Hədəf müəllim olmaqdırsa...
“Peşəkar ol” layihəsinin iştirakçıları dövrün tələblərinə cavab verən mütəxəssislər olmaq istəyirlər
Ali məktəblərdə pedaqoji təhsil alan sonuncu kurs tələbələri və magistrlər üçün “Peşəkar ol” proqramı uğurla davam edir. Layihənin əsas məqsədi pedaqoji ali təhsil alan tələbələrdə divergent təfəkkürü inkişaf etdirmək, mövcud çərçivələri aşan, yeniliyə açıq təhsil işçiləri formalaşdırmaq, gənclərdə peşəyə loyallıq tərbiyə etməkdir.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor əvəzi Vəfa Yaqublu bildirir ki, proqrama seçilən tələbələr “Müasir təhsilin xüsusiyyətləri”, “Təhsilin məzmunu, kurikulum, tədris metodikası”, “Şagird-müəllim münasibətləri”, “İKT-nin təhsilə tətbiqi”, “Auditoriya ilə iş” və s. mövzulu seminarlarda iştirak edirlər. “Media savadlılığının əsasları” adlı modula isə proqramda xüsusi yer ayrılır. Tələbələrə müxtəlif məzmunlu və formalı informasiyanı axtarmaq, təhlil etmək, qiymətləndirmək və habelə mediamətn hazırlamaq bacarıqları öyrədilir. Düşünürük ki, saysız-hesabsız informasiya axınında bata-bata ağıllı kəlama ac qaldığımız dövrdə bu bacarıqlar əvəzedilməzdir. Nəzərə çatdırım ki, tələbələr seminarlarda çox həvəslə iştirak edirlər. V.Yaqublunun sözlərinə görə, gələcəkdə bu seminarda xüsusi fərqlənənləri institutla əməkdaşlığa cəlb etməyi planlaşdırırlar.
Bu kimi seminarların davamlı olması və il ərzində təşkil edilməsi nəzərdə tutulur. Seminarlar ödənişsizdir və qeydiyyatdan keçən hər bir tələbə iştirak edə bilər.
Seminarlar TİPİİ-nin əməkdaşları və dəvət olunmuş mütəxəssislər tərəfindən aparılır. İki ay davam edəcək proqramı uğurla bitirən iştirakçılara sertifikat veriləcək.
Layihənin iştirakçısı Bakı Dövlət Universitetinin tələbəsi Xanım Cəfərova “Azərbaycan müəllimi”nə bildirib ki, “Peşəkar ol” layihəsinin keçirilməsi haqqında məlumatı sosial şəbəkədə görüb. Layihənin məqsədi və seminarların nə qədər əhəmiyyətli olacağını nəzərə alaraq qeydiyyatdan keçib. 4-cü kursda müəllimlik peşəsi ilə bağlı pedaqoji təcrübədə olduğunu bildirən X.Cəfərova qeyd edib ki, bu seminarlar çox əhəmiyyətlidir: “Belə ki, qısa zaman kəsiyində bir çox bilik əldə edir, sərbəst düşüncə vərdişlərimi daha da formalaşdırıram. Əgər gələcək hədəf müəllim olmaqdırsa, çalışmalıyıq ki, dövrün tələblərinə cavab verən peşəkar müəllim olaq”.
BDU-nun tələbəsi Təbiət Kamilzadə də layihə haqqında müsbət fikirdədir: “Eşidəndə ki, belə bir seminar keçiriləcək, heç tərəddüd etmədən bu seminarda iştirak etmək qərarına gəldim. Bu seminarlar bizim gələcəkdə bir peşəkar kimi formalaşmağımıza xüsusi təkan verəcək. Məsələn, ötən seminarda biz məktəbdə aktiv və hiperaktiv uşaqlarla işləməyin qaydalarını öyrəndik. Həmin uşaqlarla davranış qaydalarını, onlara xüsusi münasibət və sair məsələləri müzakirə etdik. İnstitutda keçirilən seminardan çox razıyam və gələcəkdə də belə seminarlar təşkil olunarsa, mütləq iştirak edəcəyimi düşünürəm”.
BDU-nun tələbəsi Fatimə Abbaszadə isə “Peşəkar ol” layihəsinə qatılmaqda əsas məqsədinin müəllimlik peşəsinə olan marağından irəli gəldiyini deyir. Ali təhsilini başa vurduqdan sonra səriştəli, peşəkar müəllim olmaq arzusunda olan F.Abbaszadə düşünür ki, məqsədə çatmaq üçün bir sıra seminar, təlimlərdə iştirak etmək çox vacibdir. O, layihədəki iştirakını yaxşı bir fürsət hesab edir. Seminarlarda onu ən çox sevindirən amil isə sərbəst, demokratik fikir mübadiləsi aparılmasıdır.
Digər bir
iştirakçı, BDU-nun tələbəsi
Aytac Lətifli seminar
zamanı müxtəlif universitetlərdən olan
tələbələrlə tanış olduğunu
və onlarla hər hansı bir mövzu üzrə uzun sürən müzakirələrin əhəmiyyətini
vurğulayır. Bu müzakirələrin
bir vətəndaş, peşəkar insan kimi formalaşmaqda
xüsusi rolu olduğu qənaətindədir. O, seminarın
moderatorlarının aparıcılıq, idarəetmə
qabiliyyətini xüsusilə bəyənir. Həmin moderatorlardan bir çox bacarığı öyrəndiyini qeyd edir.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2017.-
29 aprel.- S.6.