Orxan PAŞA
(Məhərrəm
QASIMLI),
Azərbaycan
Respublikasının Dövlət Mükafatı laureatı
Sazım
Koroğlular yadigarı,
A simləri şimşək
sazım.
Ər oğullar vəfadarı,
Əyilməyən bilək sazım.
Umud verib umudlanan,
Eldən
ayrı buludlanan,
Dədələşən, qorqudlanan,
Ruhumuza dirək
sazım.
Qəriblərdən xəbər gəlsə,
Axşam
ötüb səhər
gəlsə...
Durnalardan
nəmər gəlsə-
Bəsindi bir lələk, sazım.
Öyüd aldın göz
açanda,
İgid
oldun iz açanda,
Gözəllərdən söz açanda
Kəlmələri yüyrək sazım.
Bu dünyanın çarxı
nəymiş,
Suyu nəymiş,
arxı nəymiş.
Baş açılmaz qurğu nəymiş,
Aç hikməti, bilək sazım.
Gahdan nərə çəkib qızan,
Gahdan qübarında
azan.
Kükrəyəndə-dəli ozan,
Kövrələndə-ürək sazım.
Ay qoca dünya
Beş kəlmə sözüm var, tökmə qaşqabaq,
Deyirəm, biləsən, ay qoca dünya.
Yorğun
karvanına yetişmir
heç vaxt,
Gecikən, tələsən, ay qoca dünya.
Elə fırlanır ki, düzdüyün pərlər,
Tülküdən tük salır aslanlar, nərlər.
Qurduğun qurğuya mat qalır
ərlər,
Nə ağır
şələsən, ay qoca
dünya.
Namərd
səni yoldan-yola çəkibdi,
Gahdan sağa, gahdan sola çəkibdi,
Yüz yerə
sədd qurub. qala çəkibdi,
Sanır ki, köləsən, ay qoca dünya.
Oyunlar oynadın altun-axçadan,
Zərli imarətdən, güllü
baxçadan.
Zamanı
yetincə güldün
ucadan-
Məkirli lələsən, ay qoca dünya.
Qapın
kip örtülüb, bacan
görünmür,
Çəkdiyin hasardan qaçan görünmür.
Hansı
sirr üstəsən,
açan görünmür-
Bağlısan hələ sən, ay qoca dünya.
Orxan Paşam açıb çox aşkar deyir,
Yoxsa qaranlıqda
işıq var?!-deyir.
Ölən öldürənə xilaskar deyir,
Bəs niyə
beləsən, ay qoca dünya?!
Dedim ki, biləsən, ay qoca dünya...
Bu yol yaman uzaq oldu
Bahar gəzən yaşıl ümid
Xəzan vurmuş yarpaq oldu.
Nisgil tapdı dəli könül,
Ayrılığa dustaq oldu,
Bu yol yaman uzaq oldu.
Yol üstə yol çəkdi gözlər,
Doluxsunub susdu sözlər.
Qurtarmadı çöllər, düzlər,
Dağ arxası yüz dağ oldu,
Bu yol yaman uzaq oldu.
Həsrət yeriyibdi qana,
Çəkilib getməz bir yana.
Üşüyürəm yana-yana-
Yüyrək dilim yazıq oldu.
Bu yol yaman uzaq oldu.
Yıxıldım, dizim göynədi,
Qırıldı sözüm, göynədi.
Ürəyim, gözüm göynədi.
Vüsal
mənə yasaq oldu,
Bu yol yaman uzaq oldu.
Azərbaycan müəllimi.- 2017.-
8 dekabr.- S.14.