“ASAN peşə” layihəsi
məqsədinə nail olub
Amil Əlili: “İqtisadiyyatın yeni
inkişaf mərhələsinə qədəm qoyması
peşə təhsilinə marağı artırır”
Təhsil Nazirliyinin “ASAN xidmət”lə
birgə həyata keçirdiyi daha bir layihə - “ASAN peşə”
layihəsi bu il də uğurla davam edir.
Ötən il ilk dəfə keçirilməsinə
baxmayaraq, böyük uğurlarla yadda qalan layihə barədə
Peşə Təhsili üzrə Dövlət Agentliyinin
peşə təhsili müəssisələrinin idarə
edilməsi, keyfiyyətin təminatı və monitorinq
şöbəsinin müdiri Amil Əlili danışıb.
- Avqustun 1-dən “ASAN peşə”
layihəsi üzrə sənəd qəbulu başlayıb. Ötən bir həftəlik müşahidələriniz
nə göstərir?
- Ötən
ildən başlayan layihə ilk dəfə Azərbaycan
Respublikası ərazisində məhdud dairədə həyata
keçirildi. İlk peşə-ixtisas təhsili
müəssisələrinə “ASAN xidmət” mərkəzlərində
qəbul aparıldı. Əsas məqsəd
dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə
qəbulun rahatlığını və obyektivliyini təmin
etmək idi. Bu cür sənəd qəbulu
əhalinin rahatlığı ilə yanaşı, şəffaflığın
təmin olunmasına, obyektiv qəbul prosesinin təşkilinə
xidmət edəcəkdi. Biz bu məqsədimizə nail
olduq. Daxil olan müraciətlər göstərir ki, bu il maraq daha yüksək səviyyədədir.
Belə ki, avqustun 1-dən 2017-2018-ci tədris ili
üzrə “ASAN peşə” layihəsi çərçivəsində
ilk peşə-ixtisas təhsili müəssisələrinə
sənəd qəbuluna start verilib. Artıq 2000-dən
çox qeydiyyatdan keçən var. Bu qədər yüksək
fəallıq müşahidə olunmasında ötən ilin təcrübəsinin
rolunu dana bilmərik. Yəni, ötən il iştirak edənlərin təcrübəsi
var və bu barədə çoxları məlumatlıdırlar.
Artıq qəbulun nə vaxt
başlayacağını gözləyirdilər.
- Ötən il
ilk dəfə həyata keçirilməsinə baxmayaraq, layihə
uğurlarla yadda qalıb.
- İlk növbədə qeyd etdiyimiz kimi, peşə təhsili
müəssisələrinə şagirdlərin qəbulu
prosesində şəffaflıq və vətəndaşların
sənəd qəbulu prosesində rahat müraciət etmə
imkanlılığı təmin edildi. Ötən il
yalnız Bakı və Gəncə şəhərləri
üzrə 6 min nəfər “ASAN Peşə” layihəsi
üzrə sənəd qəbulunda iştirak etdi. Eyni zamanda,
qəbul prosesinin nəticələrinin təhlili zamanı məlum
oldu ki, “ASAN Peşə” layihəsi çərçivəsində
qeydiyyatdan keçərək, ilk peşə-ixtisas təhsili
müəssisələrinə qəbul edilmiş şagirdlərin
25 faizinin orta attestat balı 4 və ondan yuxarı olub. Bu isə peşə təhsili müəssisələrində
mövcud şagird kontingentinin keyfiyyət göstəricilərində
olan musbət dəyişikliyin təzahürüdür.
- Bəs, ötənilki uğurlarda qəbul
prosesinin təşkili formasının rolu nə qədərdir?
- Qəbul
qaydalarının dəyişməsinin rolu danılmazdır. Əlavə sənədlər tələb
olunmadığından vətəndaşların
rahatlığı təmin edildi. Şəxsiyyət
vəsiqəsi və ümumi və ya tam orta təhsil
haqqında şəhadətnamə/attestatını
götürüb hansısa təhsil müəssisəsinə
deyil, bir ünvana -”ASAN xidmət” mərkəzinə müraciət
edir və geniş ixtisas seçimi etmək şansı
qazanır. Bununla da sadəcə, istədiyi
ixtisası seçməklə bu sahədə yetişməsinə
zəmin hazırlayır. Odur ki, sənəd
qəbulundakı rahatlıq, əlavə subyektiv amillərin
olmaması bu sahədə böyük dönüşə səbəb
oldu.
- Bu ildən rahatlıq bir az da artıb. Layihə artıq
daha geniş coğrafiyanı əhatə edir.
- Bu il
bütün “ASAN xidmət” mərkəzlərində -
Bakı, Gəncə, Sumqayıt, Qəbələ, Bərdə,
Sabirabad, Masallıdakı mərkəzlərin hər birində
peşə seçmək istəyənlər
üçün şərait yaradılıb. Həmin
mərkəzlərə başqa rayonlarda yaşayanlar da
müraciət edə bilər. Bunun
üçün məktəbə getmələrinə ehtiyac
yoxdur. İxtisaslar barədə nazirliyin
saytında da geniş məlumat verilir. Yaxud
rayonda bir “ASAN xidmət” mərkəzinə gəlməklə
vətəndaş Bakıda birdən-birə 11 təhsil
müəssisəsinin ixtisasları haqqında məlumatlar ala
bilir və 10 ixtisas üzrə seçim aparır.
- Yerləşdirilməyənlər
ola bilərmi və onlar nə edəcək?
- İxtisas seçimində şagirdin seçdiyi
ixtisas üçün önəmli sayılan fənlər
üzrə göstəricilərinə diqqət yetiriləcək. Hazırda
ixtisas seçimi aparılır. Şagirdlərin
düşdüyü ixtisas bəlli olduqdan sonra sənədlərini
həmin təhsil müəssisələrinə təqdim edəcəklər.
Bunun üçün 1 həftə vaxt veriləcək.
20 yer ayrılan ixtisas üzrə 30 nəfər
sənəd veribsə, təbii ki, yerləşdirilməyənlərin
olacağı da labüddür. Tutaq ki, 20
yüksək göstəricili olanlar seçiləcək,
qalanları seçdikləri növbəti ixtisaslara
düşəcək. Bu prosesdə kənarda qalanlar
yalnız məhdud çərçivədə seçim edənlər
ola bilər. Məsələn,
“yalnız Nərimanov rayonu ərazisində oxuya bilərəm”,
- deyirsə, buradakı təhsil müəssisələrindən
də 1 və ya 2 ixtisas seçibsə, şagird bu prosesdə
yerləşdirilməyə bilər. Yerləşdirilməyənlər
və boş qalan yerlər üçün növbəti mərhələ
avqustun 28-dən sentyabrın 7-dək davam edəcək.
- Bu il tətbiq
edilən başqa yeniliklər də var?
- Ötən
ilin təcrübəsinə əsaslanıb bəzi yeniliklər
etmişik. Məsələn, ötən il
yerləşdirildikləri ixtisasları qəbul etməyənlər
olurdu. Bu da ondan irəli gəlirdi ki, ixtisas
seçilir və bu prosesi “ASAN xidmət” mərkəzinin
operatoru həyata keçirirdi. Bu il
“ASAN” könüllüləri və Peşə Təhsili
üzrə Dövlət Agentliyinin nümayəndələri
bu prosesə cəlb olunub. Onlar ixtisas
seçimində şagirdlərə kömək edirlər.
Bu il hər kəsə seçib təsdiq
etdikləri ixtisasların siyahısı verilir. Bundan
başqa, ixtisas seçərkən onlara məktəblər,
korpusları, hansı korpusda hansı ixtisasların tədris
olunduğuna dair bütün məlumatlar verilir. Təhsil proqramının müddəti, ödənişlidirsə,
ödənişin miqdarı bildirilir. Valideyn
və ya şagird bu məlumatları əldə etdikdən
sonra ixtisas seçimini özü təsdiq edir. Odur ki,
bu il “Niyə bura düşmüşəm?”,-
deyənlər olmayacaq.
- Ödənişin məbləğində
də dəyişikliklər var, yoxsa ötənilki rəqəmlər
qüvvədədir?
- Rəqəmlər
dəyişib. Ödəniş haqqı bu il
aşağı salınıb. Ötən il
ixtisasdan asılı olaraq minimum 500 manat nəzərdə
tutulurdusa, bu il qiymətlər 350 manatdan başlayır və
500 manata qədər dəyişir
- Qəbul prosesində neçə
peşə təhsil müəssisəsi iştirak edir?
- 14-ü
peşə təhsil mərkəzləri, 1-i tədris mərkəzi
olmaqla bütün peşə liseyləri və peşə məktəbləri
iştirak edir.
- Siyahıda hələ fəaliyyət
göstərməyən Qəbələ peşə təhsil
mərkəzi də var?
- Bəli,
qəbul prosesinə Qəbələdə peşə məktəbi
və turizm otelçilik üzrə tədris mərkəzinin
bazasında yaradılan, müasir standartlara uyğun Qəbələ
Peşə Təhsil Mərkəzinin ixisasları da
salınıb. Mərkəzin növbəti tədris
ilindən fəaliyyətə başlayacağı nəzərdə
tutulub. Qəbul olunanlar yeni təhsil ilindən
orada təhsil ala biləcəklər.
- Siyahıda İT STEP
Akademiyasının neçə ixtisası var?
- İT STEP Akademiyası dövlət-biznes əməkdaşlığı
çərçivəsində həyata keçirilən
çox uğurlu layihələrdəndir. Bu il ilk
dəfə olaraq müəyyən göstəriciləri
yüksək olan uşaqların İT STEP-də təhsil
almaq imkanı olacaq. Qəbula bir ixtisas daxil
edilib. Veb-dizayner ixtisası üzrə həm
ödənişli əsaslarla, həm də dövlət
hesabına təhsil nəzərdə tutulub. Həmin ixtisasa qəbulda yalnız tam orta təhsilli
vətəndaşlar iştirak edə bilir və attestat
göstəriciləri yüksək olan şagirdlərə
üstünlük verilir. Bildiyiniz kimi,
veb-dizayner üçün yaradıcılıq, istedad,
baxış məsələləri çox önəmli
olduğundan təsadüfi seçilənlərin olması
arzuolunan deyil. Özündə bu keyfiyyətləri
görən hər kəs sənəd qəbulunda iştirak
edə bilər.
- İxtisas seçimindən
sonrakı proses necə olacaq?
- Prosesin
sonunda bütün müraciətlər elektron sistem vasitəsi
ilə dəyərləndiriləcək və yerləşdirilmə
aparılacaq. Bilirsiniz ki, hazırda attestat balı
əsasında “ASAN xidmət” mərkəzlərində ixtisas
seçimi aparılır. Hər namizədə
10 ixtisas seçməyə imkan verilib. İxtisaslar
üzrə attestat göstəricisi uyğun olanlar həmin
yerləri tutacaq. Onları sistem özü
yerləşdirəcək. Tutaq ki,
aşpaz ixtisası üzrə Bakıda bir necə təhsil
müəssisəsində peşə hazırlığı
həyata keçirilir. Həmin
ixtisasın olduğu təhsil müəssisələrinin
hamısını seçmək olar. Orta
ixtisas balına görə yerləşdirilmə aparılacaq
və avqustun 23-də nəticələr elan olunaraq saytda yerləşdiriləcək.
Şagirdlər yerləşdirildikləri ixtisaslar üzrə
təhsil müəssisələrinə sənədlərini
təqdim edəcək və müsahibə komissiyasına
ehtiyac duyulmadan dərs ili başlayanda orada
təhsil alacaqlar.
- Sənəd qəbulu yerlərinin fərqləndirilməsi
nə ilə əlaqədardır? Dövlət hesabına təhsil
alanlara yalnız “ASAN xidmət” mərkəzlərində,
ödənişli əsaslarla təhsil almaq istəyənlərə
isə həm də təhsil müəssisələrinin
özündə ixtisas seçməyə imkan verilib...
- Bakı
və Gəncə üzrə büdcə və ya ödənişli
əsaslarla təhsil almaq istəyənlər ancaq “ASAN xidmət”
mərkəzlərinə müraciət etməlidir. Rayonlarda olan “ASAN xidmət” mərkəzlərində
hamı ixtisas seçə bilər. Ödənişlilər
isə “ASAN xidmət”lə yanaşı, təhsil müəssisəsinə
də müraciət edə bilərlər. Belə olan halda işəgötürənlə əməkdaşlıq
çərçivəsində müəssisənin
sifariş etdiyi ixtisas üzrə şagirdin sənədləri
məktəbin özünə təqdim edilə bilər.
Bu istisna edilərkən işəgötürənlərlə
əməkdaşlıq məsələləri nəzərə
alınıb. Peşə təhsil müəssisələrində
yerlər, adətən, sifarişlər əsasında müəyyən
olunduğundan müəssisələrin istəyi də əsas
götürülür. Məsələn,
rayondakı hansısa müəssisə ona lazım olan aqrar
sahə üzrə mütəxəssis üçün orada
fəaliyyət göstərən peşə təhsil müəssisəsinə
müraciət edir. Kadr
hazırlığına müəssisə özü
investisiya ayırır. Belə olan halda
müəssisənin səlahiyyətlərini də əlindən
almaq istəmirik. İşəgötürənlərlə
əməkdaşlıq çərçivəsində
onların göndərdiyi kadrların məktəbin
özündə sənəd qəbulu həyata keçirilir.
“ASAN xidmət” olmayan yerlərdə də məktəbin
özünə müraciət mümkündür. Elektron qeydiyyat sistemi məktəblərdə də
var.
- Peşə təhsilində 3 illik təhsil
proqramı seçənlər üçün nəzərdə
tutulan kriteriya nə ilə əlaqədardır?
- Tutaq ki,
ali təhsilli biri müəyyən vaxtdan
sonra ixtisasına əmək bazarında tələbat
olmadığının fərqinə varıb fərqli bir
ixtisasa yiyələnmək istəyə bilər. Təbii ki,
bu zaman əmək bazarının tələbini nəzərə
alacaq və qısa zaman kəsiyində, məsələn, 6
ay, 1, ya da 2 il ərzində tam yeni ixtisasa
yiyələnəcək. Bu, peşə təhsilinin
əsas üstünlüyüdür. Daha
bir üstünlüyü isə attestat almağa imkan verən
proqramın da olmasıdır. İlk
peşə-ixtisas təhsili müəssisələrində
ümumi orta təhsil bazasından sənəd verənlərə
attestat verərək tam orta təhsil əldə etməsinə
imkan verən proqram var. Həmin proqram gənclərə
peşə ilə yanaşı, tam orta təhsili bitirmələrinə
dair sənəd, attestat da əldə etmək imkanı verir.
Odur ki, sadəcə, orta təhsil haqqında
attestat əldə etmək üçün müraciət edənlərə
də rast gəlinir. Məhz bunu nəzərə alıb
qərara gəldik ki, 3 illik təhsil proqramları üzrə
peşə ixtisas təhsilini maksimum 2 il ərzində
ümumi orta təhsil bazasını bitirənlərə
şamil edək.
- 3 illik təhsil proqramının digərlərindən
fərqi var?
- Attestat
alması üçün burada həm ümumtəhsil proqramları
həyata keçirilir, həm də peşə təhsili
öyrədilir. Ona görə də sadəcə
ixtisas əldə etmək istəyənlər
üçün 1 və 2 illik qruplar var.
- Sizcə, bu il
uğurların davamı olacaqmı?
- Əvvəla onu deyim ki, dünya praktikasında insanların 40-50 faizə qədəri peşə təhsilinə istiqamətlənir. İnkişaf etmiş ölkələrdə şagirdlərin 70 faizi peşə təhsilini seçir və xüsusilə texnikiyönümlü ixtisaslar üzrə ixtisaslaşır. Bizdə isə bu, çox aşağı, cəmi 11 faiz təşkil edir. Peşə təhsilinə əhalinin maraq səviyyəsini nəzərə aldıqda, ötən ilin nəticələri də, builki müşahidələr də çox böyük ümid yaradır. Bilirsiniz ki, son illərdə həyata keçirilən islahatlar, iqtisadiyyatın yeni inkişaf mərhələsinə qədəm qoyması, əmək bazarının mövcud vəziyyəti, Azərbaycan və dünya iqtisadiyyatının qarşılıqlı inteqrasiyası insanların dünyagörüşündə dönüşə səbəb oldu. Keçən bir il ərzində peşə təhsili ilə bağlı ölkə rəhbərliyi, o cümlədən Təhsil Nazirliyi xəttilə kifayət qəfər uğurlu islahatlar həyata keçirildi. Həmin islahatlar da ümumi prosesə təkan verdi və əhalinin peşə təhsilinə marağını artırdı. Bu maraq ötən il özünü qəbul prosesində göstərdi. İndi isə maraq daha yüksək səviyyədə müşahidə olunmaqdadır. Çünki ötən bir il ərzində peşə təhsili müəssisələrinin əhəmiyyətini artıran ciddi proseslər gedib. Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edildi. Eyni zamanda, ilk peşə-ixtisas təhsili müəssisələrində rasionallaşma tədbirlərinə start verildi. Nazirlər Kabinetinin 2016-cı il 11 oktyabr tarixli 405 nömrəli Qərarı ilə Bakı və Gəncə şəhərlərində yerləşən 32 ilk peşə ixtisası müəssisəsi birləşdirilərək onların bazasında dövrün tələblərinə cavab verən 13 ixtisaslaşmış peşə təhsil mərkəzləri yaradıldı. Nazirlər Kabinetinin 2017-ci il 5 iyun tarixli Qərarı ilə Qəbələ Peşə Məktəbi Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi ilə birləşdirildi, onların bazasında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yaradıldı.
Aparılan islahatlar, dövlətin diqqəti,
bu sahədə fəaliyyət göstərən müəssisələrdə
maddi-texniki bazanın gücləndirilməsi insanların
peşə təhsilinə olan marağına müsbət mənada
təsir etdi. Eyni zamanda, peşə təhsili üzrə
mütəxəssislərin peşəkar olaraq cəmiyyətdə
mühüm mövqe tutması da təsir edən əsas amillərdəndir.
Ruhiyyə DAŞSALAHLI
Azərbaycan müəllimi.- 2017.-
4 avqust.- S.3.