“İsveçdə doktorantın iş
günü
əsasən klinikalarda keçir”
İsveç
Krallığı Karolinsk İnstitutunun doktorantı Pərviz
Məmmədzadə Azərbaycanda elmi tədqiqatın
inkişafına töhfə vermək istəyir
Məmmədzadə
Pərviz Vaqif oğlu 1988-ci il iyulun 7-də Zaqatalada anadan olub.
Orta məktəb təhsilini rayondakı 3 nömrəli tam
orta məktəbdə alıb. 2005-2007-ci illərdə Azərbaycan
Tibb Universitetinin müalicə-profilaktika fakültəsində
təhsil alıb. Tibb təhsilinin sonrakı 4 ilini (2007-2011)
universitetlərarası müqaviləyə əsasən
Türkiyə Respublikasında, İstanbul Universitetinin tibb
fakültəsində davam etdirib və oradan məzun olaraq həkimlik
dərəcəsi alıb. Universiteti bitirdikdən sonra,
2012-2014-cü illərdə İsveç
Krallığının Karolinsk İnstitutunda göz xəstəlikləri
üzrə elmi-tədqiqat işi ilə məşğul olub.
2015-ci ildən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı” çərçivəsində Karolinsk
İnstitutunda doktorantura təhsili alır. Evlidir, bir
qızı var, həyat yoldaşı da həkimdir. P.Məmmədzadə
ilə söhbətə orta məktəb illərindən
başladıq.
“İlk müəllimlərimi
hörmətlə anıram”
Orta məktəbdə oxuduğum illərdə, birinci sinifdən etibarən dərs əlaçısı olmuşam. Məktəb illərində daha çox fizika, kimya, riyaziyyat və biologiya fənlərinə həvəs göstərmişəm. İlk müəllimlərimi hələ də hörmətlə anıram. Onlar mənim təhsil həyatımda mühüm rol oynayıblar. İbtidai sinif müəlimim Səfiyyə xanımı çox müsbət bir insan kimi xatırlayıram. Hər bir şagirdi öz balası kimi sevərdi və ona can yandırardı. Orta təhsil illərində sinif rəhbərim Solmaz xanım ana dili və ədəbiyyat müəllimi, çox peşəkar və ədalətli bir insan kimi xatirimdə qalıb. İxtisas seçiminə gəlincə məktəb illərimin ortalarında, ixtisas olaraq nəyi seçəcəyimi dəqiq bilmirdim. Bildiyim tək şey, nə etsəm də, o işi sevərək etməyin vacibliyi idi. Valideynlərimin həkim olması ailəmizdə həkimliyə ənənəvi bir meyil yaratmışdı. Böyük qardaşım da Tibb Universitetində oxuyurdu və buna görə mən də həkimliyə üstünlük verdim.
“10 ildən
çoxdur ki, xaricdə
təhsilimi davam
etdirirəm”
Hələ orta məktəbdə oxuyarkən valideynlərim mənə və qardaşlarıma xarici dili öyrənməyimizi aşılayırdılar. Ailəmizdə savada və elmə dəyər verirdilər. Xaricdə təhsil almağımda valideynlərimin həm mənəvi, həm də maddi dəstəyi çox olub. Təbii ki, mən də dövlətin biz gənclərə verdiyi imkandan yararlanaraq xaricdə təhsil almaq arzumu reallaşdırmaq üçün Dövlət Proqramına müraciət etdim. Azərbaycanda istedadlı gənclərimiz çoxdur, bu proqram sayəsində onların arzusu reallaşır və istədikləri savada nail ola bilirlər. İxtisaslı gənclərimiz Azərbaycana geri dönüb, ölkədə gedən inkişaf prosesinə öz müsbət töhfəsini verirlər.
Artıq 10 ildən çoxdur ki, xaricdə təhsilimi davam etdirirəm. Ölkəmizin təhsil sistemində baş verən dəyişikliklərə gəlincə, ali məktəblərimizdə ən çox görmək istədiyim yeniliklər arasında təhsilin kompüterləşdirilməsi, internet və kitabxana xidmətlərinin elektronlaşdırılması, tələbələrimizin köhnə və əhəmiyyətsiz ədəbiyyatlarla yüklənməməsi və s. misal çəkə bilərəm.
İsveçdə doktorantın iş günü əsasən klinikalarda keçir. Boş vaxtım olanda isə onu ailəmə ayırıram, bəzən dostlarla və həmkarlarımla görüşürəm, idmanla da məşğul oluram, müxtəlif tibbi ədəbiyyat oxuyuram.
“İsveç təhsilində
müasir
pedaqogika
metodları tətbiq olunur”
İsveç Avropada çox sürətlə inkişaf edən və daim innovasiyalarla yeniləşən təhsil sisteminə malikdir. İsveç təhsilində müasir pedaqogika metodları tətbiq olunur. Orta məktəblərdə şagirdlərə ev tapşırığı verilmir, bütün tapşırıqlar məktəb saatı müddətində tədris prosesində həll olunur. Şagirdlər dərs saatı bitdikdən sonra evə gedib ürəkləri istədiyi kimi vaxt keçirirlər və çox savadlı bir gənc kimi formalaşırlar. Ali təhsil ocaqlarında təhsildə ən son yeniliklər tətbiq olunur. Ölkənin bütün təhsil müəssisələrində elektronlaşma və internet yüksək səviyyədədir.
Hazırda
Karolinsk İnstitutunda doktorantura təhsili alıram. Karolinsk
İnstitutu yalnız tibbə və tibb elmlərinə yönəlmiş
yeganə universitetdir və İsveçdə tibbi təhsilin
ən geniş diapazonunu təklif edir. Əsası 1810-cu ildə
qoyulmuş Karolinsk İnstitutu dünyanın ən
yaxşı 50, Avropanın 10 tibb universiteti
sırasındadır. Hər il Nobel mükafatlarının təqdim
olunduğu ali məktəb özünün ənənələri
ilə məşhurdur. Qeyd etməliyəm ki, doktorantura təhsili
universitet təhsilindən fərqlidir. Daha çox tətbiqi
xarakter daşıyır. Elmi işimin mövzusu oftalmologiya,
daha dəqiq desək, gözün torlu qişasının
qan-damar xəstəliklərini əhatə edir. Göz insan bədənində
nisbətən balaca orqan olmasına baxmayaraq çox mürəkkəb
bir quruluşa malikdir və elmə məlum olmayan müəmmaları
çoxdur.
Yaşadığım
şəhərdə azərbaycanlı tələbələr
azdır, buna baxmayaraq səfirliyimizin və diaspor təşkilatlarının
keçirdiyi tədbirlərdə iştirak etməyə
çalışıram.
İmpakt-faktorlu jurnallarda
dərc olunan azərbaycanlı tələbə
Çox
sevindirici haldır ki, Pərviz İsveçin məşhur
klinikalarında aparılan ciddi elmi tədqiqatlarda iştirak
edir. Onun apardığı tədqiqatların nəticələri
Avropanın impakt-faktorlu jurnallarında dərc olunub. Onun bu barədə
fikirləri də maraqlı və aktualdır.
Qeyd
etdiyim kimi, elmi işimin əsas mövzusu gözün torlu
qişasının qan-damar xəstəliklərinin genetik və
hüceyrə transplantasiyası metodları ilə müalicəsidir.
Bildiyiniz kimi, yaşlı əhalidə görmə zəifliyinin
və korluğun əsas səbəbi şəkərli diabet
xəstəliyidir. Bu xəstəlik düzgün müalicə
olunmadığında müəyyən müddət sonra bir
çox digər orqanlarda olduğu kimi (ürək, böyrək,
ətraf nahiyyənin sinir və damarları və s), gözdə
də fəsadlar meydana gəlir. Belə ki, şəkər xəstəliyi
gözün torlu qişasını qanla təchiz edən
damarlarda dönməz mikro-patalogiyalara səbəb olur və
bu da, öz növbəsində, torlu qişanın
işığı qəbul edən və görmə
prosesinin gerçəkləşməsində rol oynayan
hücəyrələrinin zədələnməsinə və
görmə zəifliyinə yol açır. Hazırda tətbiq
olunan müalicə üsulları patalogiyanın gecikdirilməsinə
və yaxud ən yaxşı halda prosesin
dayandırılmasına yönəlir, zədələnmiş
hüceyrələr və zəifləyən görmə
aktı demək olar ki, bərpa olunmur.
Dərc
etdiyim ilk elmi məqaləmdə biz torlu qişanın qan-damar
hüceyrələrinin molekulyar və genetik səviyyədə
xüsusiyyətlərini araşdırmışıq və
patalogiya zamanı hansı genlərin və pataloji
faktorların fəallaşdığını diqqətə
çatdırmışıq. Bu məqalə Avropanın ən
nüfuzlu oftalmologiya jurnalında çap olunub (Acta
Ophthalmologica). İkinci məqaləmdə biz heyvanlar üzərində
laboratoriya şəraitində süni üsulla şəkərli
diabet bənzəri şərait yaradaraq gözün torlu
qişasında patalogiya yaratmışıq. Sonra isə
genetik transfeksiya və hüceyrə transplantasiya vasitəsilə
bu patalogiyanı müalicə etmişik. Məqalə
dünyanın ən nüfuzlu elmi nəşrlərindən
birində (Nature Publishing Group, Scientific Reports) çap olunub.
Ümid edirik ki, bu metod gələcəkdə insanlara da tətbiq
oluna bilinəcək. Tədqiqatlarımız davam edir.
Sonda
xaricdə təhsilin üstünlüklərindən qeyd edə
bilərəm. Üstünlüklər, təbii ki,
çoxdur. Misal olaraq, keyfiyyətli təhsil, xarici dillərə
yiyələnmək, beynəlxalq aləmdə olmaq və yeni
mədəniyyət və insanlarla tanış olmaq, şəxsiyyət
olaraq daha fərqli inkişaf etmək və s. Bu mənada
xaricdə təhsil almağım bütün ümidlərimi
doğruldub. İstərdim ki, Azərbaycanda fəaliyyət
göstərən ali təhsil ocaqları universitet tədrisinin
bir hissəsi olaraq tələbələri bir neçə
aylıq da olsa, xarici universitetlərə göndərsin. Bu
yolla tələbələrdə elmə və xarici dilə
olan həvəs daha da artar.
Gələcək
planlarıma gəlincə isə, İsveçdə və Azərbaycanda
elmi tədqiqat qrupu təşkil etmək, Azərbaycanda elmi tədqiqatın
inkişafına töhfə verməkdir.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2017.- 29
aprel.- S.9.