Medalın o biri üzü

 

Yaxud Finlandiya təhsilinin problemləri barədə

 

Tarixdə yüzlərlə nümunə var ki, bir və ya bir qrup ölkədə uğurla sınaqdan çıxarılmış siyasi-hüquqi, sosial-iqtisadi islahatlar digər dövlətlərdə yaxşı halda uğursuzluğa düçar olub, pis halda isə böhran və hətta xaosla nəticələnib. Hazırda Çin dünyanın ən iri və güclü iqtisadiyyatına sahib olan dövlətə çevrilməkdədir. Bu, həm də siyasi və hərbi qüdrət deməkdir. Çin faktiki olaraq dünyanın supergücünə və son 20 ilin yeganə qütbü olan Atlantik bloka alternativ formalaşdırmaqdadır. Ancaq gəlin baxaq görək son yarım əsrdə Çinin keçdiyi mürəkkəb yolu digər hansısa dövlət və ya xalq keçə bilərmi? Keçərsə, hansı nəticələri əldə edər? Siyasət, hüquq, iqtisadiyyat, sosial həyat və s. sferalar kimi təhsildə də eksperimentlər olduqca mürəkkəb və məsuliyyətli prosesdir. Bugünkü Sinqapurun iqtisadi rifahı və sabitlik cənnəti olmasının başlıca səbəbi təhsil islahatlarıdır. Sərt, ardıcıl, güzəştsiz. Eynilə Cənubi Koreyada olduğu kimi. Dünyanın ən xoşbəxt ölkələri reytinqində mütəmadi olaraq Top-5-də qərarlaşan Finlandiya, Danimarka kimi dövlətlərdə isə təhsil sistemi yuxarıda adıçəkilənlərdən köklü şəkildə fərqlənir. Finlandiya əhalisinin təqribən 6%-i isveçlilərdir. Həmin bu 6%-ə görə ölkədə İsveç dili ikinci dövlət dili elan olunub. Bu praktikanı Yaxın Şərqin hər hansısa təmsilçisində tətbiq etmək olarmı?

İsveçdə 6-7 yaşa çatmış uşaqların cinsi maarifləndirilməsinə start verilir. Məsələn, qız uşaqlarını atalar problemsiz şəkildə ictimai kişi hamamına götürə bilərlər: uşaq hər şeyi başa düşməlidir. Bunu nəinki müsəlman ölkələrində, elə həmin Avropanın cənubundakı - İtaliya, Yunanıstan, İspaniyada etmək qeyri-mümkündür və mənəvi problemdir.

Ümumiləşdirərək belə bir nəticəyə gələ bilərik ki, siyasi, iqtisadi, hüquqi və hətta hərbi islahatlar kimi, təhsildə də aparılan dəyişikliklərin mühüm bir xüsusiyyətini nəzərdən qaçırmaq olmaz. Hətta bu amilin diqqətə alınmaması ciddi fəsadlara da səbəb ola bilər. Söhbət düşüncə tərzindən gedir. Çox uzatmadan bir misal çəkək: fin məktəblərində uşaqlar nəinki parta arxasında oturmaya, hətta kimisi istəyir gəzişə, kimisi divanlarda uzana bilər. Dərs prosesində bu kimi amillərə məhdudiyyət yoxdur. Bizdə belə etmək mümkündürmü? İlk əleyhdar elə uşağın valideyni olmayacaqmı?

Bu yazımızda bir daha Finlandiyanın təhsil sistemi mövzusuna qayıdacaq, öz mətbuatlarında işıq üzü görmüş tənqidi materiallara və qənaətlərə yer verəcəyik. Məqsəd heç də o deyil ki, bu sistem yersiz tənqid olunsun. Sadəcə olaraq müzakirə mövzusu kimi problemə başqa yöndən baxmağa çalışaq.

Xatırladaq ki, qəzetimizin ötən saylarından birində Finlandiya təhsil sisteminin mütərəqqi nailiyyətlərinə həsr olunmuş məqalə də çap olunub.

5 problem

Payızda baş nazir Yuhi Sipilya hökumətinin təhsilə ayrılan vəsaiti azaltma niyyətini elan etməsi cəmiyyətin bütün sferalarında qızğın müzakirələrə yol açdı. Bu polemika məntiqi olaraq təhsilin səviyyəsi müstəvisinə transformasiya olundu. Məlum oldu ki, sən demə, ölkənin təhsil sistemi geriləyib, nəticələr aşağı düşüb, təhsilin ümumi səviyyəsi zəifləyib. Bu da öz növbəsində siyasi problemə çevrildi: partiyalar bir-birlərini bu uğursuzluğa görə qınamağa başladılar.

Yerli “İltalehti” qəzeti təhsil sahəsində olan problemləri 5 qrupa ayırır.

1. Göstəricilər aşağı düşüb.

Professor Yussi Vyalimanın sözlərinə görə, məktəblilərin oxu, riyaziyyat və təbiətşünaslıqdakı göstəriciləri 2006-cı ilə nisbətən aşağı düşüb. Həmin il Finlandiya PİSA lideri idi. Vyalima düşünür ki, vəziyyətdən çıxış yolu var. İlk olaraq təhsilə marağı stimullaşdıran proqram qəbul edilməlidir. Statistikaya görə, təhsil səviyyəsi Finlandiyanın ucqar yerlərində iri şəhərlərə nisbətən zəifdir. Eyni zamanda, oğlan uşaqları qızlara nisbətən geridə qalır. Hətta riyaziyyatda. Baxmayaraq ki, ənənəvi olaraq riyaziyyatda oğlanlar daha güclü olublar. Finlandiyanın 5,5 milyonluq əhalisi əsas etibarilə ölkənin cənub və şərq hissələrində, iri şəhər və rayonlarda yaşayırlar. Bu fərq nəinki regionlar, hətta məktəblər arasında da müşahidə olunmaqdadır.

2. Qiymət amili.

Vyalimanın fikrincə, hər bir məktəbin öz qiymətləndirmə sistemi var. Hətta elə olur ki, məktəbin öz daxilində belə anlaşılmazlıqlar meydana çıxır. Söhbət müəllimin uşağı qiymətləndirə bilməməsindən getmir. Sadəcə olaraq kriteriyalar sistemi düzgün hazırlanmayıb. Bu isə çox vacib amildir, çünki attestatın alınması mərhələsi uşağın faktiki olaraq gələcəyini müəyyən edir: “Uşağın gələcəkdə liseyə, yaxud professional məktəbə daxil olub-olmaması məhz attestat amilindən asılıdır”.

Qiymətləndirmə faktoru Finlandiyanın Təhsilin İnkişafı Mərkəzi (Karvi) tərəfindən də tənqid olunur. Mərkəzin rəhbəri Harvi Peltoniemi hesab edir ki, məktəblərdə qiymətləndirmənin fərqli üsulları uşaqları növbəti mərhələyə adlayarkən qeyri-bərabər vəziyyətə salır.

3. Bilik səviyyəsinə uyğun paylaşdırma sistemi.

Professor Erno Lehtinenin qənaətinə görə, ən böyük problem bilik nəticələri və uşaqların ailələrinin sosial-iqtisadi durumları arasında olan fərqdən qaynaqlanır. “Ümumən məktəblər arasındakı fərq nəzərəçarpacaq dərəcədə deyil, ancaq siniflərin arasındakı fərq ciddidir” - deyən Lehtinenin fikrincə, məktəblərin öz daxilində siniflərin bilik göstəricilərinə əsasən qeyri-rəsmi bölgü mövcuddur. Bu fərqlərə əsasən də uşaqlar paralel siniflərə paylaşdırılırlar. “Uşaqları musiqi, dil, riyaziyyat təmayüllü siniflərə seçərkən onların bilik səviyyələri və test nəticələri nəzərə alınır” - deyən Lehtinenə görə, xüsusi siniflərdə oxuyan uşaqların əksəriyyəti sosial rifahı yüksək olan ailələrdən olanlardır.

Təhsildə diferensiallaşma istedadlı uşaqların bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi məqsədini daşıyır. Finlandiyada isə bu proses ortaya başqa problem çıxarıb. Professor Lehtinen: “Araşdırmalar göstərir ki, siniflər üzrə qeyri-rəsmi paylaşmalar “quyruq”da qalan uşaqların göstəricilərini daha da zəiflədib. Beləliklə də bütün Finlandiya üzrə şagirdlərin hamısının orta göstəriciləri aşağı düşüb”. Lehtinenə görə, Finlandiya təhsil sisteminin əsas problemi ümumi orta göstəricilərin aşağı düşməsi və sosial-iqtisadi səbəblərdən uşaqların təhsil göstəricilərində yaranmış fərqlərdir. Yəni faktiki olaraq Finlandiyanı əvvəl güclü edən amil indi əks nəticələrə səbəb olur. Lehtinen bu müstəvidə bələdiyyələrin hədsiz müstəqilliyini də qeyd edir. Onun fikrincə, yerli idarəetmə orqanlarının səlahiyyətlərinin genişlənməsi, hətta təhsil sahəsində belə qərar qəbul etmə imkanları təhsilin ümumölkə səviyyəsində mərkəzləşdirilmiş məqsədlərə xidmət etməsinə əngəl törədir.

4. 25 uğursuz il.

Təhsil məsələləri üzrə müşavir Marti Hellströmun fikrincə, Finlandiya təhsil sisteminin son 45 ilini iki mərhələyə ayırmaq olar: 1972-ci ildə start verilmiş və 1990-cı ilin iqtisadi böhranı ilə başa çatmış “qızıl əsr” və sonrakı 25 il. “Büdcə vəsaitlərində qənaət əhalinin rifah halı ilə yanaşı, təhsilin səviyyəsinə də təsirsiz ötüşmədi” - deyə müşavir düşünür. 1990-cı ilin maliyyə böhranı ilə məktəblərdə uşaqlara keyfiyyətli pulsuz təhsilin verilməsi, müasir tədris materialları və yeni ləvazimatlarla təminata son qoyuldu. Finlandiya ilk ölkələrdən idi ki, məzuniyyətə çıxan müəllimləri əvəzləyənlərə zəhmət haqqı ödəmək praktikası yığışdırıldı. Fin məktəblərində istifadə olunan kitablar və dərs vəsaitləri o qədər köhnəlmişdilər ki, tam yararsız hala düşmüşdülər. 2000-ci illərdə təhsilalanların müavinət alma haqları təsdiqlənsə də, bunun üçün lazımi vəsait ayrılmırdı. Hellström deyir: “Bunların əvəzinə hökumət istənilən məsələyə dair ətraflı hesabatlar tələb edirdi ki, bu da təhsil işçilərini tam yorurdu, sənədlərlə iş absurd səviyyəyə çatmışdı”.

5. Təhsildə iki milli region.

Universitet müəllimi Venla Berneliusun sözlərinə görə, Finlandiya təhsil sistemində iki region formalaşıb: ucqar rayonlar və şəhərlər. “Müasir aztəminatlı ailələr az inkişaf etmiş rayonlarda cəmləşiblər. Şagirdin təhsil yerini bir rayondan digərinə dəyişməsi ailə rifahı ilə bağlı məsələdir. Hərdən bu proses o qədər çətinləşir ki, məsələnin miqyası Finlandiyanın kommunaları arasındakı köç əməliyyatları səviyyəsinə qalxır” - deyə Bernelius qeyd edir. Onun sözlərinə görə, rifah halı yaxşı olan ailə yaşayış rayonunu dəyişərkən uşağın məktəbini də dəyişir: “Bu yerdəyişmələr nəticəsində uşağın müəyyən ətrafı formalaşır. Əlbəttə, məktəb seçimində azadlıq olmalıdır. Əgər uşaq yalnız bir rayonun daxilindəki məktəblərdə oxuyacaqsa, bu, ümumən rayonun səviyyəsində özünü göstərəcək”. Yəni kasıb rayonlarda təhsil zəifdirsə və uşaq daha yaxşı təhsil verilən rayondakı məktəbdə oxuya bilmirsə, səviyyə artımı da mümkün olmayacaq. Berneliusun fikrincə, bu problemin ən asan yolu da məhz yaşayış yerini dəyişməkdir. Əlavə edək ki, Finlandiyada “Ən yaxşı məktəb yaxındakı məktəbdir” prinsipi əsas götürülür.

Daha bir təhsil eksperti Ulla Layne də bu qənaətlə razıdır. Onun sözlərinə görə, yaxşı şagirdlər yaxşı oxuyur, çatdırmayan uşaqlar isə daha da pis. Aztəminatlı ailələrin uşaqlarının savad göstəricisi aşağı enir, imkanlı ailələrin uşaqlarında isə yerində qalır.

Hazırda Finlandiyada ümumölkə səviyyəsində təhsilə dair mənzərənin ən mühüm xüsusiyyəti budur: təhsil göstəricilərinə görə ölkə ikiyə bölünüb. Şimal və qərb bölgələri ilə paytaxtın da yerləşdiyi cənub və şərq hissə arasında ciddi fərq yaranıb. Nə az nə çox - düz birillik tədris proqramı qədər.

 

(Davamı növbəti sayımızda)

 

Rüstəm QARAXANLI

 

Azərbaycan müəllimi.- 2017.- 29 dekabr.- S.1; 7.