Paytaxtda məktəbəhazırlıq

qruplarına qeydiyyat elektronlaşdı

 

Qəsəbələrdə daha çox uşağın cəlb edilməsi planlaşdırılır

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına 2017-2018-ci dərs ili üçün 5 yaşı tamam olan uşaqların elektron qeydiyyatına start verilib. Builki qəbul qaydalarında tətbiq olunan yeniliklərdən biri də məktəbəhazırlıq qruplarına uşaqların qəbulunun mektebeqebul.edu.az elektron sistemində ərizələrin onlayn qeydiyyatı aparılmaqla həyata keçirilməsidir. Elektron sistemdə ərizələrin onlayn qeydiyyatı avqustun 1-dən start götürüb və sentyabrın 18-də başa çatacaq. Məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə avqustun 15-dən sentyabrın sonunadək həyata keçiriləcək. Yeni tədris ilindən fəaliyyətə başlayacaq məktəbəhazırlıq qrupları ilə bağlı bu və digər məlumatları Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva iyulun 31-də media nümayəndələri ilə keçirilən görüşdə daha ətraflı açıqlayıb.

 

Valideynlər məktəbi və müəllimi

seçmək imkanı əldə edəcək

 

Bundan sonra valideynin öz övladını məktəbəhazırlıq qrupuna qəbulla bağlı qeydiyyatdan keçirmək üçün məktəbə gəlməsinə ehtiyac yoxdur. O, şəxsiyyətini təsdiq edən sənədlə mektebeqebul.edu.az saytına daxil olaraq qeydiyyatdan keçdikdən sonra “Şəxsi kabinetini yaradır. Elektron sistemdə qeydiyyat zamanı istifadəçi mobil telefon nömrəsini və ya elektron poçt ünvanını qeyd edə bilər. Məktəblərin seçimi ilə bağlı valideyn elektron sistemdə istədiyi məktəbə sorğu yerləşdirməlidir. Valideynə yalnız bir məktəb seçib sorğu yerləşdirmək imkanı yaradılır.

Əgər məktəbi seçdikdən sonra fikrini valideyn dəyişərsə, bunun üçün o, öncə sistemə yerləşdirdiyi sorğunu ləğv etməli, yeni məktəb seçməlidir. Daha sonra övladını qeydiyyatdan keçirərək istədiyi məktəbi, təlim dilini, məktəbəqədər hazırlıqda məşğələ aparacaq müəllimi seçmək imkanı qazanır.

Elektron sistemdən istifadə üçün heç bir ödəniş tələb olunmur.

Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunması avqustun 15-dən başlayır. Elektron sorğu yerləşdirmiş valideyn “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”sini və digər sənədləri (uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti və ya şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnamə, sağlamlıq haqqında 26U formalı arayış, 3x4 ölçüdə 2 rəngli fotoşəkil, Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının himayə sənədi, xarici ölkədə verilmiş doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda)) yuxarıda qeyd olunan tarixdən məktəbə təqdim edə bilər.

Bildirilib ki, məktəbəhazırlıq qruplarına uşaqların elektron sistem vasitəsilə ərizələrinin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə müəyyənləşdirilmiş 50 məktəbdə Alternativ Qeydiyyat Mərkəzi fəaliyyət göstərir. Məktəbəhazırlıq qruplarına qəbulla bağlı sual yarandıqda elektron ərizənin qeydiyyatı ilə əlaqədar hər bir rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzinə, digər hallarla bağlı isə apelyasiya komissiyalarına, eləcə də info@baku.edu.gov.az elektron poçtuna müraciət etmək olar.

Məktəbəhazırlıq qruplarına elektron sənəd qəbulu “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi məqsədilə tətbiq olunur.

 

936 məktəbəhazırlıq qrupu

fəaliyyət göstərəcək

 

Qeyd olunub ki, 2017-2018-ci tədris ili üçün paytaxtın ətraf qəsəbələrində yerləşən ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarına daha çox uşağın cəlb edilməsi planlaşdırılır. Bu, həmin qəsəbələrdə məktəbəhazırlıq üzrə göstəricilərin yüksəldilməsinə, uşaqların birinci sinfə daha hazırlıqlı başlamasının təmin olunması və müvafiq məktəblərin tədris nailiyyətlərinin artmasına xidmət edir.

Bütövlükdə növbəti tədris ilində BŞTİ-nin tabeliyindəki 266 ümumi təhsil müəssisəsində 936 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək. Qruplardan 770-i Azərbaycan, 166-sı isə rus bölməsi olacaq. Əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, müəyyən bilik və bacarıqların formalaşdırılması olan məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq. Səkkiz ay davam edəcək məşğələlər mayın 31-də başa çatacaq.

Həftədə 4 gün fəaliyyət göstərəcək və valideyn tərəfindən heç bir ödəniş edilməyəcək məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” məşğələləri keçiriləcək. Gün ərzində təşkil olunacaq 3 məşğələnin hər birinin müddəti 30, məşğələlərarası fasilə isə 10 dəqiqə müəyyənləşdirilib. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur. Onlar tədris vəsaitləri ilə dövlət hesabına təmin edilir.

Məktəbəhazırlıq qruplarında məşğələ keçmək üçün əsasən təcrübəli, daha intellektual və peşəkar ibtidai sinif müəllimləri seçilir. Həmin müəllimlərə təlim kursları təşkil olunur. Bakının ümumi təhsil məktəblərinin məktəbəhazırlıq qruplarında məşğələ keçəcək müəllimlər üçün təsdiq olunmuş tədris planı və proqramına uyğun olaraq, təhsil işçiləri öyrədici təlimlərə cəlb edilir. Təhsil nazirinin müvafiq əmrinə əsasən təşkil olunan təlim-məşğələlər məktəbəqədər təhsil üzrə ekspertlər və səriştəli psixoloqlar tərəfindən aparılır.

 

Məktəbəhazırlıq qruplarının üstünlükəri

 

Ümumi təhsil müəssisələrində dövlət hesabına məktəbəhazırlıq qrupunu bitirmiş 6 yaşı tamam olmayan uşaqlar I sinfə müsabiqədənkənar qəbul olunur ki, bu da valideyn üçün övladının məhz ay fərqinə baxmayaraq öz yaşıdları ilə birlikdə eyni vaxtda təhsil almasına imkan verir.

Məktəbəhazırlıq qruplarının fəaliyyəti, xüsusulə də onların ödənişsiz olması valideynləri müəyyən problemlərdən azad edir. Belə ki, valideynlər uşaqlarını bəlli yaşdan sonra onsuz da müxtəlif məktəbəhazırlıq kurslarına qoymağı düşünürlər. Bu zaman oradakı təhsil haqqı heç də əksər valideynlərin cibinə uyğun olmadığı üçün ancaq müəyyən bir təbəqə həmin xidmətlərdən istifadə edə bilirdi. Uşaqların intellektual, fizikipsixoloji inkişafı, onların şəxsiyyətinin formalaşması, məktəbə hazırlanması və gələcəkdə yüksək təhsil almasına hədəflənən dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qrupları bu imkanı çoxsaylı valideynlər üçün əlçatan edib. Valideynlər məhz məktəbdə məktəbəhazırlıq qruplarının açılmasından, məşğələlərin təcrübəli ibtidai sinif müəllimləri tərəfindən aparılmasından, ən əsası isə ödənişsiz olmasından olduqca razıdırlar. Bunu ildən-ilə məktəbəhazırlıq qruplarına gələn uşaqların say artımında da görmək mümkündür. Belə ki, 2016-2017-ci tədris ilində adıçəkilən qruplara 23130 uşaq cəlb olunmuşdursa, qarşıdan gələn tədris ilində bu rəqəmin təxminən 25000-dən çox olacağı proqnozlaşdırılır.

 

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.- 2017.- 4 avqust.- S.1; 5.