Əbülfət ZEYNALOĞLU,

Bakı şəhəri E.Şəmiyev adına 149 nömrəli tam orta

məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

Azərbaycan bayrağı

 

Yayılırkən ellərə

Azadlığın sorağı,

Bülənd olsun göylərə

Azərbaycan bayrağı.

 

Səslənsin üfüqlərə

Nəğməmin xoş ahəngi,

Nur saçsın şəfəqlərə

Bayrağımın hər rəngi.

 

Göy rəngim ulu Türkün

Danılmaz haqq səsidir,

Al rəngim mərd Babəkin

Azadlıq nəfəsidir.

 

Yaşılım dilimizin,

Dinimizin rəmzidir,

Hər üçü elimizin

Ürəyinin nəbzidir.

 

Ayparam bir nurlu yaz -

Sevinci üzə gələr,

Səkkiz guşəli ulduz

Zülmətin bağrın dələr.

 

Vətən! Şanlı bayrağın

Dalğalanar əbədi.

Bu müqəddəs torpağın

Odur sevgi məbədi.

 

Himni doğma Vətənin

 

Oynadar için-için

Könlünü dinləyənin.

Şirindir onun üçün

Himni doğma Vətənin.

 

Duyğumun sədasıdır,

Ölməzlik nidasıdır,

Ruhumun qidasıdır

Himni doğma Vətənin.

 

O, eşq təranəsidir,

Könlüm pərvanəsidir.

Yurdumun nəğməsidir

Himni doğma Vətənin.

 

Cavadın zəkasıdır,

Üzeyir dühasıdır,

Azadlıq dünyasıdır

Himni doğma Vətənin.

 

Sevda dolu tər çiçək,

Eşqimlə bəslənəcək.

Əbədi səslənəcək

Himni doğma Vətənin.

 

Azad Azərbaycanın azad vətəndaşıyıq

 

Yandırın ocaqları

Eşqimiz qanad açsın,

Yurdumun çıraqları

Cahana şölə saçsın.

Sanmasınlar zamanın

Biz acı göz yaşıyıq,

Azad Azərbaycanın

Azad vətəndaşıyıq.

 

Vətən sorağımızla

Min illər yol gəlmişik,

Üçrəngli bayrağımla

Yenidən dirçəlmişik.

Babəkin, Səttarxanın

Qeyrət məsləkdaşıyıq,

Azad Azərbaycanın

Azad vətəndaşıyıq.

 

Xətai qüdrətimə

Bələddir tarix özü,

Varıma, sərvətimə

Dikilib qərbin gözü.

Bizik nuru cahanın,

Biz oddan yaranmışıq.

Azad Azərbaycanın

Azad vətəndaşıyıq.

 

Dolaşır yurdumuzu

Pak ruhu şəhidlərin,

Ucaldır adımızı

Şöhrəti igidlərin.

Neçə mərd qəhrəmanın

Ölməz silahdaşıyıq,

Azad Azərbaycanın

Azad vətəndaşıyıq.

 

Azərbaycan müəllimi.- 2017.- 8 dekabr.- S.14.