Qalib bacılar
Mehri Vəlizadə,
beynəlxalq müsabiqələr qalibi:
“Çıxışımız Prezidentimizin xoşuna gəldiyi
üçün çox sevinirdik”
Qəzetimizin
ötən saylarında Abdulla Şaiq adına Azərbaycan
Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr
studiyasının uşaq və yeniyetmələrinin beynəlxalq
festivallarda qazandıqları nailiyyətlərdən bəhs
etmişdik. Budəfəki müsahiblərim də elə həmin
studiyanın qeyri-adi istedad sahibləri olan Mehri və Surin Vəlizadə
bacılarıdır. Onların da biri yeniyetmədir, biri isə
uşaq. Hər ikisi Bolqarıstanın Varna şəhərində
keçirilən “Golden Sparkles European Music Festival”ında
iştirak edib və I diploma layiq görülüb. Bu
festivalın onların yaddaşlarında silinməz izlər
buraxdığı bölüşdükləri xoş təəssüratlarından,
ürək açan söz-söhbətlərindən
aydın görünür. Söyləyirlər ki, o mötəbər
yarışmada qalib olmaları ilə həm valideynlərini,
həm də “oyuq”çu dostlarını çox sevindirdilər.
Xülasə, dilli-dilavər bacıların həyat hekayətlərini
gəlin, böyük bacı Mehrinin öz dilindən eşidək.
Uşaqlıqdan
kitab həvəskarı olmuşam
2007-ci ildə Bakı şəhərində anadan olmuşam. Uşaqlıqdan kitab oxumağı çox sevirəm. Anam mənə çoxlu şəkilli kitablar alırdı. Bəzən onları saatlarla özü oxuyardı mənə. Kitabla necə rəftar etməyin qaydalarını da öyrətməyi unutmazdı. Nağıl kitablarım daha çox idi. Hər gün 10-15 səhifə nağıl oxuyur, çoxlu şeir əzbərləyir, boş vaxtlarımda isə gəlinciyim üçün paltarlar da tikirdim. Bagçaya gedəndə artıq Azərbaycan, rus, ingilis dillərində yazmağı və saymağı az da olsa bacarırdım. Rəngləri bir-birindən fərqləndirirdim, şəkillər çəkirdim. Atam Cənubi azərbaycanlı olduğu üçün fars dilini də öyrədirdi mənə. Bağça müəllimlərim istedadımın vurğunu idilər. Tədbirlərdə həmişə şeirlər söylədir, tamaşalarda baş rolları oynamağı həvalə edirdilər mənə. Asiman müəllim isə uşaq baxçasında bizə milli və dünya rəqslərini öyrədirdi. Mən hələ boş vaxtlarımda gimnastika və rəqs kurslarına da gedirdim. Yaxşı yadımdadır, ilk dəfə səhnəyə çıxdığım gün sevincimin hədd-hüdudu yox idi. Respublika Gününə həsr olunmuş konsertdə əməkdar artist Elza Seyidcahanın “Vətənə gələndə” mahnısını ifa etdim. 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbirdə isə musiqisi Sevil Əliyevaya məxsus “Əziz ana” mahnısını dostum İnci ilə duet olaraq Kəmalə müəllimin müşayiətilə ifa etdik. Bu ifa hamıda xoş təəssürat oyatdı. Bütün analara həsr olunan bu mahnı hamını kövrəltmişdi.
Müxtəlif
dillərdə tamaşalar nümayiş etdirirdik
Bütün əlamətdar günlər bağçamızda qeyd olunurdu. 4 yaşımda olarkən bağçamızda keçirilən ingilis dili gecəsində “Şəngülüm, Şüngülüm, Məngülüm” adlı tamaşanı ingilis dilində oynadıq. Mən ana-keçi rolunu ifa edirdim. Başqa dillərdə də tamaşalar nümayiş etdirirdik. Bir dəfə də “Çarevna lyaquşka” tamaşasını səhnələşdirdik. Bu tamaşada Şahzadə Qurbağa rolunda idim, tərəf müqabilim Uğur isə Şahzadə rolunda. Ümumiyyətlə, bağça həyatım çox maraqlı keçdi. Sevimli müəllimlərimdən çox şey öyrəndim, onların müqəddəs simaları qarşısında baş əyirəm.
Adımın əlaçılar
sırasında olduğu üçün qürur duyuram
...Artıq məktəbə tam hazır idim. 2014-cü ilin 15 sentyabr tarixi həyatımda ən əlamətdar bir gündür. Çünki həmin gün “İdrak” liseyinə qəbul olundum. Sinif müəllimim bir neçə dərslik müəllifi Qafilə Əliyeva idi. Şagirdlərinə bilikləri həvəslə mənimsədirdi. Adımı əlaçılar sırasında görəndə sevincim yerə-göyə sığmırdı. Məktəbdə hər ay keçirilən sınaq imtahanlarında, monitorinqlərdə ən yüksək nəticələr göstərirdim. İctimai işlərdə də yaxından iştirak edirdim. Bizi milli ruhda böyütdüyü, tərbiyə etdiyi üçün hamımız Qafilə müəllimə borcluyuq. O, bizə vətənimizi, qəhrəmanlarımızı sevməyi, onları unutmamağı tövsiyə edirdi. II sinifdə oxuyarkən Xocalı faciəsinə həsr olunmuş tədbirdə oynadığım tamaşa bütün yaşıdlarımı kövrəltmişdi. “Göyçək Fatma”, “Xoşbəxt məktəbli” obrazlarını məharətlə oynamışam. Bu ifalarıma görə diplom və fəxri fərmanla da mükafatlandırılmışam. Mənim həm də musiqiyə böyük marağım var. Paytaxtdakı 23 nömrəli musiqi məktəbinin III sinfində fortepiano dərsləri alıram. Nəzrin müəllim musiqinin sirlərini mənə səylə öyrədir.
Bacımla birlikdə
müsabiqəyə qatıldıq
A.Şaiq adına Kukla Teatrına yazılmağımız da maraqlı oldu. Anam öyrənmişdi ki, Kukla Teatrının 85 illiyi ilə əlaqədar uşaqlar arasında müsabiqə keçiriləcək. Mən də bacımla birlikdə bu müsabiqəyə qatıldıq. Bizi peşəkar aktrisa Cəmilə Allahverdiyeva yoxlayırdı. O, bizə “Tıq-tıq” xanımdan bir parça oynamağı təklif etdi. Mən bu rolu məharətlə oynadım və bəyənildim. Bacım da yoxlamadan keçdi və biz “Oyuq” teatr studiyasına üzv yazıldıq. Teatrda ilk çıxışım “Oyaq gözəl” tamaşasında aparıcılıq oldu. Kukla Teatrının 85 illik yubileyində də studiyamızın üzvləri Aylin, Selcan və Miryaqubla birlikdə pantomim tamaşalarda öz istedadımızı nümayiş etdirdik. Tərəf müqabilimiz isə teatrın baş rejissoru Qurban Məsimov olurdu. Onunla bir səhnəni bölüşmək böyük xoşbəxtlikdir.
Alqışlarla
qarşılandıq
Studiyamızın rəhbəri Səidə Haqverdiyeva tez-tez xeyriyyə tədbirləri təşkil edir. Həmin tədbirlərin birində biz uşaq evlərinə baş çəkdik, autizm sindromlu uşaqlara həsr olunmuş “Əlimdən tut” mahnısını ifa etdik və alqışlarla qarşılandıq. Novruz bayramına həsr olunan təntənəli tədbirdə studiyamızın fəalları ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın qarşısında “Novruz gəlir, yaz gəlir” mahnısını təqdim etdim. Çıxışımız Prezidentimizin və Birinci xanımımızın xoşuna gəldiyi üçün çox sevinirdik. Daha sonra teatrda “Şah və onun xudpəsənd oğlu” tamaşasında əsas aparıcı rollardan birini nümayiş etdirdim. Bu tamaşalar uşaq evlərindən gələn uşaqlara həsr olunmuşdu. Həftənin şənbə və bazar günləri ciddi məşqlər edirik. Peşəkar müəllimlərdən Cəmilə Allahverdiyeva, İqbal Əliyev, Günay Sətdar və başqalarından düzgün davranış qaydaları, tələffüz, səhnə hərəkətləri, vokal, rəqs hərəkətləri kimi dərslər alırıq.
Münsiflər
çıxışlarımızı yüksək qiymətləndirdi
Yay tətili zamanı “Oyuq” teatr studiya rəhbərimiz Səidə Haqverdiyevadan Bolqarıstanın Varna şərərində keçiriləcək beynəlxalq müsabiqəyə qatılacağımız xəbərini eşidəndə sanki dünyanı bizə bəxş etdilər. Bu müsabiqə “Addım-addım” təşkilatının rəhbəri Hüseyn Cavadzadə tərəfindən təşkil olunmuşdu. Yola düşməzdən öncə şübhəsiz həyəcan keçirirdik. Qələbə qazana biləcəyikmi? - deyə, düşünürdük. Bu sual bir an bizi rahat buraxmırdı. Biz müsabiqəyə 2 mahnı ilə qatılacaqdıq. Biri bəstəkar mahnısı, digəri isə istənilən mahnı ola bilərdi. Aylin, Selcan və 6 yaşlı bacım Surin də bizimlə idi. Birinci gün məşq zamanı hamı bir yerə toplaşmışdı. 17 ölkənin qatıldığı müsabiqədə hər kəs yerini tutdu. Növbə bizə çatanda mahnılarımızı təqdim etdik. Münsiflər çıxışlarımızı yüksək qiymətləndirdi və ifalarımıza görə II yeri qazandıq. Musiqisi Vüqar Camalzadəyə, sözləri isə Cəmilə Allahverdiyevaya məxsus “Tut əlimdən” mahnısını səsləndirdik.
Paytaxtımıza
qələbə ilə qayıdacağıq
Növbəti gün daha həyəcanlı gün idi. Çıxışlarımız Bolqarıstanın Dövlət radiosunda səsləndirilirdi. Məşq zamanı Səidə xanım bizə həyəcanlanmamağı tövsiyə etdi. - Hər şey yaxşı olacaq, paytaxtımıza qələbə ilə qayıdacağıq,- dedi. Nəhayət, səhnəyə çıxdıq. Xalq mahnısı “Sarı gəlin”i Aylin Azərbaycan dilində, mən isə ingilis dilində ifa etdik. Bacım Surin isə Sarı gəlin olaraq rəqs edirdi. Alqışlar yağışına büründük. Münsiflər heyəti təəccüb içində idi. Sonra hamı öz yerini tutdu. Qaliblər bir-bir nominasiyalar üzrə dəvət olunurdular. Sonda bizi dəvət edəndə I yerə layiq olduğumuzu söylədilər. Sevincimizdən bir-birimizə sarıldıq. Qanadımız olsaydı, bəlkə də uçardıq. Müəllimlərimizin, valideynlərimizin üzərimizdə çəkdikləri zəhmətin bəhrəsi göz önündə idi. Münsiflər heyəti bizi yenidən səhnəyə dəvət etdi və bizə hədiyyələr, diplomlar təqdim olundu. Paytaxta dönəndə hava limanında möhtəşəm bir coşqu vardı. Teatrımızın rəhbəri, əməkdaşları, “Oyuq” studiyamızın uşaqları, valideynlər, əməkdar artist Elza Seyidcahan bizi gül-çiçəklə, “Sarı gəlin”in sədaları altında qarşıladılar. Çox sevincli anlar yaşadıq. Azərbaycanı xaricdə yüksək səviyyədə təmsil etdiyimizə görə teatrımız Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanına layiq görüldü. Hazırda yeni maraqlı mövzular üzərində işləyirik. Yaxın vaxtlarda gözəl klipimiz də işıq üzü görəcək. Bu klip xüsusi qayğıya ehtiyacı olan uşaqlarla birgə çəkilib. Çox gözəl süjet xətti var. Mən çox inadkar bir qızam. Yaşımın az olmasına baxmayaraq hər şeyi dəqiqliklə ölçüb-biçməyi bacarıram. Həmişə də birinci olmağa çalışıram. Fars, ingilis, türk dillərində sərbəst danışa bilirəm.
Bacımın artıq 6 yaşı var. O da çox istedadlıdır, məndən geri qalmır. “Baby Plaza” bağçasına gedib. Orada çoxlu şeirlər, tapmacalar öyrənib. Gözəl rəsmlər çəkir. Evdə olarkən gəlinciklərinin paltarlarını çıxarıb, onlara plastilindən, rəngli kağızlardan paltar düzəldir, dırnaq boyası ilə onları rəngləyir. Anam Surində olan istedadı görüb onu rəsm dərnəyinə də yazdırıb. Bacımın musiqi müəllimi Asiman Nəcəfovadan öyrəndiyi “Turacı” rəqsini bağçada keçirilən Novruz şənliklərində məharətlə ifa edib. Sonuncu dəfə isə o, “Cadugər və gözəl” tamaşasında cadugər rolunu oynayıb. Eyni zamanda paytaxtdakı 22 nömrəli musiqi məktəbində vokal dərsləri də alır.
Surin də artıq paytaxtdakı SABİS SUN beynəlxalq məktəbin 1-ci sinfində oxuyur, özü də dərs əlaçısıdır.
...Mehrinin və onun 6 yaşlı kiçik
bacısı Surinin doğrudan da əsl istedad sahibləri
olduqlarını onların kiçik həyat hekayətlərindən
öyrəndik və bu gün kiçik səhnə
“ulduzları” sayılan istedadlı bacılara gələcəkdə
böyük səhnələrin parlaq ulduzları
olmağı arzuladıq.
Sifai
SƏFƏROVA
Azərbaycan müəllimi.- 2017.-
8 dekabr.- S.13.