2017-ci ilin təhsil nailiyyətləri
Məktəbəqədər
və ümumi təhsil
- Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib.
Müsabiqənin keçirilməsində əsas məqsəd müstəqil Azərbaycanın banisi və qurucusu ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəslə dərindən öyrədilməsini təmin etməkdən ibarətdir. Təhsil nazirinin əmrinə əsasən təşkil edilən müsabiqə rayon (şəhər), ölkə üzrə olmaqla IX-XI sinif şagirdləri arasında iki mərhələdə təşkil olunub. Müsabiqə qaliblərinin mükafatlandırılması “Gülüstan” sarayında keçirilib.
- Ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilib.
2017-ci ildə ikinci dəfə keçirilən müsabiqə məktəb, rayon (şəhər) və ölkə üzrə olmaqla VIII-XI sinif şagirdləri arasında təşkil olunub.
- 2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan olunub.
2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan olunması ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq və bu prosesdə yerli təhsili idarəetmə orqanlarının, məktəb pedaqoji kollektivlərinin imkanlarını səfərbər etmək, innovativ fəaliyyəti ilə fərqlənən təhsil işçilərini və ümumtəhsil məktəblərini aşkara çıxarmaq məqsədinə xidmət edir.
- Cocuq Mərcanlı kəndində 24 ildən sonra məktəb zəngi çalınıb.
Təhsil nazirinin əmrinə əsasən, cari tədris ilində ilk dərs məşğələsi bütün ümumi təhsil müəssisələrində “Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr edilib. Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində 24 ildən sonra məktəb zəngi çalınıb.
- Məktəbəhazırlıq təhsilinin əhatəliliyi genişləndirilib.
2016-2017-ci dərs ilindən etibarən ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına məktəbəhazırlıq qrupları təşkil olunub, 5 yaşlı uşaqların 55 faizi həmin qruplara cəlb edilib. 2017-2018-ci dərs ilində isə məktəbəhazırlıq qruplarında uşaqların əhatəliliyi 65 faizə çatdırılıb.
- Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı üzrə pilot layihə tətbiq edilib.
Təhsil Nazirliyinin 27 noyabr 2017-ci il tarixli 423 nömrəli əmrinə əsasən, Lənkəran Dövlət Universiteti ilə Astara və Yardımlı rayonlarının ümumtəhsil məktəbləri arasında elmi-pedaqoji əməkdaşlığın yaradılmasına dair pilot layihə həyata keçirilməyə başlayıb.
- 140000-dək müəllim diaqnostik qiymətləndirmədən keçib.
2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140000-dək müəllim, o cümlədən ümumi saydan 41360 nəfəri 2017-ci ildə diaqnostik qiymətləndirmədən keçib. Beləliklə də ölkənin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə yekun vurulub. 2014-2016-cı illərdə diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin maaşı müvafiq qaydada artırılıb. 2017-ci ildə diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı isə 1 yanvar 2018-ci il tarixdən artırılacaqdır.
- 49335 nəfər müəllim təyin olunmaq üçün müraciət edib.
2017-2018-ci dərs ili üçün müəllimlərin işə qəbulu üzrə təşkil olunmuş müsabiqədə iştirakı məqsədi ilə 49335 nəfər miq.edu.az saytında qeydiyyatdan keçib. Onlardan 47000 nəfərin elektron ərizəsi təsdiq edilərək test imtahanına buraxılıb. Test imtahanında 40000 nəfər iştirak edib. Müsabiqənin 1-ci turunun nəticəsinə görə müddətsiz müqavilə ilə işə qəbul olunanların sayı 4454, 2-ci turun nəticəsinə görə isə 1058 nəfər olub.
- Beynəlxalq PIRLS qiymətləndirilməsində nəticələr 462-dən 472 bala yüksəlib, “Mükəmməl” və “Yüksək” kateqoriyada olan şagirdlərimizin sayı 2 dəfə artıb.
2017-ci ildə elan olunan beynəlxalq PIRLS qiymətləndirməsinin nəticələrinə görə, azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 10 bal artaraq 462 baldan 472 bala yüksəlib. “PIRLS 2011” tədqiqatının nəticələri ilə müqayisədə son 5 ildə “mükəmməl” və “yüksək” səviyyəyə uyğun nəticə göstərmiş ibtidai sinif şagirdlərinin sayı 2 dəfə artıb. “Aşağı” səviyyəyə uyğun nəticə göstərmiş şagirdlərin faizi isə 10 faiz azalaraq 37-dən 27-ə enib.
- Respublika fənn olimpiadalarında 30000-dən artıq şagird iştirak edib.
VIII-XI sinif şagirdlərinin iştirak etdiyi Respublika fənn olimpiadalarında iştirakçılar tərəfindən 2017-ci ildə 48-i qızıl, 85-i gümüş və 130-u bürünc olmaqla 263 medal qazanılıb. Olimpiadaların rayon (şəhər) mərhələsində 30000-dən artıq şagird, respublika mərhələsinin yarımfinal və final turlarında müvafiq olaraq təqribən 6000 və 500 şagird iştirak edib.
- Beynəlxalq fənn olimpiadalarında cari ildə 38 medal qazanılıb.
2017-ci ildə Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında 2 qızıl, 6 gümüş, 30 bürünc medal olmaqla ümumilikdə 38 medal qazanıblar.
- Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsində 50-dən çox rayonda 122 layihə icra olunub.
Ölkə Prezidentinin sərəncamına əsasən hazırlanmış “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər” Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 258 nömrəli qərarı ilə təsdiq edilib.
Həmin qərara uyğun olaraq, müəllimlər arasında sağlam rəqabətin gücləndirilməsi, innovativ fəaliyyətin stimullaşdırılması, tədrislə bağlı müxtəlif innovativ ideyaların sınaqdan keçirilməsi, müsbət təcrübələrin tətbiqi məqsədilə “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi” keçirilib. Müsabiqəyə təqdim edilmiş 282 layihə ekspertlər tərəfindən qiymətləndirilib, nəticələrə əsasən, təhsil müəssisəsi kateqoriyası üzrə 38, müəllim kateqoriyası üzrə 84 olmaqla ümumilikdə 122 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edilib.
- Elektron
resurslara ümumilikdə 1 milyondan çox giriş olub.
2017-ci ildə 21 multimedia məzmunlu və 29 qiymətləndirmə
sistemli video-dərs hazırlanaraq www.video.edu.az portalında
yerləşdirilib. Məktəbəhazırlıq elektron
platformasının hazırlanması üzrə fəaliyyət
tam yekunlaşıb və www.bilikleradasg.edu.az portalında yerləşdirilib.
www.e-resurs.edu.az (81855 dəfə giriş olub),
www.e-derslik.edu.az (993770 dəfə giriş olub), www.e-test.edu.az
(148144 dəfə giriş olub) portallarında mütəmadi
olaraq yeni tədris resursları yerləşdirilir və
portalların fasiləsiz işləməsini təmin etmək,
lazımi yardımları göstərmək məqsədi ilə
texniki dəstək göstərilir. Şagird
və müəllimlərin bir portal vasitəsilə
çıxışının təmin olunması məqsədi
ilə www.portal.edu.az və www.video.edu.az portallarının
www.e-resurs.edu.az portalına birləşdirilməsi istiqamətində
işlərə başlanılıb.
- Elektron
sistem vasitəsilə 50 minədək uşaq ümumtəhsil
məktəblərinə qəbul olunub.
2017-2018-ci dərs ilində Bakı şəhəri
üzrə ümumtəhsil məktəblərinin birinci sinfinə
elektron sistem vasitəsilə 50 minədək uşaq qəbul
olunub.
- Pilot
layihələr uğurla davam etdirilib.
“Sağlam təhsil - sağlam millət” layihəsində
şagird sayı 50 faiz artırılaraq, 3748-ə
çatdırılıb. “Məktəblinin dostu” pilot layihəsi
31 məktəbdə davam etdirilib.
-
Ümumtəhsil məktəblərinin təmayüllü
siniflərinə 27005 nəfər şagird qəbul edilib.
2017-2018-ci
dərs ilində ölkə üzrə 722 məktəbin təmayüllü
1206 X sinfinə 27005 nəfər şagird cəlb olunub. Təmayüllər dörd istiqamət üzrə
(texniki, riyaziyyat-iqtisadiyyat, humanitar və təbiət) təşkil
olunub. Hər bir təmayül üzrə
tədris planı və proqramları hazırlanıb təsdiq
edilib.
- Məktəbəhazırlıq
qruplarının 4123 nəfər müəllimi təlimlərdən
keçirilib.
“Məktəbəhazırlıq qruplarında işin təşkili
metodikası” mövzusunda təlimlərə 2017-ci ildə
4123 nəfər müəllim cəlb edilib ki, bu da ötən
illə müqayisədə 10 faiz çoxdur.
Bununla
yanaşı, müxtəlif ali və əlavə təhsil
müəssisələri, həmçinin Təhsil
İşçilərinin Peşəkar İnkişafı
İnstitutu tərəfindən keçirilmiş
ixtisasartırma təlimlərində iştirak etmiş 11000 nəfərə
yaxın müəllimin yekun qiymətləndirilməsi təşkil
edilib, onlara müvafiq sertifikatlar verilib.
- 198 nəfər
müsabiqə yolu ilə direktor vəzifəsinə işə
qəbul edilib.
Ümumi
təhsil müəssisələrinin direktoru vəzifəsinə
səriştəli və peşəkar şəxslərin
seçilib yerləşdirilməsi məqsədi ilə 3 mərhələli
(elektron ərizələrin qəbulu, imtahan və müsahibə)
müsabiqə təşkil olunub və 198 nəfər direktor
vəzifəsinə işə qəbul edilib.
- “İnklüziv təhsilin inkişafı üzrə
Dövlət Proqramı” təsdiq edilib.
Sağlamlıq
imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin
bütün pillələri üzrə digər şəxslərlə
bərabər səviyyədə təmin etmək və
onların təhsili üçün maneəsiz mühit
yaratmaq məqsədi ilə hazırlanmış
“2018-2024-cü illərdə Azərbaycan Respublikasında
sağlamlıq imkanları məhdud şəxslər
üçün inklüziv təhsilin inkişafı üzrə
Dövlət Proqramı” ölkə
başçısının 2017-ci il 14
dekabr tarixli sərəncamı ilə təsdiq edilib.
- Çin Xalq Respublikası ilə imzalanmış
Saziş çərçivəsində məktəblərə
müasir tipli elektron avadanlıqlar verilib.
Azərbaycan
Respublikası Hökuməti və Çin Xalq Respublikası
Hökuməti arasında imzalanmış Texniki-İqtisadi
Əməkdaşlıq Sazişi çərçivəsində
cari ildə ümumtəhsil məktəblərinə 20880 ədəd
noutbuk, 789 ədəd elektron lövhə, 789 ədəd
proyektor və 20 ədəd masaüstü kompüter
avadanlığı verilib.
- Məktəbdənkənar
təhsil müəssisələrində 3616 nəfər heyətin
qiymətləndirilməsi keçirilib.
Regionlardakı məktəbdənkənar təhsil
müəssisələrinin 3616 nəfər dərnək rəhbəri
və məşqçi-müəlliminin bilik və
bacarıqlarının qiymətləndirilməsi
keçirilib.
- “IV İslam Həmrəyliyi Oyunları” və “Formula 1”
yarışlarında 15000-dək könüllü iştirak
edib.
“Bir” Tələbə-Könüllü hərəkatı
vasitəsilə IV İslam Həmrəyliyi Oyunlarına 11 mindən
çox, “Formula 1” Azərbaycan Qran Prisinə isə 3500-ə
yaxın tələbə-könüllü cəlb edilib.
- IV
İslam Həmrəyliyi Oyunlarında uşaq-gənclər
idman məktəblərinin idmançıları uğurla
çıxış edib.
IV
İslam Həmrəyliyi Oyunlarında Təhsil Nazirliyi
sistemindəki uşaq-gənclər idman məktəblərinin
18 nəfər idmançısı iştirak edib, onlardan
4-ü qızıl, 4-ü bürünc medal qazanıb, 6 nəfəri
isə oyunların mükafatçısı olub.
- Modul
tipli məktəblərin inşası geniş vüsət
alıb.
2017-ci ildə
ölkənin 40 rayonunda təqribən 5000 nəfər
şagirdi əhatə edən 100 modul tipli məktəb
inşa edilib. Modul tipli məktəblər az
məsrəflə başa gəlir və qısa müddət
ərzində istənilən ərazidə
quraşdırılır.
Peşə təhsili
- İlk peşə-ixtisas təhsili müəssisələrinə
qəbul planı 20950 nəfərə
çatdırılıb.
2017-2018-ci dərs ilində ilk peşə-ixtisas təhsili
müəssisələrinə qəbul planı 20950 nəfər
təşkil edib və yerinə yetirilib. Bu, 2016-2017-ci dərs ili ilə müqayisədə 2130 nəfər
çoxdur. Bu dərs ilində ölkədə
fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili
müəssisələrinə 11600 nəfər dövlət
hesabına, 9350 nəfər ödənişli əsaslarla qəbul
olunub.
- “ASAN Peşə” layihəsi üzrə 11684 nəfər
ilk peşə-ixtisas təhsili müəssisələrinə
qəbul olunub.
“ASAN Peşə” layihəsi üzrə elektron sənəd
qəbulu vasitəsilə 11684 nəfər ilk peşə-ixtisas
təhsili müəssisələrinə qəbul olunub. Qəbul edilənlərin 20
faizinin orta attestat balı “4”-dən
yuxarı olub. Ümumilikdə, sənəd qəbulunda
iştirak edənlər arasında attestat qiymətləri “4”
və ya “5” olanların sayı ötən illə müqayisədə
3 dəfə artıb.
- “Azərbaycan
Respublikasında peşə təhsili və təliminin
inkişafına dair Strateji Yol Xəritəsi”nin
icrasına başlanılıb.
Strateji Yol Xəritəsinin icrasının təşkili
məqsədi ilə Fəaliyyət Planı təsdiq edilib, 6
prioritet istiqamət əhatə olunmaqla icraçı
qurumların nümayəndələrindən ibarət 5
işçi qrupu yaradılıb. “Peşə təhsili
müəssisələri üzrə əsas fəaliyyət
göstəriciləri” (7 sahə üzrə 51 göstərici)
təsdiq edilib. İqtisadiyyatın prioritet istiqamətləri
üzrə 10 pilot peşə təhsili müəssisəsi
seçilib. 1500-ə yaxın müəllim-pedaqoji
heyətin diaqnostik qiymətləndirməsi keçirilib.
- İlk peşə-ixtisas təhsili müəssisələrinin
normativ-hüquqi bazası təkmilləşdirilib.
İlk dəfə olaraq “Peşə təhsili
haqqında” qanun layihəsi hazırlanıb və Milli Məclisin
Elm və Təhsil Komitəsində müzakirə edilib. “Peşə təhsili
müəssisələrində yaşlıların təhsili
və ixtisasartırma kurslarının təşkili
Qaydaları”nın layihəsi
hazırlanıb. “Dövlət və bələdiyyə tərəfindən
yaradılan ilk peşə-ixtisas təhsili müəssisəsinin
Nümunəvi Nizamnaməsi”nin layihəsi
hazırlanıb.
- Peşə
təhsili sahəsində beynəlxalq əməkdaşlıq
genişlənib.
“Azərbaycanda Peşə Təhsili və Təliminin
(PTT) inkişafına Avropa İttifaqının dəstəyi”
Texniki Yardım layihəsinin və Avropa İttifaqının
4 qrant layihəsinin icrasına başlanılıb. Peşə Təhsili
üzrə Dövlət Agentliyi və Peşə Təhsili və
Təlimi üzrə Koreya Tədqiqat İnstitutu (KRİVET)
arasında əməkdaşlığa dair Anlaşma
Memorandumu imzalanıb. Çin Xalq
Respublikasından ölkəmizə 70 adda 168 ədəd
müxtəlif təyinatlı simulyatorlar, təlim və tədris
vəsaitləri gətirilib.
Ali təhsil
- 2017-ci
ildə Azərbaycan-Fransız Universitetinin (UFAZ) yeni tədris
binası istifadəyə verilib.
Azərbaycan-Fransız Universiteti (UFAZ) 2014-cü ildə
Azərbaycan və Fransa Prezidentlərinin təşəbbüsü
ilə yaradılan və uğurla davam edən layihədir. 2016-cı ilin
sentyabr ayından etibarən fəaliyyət göstərən
UFAZ-da 4 ixtisas üzrə (Kimya mühəndisliyi, Kompüter
mühəndisliyi, Geofizika mühəndisliyi və Neft-qaz
mühəndisliyi) tələbə qəbulu həyata
keçirilir. Tədris ingilis dilində
olan bu universitetin məzunları ikili diplom alacaqlar.
- Cari ildə
ali məktəblərə 37 mindən
çox abituriyent qəbul olunub.
Cari ildə
ali məktəblərə 37 mindən
çox abituriyent qəbul olunub ki, bu da ötən illə
müqayisədə 12 faiz çoxdur. Qəbul olan abituriyentlərin
90 faizə yaxını dövlət ali təhsil
müəssisələrinin payına düşür.
- Ali məktəbə
qəbulda yüksək bal toplayanların
çəkisi artıb.
Cari ildə
ali məktəblərə qəbul
imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı
2014-cü ildəki 34 faizdən 50 faizə yüksəlib. Son
4 ildə 300 baldan çox toplayanların sayı 15.8, 400 baldan
çox toplayanların sayı 18.8, 500 baldan çox
toplayanların sayı 27.6, 600 baldan çox toplayanların
sayı 43.3 faiz artıb. Cari ildə 15 nəfər maksimum nəticə
göstərərək 700 bal toplayıb.
- “Maarifçi” Tələbə Kredit Fondu 118 tələbəyə
təhsil krediti verib.
“Maarifçi” Tələbə Kredit Fondu aztəminatlı
ailələrdən olan 118 tələbəyə təhsil
krediti verib. Cari tədris ilindən aztəminatlı ailələrdən
olan tələbələrə təhsil kreditlərinin faizsiz
təqdim olunması nəzərdə tutulub.
- 225 nəfər
azərbaycanlı tələbə xaricdə təhsil almaq
hüququ qazanıb.
Hökumətlərarası
müqavilələrə əsasən, tələbələrdən
22 nəfər Çin Xalq Respublikasında, 198 nəfər
Macarıstanda, 5 nəfər Rumıniyada təhsil almaq
hüququ qazanıb.
- Ölkəmizdə
75 xarici ölkədən 5541 nəfər tələbə təhsil
alır.
2017-2018-ci
tədris ilində Azərbaycanda təhsil alan
əcnəbi tələbələrin sayı 75 ölkədən
olmaqla 5541 nəfər təşkil edir. Bu isə
ötən illə müqayisədə 10 faiz artım deməkdir.
-
Böyük Britaniya agentliyinin reytinqində Azərbaycanın
6 ali təhsil müəssisəsi 300 ən
yaxşı ali məktəb sırasına daxil olub.
Böyük Britaniyanın “Quacquarelli Symonds” (QS) agentliyi
tərəfindən “İnkişaf etməkdə olan Avropa və
Mərkəzi Asiya” (QS EECA University Rankings 2018) regionunun ən
yaxşı universitetlərinin 2017-2018-ci illər üzrə
reytinqi açıqlanıb. Dünyanın 24 ölkəsindən
300 ali məktəbin yer aldığı reytinq cədvəlinə
Azərbaycanın 6 universiteti daxil olub: (Bakı Dövlət
Universiteti (95), Xəzər Universiteti (100), Azərbaycan
Dövlət İqtisad Universiteti (161-170), Azərbaycan Dövlət
Memarlıq və İnşaat Universiteti (171-180), Azərbaycan
Dillər Universiteti (171-180), Bakı Slavyan Universiteti (201-250).
- “Web of Science”da çap olunmuş məqalələrin
sayı 60 faiz artaraq 422-yə çatıb.
Təhsil
Nazirliyinin “Clarivate Analytics” şirkəti ilə səmərəli
əməkdaşlığı ölkəmizin ali təhsil müəssisələrində
çalışan alimlərin nəşr aktivliyinə
müsbət təsir edib. Şirkətin resurslarından aktiv
istifadəni təmin etmək üçün Bakı, Gəncə
və Naxçıvan şəhərlərində 2000 nəfərin
iştirakı ilə 42 təlim keçirilib. Təlimlər
zamanı universitetlərin professor-müəllim heyəti “Web
of Science” və onunla əlaqəli resurslarla işləmək
bacarığı əldə edib.
Bakı
Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye
Universiteti və Azərbaycan Dövlət İqtisad
Universitetində “Web of Science” Sertifikasiya Proqramı həyata
keçirilib və 65-ə yaxın proqram
iştirakçısı öz universitetlərində elmi
bazadan istifadə ilə bağlı təlim keçmək və
kiçik konsultasiyalar etmək hüququ qazanıb.
Son
dövrlərdə həyata keçirilmiş tədbirlər
nəticəsində Azərbaycan ali təhsil
müəssisələrinin 2016-cı ildə “Web of Science”
indeksli məqalələri 2015-ci illə müqayisədə
60 faiz artaraq 422-yə çatıb.
- SABAH
qruplarına 851 nəfər tələbə qəbul olunub.
2017-2018-ci
dərs ilində 12 ali təhsil müəssisəsində
32 ixtisas üzrə 851 tələbə müsabiqədən
keçərək SABAH qruplarına qəbul olub.
2017-ci ildə
SABAH qruplarının 722 nəfər məzunundan 219-u
magistraturaya qəbul olub, 115 nəfər isə təhsilini
xarici ölkələrin ali təhsil
müəssisələrində davam etdirmək
üçün digər ölkələrə gedib.
-
Transfer.edu.az portalı vasitəsi ilə 1191 nəfər tələbə
köçürülüb.
Tələbələrin köçürülməsi
elektron sistem əsasında həyata keçirilib,
transfer.edu.az portalı vasitəsi ilə 1191 nəfər tələbə
köçürülüb.
- Hərbi
xidmətdən möhlət hüququ verilməsi ilə əlaqədar
magistraturaya qəbul olan oğlanların sayı 74 faiz
artıb.
Hərbi xidmətdən möhlət hüququ verilməsi
ilə əlaqədər ötən illə müqayisədə
magistraturaya qəbul olan oğlanların sayı 74 faiz
artıb. Cari
ildə magistratura pilləsinə qəbul olanların 3590 nəfərini
(56.4 faiz) qızlar, 2771 nəfərini (43.6 faiz) isə
oğlanlar təşkil edib. Ümumilikdə magistraturaya qəbul
imtahanlarında bakalavrların ümumi nəticələri
ötən tədris ilinə nisbətən 36,3
faiz yüksəlib.
- 3017
nostrifikasiya sənədinin icrası başa
çatdırılıb.
Nostrifikasiya
sahəsində ali təhsil sənədlərinin
tanınması və ekvivalentliyinin müəyyən
olunması (nostrifikasiya) məqsədi ilə cari ildə 2574
müraciət icraata qəbul edilib. Əvvəlki illərdən
icrası başa çatdırılmamış ali təhsil sənədləri də daxil
olmaqla ümumilikdə 3017 sənədin icrası başa
çatdırılıb.
Azərbaycan müəllimi.- 2017.-
29 dekabr.- S.4-5.