Yer belləyən və meyvə dərən
qızın hekayəti...
Sevda Eminova: “O illərdə
bizimlə bu cür davranılmasaydı, indiki olmayacaqdıq”
Bir qız təsəvvür
edin, balaca, zərif, zəhmətkeş kənd qızı. Hərdən
əlinə bel alıb yer belləyər, hərdən satmaq
üçün ağacdan meyvə dərər, hərdən
ev işi görər. Dərsini oxuyar,
bacı-qardaşının əziyyətini yaşına
uyğun olmayan sevgi və səbirlə çəkər. Həyətlərində
mal-qara saxlayan valideynlərinə kömək edər.
Anasından səhər saat altıda yuxudan dura bilmədiyi
üçün danlaq da eşidər bəzən. Cəza
aldığı məqamlar da az olmaz. Çünki səhər
insan beyni təmiz, saf olur. Durub dərsini təkrarlamalıdır
ki, qiymətləri aşağı və zəif olmasın.
Bu qız bir dəfə də yorulmaz, bezməz, nə
eşitdiyi danlaqdan, nə də gördüyü işlərdən.
Elə hey işləyər, işləyər...
...Və bir
böyük məktəb təsəvvür edin ölkənin
baş kəndində, Bakıda. Çox səbirlə, təmkinlə
həmin qızdan danışan bir qadın
düşünün o məktəbin akt zalında. O, bu çıxışını hər il onuncu
sinfə keçən şagirdlər qarşısında edər.
Şagirdlər az yaşında bu qədər işləyən
qızın hekayətinə görə pis olar, təəssüflənər,
bəzən onun valideynlərini qınayarlar. Direktorsa
gülümsəyər və deyər ki, o vaxt bu həyatı
yaşamasaydım, direktor, əməkdar müəllim və
alimlik dərəcəsi olan mütəxəssis
olmayacaqdım. Onun öz hekayətini şagirdlərə
danışmasında yeganə məqsədi uşaqlara daha
çox işləyib-oxumağın mütləq faydalı
olduğunu anlatmaqdır.
Müsahibimiz elə
həmin müəllimdir. Bakı şəhəri 225 nömrəli
tam orta məktəbin direktoru Sevda Eminova.
Sevda Eminova orta məktəbi
Qazaxda bitirib. 1 nömrəli
şəhər orta məktəbində. Arzusu həkim
olmaq idi, amma müəllim oldu. 1984-cü ildə
BDU-nun biologiya fakültəsinə daxil olanda təsəlli
alıb ki, bioloq da elə yarım həkim deməkdir. Bu
minvalla ali təhsili başa
çatdırıb. Ailə həyatı qurub.
Bir qız övladı var. O da anasının
yolunu davam etdirir. BDU-nun biologiya fakültəsini
bitirib. Həyat yoldaşı isə elm
adamıdır. Bir sözlə, müəllim ailəsidirlər.
Təsadüfən direktor...
- 2001-ci
ildə 20 nömrəli məktəbdə işləyirdim.
Dörd il orada biologiya müəllimi kimi
çalışmışam. Həmişə
fəal olmağa üstünlük verirdim. Sonradan 225 nömrəli məktəbin direktoru olan
Şükür müəllim o zamanlar 20 nömrəli məktəbdə
direktor müavini kimi çalışırdı. O, həmişə
mənim pedaqoji fəaliyyətimi bəyənib, dəstək
olub. Günlərin birində dedi ki, qızım, gəl sənin
namizədliyini irəli sürüm, sıravi müəllim
kimi çalışma. Faydalı ola bilərsən
təhsil sahəsi üçün, maraqlı fikirlərin, təkliflərin
olur. Düzü, mən çox tərəddüd
etdim. Həm yaşım az idi, həm
də qorxurdum. Niyəsini soruşsanız, deyim.
Qorxurdum ki, dərs demək başqa bir məsələdir,
idarəçilik tam başqa. Mən idarəçiliyin
öhdəsindən gələ bilməməkdən,
etimadı doğrultmamaqdan qorxurdum. O üzdən
razılıq vermədim. Amma Şükür müəllim
namizədliyimi əvvəlcə rayon təhsil şöbəsinə,
sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinə
verdi. Beləcə,
yavaş-yavaş bu sahədə özümü
sınamalı oldum. Deyəsən, illər
ötəndən sonra bu qənaətə gəlmişəm
ki, məndə nəsə alınıb. Ancaq
yenə də deyəsən deyirəm. Çünki
hələ də içimdə bir nigaranlıq var. Deyirəm,
görəsən, etimadı doğrulda bilirəmmi? Mən təsadüf nəticəsində direktor
olmuşam. O üzdən indi də həmişə
müəllim kimi təqdim edirəm özümü. Çünki yaxşı direktor hər şeydən
öncə yaxşı müəllim olmalıdır. Bunu bacarmadınsa, nə kollektiv, nə də məktəblilər
səni qəbul eləyəcək.
Həyatımın ən maraqlı hadisələrindən
biri fəxri ada layiq görülməyimdir. Bir də
alimlik dərəcəmi aldığım gün. Bu məktəb, müəllimlik və fəxri ad, o cümlədən
elmi dərəcə mənəvi qazanclarımdır.
- Amma buna qədər də bir mərhələ
var idi. Məsələn, uşaqlıq kimi...
- Ailədə
dörd övlad olmuşuq. Ailənin
bütün yükü və məsuliyyəti, adətən,
ilk övladın çiyinlərində olur. Məni bütün ilk övladlar anlayarlar yəqin.
Ailə yükümüzü anam, atam və mən
birgə çəkmişik. Qardaşıma,
bacıma görə həmişə narahatam. Bu, indi də belədir. Elə bilirdim
onların payına düşən iş yükünün
altına özüm girməsəm nəsə olar,
çıxılmaz durumda qalarlar. Şükürlər
olsun, bacarmışam, bacarmışıq və üz
qızardacaq durumlardan bizi həyat da, tanrı da, elə öz
əməllərimiz də qoruyub.
- Ev işləri ilə aranız necə olub?
- Sizə
desəm ki, evdə anamın işlərinin əksəriyyətini
həmişə mən görmüşəm, bəlkə də
inanmayacaqsınız. Anam günün xeyli hissəsini
işdə olurdu. O üzdən evin böyük
övladı kimi ev işlərinə
görə məsuliyyət mənim üzərimdə
qalırdı. Amma buna baxmayaraq, mən həm də
oxumağı sevən uşaq olmuşam. Qarşıma
ciddi məqsəd qoymuşdum, mən mütləq ali təhsil alacağam. Hələ
də ağlıma gəlmir ki, bir gün belə məktəbə
getmədiyim olsun. Bu, mümkün deyildi.
Hətta xəstə olduğum günlərdə
belə ayaq üstə dura bilirdimsə, mütləq məktəbə
getməli idim. Bu, anamın bizim
qarşımızda qoyduğu öhdəlik idi. Sizə deyim ki, bəzən atam bu tələbkarlığa
görə anamı danlayırdı. Deyirdi
əl çək bu uşaqlardan, xususən də bu
qızdan, nə vermisən ala bilmirsən? Anam ona heç nə demirdi, amma bizimlə bağlı
qərarlarında da nəsə dəyişmirdi. Hələ
lap sərtləşirdi qaydaları. Sizə deyim ki, o zaman adam bunu anlamır. Amma illər
keçir, başa düşürsən ki, əslində, o
illərdə bizimlə bu cür davranılmasaydı, indiki
olmayacaqdıq.
- O uşaqlar böyüyüb kim olub indi?
- İki qardaşım mühəndisdir. İnşaat
işində çalışır. Bacım
Azərbaycan Dillər Universitetini bitirib, ingilis dili müəllimi
kimi fəaliyyət göstərir.
- Özünüzdən nə qədər
razı və ya narazısınız?
-
Özümə ən qürur verən keyfiyyətim anama, ailəmə
dəstək olmağa çalışmağımdır. Bu alınıb, ya yox, onu deyə bilmərəm.
Amma hər halda mən buna
çalışdım. Sizə bir epizod
danışım. Ən kiçik
qardaşımın indi 53 yaşı var. İllər öncə
ailəmizin ən dəcəli də o idi. Hər gün dalınca qaçıb onu
axtarırdım. Bir saat nədir, iyirmi dəqiqə
belə evə gecikəndə düşüb məhəllə-məhəllə
axtarmışam onu.
- Haradan tapırdınız?
- Onu
qazanxanada qır qazanında da tapmışam, meşədən
də. Yaxınlığımızda bir
qazanxana var idi. Orda uşaqlar yerə
tökülən qırın üstündə
sürüşürdülər. Qardaşımın
ən çox getdiyi və üst-başını çirkləndirdiyi
yer idi. O qədər dəcəl idi ki, nədənsə
həmişə o yoxa çıxanda elə bilirdim
yaxınlığımızdakı meşəlikdəki
balaca “No” deyilən göldə batıb. Ora
çox pis yer idi. Tez-tez uşaqlar
batırdı o göldə. Qardaşım
itən kimi ilk ağlıma gələn “No” olurdu. Qaranəfəs ora qaçırdım. Əmin olandan sonra ki, orda yoxdur, rahatlanıb başqa
yerlərdə axtarırdım. Mən
onlarla o qədər məşğul olurdum ki, elə bilirdim
anaları da mənəm. Yəni
bacı-qardaşıma münasibətim həm də
analıq münasibəti idi.
- Bəs özünüzün
oynamağa zamanınız olurdumu?
-
Düzü çox az olurdu. Ən çox gizlənpaç, yeddi daş, ortada
qaldı, çiliktoxuma oynayırdıq. Əslində
deməzdim ki, uşaqlığımı
uşaqlığı əlindən alınmış biri kimi
keçirmişəm. Yox, belə
olmayıb. Sadəcə, hər şeyi
qaydalara uyğun etmişəm. Daha
doğrusu, anam mənim üçün belə planlayıb.
Oynamışam da, oxumuşam da, işləmişəm
də. Bir sözlə, zəhmətkeş
uşaq olmuşam.
- Danışırsınız fikir
verirəm, həyatınızda ananızın rolu daha
çox olub. Bəs atanız kim idi?
-
Atamın kimliyini bircə cümlədə deyəcəm sizə.
Anam həmişə deyir, atanız elə kişi
olub ki, otuz ildir həyatda yoxdur, hələ də mənim
üçün var. Yəni bəlkə bu gün biz elə
atamın qazandığı hörmətə görə
ayaqda dura bilmişik. Atam Kənd Təsərrüfatı
İnstitutunu bitirmişdi. İxtisası
üzrə müxtəlif vəzifələrdə
çalışıb. Amma fərqli ədaləti,
vicdanı var idi. İndi onun kimi adamlar
azdır.
- Bayaq gizlənpaç dediniz,
ağlıma bir sual gəldi. Uşaq vaxtı oyun idi bu,
böyüyəndən sonra nələrdən qaçıb
gizlənmək istəmisiniz?
- Bu,
ağır sual oldu. Çalışmışam
pisliklərə yuvarlanmayım. Özümü
bunu bacara biləcək insanlardan qorumuşam. Xaraktersiz adamlardan gizlənmişəm. Dava ilə
aram olmayıb. Davakar insan
görəndə gizlənmişəm. Bir
də həmişə düşünmüşəm, həyatda
elə insanlarla dostluq etmək lazımdır ki, onları bir
ömür boyu itirməyəsən, həmişə bir yerdə
olasan. Bu mənada dostların qəlp, yəni
saxta çıxmağından qorxmuşam. Üzbəüz oturub sonra qeybət qıran
adamlardan gizlənmişəm. Amma
şükür olsun, hələlik qəlp insanlara rast gəlməmişəm.
- Demək ki, instinktlər sizə həm
də insanları yaxşı tanımaq bacarığı
qazandırıb...
- Ola bilər.
Bu gün mən üç yaşında ilk dəfə
tanıyıb gördüyüm rəfiqəmlə dostluq
münasibətimi saxlaya bilirəmsə, demək ki, belədir.
Qazaxda biz o qızla, Aygünlə qonşu idik.
Uşaqlıq dostu olmuşuq. İndi də bu münasibət qalır. Ali məktəbdə dörd qız, iki oğlan
dostum olub. Bu günə qədər birlikdəyik.
- Rəhbər işçilərin
hamıdan fərqli bir keyfiyyəti olur. Onlar
tanınmışlığa paralel həm də güclü
olmaq məcburiyyətindədirlər. Bir
qadın üçün çox güclü olmaq yorucu deyil
ki?
- Hər
şeyin başlanğıcında arzu, istək və səbir
durur. Mən yorulanda da səbir edə bilirəm.
Səbir insanı güclü edən amildir.
O üzdən yorulanda səbir edirəm, səbir edəndə
güclü oluram, güclü olanda artıq bezmirəm. Yəni vərdiş yaranır. Deyə
bilərəm ki, bu həyat tərzinə vərdiş eləmişəm.
- Bütün işləri, yəni həm
çöldə, həm evdəki işləri
özünüz görə bilirsinizmi?
- Qadın çox möhtəşəm zirvədir.
O, hər şeyə yetişə biləndir. Mən evdə ən
xırda işdən tutmuş, ən böyük işəcən
hər şeyi özüm etməyi sevirəm. Kənardan gələn
köməyi xoşlamıram. Ev işi görmək mənə
zövq verir. Evdə evin xanımı, bayırda işimin
üstündə duran adam olmağa çalışıram.
Mən evdarlığın da, müəllimliyin də deyə
bilərəm ki, əsl romantikiyəm. Bir də sizə bir
söz deyim. Belə olmasaydım yəqin ki, işçilərin
də, ailəmin də yanında nüfuz qazana bilməzdim. Hər
dəfə məktəbdə iş yoldaşlarıma deyirəm
ki, yadınızda saxlayın, siz varsınız,
yanımdasınız deyə mən ayaq üstə dura bilirəm,
işləyə bilirəm. Sizin dəstəyiniz olmadam mənim
və ümumən bizim bugünkü məktəb
komandasının qalxması, ayaqda olması mümkün
deyil. Biz bir olmasaq çökərik. Azərbaycanda
böyük bir məktəbin çökməsi təhsilimizə
çox böyük ziyan və zərbə olar. Bizim məktəbdə
1300 ailənin övladı oxuyur. Biz nəsə edəndə
düşünməliyik ki, üzərimizdə həm də
1300 ailənin məsuliyyəti var. Kollektivdəki müəllimlər
həm də mənim övladım kimidir. Sizin vasitənizlə
hamısına təşəkkür edirəm. Ona görə
ki, arxamda dayanıb məni nümunəvi direktorlardan biri ediblər.
Bir də bir arzum var, müəllimli, şagirdli, valideynli hər
kəsə harada işləyiriksə işləyək, milli
kimliyimizi, mənəvi dəyərlərimizi unutmayaq, yaddan
çıxarmayaq, yadırğamayaq. Əsas olan budur. Gerisi özü gələcək...
Jalə
MÜTƏLLİMOVA
Azərbaycan müəllimi.- 2017.-
14 iyul.- S.5.