“Sən supersən!”
Pərvanə
ALCANOVA, Beynəlxalq musiqi
yarışmasının iştirakçısı: “Həyat
mənim üçün yenidən
başlayır”
Sputnik Azərbaycan İnformasiya
Agentliyi və Radiosu
2016-cı ilin noyabrından 2017-ci ilin yanvar ayına kimi Heydər Əliyev Fondunun
dəstəyi ilə Azərbaycanda “Sən supersən!”
müsabiqəsində iştirak edəcək
uşaqların seçimini edib. Seçim müsabiqəyə
yalnız ölkənin müxtəlif bölgələrini təmsil
edən, valideyn himayəsindən məhrum
olmuş 7-18 yaş
arasında 37 uşaq və yeniyetmə cəlb
olunub. Nəhayət, sonuncu
mərhələdə qalib gələn
uşaqların ifalarının səs yazıları
hazırlanaraq Moskvaya göndərilib. Təqdim
edilmiş 37 ifadan 11-i
növbəti mərhələyə buraxılıb. “Sən
supersən!” müsabiqəsində Azərbaycanı təmsil
edən 17 yaşlı Pərvanə Alcanova
və 12 yaşlı Xoşqədəm Mehdiyeva
da seçilənlər sırasında olublar.
Beləliklə,
SOS Uşaq Kəndləri - Azərbaycanın
Xətai filialının on yeddi yaşlı yetirməsi olan
Pərvanə Alcanova da
Rusiyanın NTV telekanalı və Sputnik
Beynəlxalq İnformasiya Agentliyinin
və Radiosunun birgə layihəsi olan “Sən supersən!” beynəlxalq musiqi yarışmasına qatılıb. Fevralın 11-də start verilən layihədə Rusiya
və digər MDB ölkələrinin uşaq
evlərində, internat məktəblərində
tərbiyə olunan, qəyyumluğa götürülmüş istedadlı uşaqlar iştirak ediblər.
Müsabiqə çərçivəsində
iştirakçılarla peşəkar vokal
müəllimləri məşğul olub.
Sevindirici hal bu idi ki,
“Bakı SOS Uşaq Kəndləri”nin
yetirməsinin qeyri-adi ifası daha çox yadda qalıb.
Müsabiqə
haqqında söylənilən xoş
sözləri istedadlı qızın öz
dilindən eşitmək arzusu ilə onun təhsil aldığı Bakı Humanitar Kollecinə yollandım. Günün ikinci
yarısı olduğundan tələbələr
yavaş-yavaş auditoriyaları tərk
edirdilər. Kimlərsə kitabxanaya, kimlərsə
də evə tələsirdi. Bəzi otaqlarda
hansısa mövzuların müzakirəsi eşidilirdi.
Dəhlizdə dayanıb mehribancasına söhbət
edən tələbə qızlara yaxınlaşıb
salamlaşdım və onların arasında olan
qarayanız, gülərüz bir qızla
- Pərvanə ilə görüşüb
söhbət etmək istədiyimi bildirdim.
Bəli, NTV telekanalında gördüyüm
qız bax, bu idi, utancaq, tərbiyəli,
əxlaqlı qız.
Qəzetimizin
növbəti nömrəsi üçün
onun haqqında yazı hazırlamaq istədiyimi
bildirdim. Öncə Pərvanə tutuldu. Utancaq tərzdə,
- bu vacibdirmi? -
söylədi. Mən bunun olduqca
vacib olduğunu
söyləyəndən sonra isə tərəddüd
etmədən razılıq verdi. Sanki verəcəyim sualları
baxışlarımdan oxuyubmuş kimi qeyri-adi fitri istedad sahibi
olan bu qız özü haqda
oxucularımız üçün
maraqlı olacaq faktları
açıqladı:
“3 yaşımdan
Bakı SOS Uşaq Kəndində
yaşamışam”
- 3 yaşından Bakı SOS Uşaq Kəndində yaşamışam. İnternatdan fərqli olaraq burada uşaqların bacı-qardaşları, anası və xalası olur. Hər evdə 6-7 uşaq yaşayır. Günlərimiz çox mənalı keçirdi. SOS Uşaq Kəndində uşaqlar üçün hər cür şərait yaradılıb. Orada uşaqlar asudə vaxtlarını səmərəli keçirirdilər, tez-tez rəqs, mahnı, məzhəkəli oyunlar kimi proqramlar, konsertlər təşkil olunurdu. Biz otaqda 7 nəfər qalırdıq. Çox mehriban olmuşduq. Aramızda heç vaxt ayrı-seçkilik yaşanmazdı. Orada bizə çox yaxşı baxırdılar. Anam Qəmər Şirəliyevanı lap çox istəyirəm. Hər gün o, məni dərsə yola salar, evə gələrkən gülərüzlə qarşılar, sonra isə nahar yeməyinə oturardıq. 257 nömrəli tam orta məktəbdə oxuyurdum. Dərslərimi hazırlamaqda anam mənə köməyini heç vaxt əsirgəmirdi. İstəyirdi ki, vaxtımdan səmərəli istifadə edim. Hər axşam isə öyüd -nəsihətlərini məhəbbətlə dinləyirdim. Heç vaxt anamın əziyyətini itirmərəm, mənə əsl ana qayğısı, ana nəvazişi göstərib, həmişə yaxşı oxumağımı istəyib. Hətta yay tətili zamanı onunla birlikdə Qubada istirahətdə olmuşuq. İllər ötür, mən böyüyürəm, anam isə yaşa dolur, saçlarına dən düşür, qocalır, bu məni çox kövrəldir. Mən də ona dəstək olmağa çalışıram, onu görmək üçün tez-tez SOS Uşaq Kəndinə gedirəm. Orada yaşayan oğlanlar və qızlar mənim bacı-qardaşımdır. Axı, 15 il bir yerdə yaşamışıq, dərdimiz-sərimiz bir olub. Onların hamısı ilə görüşüb həmsöhbət oluram.
Hazırda isə Gənclər Evində yaşayıram. Burada da şərait ürəkaçandır. Normal yaşayışımız və istirahətimiz tam təmin olunub. Rəhbərlik və bütün işçilər tərəfindən diqqət və qayğı ilə əhatə olunmuşuq.
“Uşaqlıqdan
incəsənətə meyilli olmuşam”
SOS Uşaq Kəndində rəqs dərnəyi fəaliyyət göstərirdi, həftədə üç dəfə rəqslə məşğul olurdum. Uşaqlıqdan incəsənətə meyilli olmuşam, aktyorluq sənətinə böyük marağım olub. IX sinfi bitirib imtahanlardan müvəffəq qiymətlər aldım və hazırda gördüyünüz kimi Bakı Humanitar Kollecində kitabxana informasiya təminatı ixtisası üzrə təhsil alıram. Kollecdə də müəllimlərim çox mehriban və səmimidirlər. Sağ olsunlar, mənə diqqət göstərirlər. İmtahan sessiyalarında heç bir problemim olmur. Müəllimlərimin etimadını doğrultmaq üçün mən də səylə çalışıram.
“Müsabiqədə
özümü sınadım və uğur qazandım”
Türk melodiyalarını
çox sevirəm. Vokalla
xüsusi olaraq məşğul
olmamışam. Yalnız güzgü
qarşısında özüm və ya rəfiqələrim üçün
mahnılar ifa etmişəm. Mən
Rusiyanın NTV telekanalının və Sputnik
Beynəlxalq İnformasiya Agentliyinin
və Radiosunun birgə layihəsi olan “Sən supersən!” beynəlxalq müsabiqəsində
özümü sınadım və uğur qazandım. Azərbaycanı müsabiqədə
paytaxtımızdan mən və Gəncə şəhərindən
Xoşqədəm Mehdiyeva təmsil edirdi. Müsabiqədə o,
“Buludlar” mahnısını ifa etdi. Onun
çıxışı həm münsifləri, həm də
tamaşaçıları heyran etdi.
“Musiqi
karyeramı davam etdirəcəyəm”
...İlk
çıxışım fevralın 18-də baş
tutdu. “Ana”
mahnısını ifa etdim
və II tura vəsiqə qazandım. II turda isə “Gəl, ey səhər”
mahnısını oxudum və
alqışlarla qarşılandım. Mənim ifam
tamaşaçılarda xoş əhvali-ruhiyyə
yaratmışdı. Sevincimin hədd-hüdudu
yox idi. Yeri gəlmişkən, qeyd
edim ki, səhnəyə
çıxanda növbəti tura
çıxacağımı və yaxud vətənə
qayıdacağımı bilmirdim. Mənim
üçün musiqi
yarışmasında iştirak etmək özü uğur qazanmaq idi. Amma
layihəni tərk etdiyimə təəssüfləndim, çoxlu dostlarım vardı, onlardan
ayrılmaq mənə çətin idi. Nəticəyə
görə də pis olmuram,
çünki həyat mənim üçün yenidən başlayır. Böyük uğurlarım
qarşıdadır. Söz vermişəm
ki, musiqi karyeramı davam etdirim. Çünki musiqi mənim
həyatımdır. Musiqisiz yaşaya bilmərəm. O mənə ruh verir. Müsabiqədə
yaşadığım anlar
yaddaşımdan heç vaxt
silinməyəcək. “Avroviziya-2011” müsabiqəsinin qalibi Eldar Qasımov xoş arzularını bildirərək, rəhbərlik
etdiyi vokal məktəbdə
oxumaq imkanı verən sertifikatı hədiyyə
olaraq mənə təqdim etdikdə çox məmnun oldum. Mənə
göstərilən etimadı doğrultmaq
üçün daha çox çalışacağam.
“Ana
haqqında uğurlu mahnı
seçməsi və gözəl
ifası könülləri fəth etdi”
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, dünya şöhrətli bəstəkar və müğənni Polad Bülbüloğlu Pərvanənin ifasını belə dəyərləndirib:
- Pərvanə Alcanovanın 17 yaşı var. O, güclü səs diapazonuna və fitri istedada malikdir. Onun ana haqqında uğurlu mahnı seçməsi və gözəl ifası bütün könülləri fəth etdi. Rusiyanın NTV telekanalında yayımlanan “Sən supersən!” musiqi yarışmasında “Ana” mahnısı ilə Azərbaycanı təmsil etməsi çox doğru addımdır. Ona uğurlar arzulayıram.
...Musiqi
yarışmasından sonra səfir rus dilini bilməyən Pərvanənin
telekanala verdiyi
müsahibəni auditoriyaya tərcümə
edib. Aparıcı bu
məqamda - artıq layihədə hamı maraqlanır ki, bu yaraşıqlı və
gözəl qız kimdir ki,
ona məhz Polad Bülbüloğlu tərcüməçilik
edir, - deyə, zarafat edir. Səfirsə bu zarafata özünəməxsus tərzdə
maraqlı cavab verib: “Bunun üçün
gözəl səsi olan azərbaycanlı
olmaq gərəkdir”.
“Artıq o, kollecin fəxridir”
Afaq
Əsgərova, Mədəni-maarif şöbəsinin
müdiri:
- Eşidəndə ki, Pərvanə
“Sən supersən!” musiqi
yarışmasına qatılıb, çox
sevindik. Onu rəhbərlik,
pedaqoji kollektivimiz, tələbələr
təbrik etdilər və xoş
arzularını bildirdilər. Pərvanə kollecdə hər
cür diqqət və qayğı ilə
əhatə olunub. Sakit
təbiətli, mehriban və nizam-intizama riayət edən tələbədir.
“Buta” rəqs qrupunun üzvüdür. Milli və
dünya rəqslərini məharətlə
ifa edir. Çoxlu sayda diplom və fəxri fərmanları var. İstedadlar məhz
belə müsabiqələr zamanı aşkarlanır.
Artıq o, kollecin fəxridir,
onu qarşıda yeni-yeni
nailiyyətlər gözləyir.
“Pərvanə
uğurları ilə hamımızı sevindirəcək”
Könül Əliyeva, ixtisas müəllimi:
- Pərvanə Binəqədi rayonunda
keçirilən tədbirlərdə həmişə öz ifası ilə hamını heyrətləndirir.
“Sən supersən!” musiqi
yarışmasında iştirakı isə xüsusilə qürurvericidir. Onun
gözəl ifası, xarici görünüşü və gözəl səsi
var. Məlahətli səsə malik olan Pərvanə özünü səhnədə inamla apardı. Oxuduğu
mahnının əzəmətini hiss etdi. Həmin gün NTV
telekanalında səsləndirdiyi “Ana”
mahnısı məni, o cümlədən
bütün tamaşaçıları
kövrəltdi. O, mahnını sonadək qüsursuz ifa etdi və bu müsabiqə
ərəfəsində ən parlaq, yaddaqalan nömrələrdən biri oldu. İnanıram ki, Pərvanə beynəlxalq festival
və müsabiqələrdə ölkəmizi layiqincə təmsil
edəcək və uğurları ilə hamımızı
sevindirəcək.
Onun
parlaq gələcəyinə Günəşin
varlığına
inandığım qədər əminəm
Pedaqoji şöbənin müdiri Talıb Zülfiyev:
- Ümumiyyətlə, bu təhsil ocağında bütün tələbələrə məhəbbət aşılanır, heç kim də diqqətdən kənarda qalmır. Biz, necə deyərlər, bir ailə şəraitində fəaliyyət göstəririk. Burada kimsə doğma, kimsə ögey ola bilməz. Pərvanə isə öz istiqanlılığı , çalışqanlığı ilə tələbə yoldaşlarından fərqli istedad və bacarığı ilə hamımızın sirdaşına çevrilib. Az-az tələbə tapılar ki, təhsil aldığı məkanda bu qədər tanınsın, eyni zamanda hamı da onu sevsin - tələbə yoldaşları da, müəllimləri də. Bax, Pərvanə belə xoşbəxt tələbələrimizdəndir. Onun parlaq gələcəyinə Günəşin varlığına inandığım qədər əminəm.
Talıb müəllimin Pərvanə
haqqında söylədiyi “Onun parlaq gələcəyinə Günəşin
varlığına inandığım qədər əminəm”
ifadəsi bu yazının son
cümləsi deyil, Pərvanənin gələcəyi
haqqında ümid dolu
ilk nida oldu, sevinc, ümid
dolu bir nida...
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.- 2017.-
29 aprel.- S.8.