“Öyrənmək uğurun əsas yoludur

 

Edinburq Universitetinin müəllimi Nərmin Məmmədova:

“Tələbələrimdən nəyisə öyrənməyə çəkinmirəm”

 

Nərmin Faiq qızı Məmmədova 1991-ci il iyunun 4-də Bakı şəhərində anadan olub. Orta təhsilinə Bakıdakı 132-134 nömrəli təhsil kompleksində başlayıb. 2009-cu ildə R.Əliyev adına 3 nömrəli məktəbi bitirib. Elə həmin ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ABŞ-ın Corciya Dövlət Universiteti ilə birgə proqramı əsasında biznesin idarəedilməsi ixtisasına qəbul olunub. Tələbəlik illərindən ictimai-siyasi fəaliyyətə cəlb olunub, gənclər sektorunda aktiv fəaliyyət göstərib. Nailiyyətləri nəzərə alınaraq Dünya İqtisadi Forumunun (Davos) təşəbbüsü ilə yaradılan dünyadakı ən aktivuğurlu gənclərin şəbəkəsi olan Qlobal Şeyperlər Cəmiyyətinə üzv seçilib. 2013-cü ildə universitetdən məzun olduqdan sonra Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsində baş məsləhətçi vəzifəsində işə başlayıb. 2014-cü ildə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində magistr dərəcəsində təhsil almaq üçün Böyük Britaniyanın Lester Universitetinə qəbul olub. 2015-ci ildə təhsilini uğurla başa vurduqdan sonra Azərbaycana qayıdıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşlığı ilə yaradılan “Azərbaycan üçün öyrət” təhsil proqramına rəhbərlik edib. Eyni zamanda, Azərbaycan Dövlət İqtisad Universitetində müəllim olaraq fəaliyyət göstərib, SABAH qruplarına menecment fənni üzrə dərs deyib. 2016-cı ilin sentyabrında ailə həyatı quraraq yenidən Böyük Britaniyaya köçüb. 2017-ci ilin sentyabrından dünyanın ən yaxşı ali məktəblərinin reytinq cədvəlində ilk 20-likdə olan Böyük Britaniyanın Edinburq Universitetində müəllim olaraq fəaliyyətə başlayıb. Hazırda universitetdə strateji menecment üzrə dərs deyir.

 

Britaniyada doktorluq dərəcəsini başa vurmadan

müəllim kimi fəaliyyət göstərmək mümkün deyil

 

- Necə oldu ki, Edinburq Universitetində müəllim kimi işləməyə qərar verdiniz?

- Qeyd edim ki, Böyük Britaniyada magistr təhsilimi başa vurub Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət İqtisad Universitetində müəllim olaraq fəaliyyət göstərmişəm. Bu fəaliyyət qısa olsa da, müəllimlik peşəsindən, bildiklərimi digərlərinə öyrətməkdən nə qədər zövq aldığımı anlamaq üçün kifayət oldu. Yenidən Böyük Britaniyaya köçdükdən sonra müəllim olaraq işləmək həvəsim hələ də var idi, amma qarşımda bir maneə dururdu - Britaniya təhsil sisteminin qaydalarına əsasən, doktorluq dərəcəsini başa vurmadan burada tamhüquqlu müəllim olaraq fəaliyyət göstərmək demək olar ki, mümkün deyil. Bu səbəbdən bir müddət müəllimlik fəaliyyətimə ara verməli olmuşdum. Bu fəaliyyətə yenidən qayıtmağımda həyat yoldaşımın böyük rolu oldu. O, hazırda Edinburq Universitetində doktorluq dərəcəsi üzrə təhsil alır. Universitetdə mənim sahəm üzrə müəllim qəbulu elanını görüb mənimlə paylaşdı və müraciət etməyim üçün həvəsləndirdi. Nəticədə doktorantura tələbinin olmasına baxmayaraq, əvvəlki müəllimlik təcrübəm nəzərə alınaraq bir sıra mərhələlərdən keçdim və universitetdə müəllim olaraq fəaliyyətə başladım.

Böyük Britaniya universitetləri haqqında məlumatlı idim

- Siz Edinburq Universiteti ilə əvvəllər tanış idinizmi? Bu universitet sizi hansı ənənələri ilə cəlb etmişdi?

- Əlbəttə, tanış idim. Magistr təhsilimi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramıçərçivəsində İngiltərədə, Lester Universitetində başa vurmuşam. Bu səbəbdən Böyük Britaniya universitetləri haqqında məlumatlı idim. Təhsil aldığım dövrdə Edinburq Universitetində təhsil alan azərbaycanlı tələbələrlə mütəmadi olaraq əlaqə saxlayırdım.

Ümumiyyətlə, tək Edinburq Universiteti deyil, bütün Böyük Britaniya universitetlərinin qədim təhsil ənənələri, müəllim-tələbə münasibətləri hər zaman diqqətimi cəlb etmişdir. Hətta 2015-ci ildə Bakıya qayıtdıqdan sonra müəllim olaraq işlədiyim dövrdə burada öyrəndiklərimi öz tədris üsulumda tətbiq etməyə çalışırdım. Məhz Edinburq Universitetindən danışdıqda isə, universitetin qədimliyi (dünyanın ingilisdilli altıncı qədim universitetidir), yüksək təhsil ənənələri dünya reytinq cədvəllərində ön sıralarda olması diqqətdən yayına bilməz.

226 tələbəyə strateji menecment fənnini tədris etmişəm

- Edinburq Universitetində fəaliyyətiniz barədə məlumat verərdiniz. Hansı fənni tədris edirsiniz?

- Edinburq Universitetində müəllim (lecturer, teaching fellow) olaraq fəaliyyətimə 2017-2018-ci tədris ilindən etibarən başlamışam. Geridə qoyduğum bir semestr ərzində 226 tələbəyə strateji menecment fənnini tədris etmişəm. Fəaliyyətim əsasən mühazirə seminarlardan ibarət olub. Hazırda tələbələrimin imtahanını səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, uğurlu nəticələr əldə edəcəklər. Onların nəticələri mənim müəllim olaraq uğurum sayıla bilər.

- Bir azərbaycanlı gənc kimi Edinburq kimi təhsil ənənələri olan bir ali məktəbdə işlədiyinizə görə hansı hissləri keçirirsiniz?

- Bir neçə il əvvəl bir gün Böyük Britaniyada hər hansı fənni tədris edəcəyimi təsəvvür etmirdim, təhsil aldığım dövrdə mənə dərs deyən müəllimlərin əlçatmaz vəzifədə olduğunu düşünürdüm. Hal-hazırda bu yolda ilk addımımı atmaq mənim üçün qürurverici hissdir.

Edinburqun ilk azərbaycanlı müəllimi...

- “Edinburqun ilk azərbaycanlı müəllimikimi tələbələrinizlə ilk dərsinizi necə xatırlayırsınız? Çətin olmadı ki, sizin üçün. Hər halda yad ölkə, fərqli tədris mühiti...

- Özümü universitetin ilk azərbaycanlı müəllimi adlandırmazdım. Edinburqda hal-hazırda doktorluq dərəcəsində təhsil alaraq tələbələrə seminarlar deyib müəllimlik istiqamətində çalışan bir neçə azərbaycanlı var, hər birinin adını yaxın gələcəkdə böyük uğur əldə etdiyinə görə tanıyacağıq. Mənim yeganə fərqim həm mühazirələr deməkdir. Əlbəttə, ilk dərs başlayana qədər çox həyəcanlı idim. İngilisdilli ölkədə yerli tələbələrin qarşısına bir xarici müəllim olaraq çıxmaq mənim üçün həyəcanverici idi. Lakin, dərs başlayandan sonra tədris zalında olan 200-dən çox tələbənin sənin dediklərini maraqla dinlədiyini hiss etdiyin an dərsdən başqa heç bir şey düşünmürsən hər bir tələbənin dərs materialını anlaması üçün çalışırsan.

Tələbələrimlə bərabər biliklərimin çox artdığını hiss edirəm

- Tələbələriniz haqda deyə bilərsiniz? Onlar hansı ölkələri təmsil edirlər? Dərsləriniz necə keçir? Tələbələrin dərsə maraq göstərməsi səviyyədədir?

- Tələbələrimin əksəriyyəti yerli, yəni Böyük britaniyalı tələbələrdir. Bəzi Avropa ölkələri, Amerika Çindən tələbələrim var idi. Buradakı tələbələr məni düşünmək, analitiq qabiliyyətləri ilə müsbət mənada təəccübləndirirlər. Verilən sualların məntiqi bəzən məni düşünməyə məcbur edir. Məncə, bu özünü inkişaf etdirmək üçün əla vasitədir - geridə qoyduğum bir semestr ərzində tələbələrimlə bərabər dünyagörüşü biliklərimin çox artdığını hiss edirəm.

Elmi kollektiv çox mehribandır, bu səbəbdən özümü çox rahat hiss edirəm

- Ümumiyyətlə, universitetdə əcnəbi müəllimlərə münasibət necədir? Bir müəllim olaraq özünüzü sərbəst hiss edə bilirsinizmi? Müəllim-tələbə münasibətləri barədə deyə bilərsiniz?

- Universitet mühiti Böyük Britaniyada irqi milli ayrı-seçkiliyin tamamilə hiss olunmadığı yerlərdən biridir. İnsanlara bilik savadına görə qiymət verildiyi üçün müəllim heyətinin böyük bir qismi xaricilərdir. Daha bir müsbət cəhət isə on illərlə stajı olan professorların gənc müəllimlərə yol göstərməsi, dəstəyidir. Elmi kollektiv çox mehribandır, bu səbəbdən özümü çox rahat hiss edirəm.

Müəllim-tələbə münasibətləri isə öz sadəliyi səmimiliyi ilə seçilir. Müəllimlər tələbələrə tədris verməklə bərabər, hər bir tələbənin müəllim heyətindən təyin olunmuş rəhbəri olur. Tələbə onu narahat edən bütün məsələlərlə həmin müəllimə yaxınlaşıb məsləhət ala bilər. Bunu etməkdə məqsəd tələbələrin bir çoxunun öz evlərindən, ailələrindən uzaqda olması ilə əlaqədar olaraq yaşaya biləcək çətinlikləri ilə bağlıdır. Bu çətinliklər dərs davamiyyətinə təsir etməsin deyə hər bir tələbə şəxsi dəstək hiss etməlidir.

- Həyatda təhsildə uğur qazanmaq üçün tələb olunur? Həmyaşıdlarınıza kimi tövsiyələriniz olardı?

- Həyatda, təhsildə, karyerada-istənilən sahədə uğur qazanmaq üçün ilk növbədə vacib olan məqsəd istəkdir. Durmadan öz üzərinizdə çalışıb öyrənməyə davam etmək lazımdır. Yaşdan, təhsil səviyyəsindən asılı olmayaraq öyrənmək uğurun əsas yoludur. Tələbələrimdən nəyisə öyrənməyə çəkinmirəm, əksinə, bunu olduğu kimi qəbul edib öz üzərimdə işləməyə davam edirəm. İnsanın hər yaşda öyrənəcəyi yeniliklər var. Bundan qaçmamaq, biliklərini artırmaq ən əsası, qorxmamaq lazımdır. İstənilən yeni addım atarkən qorxu hissi hər adamda olur. Onun öhdəsindən gəlmək özünə güvənmək uğurun əsas şərtlərindən biridir.

Gələcəyimi akademik fəaliyyətdə görürəm

- İşdən kənar vaxtlarınız necə keçir? Hobbiniz, maraqlarınız barədə.

- İşdən kənar vaxtlarımı əsasən ailəm Edinburqda yaşayan, təhsil alan azərbaycanlılarla keçirirəm. Britaniyaya köçməzdən əvvəl uzun müddət latın-amerikan rəqsləri ilə məşğul olmuşam, lakin artıq sadəcə professional rəqs dünyasında baş verənləri izləməklə kifayətlənirəm. Səyahət etməyi sevirəm, vaxt olduqca Britaniyanın müxtəlif şəhərlərini gəzib görməyə çalışıram.

- Gələcəklə bağlı hansısa planlarınız varmı?

- Professional olaraq gələcəyimi akademik fəaliyyətdə görürəm. Universitet mühitində olmaqdan zövq alıram və insanın zövq aldığı sahədə işləməsinin vacib olduğunu düşünürəm. Gələn il elmi araşdırma aparmaq üçün hal-hazırda mövzu üzərində işləyirəm. Uyğun mövzu ilə uğurlu araşdırma apararaq nəticə əldə edib dünyada qabaqcıl reytinqli elmi jurnallarda məqaləmin çap olunması yaxın gələcək üçün planımdır.

- Müsahibəyə görə sizə minnətdarlıq edir və müəllimlik fəaliyyətinizdə, şəxsi həyatınızda bol uğurlar arzulayıram.

-Təşəkkür edirəm!

 

Oruc MUSTAFAYEV

 

Azərbaycan müəllimi.- 2017.- 22 dekabr.- S.9.