Ədəbiyyatdan dərs nümunəsi

 

Hüseyn Cavid yaradıcılığı tədrisdə

 

Hər bir müəllim ilk növbədə tədris etdiyi fənnə, öyrədəcəyi mövzuya sevgi ilə yanaşmalıdır. Bu baxımdan, qeyd edim ki, bir müəllim kimi Azərbaycan ədəbiyyatını, görkəmli sənətkarlarımızı, qüdrətli qələm sahiblərimizi sevə-sevə tanıtdırmış, onların həyatı, yaradıcılığı ilə daim maraqlanmış, tədqiqatlar aparmış, tələbələrimə də bu sevgini aşılamağa, onlarda hər zaman ədəbiyyatımıza maraq, sevgi oyatmağa çalışmışam. Ədəbiyyat fənnindən tədris proqramında nəzərdə tutulmuşHüseyn Cavidin həyat və yaradıcılığı” mövzusu çox maraqlı və müasirlik baxımından aktualdır. Hüseyn Cavidin 135 illiyi ərəfəsində böyük sənətkarın şəxsiyyəti, Azərbaycan ədəbiyyatı tarixində tutduğu yer, ədəbiyyatımıza gətirdiyi yeniliklər, ölməz sənət əsərləri, Qərb və Şərq dünyasını, fəlsəfəsini özündə birləşdirən yaradıcılığının dünya ədəbiyyatının tərkib hissəsi kimi gənc nəslə öyrədilməsi baxımından çox vacibdir.

H.Cavidin həyatını, yaradıcılığını daha ətraflı öyrənmək üçün tələbələrə şairin ev-muzeyinə səyahət təşkil edilir. Şairin H.Cavid prospektində görkəmli heykəltəraş, akademik Ömər Eldarov tərəfindən ucaldılmış abidəsi ziyarət olunur. Aldıqları təəssüratlar daha sonra onlara layihələr hazırlamaqda, esse yazısı üçün zəngin mənbə olur. Tələbələrə öncə dərsin məqsədi xatırlanır. Şifahi nitq bacarıqları nümayiş etdirilir.

2.1.1. Müxtəlif mənbələrdən topladığı materiallara əsaslanmaqla təqdimat və çıxışlarında obrazlı ifadələrdən istifadə edir. Bədii nümunələrin məzmununu mənimsədiyini nümayiş etdirir .

1.1.4. Müxtəlif ədəbi növjanrda olan bədii nümunələrdə əksini tapan mühüm mənəvi, əxlaq-etik dəyərləri müəyyənləşdirir.

Dərsin motivasiya mərhələsində “Tanrı”, “Sevgi”, “Gözəllik”, “Mədəniyyət”, “Turan” sözlərini lövhədə yazıram. Bu açar sözlərin vasitəsi ilə tələbələr nəzərdə tutulan şəxsin görkəmli şair Hüseyn Cavid olduğunu söyləyirlər. Dərsin bu mərhələsində BİBÖ üsulundan istifadə edərək, şair haqqında bilikləri yada salır, tələbələrin fikirləri, düşüncələri dinlənilir. Sonra yeni dərsin adı lövhədə qeyd olunur.

Tələbələr aşağı siniflərdən bu mövzu ilə bağlı məlumatlı olduqları üçün onlar şairin süjetli lirikanın ən gözəl nümunəsi olan “Qız məktəbində” şeirini xatırlayır, şeiri dialoq şəklində təqdim edirlər. Bu məqamda tələbələrə H.Cavid yaradıcılığında monoloq, dialoqların fikrin, mənanın qüvvətli və emosional vasitələrlə ifadəsinə xidmət edən güclü bir vasitə olduğunu da nəzərə çatdırıram. Dərsin sonrakı gedişində tələbələrə belə bir cədvəl təqdim edironu doldurmağı tapşırıram:

Tələbələr verilmiş cədvələ əsasən biliklərini, məlumatlarını bir daha yada salırlar. İnformasiya mübadiləsi təşkil olunur. Bu mərhələ xüsusilə tələbələrdə tənqidi, məntiqi, yaradıcı təfəkkürün sərbəstliyinin inkişafına xidmət edir. Daha sonra tələbələrə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun Hüseyn CavidinŞeyx Sənan” dram əsərinin tamaşasına bəstələdiyi “Kor ərəbin” mahnısı Alim Qasımovun ifasında səsləndirilir. Tələbələrə şairin müxtəlif şeirlərindən parçalar söyləyir və H.Cavid poeziyası ilə onları daha yaxından tanış etməyə çalışıram. Daha sonra tələbələrə tədqiqat sualı verilir. Tədqiqat sualı onları mövzu ətrafında yenidən düşünməyə vadar edir.

Tədqiqat sualı: “Dövrün mövcud ictimai-siyasi vəziyyəti necə idibu, H.Cavidin həyatına, yaradıcılığına necə təsir etmişdi?”.

Sual ətrafında müzakirələr başlanır. Hər bir tələbənin fikri dinlənilir. Dərsin bu mərhələsi problem situasiya, yaxud problemli vəziyyət adlanır və ən maraqlı mərhələ hesab edilir. Dərsdə yaradılan problemli situasiya H.Cavidin fəlsəfi düşüncələrinin, gözəllik, sevgi, estetika, mədəniyyət haqqında fikrinin dərk olunmasına yönəldilir. Müxtəlif fənlər arasında inteqrasiya yaradılır. Ədəbiyyat fənni tarixlə əlaqəli öyrənilir. H.Cavidin yaşadığı dövr, mövcud ictimai-siyasi vəziyyət, onun Şairin həyatına, yaradıcılığına təsiri, 1937-ci il hadisələri, repressiya qurbanları, bununla bağlı ədəbiyyatlar, istiqlal şairi X.R.UlutürkünDavam edir 37” poemasından nümunələr və s. xatırlanır, beləliklə, mövzu ilə bağlı ədəbiyyatlar, tarixə inteqrasiya ilə daha da zənginləşdirilir. Ədəbiyyat olaraq, Z.Bünyadovun “Qırmızı terror”, R.Hüseynovun H.Cavidə həsr etdiyiVaxtdan uca” kitabları və s. faktlara, məlumatlara istinad edilir, H.Cavidin həyatı, ömür-gün yoldaşı Mişkinaz xanım, oğlu Ərtoğrul, qızı Turan xanım, onların faciəli həyat dramı və s. haqqında müəyyən məlumatlar verilir, slayd nümayiş olunur. Unutmayaq ki, fəal interaktiv təlimin mühüm əlamətlərindən biri informasiya, bilik mənbəyinin çox olmasının təmin edilməsidir. Bununla bağlı tələbələrə internet resursları vasitəsilə əldə olunan, əvvəlcədən hazırlanan materiallar (həcm etibari ilə 1-2 səh.) təqdim olunur. Əldə olunmuş yeni faktlar, məlumatlar vasitəsi ilə mövzu daha da zənginləşdirilir, tələbələr yeni biliklər əldə etmiş olurlar. Bu məqamda tələbələrə əvvəlcədən hazırladığım bir cədvəli təqdim edirəm.

Dərsin gedişində tələbələrin aktiv fəaliyyətini izləyir, onlara mövzu ətrafında daha dolğun bilik əldə etmələri üçün müzakirə xarakterli suallar təqdim edirəm: “Başqa hansı repressiya qurbanlarımızı tanıdınız?”, “Bu terrorun əsas iştirakçıları kimlər idi?”, “Turana qılıncdan daha kəskin, ulu qüdrət, mədəniyyət, mədəniyyət, mədəniyyət!” - H.Cavidin bu misralarda hansı müdrik fikirləri səsləndirilir?” və s. Cavablar ətrafında tələbələr bir-biri ilə fikir mübadiləsi aparırlar. Sonra lövhədə verilmiş sütunu doldurmaq üçün tələbələri dəvət edirəm. Tələbələr lövhədəki cədvəli doldurarkən fikirlərini təqdim edir, onu əsaslandırmağa çalışırlar. Bu məqamda yenidən maraqlı diskussiya yaranır. Bütün tələbələrin bu diskussiyada iştirak etmələrinə imkan yaratmağa çalışıram. Dərsimizin əvvəlində verilən açar sözlər, bu sözlərin H.Cavidin həyatı, yaradıcılığı ilə bağlılığı, əlaqəsi dərsimizin sonrakı gedişində əlavə faktlar, ədəbiyyatlar, məlumatlar hesabına daha da zənginləşir. Nəhayət, ümumiləşdirmə aparılır, nəticə çıxarılır. Tələbələr H.Cavidin həyat və yaradıcılığı mövzusu ətrafında apardığı tədqiqata əsasən belə nəticəyə gəlirlər:

1. Hüseyn Molla Abdulla oğlu Rasizadə 24 oktyabr, 1882-ci ildə Naxçıvanda anadan olmuşdur. Əvvəlcə Naxçıvanda mollaxanada ərəb, fars dillərini öyrənmiş, Şərq tarixi, ədəbiyyatına dair biliklər əldə etmişdir. “Yaşıl qələm” dərnəyinin üzvü olmuşdur. Müəllim kimi fəaliyyət göstərmişdir. 1926-cı ildə gözlərini müalicə etmək məqsədi ilə Almaniyaya getmişdir. 1937-ci ildə minlərlə Azərbaycan ziyalıları, o cümlədən H.Cavid repressiyanın qurbanlarından olmuşdur.

2. H.Cavidin həyatında, dünyagörüşünün inkişafında Türkiyə, İstanbul Universiteti (1906-1909) mühüm rol oynamışdır. Tələbəlik illərində Türkiyənin tanınmış alimlərindən dərs alan Cavid Rza Tofiq, Tofiq Fikrət kimi şairlərin əsərlərindən faydalanmış, dünyagörüşünü daha da zənginləşdirmişdir. İstanbulda tələbə olarkən H.Cavidinİrşad” qəzetində “Növhə”, “Füyuzat” jurnalında “Bir ahi- məzlumanə” adlı şeirləri çap olunmuşdur.

3. Qüdrətli sənətkar H.Cavid həm əruz, həm də heca vəznində çox gözəl bədii nümunələr qələmə almışdır. Bu baxımdan şairin yaradıcılığını iki mərhələyə bölmək olar:

a) Klassik lirika janrında olan əsərlər: əsasən bu, şairin yaradıcılığının ilk dövrlərinə təsadüf edir. H.Cavid ədəbiyyatımızda əruzun həzəc bəhrinin yeni bir növünü yaratmışdır ki, bu, ədəbiyyatımızda müəllifin adıyla “Cavid həzəci” kimi tanınmışdır. Daha çox əruzun xəfif, həzəc, rəməl, müctəs, müzare, mütəqarib bəhrlərində şeirlər yazmışdır. Bundan əlavə, ədəbiyyatımıza bir sıra yeni janrları (sonet, türkü, marş) ilk dəfə H.Cavid tərəfindən gətirilmişdir.

b) Xalq, aşıq yaradıcılığı ruhunda yazılmış qoşma və gəraylılar: 20-ci əsrin əvvəllərindən şair heca vəzninin müxtəlif şəkillərində gözəl əsərlər qələmə almışdır.

4. İlk şeirlərini tanınmış maarifçi, şair Məhəmməd Tağı Sidqinin təsiri ilə “Gülçin” təxəllüsü ilə yazmışdır. İlk şeirlər kitabı 1913-cü ildə Tiflisdə çap olunanKeçmiş günlər”dir.

5. H.Cavidin yaradıcılığında poema janrının xüsusi yeri vardır. Bu poemalar lirik- romantik-fəlsəfi əsərlərdən ibarətdir. “Bir ahi- məzlumanə” (1907), “İştə bir divanədən bir xatirə” (1912), “Hübuti-Adəm” (1913), “Azər” (1926-28) və s.

6. H.Cavidi ədəbiyyat tarixində daha da məşhurlaşdıran isə onun dram əsərləri olmuşdur.

7. 1931-ci ildən etibarən şair haqqında qərəzli, tənqidi yazılar yazılmağa başlayır, 1934-cü ildən Azərbaycan Yazıçılar İttifaqının yığıncaqlarında “burjua yazıçısı”, “müasir həyatı əks etdirməyən sənətkar” kimi damğalanmışdır. 1937-ci ildə günahsız yerə həbs olunmuş, “gizli millətçi əks-inqilabi təşkilatda” iştirak bəhanəsi ilə 8 illik həbs cəzasına məhkum edilmişdir. 1941-ci ildə Sibirdə Tayşet rayonunun Şevçenko qəsəbəsində həbsdə ikən vəfat etmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə Cavidin nəşi 1982-ci ildə Sibirdən vətənə gətirilmiş və Naxçıvanda torpağa tapşırılmışdır.

8.H.Cavidin zəngin yaradıcılığı hər zaman tədqiqatçıların diqqətini cəlb etmiş, M.Cəfər “H.Cavid”, R.HüseynovVaxtdan uca”, Gülbəniz Babaxanlı “Heydər Əliyev və H.Cavid” əsərlərini yazmış, “Cavidşünaslıq araşdırmalar toplusu çoxcildliyi”, Bakı, 2012, “H.Cavid irsimüasir dövr” (beynəlxalq elmi konfrans materalları), Bakı, 2007, “Cavid hikməti” seçmə aforizmləri, Bakı, 2010. H.Cavid əsərləri, Bakı, 2007 və s. kimi ədəbiyyatlar işıq üzü görmüşdür.

Qiymətləndirmə. Dərsdə qiymətləndirmənin müstəqil şəkildə aparılması üsulundan istifadə edirəm. Bu işi tələbələrin özlərinə həvalə edirəm. Onlara qiymətləndirmə vərəqləri təqdim olunur. Bu qiymətləndirmə üsulu uğurlu nəticələr verir.

Yaradıcı tətbiqetmə mərhələsi. Ev tapşırığı verilir, 1. Mövzunun ədəbiyyat nəzəriyyəsi ilə paralel olaraq öyrənilməsi - əsasən Cavidin şeirlərinin vəzni, müraciət etdiyi janrlarla tanış olmaq; 2. Şair haqqında “Mənim tanrım gözəllikdir, sevgidir”, yaxudH.Cavidi tanıdım” mövzusunda esse yazmaq (Seçim sərbəstdir).

Beləliklə, “Vaxtı üstələyən, vaxtdan uca” ölməz H.Cavid yaradıcılığı, bəşəri fikirləri, gənclik üçün örnək, nümunə olacaq şəxsiyyəti, müsbət keyfiyyətləri ilə bir daha təqdir edilir.

Görkəmli dramaturq Hüseyn Cavidin 135 illiyi ilə əlaqədar kollecimizdə şairin zəngin yaradıcılıq yolundan bəhs edən tədbir təşkil olunur. Tədbirdə H.Cavidin həyatı, yaradıcılığı haqqında maraqlı fikirlər səsləndirilir, dram əsərlərindən səhnəciklər təqdim edilir.

Bütün bunlar şairin həyat və yaradıcılığını daha dərindən öyrənməyə, mövzunun daha yaxşı mənimsənilməsinə kömək edir.

 

Günəş QULİYEVA,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan

Dövlət Pedaqoji Kollecinin dil-ədəbiyyat müəllimi

 

Azərbaycan müəllimi.- 2017.- 22 dekabr.- S.8.