Həyəcan, özünü sınamaq
və məqsədə çatmaq
üçün
Müəllimlərin
işə qəbulu imtahanlarına dair iddialar və
reallıqlar
Azərbaycan Texniki Universitetinin idman zalı. Ümumi təhsil müəssisələrinə
mərkəzləşdirilmiş qaydada keçirilən
müəllimlərin işə qəbulu üzrə
müsabiqənin test mərhələsi davam edir. İmtahanların keçirildiyi 3 zaldan ən
böyüyündəyik. Burada 650 nəfər
eyni vaxtda imtahan verir. Paralel olaraq 2 zalda da
imtahan başlayıb. Həmin zalların
birində 200, üçüncüsündə 160 nəfər
tarix və coğrafiya müəllimliyinə imtahan verir.
İyulun 25-dən start verilən
imtahanlarda artıq 40 minə yaxın namizəd iştirak edib.
Samir müəllim mikrofonla imtahan
iştirakçılarını təlimatlandırır. İmtahan
qaydaları ilə tanışlıqdan sonra düyməyə
basılır.
Hər şey qaydasında görünür. Tam sakitlikdir.
Nəzarətçilər ortada gəzişir.
Hamının gözü monitordadır.
Yəqin
“Başqa cür ola da bilməz, axı,
imtahan verən müəllimlərdir”, - deyir, içimizdəki
səs.
Telefon sevgisi imtahanı pozur
Amma burada
öyrəndik ki, müəllim olmaq istəyənlər
imtahanda uşaqdan da dəcəl ola bilər.
İmtahan üçün ayrılan 90 dəqiqənin
sonunda qarşısında duran real nəticəni qəbul edə
bilməyib şikayətlərə, bəhanələrə
başlayırlar.
Təhsil
Nazirliyinin sektor müdiri Rasim Məmmədovun sözlərinə
görə, müəllimliyə imtahan verən bəzilərinin
nəinki nəticələri uğurlu deyil,
davranışları da seçdikləri peşəyə
uyğun gəlmir: “Gəlib qaydaları pozurlar. Etik
davranışları müəllimliyə yaraşmır.
Təsəvvür edin, oturub arakəsmənin o
tayındakı namizədlə danışır, ondan nömrə
alır, hər yolla başqalarına mane olurlar. İmtahan zalına telefon keçirirlər. Beləcə, imtahan prosesini də pozurlar. Telefon və elektron əşyaların imtahana
keçirilməsinin qadağan edildiyi barədə xəbərdarlıqlara
baxmayaraq, hər kəs buna cəhd edir. 4 nəfər
artıq bu səbəbdən imtahandan
çıxarılıb. Bu gün telefon və
qulaqcıqla tutulan namizədi prosesdən yarımçıq
çıxartmaq məcburiyyətində qaldıq”.
Təhsil Nazirliyi yetkilisini dinləyə-dinləyə
zalları dolaşırıq. İmtahan zallarında
hər cür şərait var. Kondisionerlər işləyir,
zallara çay və su da qoyulub. İmtahan
verənlər arasında nəinki susayanlar, acanlar da olur.
Komissiya acıdığını söyləyənlərin
bu istəyini də təmin etməyə
çalışır. Ancaq iştirakçıların
tələbi bəzən İmtahan Komissiyasının da
“boyunu aşır”. Məsələn,
telefonundan 3 saatlıq da olsa uzaqlaşmaq istəməyənlər,
telefonları əllərindən alınanlar, bu səbəbdən
hətta imtahan nəticəsini belə təhlükə
altında qoyanlar imtahanın təşkilinə irad bildirirlər.
Çanta və mobil telefonları qoymaq
üçün yer olmamasından şikayətlənirlər.
Dövlət İmtahan Mərkəzinin illərdir
keçirdiyi imtahanlarda da telefonlar zala buraxılmır. Bu ənənəyə alışmaq, görəsən,
bu qədər çətindir?
R.Məmmədov
deyir ki, əslində, daha məhdud dairədə olan
imtahanlarda bunu reallaşdırmaq mümkündür: “45 min
insanın 10 gün ərzində imtahanının təşkilindən
söhbət gedir. Bu sistemi kiçik otaqlarda
qurmaq çətinlik yaradır. Sıxlıq
yaratmamaq üçün giriş və
çıxışları ayırmışıq. Universitetin 3 ayrı küçəyə
çıxışından istifadə etmişik. Bununla belə, yenə gərginlik müşahidə
olunur. Əşyaların saxlanması
üçün ayrıca yer təşkil etməyə cəhd
etsəydik, indi nail olduğumuz vəziyyəti yarada,
sıxlığın, ümumiyyətlə,
qarşısını ala bilməzdik. Diaqnostik
qiymətləndirmədə belə yerlər təşkil
etmişdik. Say az olduğu
üçün bu, mümkün idi. Nümunə
üçün deyim ki, ötən il 24
min namizəd imtahan verdi. İmtahanlar İqtisad
Universitetinin 400 nəfərlik zallarında keçirildi və
20 gün çəkdi. Bu il 48 min
elektron ərizə verib, 45 min namizəd imtahanlarda iştirak
edir. Onların imtahanı, müsahibə mərhələsi
və yerləşdirilməsi sentyabrın 15-dək
tamamlanmalıdır. Bunları nəzərə
alanda, fiziki cəhətdən çatdırmağımız
qeyri-mümkün olacaqdı. Odur ki,
böyük tutumlu yerlər seçmək daha məntiqli idi”.
Milçək mane oldu
Müəllimlərin nə imtahanda, nə də
imtahandan sonra problemi, söz-söhbəti,
narazılığı bitmir. 24 bal
yığan bir namizəd milçəkdən şikayət
edib. Belə ki, zalda milçəklər ona
yazmağa imkan verməyib.
Yeri gəlmişkən, imtahan zallarında səliqə-sahman
yüksək səviyyədə idi.
Sarı kartlı masalar
Narazı qalanların başqa bir iddiası zallardakı
sarı kartlı masalarla bağlıdır. İddiaya görə,
tapşırılanlar həmin masada
oturdulur və onlara cavablar ötürülür. R.Məmmədov
hesab edir ki, cavabların ötürülməsi ilə
bağlı fikirlər absurddur: “Hər seansda suallar fərqli
olur. Nəzarətçilər iştirakçılara qeyd
üçün ağ kağızlar
paylayır. Əvvəlki seansın
iştirakçısı qeydlərini orda qoyub çıxar
və həmin vərəq nəzarətçilərin diqqətindən
yayınarsa, növbəti seansın
iştirakçısı masasında həmin qeydləri
görə bilər. Qeydlər olan
kağız dərhal yenisi ilə əvəz olunur. Hətta əvəz olunmasa belə, köhnə
seansdan qalan qeyd yeni seansda heç kimin işinə yaramaz.
Çünki suallar fərqlidir. Odur ki, bu qənaətin heç bir əsası
yoxdur”.
Ümumiyyətlə, imtahan prosesinin təşkilində
şəffaflığın təmin olunduğuna şübhə
yaradan hər hansı səbəb yoxdur. Çünki bütün
sistemə nəzarət mexanizmi var. Şəffaf şəkildə
imtahanların keçirilməsinə nail olunub. Hətta
“Sarı masada oturmaq istəyirəm”, - deyənlərin hər
birinin bu arzusu yerinə yetirilib: “Bu iddiada olanların həmin
masada imtahan verməsini təmin edirik. Hamının
gözü sarı masada oturanda olur və özləri də
şahid olurlar ki, sosial şəbəkədə yayılanlar
absurddur”.
Ona görə də sarı masa həvəsi ilə gəlib
oturub, ancaq xəyalları puç olub gedənlər
çoxdur.
Bəs sarı kartlarla masalar niyə fərqləndirilib? R.Məmmədovun dediyinə
görə, könüllülərin məsuliyyət
daşıdığı ərazinin sərhədləri bir
sarı kartda başlayıb digər sarı kartda bitir:
“Sarı kart könüllülərin nəzarət etdiyi ərazinin
sərhədini göstərir. Problem yarananda həmin
əraziyə görə məsuliyyət daşıyan nəzarətçi
cavab verir. Kartlar onların məsuliyyətini
müəyyənləşdirir”.
Nəzarətə nəzarət
Qeyd edək ki, imtahanlar çox ciddi nəzarət şəraitində
aparılır. Burada gözdən yayınma halları
mümkünsüz görünür. Nəzarətçiyə
supervayzer, supervayzerə koordinator, koordinatora nazirliyin
işçiləri nəzarət edir, kameralar isə
hamıya baxır və bütün hərəkətləri
qeyd edir. Bir sözlə, imtahanlarda nəzarətə
nəzarət mexanizmi tətbiq olunub. Bu qədər
gözdən yayınıb nə müəllim telefondan istifadə,
nə də nəzarətçi ona kömək edə bilər.
Nəzarətçilər
kimlərdir?
Nəzarətçilərin
imtahan verən şəxsə kömək edib-edə bilməyəcəyinə
onların kim olduğunu biləndən
sonra qərar vermək asandır. İmtahanlardakı
nəzarətçilər tələbə-
könüllülərdir. Formula 1 və
İslam oyunlarında iştirak edən 70-80 nəfərdən
ibarət könüllü imtahanlarda da nəzarətçidir.
Onlar imtahan verənlərin kompüterlə
bağlı hər hansı problemi olarsa, kömək edirlər.
Eyni zamanda, imtahan zamanı
iştirakçıları A4 vərəqləri ilə təmin
edir və sakitlik yaradırlar.
Onların müəllimlərə kömək etməsi
isə mümkün deyil. Əvvəla zal və
hər bir iştirakçı tam nəzarət
altındadır. Nəzarətçilərin
özləri də bir-birinə nəzarət edirlər.
İkinci bir tərəfdən
könüllülər tələbələrdən təşkil
olunan bir qrupdur. Nəhayət, bunu
könüllülərin özləri də etmək istəməz.
Söhbət müəllimlik peşəsindən
gedir. Bu işin məsuliyyətini dərk edirlər
və təbii ki, ən savadlıların seçilməsinin
tərəfdarıdırlar. Bilirlər ki,
burada birinə kömək etmək kiminsə haqqını
tapdalamaq deməkdir. Kömək etdiyi
müəllimin gələcəkdə onun övladına dərs
keçməsi riskini gözə almaqdır. Odur ki, nəinki kömək edirlər, neqativ hal
müşahidə edən kimi özləri müdaxilə
edir, dərhal qarşısını alırlar.
İmtahandakı
çoxsaylı “göz”lərdən biri, nəzarət
mexanizminin bir halqası olan Fəridə Ağazadə “Bir” Tələbə-Könüllü
Proqramının koordinatorudur: “İmtahanlar yüksək səviyyədə
təşkil olunub. Könüllülər
burada çox həvəslə iştirak edirlər. Onlar üçün də çox
maraqlıdır. İmtahanlarda fərqlənənlərə
qarşı xüsusi maraq göstərirlər. Namizədlərə kömək barədə
heç düşünmürlər də. Axı, söhbət müəllimlikdən gedir.
Kiməsə kömək etmək, imtahanlarda
yüksək nəticə göstərməsinə yardım
etmək savadsız birinin uşaqlarımıza dərs deməsinə
imkan yaratmaq deməkdir”.
Supervayzer Samir yenə iş
başında
Könüllülərə nəzarəti supervayzerlər
həyata keçirir. Supervayzerlərin heyətində
marağımızı biri cəlb edir. Samir
İbrahimov fiziki məhdudiyyətlidir. Təhsil
Nazirliyinin bir çox tədbirində iştirak edib.
Burada da supervayzerdir: “İmtahanlara məni həmişə cəlb
edirlər. SABAH qruplarının da imtahanında
iştirak etmişəm. Vəzifəmin
öhdəsindən hər zaman gəlirəm”.
Ümumiyyətlə, Təhsil Nazirliyi fiziki cəhətdən
məhdudiyyətli insanlara münasibəti ilə daim fərqlənir. Nazirliyin bu məsələdə
qəti mövqeyi bu imtahanlarda da özünü göstərdi.
SABAH qruplarının ilk məzunu
imtahanda
İmtahanın başlamasından 45 dəqiqə
keçir. Artıq zallardan ara-sıra çıxanlar olur.
Xanım Quliyeva ilk çıxanlardandır.
SABAH qruplarının məzunlarındandır.
İmtahana coğrafiya müəllimliyi üzrə
qatılıb. 54 bal toplayıb. Tələsir. Ayaqüstü
imtahanın təşkilini soruşuruq. Bir
iradı yoxdur. Hər şey yaxşı
idi, deyir.
Ondan
soruşuruq ki, sarı kartlı masada
oturmamışdı ki?
Çaşqın
nəzərlərlə baxıb: “Yox. O nədir ki?”.
Bu da nəticə:
sarı kartlı masada oturmayıb. 45 dəqiqədə
54 bal toplayıb çıxan namizəd
müəllimliyin bir addımlığındadır.
Bu suallar müəllimlik
üçün çox asandır
İmtahandan bir nəfər də çıxır. Mahir Sərkərli müəllim
olmaq üçün deyil, suallarla tanış
olmaq üçün imtahanlara girib. Dövlət İmtahan Mərkəzinin
test suallarını hazırlayanlardandır. Sualların müəllimlik
üçün həddən artıq asan olduğu qənaətindədir:
“Özümü sınamaq üçün imtahanlara
qatıldım. Hesab edirəm ki, kurikulum və məntiqə
yer çox verilib. Sadəcə bu səbəbdən
müəllimlər bal toplaya bilmir. Mən 46 bal topladım”.
İmtahan yaşa baxmır
İndiyədək imtahan verənlər arasında
yaşlı namizədlər də olub. Onların
arasında hətta 1956-cı ildə doğulanlar var.
Yaşlı nəslin nümayəndələrindən imtahana
“Əməkdar müəlim” də qatılıb. O, sadəcə,
imtahan həyəcanını yenidən yaşamaq
üçün builki imtahanlarda iştirak edib.
Yaşlı nəslin imtahandan çıxan bir nümayəndəsi
ilə qarşılaşırıq. Leyla Quliyeva müəllimdir: “209
nömrəli məktəbdə Həyat bilgisi fənnindən
dərs deyirəm. İmtahan verdim ki, artıq
coğrafiyadan da dərs apara bilim. 25 bal
topladım”.
1959-cu il təvəllüdlü daha bir müəllimlə
söhbətləşirik. O da hazırda müəllimdir. Övladları Bakıda olduğu üçün
imtahan verib paytaxt məktəblərində işə düzəlmək
istəyir. Ancaq tələb olunan balı
yığa bilmədiyindən “Azərbaycan müəllimi”nə
nə balı, nə də adını demək istədi.
Ramiz Nəzərov
isə çətinliklə də olsa, danışdı:
“1960-cı ildənəm. Sumqayıtda
“İstedad” liseyində direktor müaviniyəm. Həm də dərs deyə bilmək
üçün imtahan verirdim. 52 bal
topladım”.
Övladlarım mənimlə
qürur
duysun deyə müəllim olacağam
Və nəhayət, imtahanın daha bir seansı bitdi. Hamı imtahan
zalından uzaqlaşır. Ancaq eyni sürətlə
yox. Biri addımlarını sürüyür, o biri az qala qanadlanıb uçur. Yəqin
addımlarının qətiyyəti də
yığdıqları bala uyğundur.
Uçmağa qanad axtaranlardan biri yaxınlaşıb
telefon istəyir. Fürsət bu fürsət deyib sevincini
bölüşürük. Balammədova Aliyə
ixtisasca coğrafiya müəllimi olsa da, müəllimlikdən
uzaqlaşıb: “İxtisas seçimimdə atamın rolu olub.
Həmişə deyirdi ki, qız ya müəllim
olar, ya həkim. Məni də müəllim
elədi. Ancaq heç müəllim
işləmədim. Hazırda da şirkətdə
işləyirəm. Ancaq 3 ildir müəllim
olmaq üçün imtahan verirəm. Ötən il 45 bal toplamışdım. Bu il
53 bal yığdım. Rus bölməsində
müəllim olacağam. Ancaq müsahibə
mərhələsindən çox qorxuram. Orada nə soruşacaqlarını, məndən nə
tələb olunduğunu bilmədiyim üçün
ehtiyatlanıram”.
Müəllimliklə
bağlı fikrinin dəyişməsinə nəyin səbəb
olduğunu soruşuruq: “Artıq 3 ildir ki, atam deyənə gəlmişəm.
Uşaqlarım valideynlərinin harda işlədiyini
deyəndə qürur duymalarını istəyirəm. Uşaqkən mən də beləydim. Valideynlərimin işi ilə fəxr edirdim. Özümdən bilirəm ki, uşaqlar
üçün bu, çox önəmlidir”.
Atası üçün müəllim olmayan Aliyə
Balammədova övladları üçün olacaq.
Görmə məhdudiyyətli
3 namizədin verdiyi dərs
İmtahana girib qarşısına qoyulan suallara cavab vermək
əvəzinə sarı kartlı masaları gözaltılayan,
öz nəticələrindən deyil, imtahanların təşkilindən
danışan müəllimliyə namizədlərdən fərqli
olaraq, builki imtahanlarda görmə məhdudiyyətli 3 namizəd
iştirak edib.
Bu 3 namizəd suallarından və nəticələrindən
başqa hər şeyi görən müəllimliyə namizədlərə
yaxşıca dərs verib. Hər üçü 45 və
53 bal arasında ayrı-ayrı nəticələrlə
növbəti mərhələyə vəsiqə qazanıb. R.Məmmədov bildirib ki, onlar üçün
oxuyucu təmin olunub. Məntiqdən bir suala dəyişiklik
edilib: “Məntiq sualı şəkillə bağlı idi. Biz həmin sualı dəyişdirdik. Könüllülərdən biri sualları oxudu,
onlar da cavab verdilər”.
Onlar belə imtahan verdi
Biri həyəcan
yaşamaq üçün, biri özünü sınamaq
üçün, başqa biri qarşısına qoyduğu məqsədə
çatmaq üçün imtahan verdi. İndiyədək imtahan verənlərdən ən
yüksək nəticəni hələlik 1 nəfər
göstərə bilib. Riyaziyyat müəllimliyinə
imtahanlar zamanı fərqlənən Gəncə Dövlət
Universitetinin məzunu Günay Allahverdiyeva 60 sualın
hamısına düzgün cavab verərək maksimum bal toplayıb. Onun göstəricisini təkrarlayan
olmasa da, 59 bal toplayanlar var.
Bu nəticələrlə bir gün də başa
çatdı.
Hər gün olduğu kimi, bu günün
sonunda da iştirakçıların sayı, balları Təhsil
Nazirliyinin bazasına ötürüldü. Sabah isə son gündür. Həmin
gün müəllimlərin işə qəbulunda ən
böyük mərhələnin başa çatacağı
gün olacaq.
Ruhiyyə DAŞSALAHLI
Azərbaycan müəllimi.- 2017.- 4 avqust.- S.1-2.