“Müsbət tendensiyaları inkişaf
etdirmək cəmiyyətin işidir”
Cəfər Cəfərov:
“Görüləcək işlərimiz həyata keçirdiklərimizdən
qat-qat çoxdur”
III hissə
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərovla söhbətimizin davamında müasir universitet olmaq üçün rəhbərlik etdiyi təhsil müəssisəsinin qarşısında duran tələblərin öhdəsindən necə gəldiyi, yeniliklərin tətbiqi ilə bağlı məsələlərdən danışdıq. Bu prosesdə rektor olaraq daha çox onun üzərinə düşənləri müzakirə etdik.
- Cəfər müəllim, deyirsiniz ki, universitetin əlavə gəlir mənbəyi yoxdur?
- Beynəlxalq əlaqələr, qrant layihələri var. İndiyədək tələbə və müəllimlərimiz təlimlərə qatılaraq bu imkandan yararlanıblar. Tələbələrin ödəniş haqqı 1320 manat idi. Artıq 1500, 1600, 1800 manat olaraq təsdiq etdik. Gələn kontingentin ödəniş haqqını ödəməkdə çətinlik çəkdiyi də bəllidir, ancaq universitet özünü saxlamalıdır. Düzdür, təhsil müəssisəsinin gəliri sadəcə təhsil haqqı ilə olmamalıdır. Beyin məhsullarının satılması, kommersiya fəaliyyəti nəticəsində, qrantlar və s.-lə formalaşmalıdır. O istiqamətdə də işlərə başlamışıq.
...əvvəlcə ödəniş olur, sonra tələbə dərsə başlayır
- Ödəniş necə həyata keçirilir? Bunun üçün onlara vaxt verilirmi? Bilirsiniz ki, bu il yüksək bal toplayan bir neçə tələbə sırf bu səbəbdən təhsildən kənarda qaldı...
- Əlbəttə. Tələbə ödənişi iki hissədə verir. Dekanlıqların təqdimatı ilə hətta iki hissəyə bölünmüş məbləğin də hissə-hissə ödənilməsinə şərait yaradırıq. Dünyada qayda belədir ki, əvvəlcə ödəniş olur, sonra tələbə dərsə başlayır. Elektron qaydada həyata keçirilən bu prosesdə heç bir səbəb qəbul edilmir. Ödəniş yoxdursa, tələbənin adı qeydiyyata düşmür. Biz hələlik buna gedə bilmirik. İmkansız tələbələrə Tələbə Həmkarlar Təşkilatının köməyi olur, yeməkxanadan pulsuz istifadəyə də imkan yaradılır. Bu yolla tələbələrə kömək etməyə çalışırıq. Ancaq kaş elə bir fondumuz olardı ki, ehtiyac sahibi olan tələbələrin təhsil haqqını həmin fonddan ödəyərdik.
Bir yataqxanamız var. Əslində, yataqxanamızın sayı 6-dır. Onun 5-də 2300 məcburi köçkün məskunlaşıb. Birində 200 nəfərlik yerimiz var. Tələbələrimizin çoxunun qızlar olduğunu nəzərə alıb qərara gəldik ki, həmin yataqxanada da ancaq qızlar yaşasın. Yaşayacaq olanları da fakültələrin təqdimatı ilə seçirik. Tələbələrimiz həmin yataqxanada ucuz qiymətə qala bilirlər. 5 yataqxananın boşaldılması ilə bağlı Nazirlər Kabinetinə müraciət etmişdik. Mehriban xanım Əliyeva Birinci vitse-prezident təyin olunduqdan sonra keçirdiyi ilk toplantı bu məsələlərə həsr olunmuşdu. Biz də məktub hazırlayıb göndərdik. Məcburi köçkünlər köçürüləcəyi təqdirdə həmin yataqxanalar ya təmir edilməli, ya da yenisi tikilməlidir. Bu barədə nazirlikdə də söhbətlərimiz olub. Ümid edirik ki, nəzərdə tutduqlarımız reallaşacaq. Hələ bu harasıdır, bizim kampus arzularımız var.
- Elə isə müasir yataqxanası olan universitetə çevrilmək uzaq xəyal deyil, yaxın gələcək üçün plan sayıla bilər.
- Düşünürük ki, yaxın ola bilər. Hər halda arzu edirik. Bizim kollecin yataqxanası Sabunçudadır, müasir yataqxanadır və düşünürəm ki, təmir etdirib tezliklə istifadəyə vermək olar. Dördü Atatürk prospektindədir. Onların da şəraitini yaxşılaşdırıb tələbələrimizin ixtiyarına verə bilərik.
“Universitetlərin gücü imtahanların təşkilinə sərf olunmamalıdır”
- “Bakalavrı bitirib müəllim olanlar birbaşa məktəbə getməməlidir” fikri ilə bağlı siz nə düşünürsünüz? Təhsil sahəsində ekspertlərdən biri belə bir fikir səsləndirmişdi ki, həkim iki il interna keçib sonra xəstəxanalara buraxıldığı kimi, müəllim də bir neçə il təcrübə keçməlidir. Tələbələrin müəllim kimi hazırlığında indi tətbiq edilən təcrübə müddəti kifayət edirmi?
- Bununla bağlı müzakirələrimiz var. Təcrübə müddətinin artırılması ilə bağlı müəyyən işlər görəcəyik. Bu, tədris planlarında da yenilik tələb edən məsələdir, ancaq pilot layihə kimi etməyi düşünürük. Hətta tələbənin bir ili məktəbdə keçirməsi təklifi müzakirə olunur. Buna məktəb də hazır olmalıdır. Təcrübəyə tələbə göndəririk, həmin bir neçə həftəyə belə, məktəb hazır deyil. Bu, kompleks işlərdən sayılır, birini edib o birini etməmək olmaz.
- Tələbə qəbulunda ümumi test imtahanından sonra ali təhsil müəssisələrinə öz tələbəsini seçmək hüququ verilməsi müzakirə olunur. ADPU öz tələbəsində hansı keyfiyyətləri axtaracaq? Parametrləriniz bəllidirmi: ADPU tələbəsi kimlər ola biləcək?
- Universitet olaraq o ixtiyarı təhsil müəssisələrinin özünə versələr, cəmiyyətin inkişafının bugünkü səviyyəsində universitetlərin tam şəffaf və obyektiv qərar verməyə gücü yetməyə bilər. Sessiya imtahanlarında sinəmizi qabağa verib neqativ halların qarşısını ala bilirik. Bəzən burada belə tam obyektiv nəticə əldə etmək olmur. Sessiyada nəzərdə tutduğunu reallaşdıra bilməyəndə, obyektivliyi təmin etməyəndə, üstündən keçə bilirsən. Burada isə daha ciddi məsələdən söhbət gedir. Gücün daha çox olmalıdır. Bilmirəm, mənim gücüm çatar, ya yox. Bəlkə bu, bir neçə il sonra mümkün ola bilər. Ancaq indiki şəraitdə doğru olmaz. Ümumiyyətlə, məncə, universitetlərin gücü imtahanların təşkilinə sərf olunmamalıdır.
- Orta təhsil müəssisələrinin reytinqi müəyyənləşdirilərkən ali məktəblərə qəbulun nəticələri nəzərə alınır. Ali məktəb olaraq magistraturaya girən, xaricdə təhsilini davam etdirən, yaxud yaxşı nəticə ilə işə düzələn məzunlarınızın hesabatını aparırsınızmı?
- Ali məktəblərə qəbulun nəticələri əlacsızlıqdan nəzərə alınır. 500-dən yuxarı bal toplayanlara üstünlük verilməsində də şərtilik var. Məktəbin məzunlarının çoxu ali məktəbə qəbul olunubsa, bu, məktəbin göstəricisi deyil. Onları repetitorlar hazırlayıblar. Burada qeyri-dəqiqlik də var, ancaq şərtidir də, hələ ki, nəzərə alınır. Bunu ölçmək üçün cəmiyyətin meyarları hələ formalaşmayıb.
- Amma demədiniz, heç olmasa, gələcək planınızda bunun hesabatını aparmağı düşünürsünüzmü?
- Karyera mərkəzi qurmağı planlaşdırırıq. ADPU-nu indiyədək 180 min insan bitirib. Universitet həmişə bu vəziyyətdə olmayıb. Adının Azərbaycan cəmiyyəti üçün son dərəcə əhəmiyyətli olan tədris müəssisəsi kimi hallandığı vaxtlar elə uzaq keçmiş deyil. Hətta Bakı Dövlət Universitetindən də daha böyük önəm daşıdığı vaxtlar olub. Akademiyanın 10 prezidentindən 3-ü ADPU məzunu olub.
- Bir il bundan əvvəl qarşınıza qoyduğunuz hədəflərinizdən bəhs edərkən tədrisin məzmununun müasirləşdirilməsi, ADPU-nun inkişafı, fəaliyyətinin yenidən qurulması ilə bağlı planın hazırlanması, tədris işi ilə bağlı dünya təcrübəsinin, habelə ölkədə toplanmış qabaqcıl təcrübənin öyrənilməsi və tətbiq edilməsindən söhbət açmışdınız. Eyni zamanda, xarici dillərin tədrisinin gücləndirilməsi, tədris planlarının təkmilləşdirilməsi, tələbələrin dərslik və dərs vəsaitləri ilə təminatının yaxşılaşdırılması, elektron kitabxana şəbəkəsinin, rəqəmsal təhsil resurslarından istifadə imkanlarının genişləndirilməsi və beynəlxalq informasiya resurslarına çıxış imkanlarının təmin edilməsini qarşınızda dayanan əsas vəzifələr hesab edibsiniz. Bu il yarımda hansını reallaşdırmaq mümkün olub.
- Bunların hər biri haqqında bir saat danışa bilərik.
- Bir saata ehtiyac yoxdur, sadəcə hansı hədəf istiqamətində gözlə görüləcək addımınız var?
- Bu sualın cavabında ümumi şəkildə onu deyə bilərəm ki, Pedaqoji Universitet əvvəlki universitet deyil. Bunu tam səmimiyyətlə deyə bilərəm. Şəhərin mərkəzində yerləşir. Hələ ki dediyimiz o işləri qoyaq bir qırağa. Açın baxın hesabata, infrastruktura fikir verirsinizmi? Burada oxuyanların əksəriyyəti qızlardır, şəraitlərinin yaxşılaşdırılması istiqamətində xeyli iş görüldü. 1887-ci ildə tikilən köhnə binanın, həm əsas binanın bir mərtəbəsi əsaslı təmir edildi.
- Cəfər müəllim, artıq Qəbələdən tutmuş ən ucqar rayonlara qədər müasir infrastruktura rast gəlmək çətin deyil ...
- Demək istəyirəm ki, vaxtımızın çoxunu bu işlərə sərf etmək məcburiyyətində qaldıq. Universitet artıq yeni hədəflərə addımlayacaq. Neqativ işlərin kökü tamamilə kəsilib. Şəffaf seçki mexanizmi qurulub, proqram yenilənir. Kitabxana infrastrukturu yaxşılaşdırılıb. Kitabxanamız ölkənin ən böyük kitabxanalarındandır. Düzdür, hələ elektronlaşmayıb, onunla bağlı da planlarımız var. Kiril əlifbası ilə olan 27 min kitabın siyahısı çıxarılıb ki, bunları silib atmalıyıq. Adamın ürəyi gəlmir. Kitabxana ilə bağlı ayrıca layihə olmalıdır. Hazırda 4 korpusda kitabxana qurulmasına nail olmuşuq. Görüləcək işlərimiz həyata keçirdiklərimizdən qat-qat çoxdur.
- Elə hiss olunur ki, köhnə kitablardan, köhnə təhsil sistemindən, əvvəlki nəsil müəllimlərdən uzaqlaşmaqda tərəddüd edirsiniz...
- Ağsaqqal müəllimlərdən birdən-birə necə uzaqlaşa bilərsiniz? Sizə rəqəmləri dedim. İndi universitetdə işini görə bilməyən müəllimlər azalıb. Bunu birdən-birə etmək mümkün deyil. Universitet təsərrüfat müəssisəsidir. Ən əsası odur ki, aparılan dəyişikliklərdən sonra cavanlar ortaya çıxıb, yaşlılar isə öz üzərində işləməyə başlayıb. Gözlənilən dəyişiklik bir işarə ilə ola bilməz. Bir ildə, sizcə, nə edə bilərdik, etməmişik?
-
Müasir universitet üçün vacib şərt sayılan
sağlam mühit formalaşdıra bilərdiniz...
- Var o
mühit. Sizcə yoxdur?
- Məncə,
ADPU-nun müəllimi köhnə müəllimdir. Tələbələriniz
müasir müəllim axtarır, müəllimləriniz də
köhnə vaxtların tələbəsini.
- Mən
də razıyam. Elə olanları da var. Ancaq onun nisbəti dəyişməkdədir.
Dediyiniz köhnə düşüncəli yanaşmaların
xüsusi çəkisi ümumi müəllimlərin sayı
ilə müqayisədə azalır.
-
Optimallaşdırma, yeniləşdirmə kimi proseslər
etiraz və başqa aqressiv reaksiyalar doğuran,
narazılıqlarla müşahidə olunan bir prosesdir. Müəyyən
mənada şikayətlərə aparıb çıxaran
hadisələrdir. Hətta məhkəməyə belə yolu
düşənlər olub. Bəs, universitetdən Təhsil
Nazirliyinə barənizdə şikayət daxil olurmu və
olursa, əsasən nə ilə bağlıdır?
-
Şikayətlər həmişə olub. Ən müxtəlif
səviyyələrdə iştirak etdiyim söhbətlərdə
də buranın spesfikliyi bildirilirdi. Hələ sovet hakimiyyəti
illərindən qalan ənənə davam edib. İmzasız məktublar,
şikayətlər hər zaman olub. O tipli fəaliyyətin ən
çox müşahidə olunduğu yeganə müəssisə
məhz ADPU-dur. İndi fərqli modifikasiyalar olur. 10 adamın
adı yazılır. Soruşanda məlum olur ki, onların
heç nədən xəbəri yoxdur. Belə faktlar ictimai
fikri daha çox məşğul edir. Əvvəlki statistika
məndə olmadığından bilmirəm say azalıb, ya
yox. Bu proses getməkdədir. İndi bu cür işlərlə
sadəcə 2-3 nəfər məşğul olur.
- Tələbə
və müəllim kollektivinin universitetin idarə olunması
və ya həyata keçirilən proseslərin nəticələrindən
doğan şikayətləri olurmu?
- Tələbələrin
şikayəti olarsa, bunun üçün xüsusi qutu
qoyulub. İkincisi, ümumiyyətlə, otaqda oturmuram,
auditoriyaları gəzirəm. Yeməkxanada bir yerdəyik. Bu
gün 3-4 nəfərlə söhbət etmişik. Sosial
şəbəkələrdə bir şey olarsa, onu da mənə
xəbər verirlər. Mən özüm orada yoxam.
- Niyə
yoxsunuz?
- Onun məsuliyyətini
yerinə yetirə bilməməkdən qorxuram. Orada bir sual
olarsa, ona cavab verməliyəm. Elektron müraciətləri
mütəmadi yoxlayıram. Bunları ancaq çatdıra
bilirəm.
“10 il əvvəl necə rektor idimsə,
indi də eləyəm”
-
Universitetlərin standartları dəyişdiyi kimi, rektorlardan
gözləntilər də dəyişib. Dəyişən tələblərə
cavab verə bilmək üçün hansı
planlarınız var?
- 10 il əvvəl
necə rektor idimsə, indi də eləyəm. Sadəcə məsələ
ondadır ki, bəlkə də 10 il əvvəlki kateqoriyaya
uyğun rektor deyildim. Mən sərbəstəm,
dükana-bazara özüm gedirəm, küçədə
olmaqdan çəkinmirəm. İdarəçilik
düşüncəm belədir ki, səlahiyyətləri
bölüşdürüb, başqalarından da iş tələb
etməlisən. Yoxsa ki, hər şeyi əlimdə cəmləməyin
tərəfdarı olmamışam. Hər şeydən əvvəl
isə rəhbər üçün ali məqsədlər
göz önündə olmalı, həmişə onları nəzərə
almalıdır. Rektordan həmişə gözləntilər
olub. Həyatı, yaşayış tərzi ilə nümunə
olması tələb edilib. Qabalığa, kobudluğa
ixtiyarı olmadığı kimi, lazım gələndə sərt
də olmalıdır.
Azərbaycan Dövlət Pedaqoji
Universitetində rektor kimi fəaliyyətiniz 2 ilə yaxın
bir zaman kəsiyini əhatə etsə də, ali təhsil
müəssisəsində rəhbər olaraq ilk təcrübəniz
deyil. Çalışdığınız əvvəlki təhsil
müəssisəsi ilə Pedaqoji Universitetin fərqi nədir?
- Ən
böyük fərq Azərbaycan cəmiyyətindəki rolu və
əhəmiyyəti ilə bağlıdır. Bundan əvvəl
rəhbərlik etdiyim Turizm və Menecment Universiteti də
böyükdür. ADPU isə köklü, 100 ilə yaxın
tarixi olan, ölkənin ən böyük universitetlərindən
biridir. Ölkənin və xalqın inkişafı
üçün hər zaman olduğu kimi, bəlkə hər
zamankından daha artıq dərəcədə rolu və əhəmiyyəti
olan təhsil müəssisəsidir. Ona görə də bu
kollektivə rəhbərlik etmək böyük etimad və məsuliyyətdir.
Əsas bir fərq də var. Bundan əvvəlki universitetdə
insanlara iş vermişəm, bura gələndən sonra
faktiki olaraq belə çıxır ki, insanların
çörəyini əlindən alıram. Bununla
bağlı ciddi narahatlıqlarım olub və sözünə
güvəndiyim insanlarla məsləhətləşmişəm
də. Onların da fikri budur ki, böyük məqsədlərə
nail olmaq üçün kimdənsə, nədənsə
keçmək zərurəti yarana bilər. Həmin
böyük məqsəd universitetdir.
- Amma bu
gün universitetiniz təhlükə altındadır.
Keçmiş təhsil naziri Mikayıl Cabbarov belə bir fikir
səsləndirmişdi: Ali təhsil müəssisələri
müasir təhsil standartlarına uyğunlaşmasa, 50 il sonra
kollec səviyyəsində fəaliyyət göstərəcəklər.
Sizcə, ADPU-nu belə bir tale gözləmir ki?
- Ola bilər.
Hələ bir neçə il əvvəl həmkarlarımızla
söhbətimdə deyirdim ki, bu formada davam etsək,
universitetlərin hamısı yarı yolda qalacaq. Həmin
proses gedir. Bəzilərinin qəbul planı dolmur və s. Bu
da insanların informasiyasının artması ilə
bağlıdır. Hamı görür ki, 4-5 min manat təhsil
haqqı ödəyib universitetdə heç nə öyrənmirlər.
Ancaq həmin pulu verib dil bilgisi zəruri olmayan Türkiyə,
yaxud Kiprin hansısa universitetində təhsil alırlar. Cəmiyyətin
səviyyəsi artdıqca ölkədə xoşagəlməz
işlər yavaş-yavaş sıradan çıxacaq. Təsəvvür
edə bilərsinizmi ki, Qərb dünyasında universitet
hansısa adına ləkə gətirəcək addıma yol
versin.
- Təhsil
Nazirliyi müəllimlərin cəmiyyətdəki nüfuzunu
yüksəltmək üçün çoxsaylı tədbirlər
həyata keçirir. Bunun nəticəsini hamı
görür. Bəs, müəllimin artan nüfuzunda ADPU-nun
payı nə zaman yüksələcək?
- Biz də
Təhsil Nazirliyinin tərkib hissəsi olaraq onun siyasətini həyata
keçiririk. Mənim işim Təhsil Nazirliyinin işinin
vacib hissəsi olan məktəbə kadr hazırlamaqdır.
Kadrların böyük hissəsi burada yetişir. Ölkə
miqyasında Prezidentin təhsilin
yaxşılaşdırılması istiqamətində həyata
keçirdiyi prosesin içərisində üzərimizə
düşən bir iş var.
“Çox istərdim ki, təhsil
jurnalistikası formalaşsın”
- Cəfər
müəllim, söhbətimizin əvvəlində dediniz ki,
ADPU-nu cəmiyyət olaraq birləşib bu vəziyyətə
gətirdik. Bəs, indi bu vəziyyətdən
çıxartmaq üçün cəmiyyətdən nə
umursunuz?
-
Çox şey umuruq. Çünki bu, sadəcə ADPU və
Təhsil Nazirliyinə deyil, hamıya aid olan bir məsələdir.
Hər kəsdən qolunu çirməyib ədəb-ərkanla
bu işlə məşğul olması tələb edilir.
Müsbət tendensiyalar varsa, onu inkişaf etdirmək cəmiyyətin
işidir. Qətiyyətlə deyə bilərik ki, arzuolunmaz,
xüsusən, təhsildə yolverilməz hallar
yığışdırılıb, ancaq kökü tamamilə
kəsilməlidir. Türkiyədə insanların
ağlına belə gəlmir ki, təhsillə bağlı
kiməsə nəsə demək olar. Bizdə isə utanmadan
deyirlər. Halbuki bundan utanmaq lazımdır. Yaxşı bir
fakt varsa, onu qeyd etmək, narazı qaldığımızla
bağlı müzakirə aparmaq lazımdır. Çox istərdim
ki, təhsil jurnalistikası formalaşsın, ara-sıra
toplaşıb məsələləri müzakirə edə
bilək. Fikrimcə, təhsil sahəsində
formalaşmış normal mətbuat problemlərin həllində
əhəmiyyətli dərəcədə rol oynaya bilər.
Çoxsaylı yaxşı işlərin arasında gözdən
yayınan bir problemi şişirdib, sensasiya xatirinə
müzakirə etmək doğru deyil. Maddi bazası bundan dəfələrlə
artıq olan müəssisə ilə bizi müqayisə etməsinlər.
Bu, bərabər münasibətin pozulması olar. Biz
özümüz qəbul edirik ki, universitetlərimiz
arasında böyük, amma imkanları zəif təhsil
müəssisəsiyik. Bura gələndə bu vəziyyəti
bilirdim. Reputasiyası, imkanları baxımından daha
yaxşı şəraiti olan bir universitetdən bura gəlmişəm.
Bu, həm böyük etimaddır, həm də vətəndaşlıq
borcu.
Ruhiyyə DAŞSALAHLI,
Jalə
MÜTƏLLİBOVA
Azərbaycan müəllimi.- 2017.-
22 dekabr.- S.7.