Filoloq-şair ilə görüş
Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Təhsil Mərkəzində dilçi, filoloq-şair Firuzə Məmmədli ilə görüş keçirilib. Tədbiri Təhsil Mərkəzinin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Həsən Bayramov açaraq şairə xanımın geniş fəlsəfi dünyagörüşə, milli və bəşəri özünüdərkə, kamil sənətkarlıq məziyyətlərinə malik söz ustası olduğundan bəhs edib, onun yaradıcılığında poetik fikrin, bədii ifadənin fəlsəfi qayəsi bəşəri mahiyyət kəsb etdiyini vurğulayıb.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin kadrlar şöbəsinin rəisi Arifə Əliyeva, şair Balayar Sadıq, kulturoloq, kitabxana.net portalının rəhbəri Aydınxan Əbilov, yazıçı, publisist Nüşabə Məmmədli çıxış edərək görkəmli ziyalının elmi-publisistik və poetik yaradıcılığını təhlil ediblər.
Çıxışlar zamanı bədii, elmi, tənqidi, publisist kitabların müəllifi olan şairin “Gümüşü damla”, “Yoluma bahar düşüb”, “Sənin ömrün”, “Yetkinlik”, “Bir qarış ucalıq”, “Bədii dilin estetik mənbələri”, “Məni mənlə bölən dünya” kitablarında toplanmış materiallardan, eləcə də son vaxtlar 12 cilddə çap olunmuş “Seçilmiş əsərləri”ndən bəhs olunub.
Sonda şairin yaradıcılığına və şeirlərinə həsr olunmuş mahnılardan ibarət slayd nümayiş etdirilib.
Aybəniz
MƏMMƏDOVA
Azərbaycan müəllimi.- 2017.-
29 aprel.- S.10.