“Səhnəyə qalib
olmaq iddiası ilə
çıxırdım”
Prezident təqaüdçüsü Zərrin
Əliyeva: “Anama zəng edib
bir dünya sevinc bəxş etdim”
Musiqi alətləri bir-birindən təkcə xarici görünüşlərinə görə deyil, eyni zamanda səslərinin ahənginə görə, məna çalarlarına görə də əhəmiyyətli dərəcədə fərqlənirlər. Dünya musiqi arenasında dərin məzmunlu simfonik əsərləri öz incə, titrək səs tempri ilə təqdim edən musiqi alətləri sırasında xüsusi yer tutan skripka haqqında daha çox danışmaq olar. Klassik musiqi korifeylərinin yaratdıqları şedevrlər ən çox bu musiqi alətinin qüdrəti və ifaçıların məharəti ilə tamaşaçıları öz qanadlarına alıb əsrarəngiz aləmlərə qovuşdurur. Bugünkü həmsöhbətim olan Zərrin də uşaq yaşlarından bu musiqi alətinin səsinin sehrinə düşüb və indi özü böyük səhnələrdə onun qüdrəti ilə xarüqələr yaradır. Niyə görə bu müsiqi alətini seçdiyi, yaşıdları arasında müxtəlif nominasiyalar üzrə keçirilən musiqi yarışmalarında hansı uğurlar qazandığı barədə öz dilindən eşitmək necə də xoş idi.
Laureat adını qazandım
2001-ci ildə Bakı şəhərində anadan olmuşam. İlk musiqi təhsilimi paytaxtdakı 36 nömrəli uşaq musiqi məktəbində almışam. 2011- ci ildən isə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Bakı Musiqi Akademiyasının professoru Hökümə Əliyevanın sinfində skripka ixtisası üzrə təhsil alıram. Musiqi məktəbində təhsil aldığım illərdə uğurlarım çox olub. 2012-ci ildə ilk dəfə olaraq paytaxtdakı Bülbül adına Orta İxtisas Musiqi Məktəbində dünya şöhrətli musiqiçi N.Paqaninin anadan olmasının 230 illiyinə həsr olunan festivalda uğurla çıxış edərək laureat adını qazandım və diplomla mükafatlandırıldım.
İlk dəfə beynəlxalq
müsabiqədə iştirak edəcəkdim
2013-cü ildə 5-ci sinifdə oxuyurdum. Belçikada keçirilən VI beynəlxalq “Bravo” müsabiqəsində iştirak edəcəyimi eşidəndə, doğrusu, çox tutuldum. Axı, ilk dəfə olaraq beynəlxalq müsabiqəyə qatılacaq və bu yarışmada Azərbaycanı təmsil edəcəkdim. Bu, həm qürurverici idi, həm də, şübhəsiz, çox məsuliyyətli. Valideynsiz gedəcəyimi biləndə daha çox narahat oldum. Həmin gün nə vaxt yuxuya getdiyimi bilmədim. Ertəsi gün yola düşməli idik. Bizimlə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi Aytən İbrahimova və musiqi məktəbimizin şagirdi Nadir Eyvazov da gedirdi. Hava limanında hamının üzündə həyəcan var idi. Bizi 2 turlu müsabiqə, böyük səhnə gözləyirdi. Mən dünya bəstəkarları A. Binniçkinin 3-cü etüdünü və A.Vitanın “Slavey” əsərlərini ifa edəcəkdim. Yaxşı hazırlaşsam da uzaqda özümə yer tapa bilmirdim. Hava limanında bizi yüksək səviyyədə qarşıladılar. Brüsseldə bizi “Kristal” otelində yerləşdirdilər. Bir gün dincəldik. Müsabiqədən bir gün əvvəl professorlardan ustad dərsləri aldım. Onlardan dərs almaq böyük xoşbəxtlik idi. Mən orta yaş qrupunda iştirak edirdim. Səhnəyə çıxanda artıq həyəcan məni tərk etmişdi. Özümü olduqca sərbəst hiss edirdim. Səhnə çox böyük idi. Münsiflər arxa cərgədə əyləşmişdilər. II yeri tutaraq II dərəcəli diplom qazandım. Ertəsi gün II turda da qalib oldum. Sevincimi bölüşməyə adam axtarırdım. Tez anama zəng edib şad xəbərimlə ona bir dünya sevinc bəxş etdim. 4 gün Brüsseldə qaldıq. Paytaxtımıza dönəndə bizi gül-çiçəklə qarşıladılar. Qeyd edim ki, uğurlarıma sevinənlər arasında təhsil aldığım Bakıdakı 279 nömrəli məktəbin müəllim və şagird kollektivi də var idi.
Həmin il ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş ümumtəhsil və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında gənc ifaçıların II respublika müsabiqəsinə qatıldım və II yerə layiq görüldüm. Ü.Hacıbəyli adına IV, V, VI beynəlxalq festivalların, eyni zamanda beynəlxalq L.M. Rostropoviçlər festivalının iştirakçısı oldum.
Hədiyyələri
dostlarımıza payladıq
Gecəmi gündüzümə qatıb öz üzərimdə çalışırdım. 2014-cü ildə Çexiyanın Praqa şəhərində keçirilən “Praqa Yay Akademiyası”nın iştirakçısı oldum və diplom qazandım. Həmin akademiyanın professoru Roman Fedçhukdan ustad dərsi aldım. Çexiyada 14 gün qaldıq. Orada Orlonu meydanında olarkən azərbaycanlı həmvətənlərimlə qarşılaşdıq. Onlar bizi görəndə çox sevindilər. Dedilər ki, turist kimi gəzməyə gəliblər. Sonra Karlov adına qədim körpüdə olduq. Qonaqlarla ingilis dilində ünsiyyət qururduq. Şəhər əsrarəngiz gözəlliyi ilə bizi valeh etmişdi. Çoxlu xatirə şəkilləri çəkdirdik. Paytaxtdan apardığımız hədiyyələri dostlarımıza payladıq.
Çıxışım
hamını heyrətləndirdi
Moskvada keçirilən “Musiqi nəsilləri” III beynəlxalq uşaq musiqi festivalı mənim üçün unudulmaz bir xatirəyə çevrildi. Hər qazandığım uğur sanki boyumu da uzadırdı. Bu festivala da həvəslə qatıldım və layiq olduğum diplomla mükafatlandırıldım. Həmin il qonşu Gürcüstanda Mikaladze adına Tiflis Musiqi Kolleci ilə Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi arasında dostluq proqramı çərçivəsində Tiflis şəhərində keçirilən konsertdə isə solo, duet və trio ilə təqdim etdiyim çıxışlar hamını heyran etdi. Yeri gəlmişkən, qeyd edim ki, musiqinin sirlərinə daha dərindən yiyələnmək naminə mən Kanada Musiqi Akademiyasının professoru Taras Qaboradan və professor, türk xalq musiqi sənətçisi Cihad Aşkından dərs almışam. 2015-ci ildə isə Rusiyanın Samara şəhərində Y.Başmetin rəhbərliyi ilə uşaq musiqi akademiyasında keçirilən ustaq dərslərində və konsertlərində iştirak etmişəm. 2015-ci ildə mən Moskvada Kreml Sarayının Georgiyevsk zalında dünyanın 8 ölkəsinin iştirak etdiyi 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə keçirilən “Melodika pokoleniy” adlı III beynəlxalq musiqi festivalında Azərbaycanı təmsil etdim və uğurlu çıxışıma görə diploma layiq görüldüm.
Məni ilahi bir hiss müşayiət edirdi
2016-cı ildə VI Beynəlxalq
“Harmoniya” festivalındakı
iştirakım da yaddaqalan oldu. Artıq mən
səhnəyə qalib
olmaq iddiası ilə çıxırdım
və qalib də olurdum. Bu festivalda da
təqdim etdiyim musiqi nömrəsi Qran-pri mükafatına layiq görüldü.
Ötən il
Belçikada keçirilən
“Muzicamundi” beynəlxalq
musiqi festivalı və orada görkəmli
korifey sənətkarlardan
aldığım ustad
dərsləri də həyatımın ən xoş anları kimi yaddaşımdadır.
Həmin
festivalda mən I
diploma layiq görüldüm.
2017-ci ilin mayında
Türkiyənin Antalya şəhərində
keçirilən beynəlxalq
“Harmoniya” müsabiqəsində
iştirakım isə
həyatıma olduqca şirin ovqat qatdı. Çünki
mənə canımdan
da əziz olan anamın, mənə dünyalar qədər doğma, üzərimdə hədsiz
əməyi olan, məni zirvələrə
qanadlandıran sevimli ixtisas müəllimim
professor Hökümə Əliyevanın
iştirak etdiyi mötəbər tədbirdə,
onların gözləri
qarşısında musiqi
nömrələri səsləndirməli,
necə deyərlər,
imtahan verməli idim. Səsləndirdim də, I yeri
tutdum da. Bilirsinizmi niyə? Çünki mən ilhamımın
ən kükrək, ən coşqun anlarını nümayiş
etdirirdim. Çoxlu istedadlı
musiqiçilərin qatıldığı
bu müsabiqədə
mən hökmən birinci olmalıydım.
Məni ilahi bir hiss, anamın, müəllimimin sevinc dolu, ümid dolu baxışları müşayiət edirdi. Mən onları necə doğrultmaya bilərdim?!
Qala konsertimiz daha maraqlı keçdi.
Həmin axşam Emir otelində bir
toy-büsat oldu ki! Müsabiqə qaliblərinin bayramı
idi.
Dövlət tədbirlərində iştirak edirəm
Hazırda xalq artisti T.Göyçayevin rəhbərlik
etdiyi Azərbaycan Dövlət Uşaq-Gənclər
Simfonik Orkestrinin solistiyəm və eyni zamanda xalq
artisti, Bakı Musiqi Akademiyasının professoru Zəhra Quliyevanın rəhbərliyi
ilə yaranmış
“İstedad mərkəzi”nin üzvüyəm.
Dəfələrlə dövlət tədbirlərində,
bir çox bəstəklarların və
yazıçıların yaradıcılıq
gecələrində xalq
artisti T.Göyçayevin
rəhbərliyi ilə
keçirilən konsertlərdə
solo çıxışım tamaşaçılar tərəfindən
rəğbətlə qarşılanıb.
Özümə yeni skripka alacağam
2017-ci ilin yanvar ayı daha əlamətdar,
daha yaddaqalan bir ay olaraq mənim
həyat kitabçama
əbədi həkk olundu. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə
adım gənc istedadların “Qızıl
kitabı”na yazıldı və Prezidentin xüsusi aylıq təqaüdünə
layiq görüldüm.
Təqaüdümü toplayıram. Köhnə skripkamın mənə qazandırdığı təqaüdlə
təzəsini almaq arzusundayam. Əminəm ki, təzə
skripkamın simlərindən
qopan melodiyalar gələcəkdə Milli
Konservatoriyanın auditoriyalarında
eşidiləcək.
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.- 2017.-
29 dekabr.- S.15.