Pedaqogika elminin ləyaqətli nümayəndəsi

 

Təhsilalanların estetik tərbiyəsinin təşkili üzrə məktəb yaratmış alim

 

Vidadi Xəlilov - 75

 

Azərbaycanın müasir pedaqogika elminin nümayəndələrini üç mühüm dövr ilə səciyyələndirən professor, əməkdar elm xadimi Fərrux Rüstəmov akademik M.M.Mehdizadəni, professorlar Ə.Y.Seyidovu, M.Ə.Muradxanovu - pedaqogika elminin “qızıl sacayaqları”, akademik H.M.Əhmədovu, professorlar N.M.Kazımovu, Ə.Ş.Həşimovu, Y.R.Talıbovu isə pedaqogika elminin “sultanları” adlandırmışdır. Üçüncü nəsil pedaqoqlara isə o, professor Əjdər Ağayevin başçılıq etdiyini aid etmişdir. İrəli sürülən bu fikir xüsusi maraq doğurur. Anadan olmasının 75 və elmi-pedaqoji fəaliyyətinin 50 illiyini qeyd etməyə hazırlaşdığımız pedaqogika üzrə elmlər doktoru, professor, Rusiya PedaqojiSosial Elmlər Akademiyasının həqiqi üzvü Vidadi Xəlilov da üçüncü nəslə aid pedaqoqlardandır.

Vidadi Cəmil oğlu Xəlilov 1942-ci il dekabrın 25-də Cəbrayıl rayonunun Çərəkən kəndində dünyaya göz açıb. 1959-cu ildə orta məktəbi bitirmiş, təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun pedaqogikaibtidai təhsil metodikası fakültəsində davam etdirmişdir. İnstitutun son kursunda oxuyarkən və Bakıdakı 7 nömrəli orta məktəbdə staj təcrübəsində olarkən 1963-cü ildə bədii rəhbər və musiqi müəllimi vəzifəsində çalışmağa başlamış, 1966-cı ildə də bu istiqamətdə fəaliyyətini 132 nömrəli məktəbdə davam etdirmişdir.

Hələ tələbəlik illərində və pedaqoji fəaliyyəti dövründə elmi araşdırmaları ilə tanınan V.Xəlilov müəyyən təcrübə topladıqdan sonra 1968-ci ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (indiki Təhsil İnstitutunun) aspiranturasına daxil olmuşdur.

İbtidai siniflərdə Azərbaycan xalq yaradıcılığı nümunələrinin öyrənilməsi, estetik tərbiyə vasitəsi kimi (Musiqi və ədəbi folklor nümunələri əsasında)” mövzusunda namizədlik dissertasiyasını tamamlayaraq müdafiəyəyə təqdim etmişdir. Aspiranturada təhsilini uğurla başa çatdırdıqdan sonra institutda kiçik elmi işçi (1971), baş elmi işçi (1976) vəzifələrində çalışmış, estetik tərbiyənin həmişə aktual olan problemləri üzrə tədqiqat apamışdır.

Estetik tərbiyənin nəzəri və təcrübi məsələlərini mükəmməl mənimsəyən Vidadi Xəlilov 1977-ci ilin yanvar ayında Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda yeni yaradılan Estetik tərbiyə şöbəsinin müdiri vəzifəsinə seçilmişdir. O, 23 il ərzində fasiləsiz olaraq bu şöbəyə rəhbərlik etmiş, elmi işçiləri, aspirant və dissertantları böyüməkdə olan nəslin estetik tərbiyəsi üzrə ən aktual mövzularda tədqiqat aparmağa istiqamətləndirmişdir. Şöbənin fəaliyyətə başladığı ilk illərdən keçmiş SSRİ Pedaqoji Elmlər Akademiyası və onun sahə institutları, habelə Ukrayna, Belarus, Latviya, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Gürcüstan, Moldova və digər respublikaların elmi-tədqiqat pedaqoji elmlər institutları ilə sıx əlaqə yaradılmışdır.

1994-cü ildə “Azərbaycan ümumtəhsil məktəblərində estetik tərbiyənin nəzəriyyəsi və təcrübəsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etdikdən sonra da tanınmış alim, sahə mütəxəssisi kimi yüksək qiymətləndirilmişdir.

V.Xəlilov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 14 noyabr 1997-ci il tarixli qərarı ilə pedaqogikanın nəzəriyyəsi və tarixi ixtisası üzrə professor elmi adına layiq görülmüşdür.

Professor Vidadi Xəlilovun elmi rəhbərliyi ilə 15 nəfər dissertasiya müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. O, pedaqogika üzrə fəlsəfə və elmlər doktoru elmi dərəcələri almaq üçün müdafiə edən 24 nəfərin dissertasiya işinə rəsmi opponentlik etmişdir.

Professor V.Xəlilov Azərbaycan Alimlər İttifaqının estetika üzrə həmsədri, Təhsil Nazirliyinin məktəbəqədər və ibtidai təhsil üzrə elmi-metodik şurasının sədr müavini, müxtəlif vaxtlarda Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində dissertasiya şurasının üzvü, Azərbaycan TPİ-də dissertasiya şurası elmi seminarının sədri kimi səmərəli fəaliyyət göstərmişdir.

Onu da qeyd edək ki, “Akademik Vidadi Xəlilov-70” kitabında (Bakı: Nərgiz, 2012) alimin geniş yaradıcılıq fəaliyyətinin müxtəlif istiqamətləri konkret faktlarla nəzərə çatdırılır.

Professor Vidadi Xəlilov incəsənət xadimlərinin həyat və yaradıcılığına həsr olunan dəyərli monoqrafiyaların müəllifi kimi də tanınır. “Bəstəkar Süleyman Ələsgərov” (1985), “Süleyman Ələsgərov” (1989), “Bəstəkar Qəmbər Hüseynli” (Bayram Hüseynli ilə) (1997), “Bəstəkar Oqtay Zülfüqarov” (1997), “Kompozitor Oqtay Zülfiqarov” (1999), “Yazdıqlarım-yazdıqları” ( 2012) və s. monoqrafiyaları aliorta ixtisas məktəblərində tədris prosesinə də əhəmiyyətli təsir göstərir.

AzTV-nin qızıl fondunda saxlanılan “Əsrə bərabər ömür” (akademik Mehdi Mehdizadəyə həsr olunub), “Bəstəkar Süleyman Ələsgərov” (Əliheydər Kamaloğlu ilə) telefilmlərinin ssenariləri də professor V.Xəlilovun qələm məhsullarındandır.

Professor V.Xəlilov pedaqogikanın müxtəlif məsələlərinə həsr olunan bir sıra əsərlərin müəllifidir. Tədqirəlayiq haldır ki, onları bir yerə toplayaraq 10 cilddə elmi-pedaqoji ictimaiyyətə çatdırmışdır.

Mənəvi-estetik tərbiyə probleminə həsr olunan “Muğamların tədrisinə dair metodik tövsiyələr” (1982), “Ustanın pedaqoji mədəniyyəti” (1986), “Ümumtəhsil məktəblərində estetik tərbiyənin inkişafı yolları” (1991), “Müəllimin estetik mədəniyyətinin yüksəldilməsi istiqamətləri” (1997), “Tələbələrin fəallıq mədəniyyəti” (1998), “Məktəbli mədəniyyəti” (1999), “Televizoruşaqlar” (2002), “Məktəblinin etik-estetik aləmi” (2011) kitabları, tədris vəsaitləri alimin yaradıcı əməyini parlaq şəkildə nəzərə çatdırır.

Professor V.Xəlilov ümumtəhsil məktəbləri üçünMusiqi” və “Təsviri incəsənət” dərsliklərinin və proqramlarının müəllifi kimi də tanınır. O, ilk dəfə olaraq Elitar gimnaziya üçünEtikaetiket”, “Estetika” (2004) proqramlarını hazırlayaraq nəşrinə nail olmuşdur.

Daim axtarışda olan alimin tədqiqatları başlıca olaraq müxtəlif yaş qruplarına malik olan məktəblilərin estetik tərbiyəsi problemlərinə həsr olunmuşdur. O, ümumtəhsil məktəbləri şagirdlərinin estetik tərbiyəsinin əsas mahiyyətinə, məqsəd və vəzifələrinə, prinsip və metodlarına, təşkilinin səmərəli yollarına aydınlıq gətirmişdir. Təlim prosesində və sinifdənxaric tədbirlərdə estetik tərbiyənin təşkilinin nəzəri və təcrübi məsələlərini araşdırmış, bu işin sistemini müəyyənləşdirmişdir. Uşaq və yeniyetmələrin, məktəbli gənclərin estetik mədəniyyətini yüksəltmək üzrə hamılıqla fəaliyyətin kompleks proqramı” hələ 1991-ci ildə nəşr edilmiş, SSRİ Pedaqoji Elmlər Akademiyasının müvafiq institutlarında maraqla qarşılanmış, müsbət rəylərə səbəb olmuşdur. Daha səhih desək, Vidadi müəllim təhsilalanların estetik tərbiyəsinin təşkili üzrə özünəməxsus məktəb yaratmışdır. Təqdirəlayiq haldır ki, onun doktorant və dissertantları da elmi rəhbərlərinin yolunu inamla davam etdirir. Estetik tərbiyənin buya digər problemlərini tədqiqat obyektinə çevirirlər.

Professor, Azərbaycan Respublikasının əməkdar müəllimi Vidadi Cəmil oğlu Xəlilov narahat insandır. Gecəsini gündüzünə qatıb çalışan, məqsədinə çatınca rahatlığın nə olduğunu bilməyən səriştəli tədqiqatçıdır, öz dəst-xətti olan alimdir.

Təsadüfi deyildir ki, o, Rusiya PedaqojiSosial Elmlər Akademiyasının ümumi iclasının 22 aprel 2011-ci il tarixli qərarı ilə akademiyanın həqiqi üzvü - akademiki seçilmişdir.

Vidadi müəllim xeyirxah insandır. İş yoldaşlarına münasibətdə səmimidir, o, doktorant və dissertantlarına əlindən gələn köməyi əsirgəmir. Onların uğurlarına qəlbən sevinir.

Vidadi müəllim gözəl ailə başçısıdır. Bir oğul, üç qız atasıdır. İstedadlı nəvələri var. Ailəsinin rifahı üçün dəridən-qabıqdan çıxandı. Buna görə ailə üzvləri də öz uğurları ilə həmişə onu sevindirir.

Vidadi müəllim nikbin insandır. Gələcəyə, işıqlı sabaha həmişə ümidlə baxır. İnsanı yaşadan, ona qol-qanad verən nikbinlik, xoş əhval, ailə xoşbəxtliyi, səmimiyyət, qəlb təmizliyi, yaxşılıq etmək, lazım gələndə başqasına əl tutmaq, kömək etmək onun şəxsiyyətinin heyrətamiz cəhətlərindəndir.

Professor Vidadi Xəlilov özünü sağlam, bəxtiyar, şən, gümrah hiss edir. Onun üzündən təbəssüm əskik olmur. Bu cür ülvi, bəşəri keyfiyyətlər başqalarında da xoş ovqat yaradır. Mahiyyət dolğunluğu ilə nəzərə çarpan əsərlər yaratmaq barədə düşünür. İnstitutun baş elmi məsləhətçisi kimi gənclərə daim diqqətlə, qayğıyla yanaşır.

Xoş ovqatlı, xeyirxah əməlli, ölkəmizdə onun hüdudlarından kənarda tanınan, sayılıb-seçilən professor Vidadi Xəlilovu anadan olmasının 75, elmi-pedaqoji fəaliyyətinin 50 illiyi münasibətilə təbrik edirik. Sağlam, uzunömürlü ol, yeni-yeni əsərlər yarat, - deyirik!

 

Faiq ŞAHBAZLI,

ARTİ-nin Elmi-Pedaqoji Mərkəzinin direktoru,

filologiya üzrə fəlsəfə doktoru, dosent,

 

Akif ABBASOV,

ARTİ-nin elmi katibi, pedaqogika

üzrə elmlər doktoru, professor

 

Azərbaycan müəllimi.- 2017.- 22 dekabr.- S.12.