfiqələrim Fatimə, Madər də bizimlə idi. Bizi türk ailələrinə bölmüşdülər. Çox mehriban bir ailədə qalırdım. İndi də həmin ailə ilə əlaqə saxlayırıq. Onlar da Bakıya gəlmək arzusundadırlar.Vaxt tapan kimi paytaxtımıza gələcəklərini söyləyirlər. Bakı haqqında onlara o qədər danışmışam ki! Ev sahibinin həyat yoldaşının da adı Mədinə idi. Mən onlarda olanda o, İstanbulda idi. Evə dönərkən gəlişimizi eşidib çox sevindi. Uşaqları da yaşıdlarım idilər. Simay adlı qızı V sinifdə oxuyurdu. Oğlunun adı isə Tolqa idi. Uşaqların atası Mətin əmi arxitektor vəzifəsində çalışırdı. O, bizi şəhərlə tanış etdi, məni iş yerinə apardı. Gəmi ilə gəzintiyə çıxdıq. Evləri dağın döşündə idi, oradan bütün şəhər görünürdü. Mətin əmi deyirdi ki, yaşadıqları evi özü tikib. Sonra Simayla voleybol yarışmasına getdik. Voleybol oynamağı bacardığım üçün mənə təklif etdilər ki, o komandaya qoşulum, mən də dedim ki, Vətənə qayıdacağam. Azərbaycan haqqında yaratdığım ən yaxşı əsərimi - “Qız Qalası”nı onlara hədiyyə etdim. Sərgimdə onlar da həvəslə iştirak edirdilər.
“Paytaxtımız
haqqında qısaca da
olsa, onları məlumatlandırdım”
2016-cı ilin noyabrında
Bolqarıstanda rəqs
festivalı keçirilirdi. Bütün ölkələrdən
uşaqlar qatılmışdılar.
Mən də Azərbaycanı təmsil edirdim. Ukraynadan Yana, Belarusdan Saşa ilə dostlaşdıq. Çoxlu söhbətlər etdik. Bakımız haqqında qısaca
da olsa onları
məlumatlandırdım. Özümlə götürdüyüm rəsmlərimdən bir neçəsini onlara hədiyyə etdim. Qiyabi də olsa paytaxtımıza
səyahət etməkdən
məmnun qaldılar.
Onlar da mənə şəhərləri, təhsil
aldıqları məktəb
haqqında danışdılar.
Bolqarıstanda olarkən Varna şəhərini
gəzdik.
“Diplomla mükafatlandırıldım və
medal qazandım”
Almaniyada gimnast uşaqların yarışı keçirilirdi. Orada halqa və top ilə çıxış
edəcəkdim. Amma oteldən
çıxanda halqanı
və topu unutmuşdum. Tez taksiyə
minib otelə qayıtdım və onları götürüb
özümü yarışa
çatdırdım. Yarış zamanı çox həyəcanlı idim.
Amma nümayiş etdirdiyim çevik hərəkətlər
münsiflər heyətinin
xoşuna gəldi.
Sadəcə orada çox
ölkədən iştirakçı
olduğuna görə
V yerə çıxaraq
diplomla mükafatlandırıldım
və medal qazandım.
Serbiyada isə gimnastların yarışında əvvəlcə
xəbər vermişdilər
ki, çıxışım
səhər olacaq, sonra isə dedilər ki, yox, axşam olacaq. Bütün günümü orada keçirməli oldum. Həmin vaxt ərzində
oteldə rahatca dincələ bilərdim.
“Alman, ingilis və fransız dillərində
məşğələlərə gedirəm”
Hazırda rəsm və milli rəqs dərnəklərinin üzvüyəm. Alman, ingilis
və fransız dillərində məşğələlərə
gedirəm. Bilirəm ki,
bunlar gələcəkdə
mənə lazım olacaq. Bəzən eyvandan həyətimizi
seyr edirəm, görürəm ki, yaşıdlarım topla oynayırlar, mənsə həmin vaxt alman dili öyrənirəm.
Kaş onlar da mənim
kimi dərs hazırlayardılar, vaxtlarını
səmərəli keçirəydilər.
İstəyirəm ki, bütün
uşaqlar istedad sahibi olsunlar. Açığını deyim ki, məktəblilərin yay tətilini sevmirəm.
Çünki yay tətilində
məşğul olduğum
dərnəklər fəaliyyət
göstərmir, mənsə
məşğuliyyətsiz qala bilmirəm. Özümdən asılı olmayaraq
hər şeylə maraqlanıram. Bu, mənim hobbimdir.
“Bayram tədbirlərində iştirak
edirəm”
Heydər
Əliyev Fondunun “Buta” sarayında təşkil olunan Yeni il şənliklərində və
Heydər Əliyev Sarayında keçirilən
uşaqların bayram tədbirlərində iştirak
edirəm. Beynəlxalq
İnsan Hüquqları
Gününə həsr
edilmiş “ Hüquqlarım”
mövzusunda keçirilən
müsabiqədə fəallıq
nümayiş etdirərək
şəhadətnamələr qazanmışam. 2016-cı ildə Yunanıstanda keçirilən beynəlxalq
rəsm müsabiqəsində
“Musiqi yollarında” rəsm əsərim III yerə layiq görülüb. Həmin ilin
dekabrında isə beynəlxalq “Dostluq” adlı rəsm müsabiqəsində “Göyərçin”
rəsmim nümayiş
olundu, III yeri qazandım və medalla mükafatlandırıldım.
Çexiyaya “Səyahət”,
Polşaya “Həmişə
yaşıl, həmişə
mavi”, Yaponiyaya “Ekologiya” mövzularında
rəsm əsərlərimi
göndərmişəm. Misir haqqında
kompozisiya yaratmışam.
Bu rəsm əsərimi
də Misirə göndərmişəm. Hazırda İtaliyada
keçiriləcək beynəlxalq
festivala hazırlaşıram.
Əl işlərim orada nümayiş olunacaq.
İnanıram ki, uğur qazanacağam. Bakıdakı 132-134 nömrəli təhsil kompleksinin VI sinfində oxuyuram. Arzularım çoxdur. Onları gerçəkləşdirmək üçün çox çalışmalıyam.
“Bədii ədəbiyyat oxumaqdan zövq alıram”
Hansı mağazada
maraqlı bədii ədəbiyyat görürəmsə
mütləq onu alıram. A.Puşkinin,
L.Tolstoyun, Y.Lermontovun əsərlərini,
bir sözlə, bədii ədəbiyyat oxumaqdan zövq alıram.
Bəzən oxuduğum kitabları təkrar
oxuyuram. Elə bilirəm ki,
oxumamışam. Oxuduqlarımın qısa məzmununu
qardaşım Məhəmmədə danışıram. Onun 5 yaşı var. Amma hafizəsi güclüdür.
Ona rəsm çəkməyi də
öyrətmişəm. Artıq Azərbaycan və rus dillərində yazıb-oxumağı
bacarır. Ona ingilis dilini də öyrədirəm. Sonra fransız dilini
öyrədəcəyəm. İstəyirəm
qardaşım da istedadlı olsun, nə vaxtsa bilmədiklərimi
ondan soruşum.
Mərkəzin direktoru Lalə Qətinin dəyərləndirməsi
- Mədinə çox istedadlıdır. Mərkəzimizin fəxridir, çox çalışqandır, onda yaradıcılıq potensialı çox güclüdür, yorulmaq bilmir. Xüsusi bacarığı və qabiliyyəti ilə seçilən Mədinə özünü rənglərsiz təsəvvür edə bilmir. Öz balaca dünyasına rənglərin gözü ilə baxır. Rənglərin dili ilə zəngin yaradıcılıq fəlsəfəsini ifadə edə bilir. İnamla deyə bilərəm ki, onun gələcəyi parlaqdır. Yəqin siz də onunla söhbətləşərkən bunun şahidi oldunuz. Mədinəyə yaradıcılıq uğurları arzulayıram.
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.- 2017.-
22 aprel.- S.8.