Universitetlərdə “Məzun günləri”
Bu il ölkəmizin
ali təhsil müəssisələrini 41700-dən çox gənc
bitirir
Hər il yaz
imtahan sessiyası başa çatdıqdan sonra universitetlərdə
ali təhsil müəssisələrinin növbəti
buraxılışlarına həsr olunmuş ənənəvi
“Məzun günü” tədbirləri keçirilir.
“Universitetə hər
kəs qəbul oluna bilər, lakin onu bitirmək heç də
hamıya müyəssər olmur” deyimini nəzərə
alsaq, ali məktəb məzunlarının universitet həyatının
son akkordu olan bu tədbirlərdəki sevincini başa
düşmək heç də çətin deyil. Ona görə
də ali məktəblərdə düzənlənən “Məzun
günləri” həmişə öz məzmunu, təşkili
forması, iştirakçılara yaşatdığı
kövrək anları ilə diqqəti cəlb edir.
Bu ilin məzunlarını
da ali təhsil müəssisələri belə maraqlı tədbirlərlə
yola salırlar.
AzMİU-nun 42-ci
buraxılışı
“Bu gün Azərbaycan Memarlıq və İnşaaat Universitetini bitirən biz məzunlar özümüzü dünyanın ən xoşbəxt insanları sayırıq. Universitetimizdə tələbələr üçün yaradılmış gözəl şərait və demokratik mühitin şahidi olmaqdan qürur duyuruq. Biz tələbələri dinləyən, fikirlərimizə diqqətlə yanaşan, qarşımıza çıxan problemlərlə yaxından maraqlanan və aradan qaldırılmasında yardımçı olan bir kollektiv gördük. Müəllimlərimizdən biliklərin sirlərini öyrəndik, ağsaqqallardan öyüd-nəsihət aldıq, milli-mənəvi dəyərlərimizə yiyələndik, elmi konfransların, yığıncaqların iştirakçısı olduq”.
İyulun 4-də Azərbaycan Memarlıq və İnşaaat Universitetində keçirilən “Məzun günü”ndə məzunların adından səsləndirilən bu fikirləri əslində, bütün universitetlərin məzunlarına aid etmək olar.
Universitetin akt zalında düzənlənən tədbirdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova məzunları təbrik edib, gələcək karyeralarında onlara uğurlar arzulayıb. Bildirib ki, zəngin elm və təhsil ənənələrinə malik olan universitet bu gün özünün 42-ci buraxılışını qeyd edir. “Başa vurduğumuz tədris ilində universiteti bakalavr səviyyəsində 25 ixtisas üzrə 1223 tələbə bitirir. Təhsilin magistratura səviyyəsində 153 magistr məzun olur. Tələbələrimizin böyük hissəsi oxuduğu müddətdə yaxşı nəticələr göstərib, onlardan 25-i universiteti fərqlənmə diplomu ilə bitirir. Bakalavr tələbələrimizdən 221 nəfər təhsilin magistratura pilləsinə qəbul imtahanlarını uğurla verib. Bu il SABAH qruplarının ilk məzunu olaraq 53 tələbə memarlıq, inşaat mühəndisliyi, nəqliyyat tikintisi mühəndisliyi ixtisasları üzrə universiteti bitirir, SABAH məzunlarından 7 nəfəri Avropanın qabaqcıl universitetlərinin magistraturasına qəbul olunub”.
AzMİU-nu fərqlənmə diplomu ilə bitirən əcnəbi tələbələr bu universitetin tələbəsi olmağın üstünlüklərindən danışıb, universitet rəhbərliyinə, müəllimlərinə təşəkkürlərini bildiriblər.
ADPU-nu
filialları və ADPK
ilə birlikdə
4433 məzun bitirir
Azərbaycan Dövlət Pedaqoji Universitetində məzun gününə həsr edilmiş tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov qeyd edib ki, müəllim bütün həyatı boyu öyrətməklə bərabər, həm də özü daim oxuyub-öyrənən, mütaliə edən, öz üzərində çalışan, bilik dairəsini genişləndirən bir şəxsdir. Ümummilli lider Heydər Əliyevin müəllimlik peşəsi haqqında dediyi “Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır” sözlərini xatırladan rektor builki məzunlarının həmin fikirləri doğruldacaqlarına inandığını söyləyib.
C.Cəfərov bildirib ki, bütövlükdə
bu il ADPU-nu filialları və ADPK ilə birlikdə 4433 nəfər
məzun bitirir. Universitetin
magistraturasından isə 25 ixtisas, 33 ixtisaslaşma üzrə
298 nəfər magistr məzun olur.
Musiqi, təsviri
incəsənət, fiziki tərbiyə və
çağırışaqədər hazırlıq
fakültəsinin məzunu Gülgəz Cəfərzadə məzunlar
adından onlara göstərilən diqqət və
qayğıya görə ADPU-nun rəhbərliyinə təşəkkür
edib, universitetdə öyrəndikləri bilik və
bacarıqların onların gələcək həyatında,
peşə karyeralarında mühüm rol oynayacağını
vurğulayıb.
Universiteti yüksək balla bitirən
məzunlara diplomlar təqdim olunub
Azərbaycan
Dillər Universitetində 2016-2017-ci tədris ilində
universitetin bakalavr və magistr pillələrində təhsillərini
başa vuran tələbələr üçün
keçirilən “Məzun günü”ndə
çıxışına “Bu gün həqiqətən də
əziz gündür. Mən inanıram ki, bu günün
ab-havasını, səmimiliyini, doğmalığını
siz həyatınız boyu qəlbinizdə qoruyub
saxlayacaqsınız” sözləri ilə başlayan rektor
Kamal Abdulla inandığını bildirib ki, universiteti bitirən
hər bir gənc dünyanın hər hansı bir nöqtəsində
olmasından asılı olmayaraq ADU-nun şərəfini uca
tutacaq, universitetlə əlaqələrini həyatları boyu
davam etdirəcəklər.
Məzun
Aydan Məmmədovanın valideyni Əzizağa Məmmədov
övladına tələbəlik boyu əziyyət çəkən
bütün müəllim kollektivinə təşəkkürünü
bildirib, məzun olan tələbələri təbrik edib və
onlara gələcək fəaliyyətlərində uğurlar
arzulayıb.
Qeyd edək
ki, 2016-2017-ci tədris ilində Azərbaycan Dillər
Universitetindən təhsilin bakalavr pilləsi üzrə əyani
bölmədən 1457 nəfər, qiyabi bölmədən 72
nəfər, həmçinin magistratura pilləsi üzrə
128 nəfər tələbə məzun olub.
UNEC-də “son dərs”
UNEC-də
“Məzun günü”ndə qurulan şərti auditoriyada “son dərs”
keçirilib. Dərsdə elektron jurnalla fakültələrin
davamiyyəti yoxlanılıb.
UNEC-in
rektoru, professor Ədalət Muradov “auditoriyada”
quraşdırılan elektron tribunadan məzunları təbrik
edib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin
apardığı uğurlu siyasət nəticəsində təhsilin
inkişaf etdiyini bildirən rektor azərbaycanlı tələbələrin
cəmiyyətin fəal və ayrılmaz bir hissəsinə
çevrildiyini diqqətə çatdırıb. Rektor
ölkədə keçirilən bilik və idman
yarışlarında, könüllülük hərəkatında,
vətənin qorunmasında UNEC tələbələrinin təmsil
olunmasını qürurverici hal adlandırıb.
Universitetin
ənənəsinə uyğun olaraq, ən yüksək balla
(98.6) məzun olan Aida Həsənovanın adı UNEC-in fəxri
daşına həkk edilib. Beynəlxalq İqtisadiyyat Məktəbinin
məzunu olan A.Həsənova UNEC tələbəsi
olmağın üstünlüklərindən
danışıb. Bildirib ki, UNEC-də tələbələrin
beynəlxalq standartlara cavab verən ali təhsil alması
üçün hər şərait yaradılıb.
Adını universitetin tarixinə uğurlu tələbə
kimi yazdıran A.Həsənova UNEC məzunu olması ilə fəxr
etdiyini deyib.
Qeyd edək
ki, 2016-17-ci tədris ilində UNEC-i 4378 məzun bitirir. Onlardan
3199-u bakalavr, 1179-u isə magistrdir.
NDU-nun 66 məzunu Hippokrat andı
içib
Naxçıvan
Dövlət Universitetinin tibb fakültəsində
keçirilən “Məzun günü”ndə universitetin
rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov
tədbirin əlamətdar tarixə - NDU-nin 50 illik yubileyi ərəfəsinə
təsadüf etməsini fərəhləndirici hal kimi dəyərləndirib.
Rektor Azərbaycanda elm və təhsilin inkişafından,
muxtar respublikada kadr potensialının gücləndirilməsinə
göstərilən dövlət qayğısından
danışıb. Qeyd olunub ki, bu il müalicə işi
ixtisası üzrə 21, stomotologiya ixtisası üzrə 16,
həmçinin tibbi profilaktika ixtisası üzrə 13 və
əczaçılıq ixtisası üzrə 16 məzun səhiyyə
müəssisələrinin sərəncamına göndərilir.
Valideynlər
adından Arzu İlyaslı, tələbələr adından
isə fakültənin 6-cı kurs tələbəsi Sarita Qənbərli
məzunları təbrik ediblər.
Sonra əczaçılıq
fakültəsinin tələbələri əczaçı,
digər ixtisaslar üzrə tələbələr isə
müqəddəs Hippokrat andının qəbulu mərasimində
iştirak ediblər.
358 məzun ADNSU-nu
fərqlənmə diplomu ilə
bitirib
Azərbaycan
Dövlət Neft və Sənaye Universitetində keçirilən
tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı
universiteti bitirən gəncləri bu əlamətdar gün
münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində
uğurlar arzulayıb.
Bu il 1904
nəfər tələbənin məzun olduğunu deyən
rektor M.Babanlı 190 nəfər bakalavr və 168
magistrantın universiteti fərqlənmə diplomu ilə
bitirdiyini qeyd edib. Rektor həmçinin bu il ADNSU-nun tələbəsi
Rüfət Manquşovun 4 illik bakalavr təhsilini vaxtından əvvəl
başa vurduğunu bildirib.
Gələcək təbiblər
universitetlə vidalaşıblar
Bu il Azərbaycan
Tibb Universitetini 1057 nəfər məzun bitirir. Mərasimi
ATU-nun rektoru, professor Gəray Gəraybəyli açaraq, məzunları
və onların valideynlərini təbrik edib, universitetin
professor-müəllim heyəti adından gələcəyin həkimlərinə
tutduqları bu müqəddəs peşə yolunda uğurlar
arzulayıb.
Valideynlər
adından çıxış edən həkim İlham
Kazımov təhsil ocağının professor-müəllim
heyətinə təşəkkür edib. Bütün məzunlara
gələcək peşə fəaliyyətində həkim
adının müqəddəsliyini öz əməlləri
ilə doğruldacaqlarına inandığını söyləyib.
Tədbirlərdə
universitetləri əla qiymətlərlə bitirmiş tələbələrə
fərqlənmə diplomları təqdim olunub, təhsildə
və ictimai işlərdə fərqlənənlərə
mükafatlar verilib.
Yusif
ƏLİYEV
Azərbaycan müəllimi.- 2017.-
7 iyul.- S.6.