AMEA-nın ilk magistr məzunları
Elm və təhsilin inteqrasiyası
öz nəticələrini verir
Ötən həftə ölkənin
elm və təhsil həyatında daha bir ilkə imza
atılıb: AMEA özünün ilk magistr məzunlarını
yola salıb. Bu münasibətlə iyulun 7-də AMEA-da
düzənlənən “Məzun günü” mərasimində
təhsil naziri Mikayıl Cabbarov onları haqlı olaraq “elm və
təhsilin inteqrasiyasının məhsulu” adlandırıb.
AMEA magistraturasına maraq ildən-ilə
artır
Qeyd edək ki, son illər AMEA ilə Təhsil Nazirliyi
arasında getdikcə genişlənməkdə olan əməkdaşlıq
çərçivəsində elmlə təhsilin
inteqrasiyasının təmin edilməsi istiqamətində bir
sıra ciddi addımlar atılıb ki, onlardan da biri Akademiya
sistemində magistratura təhsilinin təşkilidir. 2015-ci ildə
yaradılan Akademiya magistraturasına birinci qəbul ilində
400-ə yaxın bakalavr müraciət edib və yekunda 9
ixtisas üzrə 19 bakalavr seçilərək qəbul
olunub. Onlardan biri hərbi xidmətə
yollanıb. 18-i isə təhsilini uğurla davam etdirərək
bu il magistr adı alıb. Məzunlardan
15 nəfəri magistraturanı fərqlənmə diplomu ilə
bitirib.
Ötən
müddət ərzində Akademiya magistraturasına
böyük maraq olduğu üçün növbəti qəbul
illərində ixtisas və plan yerlərinin sayı
artırılıb. Nəticədə
2016-2017-ci tədris ilində AMEA-nın magistraturasına 18
ixtisas üzrə 56 nəfər qəbul olunub. Bu il isə müraciət edən 1700-dən
çox bakalavrdan 67-si tələbə adını
qazanıb.
Məzunlar xaricdə təcrübə
keçib,
müsabiqələrdə iştirak ediblər
“Məzun günü”ndəki təbrik nitqində bu barədə
məlumat verən AMEA-nın prezidenti, akademik Akif Əlizadə
gənclərin elmə, Akademiyaya marağının ildən-ilə
artmasını sevindirici hal sayıb və gənclərin
özlərini elmdə sınamağa
çalışmasını müsbət qiymətləndirib. “Yaxşı
alim yetişdirmək üçün keyfiyyətli təhsil
vermək başlıca şərtdir”, - deyən AMEA prezidenti
Akademiyada magistratura təhsilinin müasir səviyyədə
qurulması və magistrantların peşəkar mütəxəssislər
kimi yetişməsi üçün daha yaxşı şərait
yaratmağa çalışdıqlarını bildirib.
Onun sözlərinə görə, tələbələr
AMEA-da müasir cihazlarla təchiz olunmuş laboratoriyalarda təcrübə
keçməklə yanaşı, beynəlxalq təcrübələrdə
də iştirak ediblər: “Müxtəlif elm sahələri
ilə məşğul olan magistrantlar Rusiyanın Dubna şəhərində
yerləşən Nüvə Tədqiqatları
İnstitutunda, İtaliyada təcrübə keçib,
Türkiyənin Hacəttəpə Universitetində təhsil
alıb, Sankt-Peterburq şəhərində Peterburq Nüvə
Fizika İnstitutu və “Kurçatovski İnstitut” Elm-Tədqiqat
Mərkəzi tərəfindən keçirilən molekulyar
biologiya və biofizika üzrə 18-ci Qış məktəbində
iştirak ediblər. Eyni zamanda dünyanın
bir sıra məşhur alimləri ölkəmizə dəvət
olunaraq magistrantlar üçün mühazirələr
oxuyub”.
Təhsil dövründə magistrantların sosial
müdafiəsi də diqqətdə olub və onların elmi
nailiyyətlərinin, yaradıcılıq potensialının
artırılmasına müntəzəm dəstək verilib. Təhsildə,
elmdə yüksək nəticələr göstərən,
intellekti və bacarığı ilə fərqlənən
istedadlı gəncləri həvəsləndirmək məqsədilə
Akademiyanın magistrantları arasında “Magistr-2017” müsabiqəsi
keçirilib. Eyni zamanda magistrlər
işlə təmin olunub, qrant müsabiqələrinə cəlb
ediliblər.
Akademik Akif Əlizadə Akademiya magistrlərinin məzun
gününü AMEA tarixində əlamətdar hadisə kimi
dəyərləndirərək rəhbərlik etdiyi qurumda
magistraturanın yaradılmasına verdiyi dəstəyə
görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlığını
bildirib.
Ali məktəblərin 500-dən
artıq tələbəsi
Akademiya institutlarında təcrübə
keçir
Son
zamanlar elmlə təhsilin inteqrasiyasının gücləndirilməsində
AMEA ilə Təhsil Nazirliyi arasında əməkdaşlıq
əlaqələrinin əhəmiyyətini xüsusi qeyd edən
akademik Akif Əlizadə bu əlaqələrin nəticəsi
olaraq universitetlərin SABAH qruplarında təhsil alan 200-dən
çox, ümumilikdə isə 500-dən artıq tələbəsinin
Akademiyanın elmi müəssisələrində təcrübə
keçdiklərini bildirib və AMEA-nın elm və təhsilin
inteqrasiyası istiqamətində fəaliyyətini bundan sonra
da davam etdirəcəyini, bu yöndə atılan
addımları dəstəkləyəcəyini diqqətə
çatdırıb.
“Təhsil müəssisələrimizin
qapıları
sizin üçün hər zaman açıqdır”
Akademiyanın
ilk magistr məzunlarını təbrik edən təhsil naziri
Mikayıl Cabbarov bildirib ki, Prezident cənab İlham
Əliyevin müvafiq sərəncamı ilə güclü
elmi potensialın cəmləndiyi Akademiyada magistratura pilləsinin
yaradılması ölkənin sosial-iqtisadi və mədəni
inkişafına, biliklər cəmiyyətinin formalaşmasına
yönələn mühüm addımdır. Ölkə
başçısının “Qara qızılı insan
kapitalına çevirməliyik”
çağırışını xatırladan nazir
AMEA-nın ilk məzunlarının buraxılış
gününü olduqca əlamətdar hadisə adlandıraraq
bu işdə əməyi olan alimlərə minnətdarlığını
bildirib. Nazirin fikrincə, Akademiyanın
magistraturasında əldə etdikləri bilik və təcrübə
gələcək peşəkar fəaliyyətlərində məzunlara
geniş imkanlar yaradacaq.
“Təhsil
müəssisələrimizin qapıları sizin
üçün hər zaman açıqdır”, - deyən
nazir məzunları bilikli mütəxəssislər kimi ali məktəblərdə elmi fəaliyyətlərini
davam etdirib, elmlə təhsilin inteqrasiyasına öz töhfələrini
verməyə çağırıb.
Tədbirdəki digər çıxışlarda da
AMEA-da magistraturanın yaradılması ölkədə elm və
təhsilin inteqrasiyasının uğurlu nəticəsi
olduğu vurğulanıb və nəticədə bu sahələrin
inkişafına mühüm töhfələr verəcəyinə
əminlik ifadə olunub.
Beləliklə, daha 18 nəfər yüksək
hazırlıqlı mütəxəssis - AMEA
magistraturasının ilk məzunları aldıqları magistr
diplomları ilə öz karyera həyatlarına qədəm
qoyublar. Onlardan 2-si ilə həmsöhbət olub Akademiya
magistraturasındakı təhsilləri, gələcək
planları ilə maraqlandıq.
Məzunlar Akademiya
magistraturasındakı təhsil haqqında
Söhbətə
Akademiya magistraturasının ilk məzunu adını
daşımaqdan qürur hissi duyduğunu bildirməklə
başlayan AMEA Molekulyar Biologiya və Bio- texnologiyalar
İnstitutunun “Molekulyar biologiya” ixtisası üzrə məzunu
Cəmilə Bayramova dedi ki, 1993-cü ildə Qazax şəhərində
anadan olub. 2010-cu ildə Bakıdakı V.Əvəzov adına 300 nömrəli tam orta məktəbi
bitirib. Bakalavr təhsilini Bakı Dövlət Universitetinin
biologiya fakültəsində alan Cəmilə
AMEA-da magistratura təhsilinin açılmasından müəllimləri
və qrup yoldaşları vasitəsi ilə xəbər
tutduğunu deyir.
“Diqqətimi
ilkin müsahibə zamanı institutda zəngin maddi-texniki
bazanın və laboratoriyalarda fəal iş mühitinin
olması cəlb etdi. Çünki biologiya
elmində nəzəri olaraq əldə olunan biliklərin
praktik tətbiq edilməsi və möhkəmləndirilməsi
olduqca vacibdir”.
Müsahibimin sözlərinə görə, elə ilk
gündən institutda mövcud olan dərs və laboratoriya
şəraitinin fərqliliyini hiss etməyə
başlayıb. “Dərslər həm institutumuzun yüksək
ixtisaslı müəllim və professor heyəti, həm də
xaricdən dəvət olunmuş mütəxəssislər tərəfindən
aparılırdı. 2 il müddətində
bizə 19 ixtisas kursu tədris edilib ki, bu kursların hər
biri biologiyanın müasir istiqamətlərini əhatə
edir. Bunlardan Kembric Universitetinin professoru Qərib
Mürşüdov tərəfindən tədris olunan “Struktur
biologiyanın üsulları”, Cənubi Koreyanın Pusan
Universitetinin professoru tərəfindən tədris olunan
“Proteomiks” kurslarını xüsusilə qeyd etmək istərdim”,
- deyə o bildirir. Cəmilə deyir ki,
bütün bunlar molekulyar biologiyada istifadə edilən metod və
üsulları tam mənimsəmələrinə, nəzəri
biliklərini praktik olaraq tətbiq etmələrinə imkan
verib.
“Beləliklə,
biz 2 illik magistratura dövründə bir çox molekulyar
metodları dərindən mənimsədik, müxtəlif
qrant layihələrində, konfranslarda iştirak etdik, təşkil
olunmuş dil kursları vasitəsilə xarici dil
bacarıqlarımızı inkişaf etdirmək imkanı əldə
etdik. İnstitutumuzun Böyük Britaniya, Fransa, Cənubi
Koreya, Rusiya, Avstraliya kimi ölkələrin bir sıra elmi tədqiqat
institutları ilə sıx əməkdaşlığı
hesabına biz elmin ən son yenilikləri ilə birbaşa
tanış olub, bu institutların əməkdaşları ilə
müxtəlik elmi mövzularda müzakirələr apara
bildik”.
Cəmilənin məqsədi əldə etdiyi bilik və
təcrübədən, yaradılmış şəraitdən
istifadə edərək, ona bəslənilən ümidləri
doğrultmaq və öz sahəsində yüksək
ixtisaslı bir mütəxəssis kimi formalaşmaqdır.
Digər
müsahibimiz-Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun “Kimyəvi
kinetika və kataliz” ixtisası üzrə məzunu Nigar
İbrahimova isə deyir ki, o, öz gələcəyini elm sahəsində
görürmüş və elm yolunda irəliləyən bir
alim kimi yetişməsində ən doğru seçimin məhz
Elmlər Akademiyası ola biləcəyini
düşünürmüş. Ona görə
də yaranmış fürsətdən istifadə edərək
sənədlərini AMEA-nın magistraturasına verib.
“AMEA-nın magistraturasına daxil olan tələbə həmçinin
işlə təmin olunur. Günün birinci
yarısını dərslərdə iştirak edir, ikinci
yarısını isə laboratoriyalarda elmi tədqiqat işlərimizi
aparırdıq. Dərslər ən son
texnologiya ilə təmin olunmuş dərs otaqlarında
keçilirdi. Dərslərdən sonra
aldığım nəzəri bilik öz mövzum üzrə
axtarışlar aparmağıma, qarşıya çıxan
suallara cavab tapmağıma kömək edirdi. Zəngin elektron kitabxanadan və eyni zamanda həm
institutun, həm də AMEA-nın kitabxanasına müraciət
edib istənilən xarici ədəbiyyatdan istifadə edə
bilirdik”.
Nigar onu
da deyir ki, təhsil aldığı müddətdə
ümummilli lider Heydər Əliyevin anadan olmasının
93-cü ildönümünə həsr olunmuş
magistrantların XVI Respublika elmi konfransında, AMEA-nın Rəyasət
Heyəti tərəfindən keçirilən “Magistr-2017”
müsabiqəsində birinci yerə layiq görülüb.
Nigar təhsilini davam etdirmək və doktoranturaya qəbul
olmaq niyyətindədir. Onun magistratura təhsili almaq istəyən
bakalavrlara məsləhəti budur ki, elmə həvəsləri
varsa, özlərini elm sahəsində görürlərsə,
öz sahələrində yüksək səviyyəli
mütəxəssis olmaq və karyera qurmaq niyyətindədirlərsə
mütləq AMEA-nın magistraturasını seçsinlər.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2017.- 14 iyul.- S.3.