Şərq ədəbiyyatında ideal ana obrazı

 

Hüseyn Cavidin əsərlərindəqadınların mənəvi təkamülü

 

Bütün yaradıcılığı boyu xeyirlə şərin mübarizəsini təsvir edən Hüseyn Cavid müxtəlif mövzularda məhəbbət və fəlsəfi məzmunlu əsərlər yazan, sənət, fikir və amalını geniş oxucu kütləsinə sevdirməyi bacaran sənətkardır.

Məzlum və zalımları, əzilən və əzənləri, haqlı və haqsızlıqları, öz təbiəti ilə real həyata və gerçək zamana uyğun gəlməyən cəfakeş insanların çıxılmaz vəziyyətini təsvir etməkdən ötrü H.Cavid ilk növbədə ailə və məişət mövzusuna üz tutmuş, 26 illik ədəbi fəaliyyətində, xüsusən, yaradıcılığının ilk dövrlərində bir çox əsərlərində bu mövzunu ön plana gətirmişdir.

H.Cavid sənəti ləyaqətli analara, qadınlara, qızlara həmdəm olan, onların bakir və saf duyğularına öz qoynunda geniş yer verən, onlara himnlər bəstələyən, şərqilər qoşan, analıq adını hər şeydən uca tutan məğrur sənətdir.H.Cavid lirik şeirlərində olduğu kimi, dram əsərlərində də bir sıra orijinal qadın surətləri yaratmışdır. Qadınların taleyi ilə daha çox maraqlanan dramaturq ayrı-ayrı surətləri dərindən səciyyələndirmiş, onların daxili aləmini açmışdır. “Ana”, “Afət”, “Maral”, “Uçurum”, “Şeyx Sənan”, “Şeyda” və “Xəyyam” əsərlərindəki qadın surətləri səciyyələri etibarilə bir-birlərindən fərqlənirlər. Hərənin özünəməxsus tale yolu vardır. İsmət öz sevgisində sabit, sözündən dönməz, düşmənə qarşı amansız bir qadındırsa, Səlma bir ana kimi nə qədər mərhəmətlidirsə, bir insan kimi sözünə sadiqdirsə, bir o qədər də möhkəm iradəlidir. Onun köksündə gəzdirdiyi həyat eşqi, yaşayıb-yaratmaq həvəsi tükənməzdir. Bala cənazəsi önündə Səlma mənliyini itirməyib, verdiyi vədə xilaf çıxmır, bir insan kimi özünü alçatmır və oğlunun qatilinə münasibətində də bir insan kimi hərəkət edir.

 

“Ana” dramında Hüseyn Cavid türk qadınının mərdanə hərəkətini əks etdirməyə çalışıb. Ana evinə qəbul etdiyi qonağın oğlunun qatili olduğunu bilincə nə qədər sarsılsa da “Qonaq Allah qonağıdır”, “Qonağa zaval yoxdur” düşüncəsində bulunaraq dözümlük və mətanət göstərir; - “amandasan” - deyərək verdiyi sözün arxasında durduğunu nümayiş etdirir. Əsər faciəvi bir sonluqla bitsə də, Səlma ananın möhtəşəm obrazı milli xarakterik xüsusiyyətləri ilə yaddaşlarda dərin iz salır.

Dramaturq Səlma ana obrazı ilə nəinki Azərbaycan ədəbiyyatında, ümumiyyətlə, bütün Şərq ədəbiyyatında ideal ana obrazı yaratmışdır.

İsmət özünə gəldikdə qardaşı Səlimi köməyə çağırıb qatili cəzalandırmaq istəyirsə də, Səlma ananın öyüd-nəsihətlərinə qulaq asaraq onu bağışlayır. İsmətin ürəyi intiqam hissi ilə alışıb yansa da, ədəb-ərkana, el adətinə əməl etmək lazım olduğunu başa düşür.

 

Bütün insanlığa bir nümunə

 

Əslində, Hüseyn Cavid bu əsəri ilə türk qadınının bəşəri hisslərlə yaşadığını təsvir etməklə bərabər, bütün insanlığa bir nümunə göstərib.

“Ana” H.Cavidin yeganə pyesidir ki, klassik faciənin zaman, məkan və hərəkət vəhdəti tələblərinə cavab verir. Əsərdə məkan və zaman dəyişmədiyi üçün hərəkət, dinamika və dramatizm daha güclüdür. Buradakı surətlər iki qütbə ayrılır: harınlaşmış varlılar və onların təcavüzündən özünü qoruyan, namus, şərəf və ismətini hər şeydən üstün tutan yoxsullar.

Ana Tanrıya yalvarır, ancaq bir şeyi xəyalına gətirə bilmir ki, Allah bəxt, tale işinə müdaxilə etmir.

Əsərin bu hissəsi S.Rüstəmin “Ana və poçtalyon” şeirindəki ananın iztirablarını xatırladır. Hər iki əsərdə oğlundan böyük həsrətlə məktub gözləyib, gözlərini yola dikən nigaran ana təsvir olunmuşdur. Əsərdə ərsiz, qardaşsız, qohum-əqrəbasız ümidini yeganə oğluna bağlayan və onu tez bir zaman kəsiyində itirdiyini hələ bilməyən ananın xoş istək və arzuları, bununla bahəm, böyük bir nigarançılığı göstərilir. Onun İsmətlə görüşü, oğlundan məktub gəldiyini eşidərək dərin fərəh və şadlıq hissi keçirməsi, bütün bunlar əsərin fabulasını təşkil edir.

Həmçinin Səməd Vurğunun dramaturgiyasında ən böyük ana obrazı “Xanlar” dramındadır. Xanlar Qızyetər ananın yeganə oğludur. Xanlar və Mehriban bir-birlərini saf məhəbbətlə sevirlər. Səlma ana kimi, Qızyetər ananın da bircə arzusu oğluna toy etməkdir. Ancaq düşmənlər həyatını azadlıq uğrunda mübarizəyə həsr etmiş Xanları xaincəsinə öldürürlər.

Beləliklə, “hər iki ananın arzusu gözündə qalır, ancaq onlar heç də düşmən qarşısında əyilmir, səhnəni qalib kimi tərk edirlər. Hər iki ana - Səlma və Qızyetər onların evinə pənah gətirmiş qonaqları ələ vermirlər”.

Lakin H.Cavidin “Ana” dramındakı Səlma ana M.Qorkinin “Ana” romanındakı inqilabçı Pelegiya Nilovna kimi mübariz deyil. Pelegiya Nilovna kütləni ayağa qaldırmaqla oğlunu arxalı, dayaqlı, əyilməz edir. Səlma ana isə oğlu Qanpoladın sonuncu vəsiyyətinə əməl etməklə onun ruhuna dinclik bəxş etmək istəyir.

“Ana” mənzum dramında Hüseyn Cavid ana obrazı vasitəsilə, müəyyən zaman və məkan çərçivəsində öz bədii təxəyyülünün inikasını əyaniləşdirməyə nail olmuşdur. Çünki Səlma ananın sadə təbiətinin fövqündə barışmaz mübarizə ruhu var. Bu ruh lazım gələrsə, ona geniş bir jest etmək imkanı verir. Bu jest o qədər genişdir ki, onun hüdudları nəhayətsizlikdən itir. Oğlunun qatilini bağışlamaq anında Səlma ana məhz belə bir ömrü yaşayır. “Tanrının verdiyi həyatı Səlma almaq fikrindən çox-çox uzaqdır. Amma bu həyata ana yeni bir məna vermək əzmindədir. Ananın sərt və qəti addımı bəlkə də nə vaxtsa, cinayətə qatlanan birinin həyatını dəyişməyə qadirdir”. Qeyd etməliyik ki, məhz ana obrazının alicənablığı, nuru da elə buradadır. Ananın atdığı addım, müdhiş mühitin əxlaqının doğurduğu əməllərə qarşı bir etirazdır.

Bu səbəbdən M.Hadi, H.Cavid və A.Şaiq kimi romantik sənətkarlar “Allah adildirsə, biz niyə zalım olub qan tökək?” ideyası ilə çıxış edirdilər.

Biz buna oxşar halla A.Şaiqin 1908-ci ildə yazdığı “Ədhəm” poemasında rast gəlirik. Burada Ədhəm oğlunun qatilini öz evində tapır, cəza vermək əvəzinə, mərhəmət göstərib, yaralarını müalicə edir. Onun bu alicənablığı qatil Ədili mənən sarsıdır və daxilən saflaşdırır. Vicdan əzablarına dözə bilməyən Ədil intihar edir. “Ana” pyesindəki Murad da Səlmanın alicənablığı qarşısında duruş gətirə bilməyərək özünü öldürmək istəyir, lakin qan tökülməsinin qəti əleyhdarı olan H.Cavid A.Şaiqdən fərqli olaraq əsərində ananı bir az da romantikləşdirib, onun əli ilə imkan vermir ki, qatil özünü öldürsün, onu öz vicdanının mühakiməsinə buraxır”.

 

Ailə-məişət mövzusu

 

Hüseyn Cavidin ailə-məişət mövzusunda yazılmış ikinci pyesi “Maral” faciəsidir.

Akademik M.Cəfərin qeyd etdiyi kimi, “Maral” faciəsində H.Cavid irəli getmiş, onun həyat müşahidələri daha da zənginləşmişdir. Şair mühitin daha yaxşı xüsusiyyətlərini, adamlarını dərk etmiş, ictimai konfliktləri ilk dramına nisbətən daha aydın göstərə bilmişdir.

H.Cavid Maral obrazı vasitəsilə insan taleyini fəlakətlər qucağına atan bir cəhəti də açıb göstərmişdir: pul hökmranlığı və feodal dərəbəyliyi! Maral obrazında dramaturq Şərq qızlarına məxsus xarakterik xüsusiyyətləri çox yüksək bədiiliklə cəmləşdirə bilmişdir. Maral azadlığı, sərbəstliyi dünyanın bütün nemətlərindən üstün tutan, təmiz qəlbli, azad ruhlu, sevməyi, duymağı bacaran bir gəncdir.

Nə üçün Maral bu qədər iztirablar keçirir? Nə üçün dünyanın bütün nazi-nemətləri ona çirkin görünür, onu həyəcanlandırır, onun qəlbini sıxır. Nə üçün Nazlının “Allah eşqinə, heç böylə padişah sarayında yaşayan bir xanım da taleyindən şikayət edərmi?!” sualına Maral: “Haqqın var, Nazlı bacı!.. Lakin bu geniş dairə, bu müzəyyən və gözəl obalar, mana dar, qaranlıq məzarlardan daha sıxıntılı gəliyor. Uff, bəxtiyarlıq içində ölmək, kədərlər, üzüntülər içində yaşamaqdan min qat xeyirli imiş”, - deyə cavab verir. Nəhayət, nə üçün xoşbəxtliyə, səadətə haqları olan Marallar (“Maral”), Səadətlər, Gülbaharlar (“Müsibəti-Fəxrəddin”), Sonalar (“Dağılan tifaq”), Zöhrələr, (“Eşq və intiqam”) və başqa Azərbaycan qızları xoşbəxt ola bilmirlər.

Bir sosioloji problem və millətin faciəsi kimi, bütün bu məsələlər hələ H.Cavidə qədər M.F.Axundzadə, C.Məmmədquluzadə, M.Ə.Sabir və başqa görkəmli ədiblərimizi də dərindən düşündürmüş və narahat etmişdir. Təsadüfi deyil ki, N.Vəzirovun qadın qəhrəmanlarından biri olan Səadət xanım mövcud ictimai quruluşdan, feodal qayda - qanunlarından zinhara gələrək “Bu xaraba vilayətdə insaf qalmayıb, mürüvvət qalmayıb”, - deyə şikayətlənir.

Yaxud ölməz satirik şairimiz M.Ə.Sabirin “Qoyma gəldi!” şeirində qoca bir kişiyə zorla ərə verilmiş gənc bir qızın ahı-fəryadı, heç bir hüququ olmayan Şərq qadınlarının ahı-fəryadı kimi eşidilir.

M.Ə.Sabirin qəhrəmanı kimi, Maral da öz ərinə nifrət edir və işgəncələr içində boğulur. Onun aşağıdakı sözlərində biz bunu daha aydın hiss edə bilirik: “Maral (Turxan bəyin çıxdığı qapıya yaxınlaşaraq) Get! Get! Allahın iki ayaqlı bəlası!”.

Təsadüfi deyildir ki, Hüseyn Cavidin qəhrəmanı Maral bu mənfur həyata gəlməsinə belə nifrət edir. “Feodal dünyası Maralların, Səadətlərin, Zöhrələrin səmimi duyğularını, nəcib arzularını, saf, təmiz eşqlərini məhbus etmişdir. Onlar xoşbəxt olmaq istəyirlər, hətta mənfur mühitə qarşı müəyyən dərəcədə etiraz edirlər”.

Akademik Məmməd Cəfərin sözləri ilə desək: “Gənc azərbaycanlı qızı Maralın faciəli ölümünə səbəb mühafizəkar mülkədar əxlaqı, mülkədar zülmüdür. Başqa sözlə, bu faciə də burjua-feodal cəmiyyətinin ailələrdə doğurduğu ümumi faciələrdən biridir”. Qadınlar öz taleyinə üsyan etdikdə, etiraz və qürurla ayağa qalxdıqda isə bu, müsibət faciəyə çevrilirdi. “Üsyana” hazırlaşan qadınlığın böhranlı vəziyyəti ilə biz hələ Gülbaharın (N.Vəzirov “Müsibəti-Fəxrəddin”) və Sona xanımın (Ə.Haqverdiyev “Dağılan tifaq”) timsalında tanış olmuşduq.

Gövərçin də Humaydan fərqlənir. O, kimsəsiz və yalqızdır. Çətinliyə düşəndə o da Maral kimi ümidini göz yaşlarına bağlayır. Lakin buna baxmayaraq, Gövərçində gələcəyə bir ümid var. O, taleyinin bir də üzünə güləcəyinə inanır.

Buradan bizə məlum olur ki, H.Cavidin əsərlərindəki qadın surətləri eyni səviyyədə dünyagörüşə malik deyildilər. Bu qadınlar apardıqları mübarizədə də fərqlənirlər. Humay öz amalı uğrunda çarpışmalarda nə qədər inadkar və ardıcıldırsa, Maral səciyyəli qadınlar isə bir o qədər aciz və kimsəsizdirlər. Bir də dramaturq əsərlərindəki qadınları ardıcıl olaraq inkişafda verməmişdir. Əgər İsmət məhdud da olsa, öz sevgisi uğrunda mübarizə aparırsa, Maral haqsızlığın önündə diz çökür, zamanın qara qüvvələrinə təslim olur və mənən qalib gəlir. O, vicdanını, namusunu, diləyini qurban vermir. Əksinə, “səadətini”, “xoşbəxtliyini” namusunun qorunması üçün alınmaz bir qalaya çevirir. Eləcə də Gövərçin fəryadlar içində acı göz yaşları töküb ömrünü başa vurur. Humay daha irəli gedir, Şərq qadınlarının həyatında bir inqilab yaradır, çadranı atır və təhsil alır.

 

İctimai ziddiyyətlərdən doğan ümumbəşəri faciə

 

Ümumiyyətlə, H.Cavid əsərlərində qadınlığın faciələrlə dolu olan taleyini ictimai ziddiyyətlərdən doğan ümumbəşəri bir faciə kimi qiymətləndirmişdir. Gövərçinlə Anjel təxminən eyni yaşlı gənclərdir. Anjel mənfi planda götürülmüş, əxlaqsız, mənəviyyatsız, hiyləgər və müəyyən mənada yazıq, bədbəxt bir qadın obrazıdır. Həyatın acı qanunları onun bir çox arzularını tar-mar etmiş və mənəviyyatını pozmuşdur. Anjel üçün həyatda heç bir ideal yoxdur. O, hər addımda öz varlığını, qadınlıq ismətini var-dövlətə, daş-qaşa qurban verməyə hazırdır. Onu gövərçinlərin taleyi əsla narahat etmir. Anjel Edmondan qaçmaq xatirinə vətəni Fransanı da tərk etməyə məcbur olur.

Anjel üçün bir əvəzolunmaz məfhum vardır. O, bu duyğu ilə son həddə qədər getsə də yenə bədbəxtdir. Rəqqasə Anjeli də əxlaqsız edən Edmondur. Əvvəllər sevsə də indi isə müxtəlif səbəblərdən onu sevmir və ona görə də bədbəxt olmuşdur.

XII əsrin dahi şairi Nizami Gəncəvi də yaratdığı Şirin, Fitnə, Nüşabə kimi qadın obrazları ilə türk əxlaqını digər bir xalqın əxlaqı ilə qarşılaşdırmış və üstünlüyü haqlı olaraq türkə vermişdir. H.Cavidin qadın qəhrəmanları milliyyətindən, yaşından və ictimai mövqeyindən asılı olmayaraq ləyaqət və mənliyini qorumaq üçün hər cür fədakarlığa gedirlər. Onlar nə ədalətsiz dövlət başçılarından, nə əliqanlı cəlladlardan, nə özlərini oda-alova atmaqdan qorxurlar, nə də zəhər içməkdən, intiqam almaqdan.

Hüseyn Cavid sənəti qadını - qızı insan yerinə qoymayan, onu bəzən diri-diri məzara quylayan mürtəce adətləri, cəmiyyətləri humanizm mövqeyindən qətiyyətlə rədd edir. Bu sənət bütünlükdə oxucu qarşısında belə bir təbii sual qoyur ki, bütün həyatı gözəlləşdirən, mənalandıran qadın olduğu halda, o, nə üçün bu qədər qiymətsiz olsun?! Bu dünyamız, cahan qadın əli ilə bəxtiyar olmurmu?

 

Şakir CƏFƏROV,

filologiya üzrə fəlsəfə doktoru

 

Azərbaycan müəllimi.- 2017.- 29 dekabr.- S.11.