Təhsil, tədqiqat,
innovativ yanaşma
Universitetlərin gələcəyi
bütövlükdə cəmiyyətdəki dəyişiklikləri
proqnozlaşdırmaq bacarığına bağlıdır.
Təhsil
Nazirliyi və “Azərbaycan müəllimi” qəzetinin təşkilatçılığı
ilə ADA Universitetində ali təhsil
müəssisələrinin gələcəyi müzakirə
olunub. Universitet rəhbərləri, millət vəkilləri,
təhsil ekspertləri, o cümlədən müəllim və
tələbələrin qatıldığı diskussiyada gələcək
universitetlərlə bağlı fərqli fikirlər ortaya
çıxıb. Aparıcı Cəsarət Valehovun qoyduğu
suallar ətrafında Azərbaycan Dövlət İqtisad
Universitetinin (UNEC) rektoru Ədalət Muradov, ADA Universitetinin
prorektoru Fariz İsmayılzadə, ADA Universitetində Verilənlərin
Analizi Tədqiqat Mərkəzinin direktoru Abzəddin Adamov, millət
vəkilləri Fazil Mustafa, Vüsal Hüseynov və Tahir
Mirkişili, universitetlərin müəllim və tələbələri,
təhsil ekspertləri ali təhsil müəssisələrində
müşahidə olunan ən müxtəlif problemləri dilə
gətirib, universitetlərimizin gələcəyini təmin edəcək
ayrı-ayrı addımlarla bağlı fikir mübadiləsi
aparıblar.
Universitetlərdə tam yeni
baxışa ehtiyac var
C.Valehov
qeyd edib ki, Azərbaycanda ölkə səviyyəsində qərarlar
qəbul edilərkən daha çox 15-20 il
ərzində baş verə biləcəklər nəzərə
alınır. Növbəti 20 illikdə də
çox ciddi texnoloji, iqtisadi, sosial dəyişikliklər
gözlənilir.
Bu dəyişikliklər
fonunda universitetlərin özünü necə hiss edəcəyi
maraq doğurur. “Onların gələcəyi necə
olacaq?”, “Gələcək universitetlərdə hansı trendlər
olacaq?”, “Əmək bazarının tərkibi necə dəyişəcək?”,
“Rəqabətdə universitetlərə partnyor və ya rəqib
olacaq hansı modelləri görə biləcəyik?”, “Rəqəmsal
epoxanın böyük sürətlə həyatımıza
daxil olduğu bir vaxtda analoq iqtisadiyyatdan rəqəmsal epoxaya
keçiddə universitetlər bu transformasiyanı necə hiss
edəcək?” sualları hər kəsi
düşündürür.
Rektor
Ədalət Muradovun fikrincə, universitetlərin 15-20 il sonrakı taleyi qlobal iqtisadiyyatda,
bütövlükdə cəmiyyətdə hansı dəyişikliklərin
gedə biləcəyini proqnozlaşdırmaq
bacarığına bağlıdır: “Sovet dövründə
universitetlərdən gözləntilər ondan ibarət idi
ki, xalq təsərrüfatının müxtəlif sahələri
üçün mütəxəssislər hazırlansın. Bazar iqtisadiyyatında bu özünü tam
doğrultmur. Çünki artıq təyinat
sistemi yoxdur və universitetlərin yetişdirdiyi kadrların əmək
bazarında özünə layiq yer tutması bir sıra şərtlərlə
mümkündür. Birincisi, universitetlərin
kadr hazırlığı birbaşa olaraq əmək
bazarının tələblərinə cavab vermir. Heç əmək bazarının tələbi də
bəlli deyil. 3-5 il sonra əmək
bazarında fəaliyyət göstərən işəgötürənlərin
taleyinin necə olacağı isə sual altındadır. Onlar rəqabətdən çıxa da bilər,
çıxmaya da. İkincisi, qəbul etsək ki,
bugünkü əmək bazarında çox fəal olanlar 5 il sonra da olacaqlar, həmin işəgötürənlərin
5 il sonrakı əmək bazarı üçün əsaslandırılmış
proqramı yoxdur. Burdan çıxan nəticə
ondan ibarətdir ki, universitetlər əmək bazarını
özü təhlil etməli, işəgötürənlər
tərəfindən qəbul edilməsi mümkün olan təkliflərlə
bazara çıxmalıdırlar”.
Ə.Muradov
bundan daha vacib hesab etdiyi başqa bir problemə də toxunub:
“Bu gün rəqəmsal iqtisadiyyat Azərbaycanda yoxdur. Bu halda universitet gələcəkdə tələb
olunan yeni iqtisadiyyatı formalaşdırmalı, yeni biznesin
ortaya qoyulması üçün təkliflər
hazırlamalı, əmək bazarından heç nə
gözləməməlidir. Başqa bir tərəfdən,
daxili əmək bazarının tələblərini əsas
götürdüyümüz halda belə,
hazırlayacağımız mütəxəssislər
dünya iqtisadiyyatı baxımından rəqabətədavamlı
olmaya bilər. Çünki Azərbaycan iqtisadiyyatı
inkişaf etmiş ölkələrin iqtisadiyyatı ilə
müqayisədə daha az rəqabətlidir.
Daha az rəqabətli iqtisadiyyat
üçün mütəxəssis hazırladıqda rəqabətli
iqtisadiyyat üçün tələb olunan kadr
hazırlığı yanaşmasından
uzaqlaşırıq. Universitetlər cəmiyyətin
gələcəkdə formalaşa bilən strukturu
üçün təhsil, tədqiqat, innovativ yanaşmanı
ortaya qoymalı, cəmiyyətin düşündüyündən
də irəli gedərək yeni yanaşmaları gündəmə
gətirməlidir. Çox ciddi
çağırışlar var. Universitet bitirən məzun
öz ixtisası üzrə 4, ya da 6 aylıq əlavə
kursa ehtiyac hiss edirsə, onda həmin təhsilə yenidən
baxılmalıdır. Ya universitetin təhsili
həmin kurs səviyyəsinə enməlidir, ya da universitet məzunundan
gözləntilərimiz dəyişməlidir”.
Universitetlər zamandan geri
qalır?
Müzakirə iştirakçıları süni
intellektin inkişafı ətrafında xüsusilə
geniş fikir mübadiləsi aparıb. Bu prosesin
universitetlərin və onların yetişdirdiyi mütəxəssislərin
gələcəyinə böyük təsiri ən müxtəlif
prizmalardan qeyd olunub. Məsələn, ADA Universitetinin
prorektoru Fariz İsmayılzadənin fikrincə, sənaye və
texnologiyalar o qədər sürətlə dəyişir ki,
universitetlər onunla ayaqlaşa bilmir, geridə qalırlar: “Bu
təkcə Azərbaycanda deyil, bütün dünyada belədir.
Əmək bazarında hansı peşələr
lazım olacağını universitetlər müəyyənləşdirənə
qədər vəziyyət dəyişir. Bugünkü
tələbi nəzərə alaraq ixtisas seçən tələbə
həmin ixtisas üzrə təhsilini tamamladıqda əmək
bazarının tələbi yenilənir. Tutaq ki,
mühasibatlıqda nə dəyişəcək, hətta
mühasibatlıq ixtisas kimi 4 il sonra
mövcud olacaqmı, biz bunu bilmirik. Çünki
robotların, süni intellektin inkişafı, proseslərin
avtomatlaşdırılması nəticəsində indiki
ixtisasların 30-40 faizinin tamamilə sıradan
çıxacağı deyilir. Tutaq ki,
otellərdə qeydiyyat bölməsindəki kadrları
robotlar rahatlıqla əvəz edə bilər. Bunun artıq dünyada nümunələri də
var”.
İqtisadçı
ekspert Vüqar Bayramovun fikrincə, “innovasiya” deyəndə
ağla sadəcə robotlar gəlməməlidir: “Robot
iqtisadiyyatı deyil bu. Robotlar bizim tələbələr
üçün rəqibdir. Çünki onlar
universiteti bitirəndə həm də gələcəyin və
indinin robotu ilə rəqabət aparacaqlar. Almaniyada
artıq robot menecerlər belə var. Robot iş adamları
üçün daha cəlbedicidir. Sadəcə
elektriklə robot tələb olunan bütün işi yerinə
yetirir. Gələcək universitet sadəcə robot
iqtisadiyyatı üzərində proqnozlaşdırılan və
formalaşan ali məktəb deyil”.
Mütəxəssisin fikrincə, universitetlərimizin
problemli cəhəti onların beyin mərkəzi kimi zəif
formalaşmasıdır. Bir ali təhsil müəssisəsi
dövlət büdcəsindən və azsaylı mənbələrdən
asılı olduğu müddətdə gələcəyin
universiteti kimi formalaşa bilməz. Burada
korrupsiyanın aradan qaldırılması da təhsilin keyfiyyətli
olması anlamına gəlmir. Bu, sadəcə şərtlərdən
biridir: “O fikirlə razıyam ki, keyfiyyətli təhsil keyfiyyətli
kadr tələb edir. Bütün hallarda əmək
bazarının dəyişən tələbinin nəzərə
alınmasına ehtiyac var. Universitetlər əmək bazarında
olan iştirakçıların deyil, əmək
bazarının dəyişən tələbini
proqnozlaşdırsa, həm innovativ ixtisasları təşkil
edəcək, həm də beyin mərkəzlərinə
çevrilə biləcəklər”.
Millət vəkili Zahid Oruc süni intellektin
inkişafı ilə bağlı fikirlərə biganə
qalmayıb.
O, pessimist əhvali-ruhiyyə müşahidə etdiyini
vurğulayaraq, robotların insana qalib gələ bilməyəcəyini
qeyd edib.
ADA
Universitetində Verilənlərin analizi Tədqiqat Mərkəzinin
direktoru Abzəddin Adamov isə bildirib ki, süni intellektin
iqtisadiyyatın bütün sahələrində tətbiqi
tibb, hüquq, bank və başqa sahələrdə 90 faiz daha
dəqiq nəticə əldə edilməsinə gətirib
çıxaracaq. Onun sözlərinə görə, rəqəmsal
iqtisadiyyatda 3 əsas komponent var – İKT-nin cəmiyyətdə
çox yayılması, bütün müəssisələrdə
rəqəmsal mədəniyyətin olması, bütün
cihazların bir-birinə bağlı olması, məlumat
mübadiləsi: “Süni intellektin inkişafı zamanın tələbidir
və bizim ona münasibətimizdən asılı olmayaraq,
onun inkişafı labüddür. Biz bu prosesdə
ya yaxından iştirak edib inkişafın bir parçasına
çevriləcəyik, ya da indiyədək olduğu kimi,
bundan sonra da kənarda qalacağıq”.
Çevik kurikulumlar olmalıdır
Vəziyyətdən çıxış yolu olaraq, belə
bir fikir səsləndirilib ki, sürətlə dəyişən
sənayenin tələblərinə cavab verə bilmək
üçün çevik kurikulumlar olmalıdır. Fariz İsmayılzadə
deyib: “Kurikulumlar bizə mərkəzdən verilir və onu dəyişmək
üçün çoxlu prosedur lazımdır. Hətta bir kurikulumu dəyişmək
üçün tələb olunan müddətdə sənaye
bazarı da dəyişir və yeni ixtisaslar ortaya
çıxır”.
Süni intellektin inkişafı ilə bağlı
müzakirələrdə Amerikanın Kaliforniya Universiteti nəzdində
Berkli Laurens Milli Laboratoriyasında çalışan azərbaycanlı
alim Asəf Salamovun “Skype” vasitəsilə əldə
olunmuş müsahibəsi də təqdim edilib. O, süni intellektin
inkişafından danışaraq bildirib ki, bu istiqamətdə
intensiv işlər, böyük tədqiqatlar həyata
keçirilsə də, hələ heç kəs bilmir ki,
bu, sözün əsl mənasında, süni intellektə gətirib
çıxaracaq, ya yox. Yəni kompüter özü hiss edə
biləcəkmi? Amma texniki tətbiqlər
artıq geniş yayılıb və böyük şirkətlər
ondan geniş istifadə edirlər. Kompüterlərin
hissetmə imkanları ilə bağlı fikir də birmənalı
deyil. A.Salamovun fikrincə, bir qrup bunun
böyük inkişafa səbəb olacağına inansa da,
başqa bir kəsim hesab edir ki, insanların gücsüzləşməsinə
gətirib çıxaracaq. Hazırda tibbdə
kompüterin imkanlarından geniş istifadə edildiyini
vurğulayan azərbaycanlı alim kompüterin bir çox məsələdə,
məsələn, xərçəngin diaqnozunun
qoyulmasında həkimdən yaxşı bildiyini
vurğulayıb. Biologiyada tətbiq etmək
istəsələr də, hələlik qəti qərar
yoxdur. Kompüterin gələcəkdə
işsizliyə gətirib çıxara biləcəyi də
problem olaraq aparılan tədqiqatların mövzusudur.
Rəqəmsal texnologiyalar və
bir-bir sıradan çıxan peşələr
C.Valehov 2020-ci ildə tələbat olacaq peşəkar
bacarıqlar siyahısını təqdim edərək
vurğulayıb ki, həmin siyahıdan fiziki qabiliyyət tələb
edən peşələrin sayının əhəmiyyətli
dərəcədə azalacağı görünür.
Ədalət Muradov rəqəmsal texnologiyaların tətbiqinin
başqa nəticələrinə də diqqət çəkib. Məsələn,
bu tətbiq ona gətirib çıxarıb ki, ucuz
işçi qüvvəsi rəqabət
üstünlüyünü təmin edən amil kimi tamamilə
sıradan çıxıb. İstehsalını
inkişaf etməkdə olan ölkələrdə yerləşdirən
inkişaf etmiş ölkələrin böyük müəssisələri
artıq onu öz ölkəsinə qaytarmaq fikrinə
düşür. Bu tendensiyanın getdikcə
güclənəcəyi və istehsalın inkişaf etmiş
ölkələrdə canlanacağı yüksək
ehtimallardandır. Ə.Muradovun sözlərinə
görə, müasir texnologiyalarda rəqəmsal
texnologiyanın tətbiqi həmin məhsulların
istehsalında maya dəyərini əhəmiyyətli dərəcədə
azaldacaq: “İstehsalla bağlı ikinci ən vacib məsələ
budur ki, insanın orqanizminin fəaliyyətini təmin edən
qida məhsullarının rəqəmsal texnologiyalar vasitəsilə
istehsalı mümkündür. Rəqəmsal
texnologiya Azərbaycan kimi ölkələr üçün
tarixi və əminəm ki, ikinci dəfə verilməyəcək
şansdır. O şansı dəyərləndirə
biləcək yeganə qüvvə universitetlərdir. Azərbaycanda 4-cü inqilabın elementləri tətbiq
edilə bilər və rəqəmsal sənaye inqilabı Azərbaycanı
sürətlə irəliyə aparar. Burada
universitetlərin baxışının formalaşması həlledicidir.
Birmənalı olaraq, bu sahədə dövlətin
dəstəyi olmadan iddianı reallaşdırmaq
mümkünsüzdür. Düşünürəm
ki, bu yeni fəlsəfə reallaşa bilər. Bunun üçün də universitetlər hərəkətə
keçməli və dünyada sınaqdan
çıxmış şəbəkə universitetlərə
baxmalıdır. Rəqabət qabiliyyəti
olan sahələr birləşməlidir, çünki rəqəmsal
texnologiyada kiçik və böyük iqtisadiyyatlar fərqlənir”.
Fənlərarası, yoxsa
sahələrarası?
Təhsil üzrə ekspert Etibar Əliyev bildirib ki,
müasir tədqiqatçıların əksəriyyətinin
yazılarında “əmək bazarı” ifadəsinə rast gəlmək
mümkün deyil. Artıq “tələbat cəmiyyəti”,
“tələbat cəmiyyətinin inkişafı”, “tələbat
cəmiyyətinin təkamülü” anlayışları
ortaya çıxır. Ümumiyyətlə,
universitetləri dövlət, əmək bazarı, elmi camiələr
izləyir. Əmək bazarı kadrlardan
daha çox fənlərarası hazırlıq tələb
edir. Kadr universiteti bitirəndən bir neçə il sonra onun hansı ali təhsil müəssisəsində
təhsil aldığı əhəmiyyətini itirir. Öyrəndiklərini necə tətbiq etdiyi daha
böyük əhəmiyyət kəsb etməyə
başlayır. “Universitet missiyası”
adlı bir əsərdə qeyd olunub ki, universitetlər müəyyən
proqramlar əsasında bilik verməli, mədəniyyəti
müəyyən etməli, tələbələri elmi tədqiqatlara
cəlb etməlidir. Sonra gözləməlidir
ki, əmək bazarı ondan hansı kadrları tələb
edəcək? Düşünürəm
ki, universitetlər həmin tələbi yerinə yetirməyə
çalışmalıdır. Universitet
qarşısında iki məsələ var: ixtisaslar üzrə
kadr hazırlığı və insanlararası münasibətlər
üzrə, yəni kommunikativ bacarıqların,
kompetensiyaların inkişafı”.
Şahlar Əsgərov Etibar Əliyevdən fərqli
olaraq fənlərarası deyil, sahələrarası elmin
inkişafına üstünlük verdiyini deyib.
Transformasiyanın nüvəsində
universitetlər nə edəcək?
Cəsarət Valehov qeyd edib ki, mütəxəssislərimizin
50-60 faizi analoq iqtisadiyyat formuluna uyğun təhsil alıb. Həmin
iqtisadi formula uyğun bilik və bacarıqlarla da
çalışırlar. Odur ki, növbəti 8-10 il ərzindəki transformasiyanın nüvəsində
universitetlərin nə edəcəkləri maraq doğurur.
Ədalət
Muradov məsələyə münasibətini bildirərkən
qeyd edib ki, söhbət universitetlərin bütövlükdə
gələcəyə hazır olub-olmamasından gedir: “Bu
işin kim tərəfindən həyata
keçirilməsi sual predmeti deyil, necə görüləcəyi
sual doğurur. Resurs
çatışmazlığı real gerçəklikdir.
Universitetin gücü müəllimlərin
gücü ilə ölçülür. Müəllimlər gələcəklə
bağlı baxışlarını dəqiq ifadə edə
bilmirlərsə, şübhəsiz ki, həmin universitet bu
missiyanı yerinə yetirə bilməz”.
Ə.Muradov əmək bazarında müşahidə
olunan problemə diqqət çəkərək deyib ki, rəqabətədavamlı
məhsul istehsalçısı olmayan şirkətlərin tələbinə
uyğun kadr yetişdirmək universitetin və onun məzunlarının
keyfiyyət göstəricilərinin aşağı
düşməsi deməkdir. Rəqabətədavamlı
şirkətlərdən isə tələb daxil olmur. Məsələn, müzakirənin
iştirakçılarından olan Azərbaycandakı BP
şirkətindən hər hansı tələb daxil olmur.
Belə şirkətlər təlim mərkəzlərində
peşə hazırlığı həyata keçirir və
ehtiyac duyduğu kadrları hazırlayır.
Şirkətlər tələbələrin
səviyyəsindən razıdır
Müzakirələrdə iştirak edən BP və “Azərsun
Holdinq” şirkətlərinin nümayəndələri deyib
ki, son illər Azərbaycan təhsil müəssisələrindən
gələn tələbələrin səviyyəsinin
yüksəldiyi müşahidə olunur.
Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir
Nuriyev isə kommunikasiya və İT üzrə
bacarıqları olan mütəxəssislərə bank
sektorunda tələbat duyulduğunu vurğulayıb.
“Universitet cəmiyyətə
yaradıcı fikir verməlidir”
Millət
vəkili Tahir Mirkişili üçüncü sənaye
inqilabından sonra universitetin missiyasının dəyişdiyinə
diqqət çəkib: “Hətta sosial funksiyası getdikcə
inkişaf etməyə başlayıb. Universitet
kadr hazırlamalıdırmı? Bu
sualın cavabı belə mübahisəlidir. Almaniyada sənayedə
işləyənlərin 70 faizinin ali təhsili
yoxdur. İsveçrədə işə
düzələnlərin 80-81 faizdən çoxu peşə
məktəbini qurtarıblar. Tanınmış Amerika
universitetlərinin əksəriyyətinin tələbələrinə
nəzər salsaq, amerikalıların orada sayının az olduğunu görə bilərsiniz. Mən də
bu fikirdəyəm ki, baş verənləri bir kənara qoyub
universitet cəmiyyətə yaradıcı fikir verməlidir,
prosesin özünün yaradıcısı ola
bilməlidir”.
Tələbələr oxumur: Kimdir
günahkar?
BDU və UNEC tələbələrinin fəallıq
nümayiş etdirdiyi müzakirələrdə təhsilalanlar
tədqiqatyönümlülüyün olmamasından gileyləniblər. Tələbələr
hesab edirlər ki, təcrübə daha çox
olmalıdır. UNEC-in gənc müəllimi Aqil
Əzizov millət vəkillərinə müraciət edərək
tələbələrə iş imkanı yaradılması məsələsinin
qaldırılmasını təklif edib. Onun fikrincə, həftədə
20 saat iş imkanı yaradılmaqla tələbənin
universiteti bitirəndə artıq təcrübəli mütəxəssis
olmasını təmin etmək mümkündür.
Tələbələrin universitetə qəbul olunduqdan
sonra oxumamalarını UNEC tələbəsi cəmiyyətdə
onlara təlqin edilən fikirlə izah edib. “Universitetə
gir, sonra oxumayacaqsan”, – deyənlər uşaqlara
şüuraltı təsir edir. Onlar da sadəcə
tələbə adı qazanana qədər oxuyur, sonra
universitetə qayıb düşməsin deyə gedirlər.
Universitetlərin bir muxtariyyatı,
bir rektoru…
Millət vəkili Fazil Mustafa universitetlərin
muxtariyyatını vacib amil olaraq qeyd edib. O, universitetin nüfuzunda
rektor Ədalət Muradovun “Universitetin gücü müəllimlərin
gücü ilə ölçülür” fikri ilə
razılaşmayaraq bildirib ki, universitetin siması müəllimlər
yox, rektordur: “Azərbaycan cəmiyyətinə yeni rektor
obrazlarının gəlməsi olduqca vacibdir. Rektorla
universitetin atmosferi dəyişir. Həqiqət
budur ki, hava olmayan yerdə ən ağıllı müəllim
də boğulur”.
Millət
vəkili onu da deyib ki, xaricdən mütəxəssis olaraq
yetişən azərbaycanlıların gəlib öz ölkəsində
işləmək istəməsi üçün mühit
yaradılmalıdır: “Dünyada gedən prosesləri
çevik şəkildə Azərbaycan şəraitinə
uyğunlaşdırıb, yeniliklərin ölkəmizdə
eynisini, təkrarını yaradacaq hazırlıqlı təbəqə
yetişdirmək lazımdır. Bizim nəyisə
kəşf etmək potensialımız artıq
inandırıcı deyil, bu sahədə çox-çox
geridəyik. Nəyi daha çevik şəkildə
tətbiq edə biləriksə, onun üzərində
düşünməliyik”.
Bir sözlə, universitetlərdə muxtariyyat, sağlam
rektor məsələsinə diqqət etmək
lazımdır.
Millət vəkili Tahir Mirkişili isə bu fikirdədir
ki, mütəxəssislərin müəllimi, rektoru ilə
yox, hansı universiteti bitirdiyi ilə maraqlanırıq. Harvard Universitetini bitirdiyini
söyləyən kadrın müəlliminin kim
olması heç kimi düşündürmür.
Universitet informasiya yox, bilik verməlidir
Müzakirələrin sonunda universitetlərin bundan sonrakı
fəaliyyəti ilə bağlı təkliflər səsləndirilib. Ədalət Muradov bildirib
ki, kadr hazırlığı əmək bazarının tələbi
əsasında həyata keçirilməməlidir: “Əmək
bazarının tələbi ilə kadrların yenidən
hazırlanması həyata keçirilə bilər. Bilik və informasiyanı bir-birindən ayıra
bilirik və bizim universitetlərdə tələbələrə
çatdırdığımız daha çox
informasiyadır. Ona görə də
müəllimlərimizə də, elə özümə də
bir sual verirəm ki, tələbə auditoriyaya niyə gəlməlidir.
Tələbə informasiyanı universitetə gəlmədən,
müəllimsiz də əldə edə bilər. Universitet informasiya yox, bilik verməlidir”.
Fariz
İsmayılzadənin fikrincə, universitetlər 3 istiqamətdə
dəyişə bilər: “Birincisi, açıq onlayn kurslar təşkil
olunmalı, ikincisi, sənaye və tədqiqatla birgə
işləməlidir. Hazırda universitetlər
qapalı müəssisələrdir. İnnovasiyalar,
ixtiralar üçün açıq platformaya çevrilməlidir.
Üçüncüsü isə pedaqoji
üsullar dəyişməlidir. Birtərəfli
qaydada informasiyanın ötürülməsi deyil, interaktiv,
qrup şəklində işləmək, kommunikasiya
bacarıqları inkişaf etdirilməlidir”.
Ruhiyyə DAŞSALAHLI
Azərbaycan müəllimi.- 2017.- 22 dekabr.- S.1; 5.