Emin PİRİ,
Xızı rayonu Türkoba
kənd ümumi orta məktəbinin
tarix müəllimi, Prezident
təqaüdçüsü
Şəhid oğlunun dedikləri
Darıxır anamın cehizlik
ütüsü
Atamın
biçənək ətirli
pal-paltarıyçün...
Ütüyə gəlmir ancaq heç birisi!..
Atamdan qalanlar
sandıq vətəndaşı
illərdir qırışmır
Anamın
əlləri qırışıb
ancaq,
ütümüz də qocalıb.
Atamın
pal-paltarı
cəzasını çəkir
sandıq küncündə
dərsə hazırlıqsız
bir şagird kimi.
Gözləyirəm...
iki ilə, üç ilə...
bəlkə nə vaxtsa...
boyum çata atama.
Geyəm paltarlarını.
yıxam özümü
yerdən-yerə,
sürünəm asfalt üstdə,
bəlkə bir az qırış qatam
bəlkə bir az çirkləndirəm
sevindirəm anamın
əllərini,
sevindirəm ütümüzü...
...Anamı heç elə görməmişdim
Atamı
gətirəndə sıxmışdı
əllərini...
camaat görməsəydi
yumruqlardı atamı:
“bu iki yetimə bəs, kim baxacaq?!”
...Sonralar üzümə baxıb,
saçıma əl gəzdirdi
və... “şəhidlər
ölməz” dedi...
Yayın
gözü açılan
kimi
anam yorğan-döşək
çırpır həyətdə.
Gözündə sevgi, qolunda nifrət.
Çırpır ürəyinin çırpıntısını,
çırpır atamın
yoxluğunu.
...Atamın izini,
dizini döyür anam.
Sonra nəsə fikirləşib
gözünü döyür
anam...
Azərbaycan müəllimi.- 2017.-
8 dekabr.- S.14.