“Vaterloo Universitetində
qazandığımız biliklərin
tətbiqi
üçün geniş təcrübə imkanları
yaradılır”
Mustafa Hacıyev:
“Səbir və təmkin olanda insan çalışmaqdan
usanmır”
Mustafa Hacıyev 1997-ci il
martın 27-də Bakıda
anadan olub. 2003-cü ildə paytaxtdakı M.İbrahimov adına
153 nömrəli tam orta
məktəbin birinci sinfinə gedib. 2008-ci ildə BDU nəzdindəki
“Gənc istedadlar” liseyinin 6-cı sinfinə qəbul olunub. Liseyi qızıl medalla bitirib. Ali məktəblərə
qəbul imtahanında
695 bal toplayaraq Prezident təqaüdünə
layiq görülüb.
Bir il
Bakı Ali Neft Məktəbinin Proseslərin
avtomatlaşdırılması fakültəsində oxuyub.
Bir semestr Türkiyənin Orta Doğu Texnik Universitetinin elektrik və elektronik mühəndisliyi
fakültəsində təhsil
alıb. Hazırda “2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici
ölkələrdə təhsili
üzrə Dövlət
Proqramı” çərçivəsində
Kanadanın Vaterloo Universitetinin riyaziyyat fakültəsində təhsilini
davam etdirir.
Gələcək uğurların təməli
Orta məktəb illərində mənim ilk müəllimim Lalə xanım olub. Onun sinifdə yaratdığı nizam-intizam, xasiyyətindəki ciddiyyət, əsl pedaqoq kimi şagirdlərinə göstərdiyi diqqət və qayğı təkcə mənim yox, başqa sinif yoldaşlarımın da gələcək uğurlarının təməli olub. 2008-ci ildə uğurla imtahan verib “Gənc istedadlar “ liseyinin VI sinfinə qəbul olundum. Bu, uğurlarımın başlanğıcı oldu. Liseydəki qayda-qanunlar, müəllimlərin peşəkarlığı, keçirilən imtahanlar, seçilmiş şagirdlərin arasında oxumaq qarşımda ciddi tələblər qoyurdu. Mən ciddi rəqabətin olduğu bir mühitə duşmüşdüm. Üstəlik, liseyə daxil olandan sonra anamın da bu liseydə işləməsi mənim məsuliyyətimi daha da artırırdı. Çalışırdım ki, davranışım, tərbiyəm və təhsilimlə nümunəvi şagird olum, oxuduğum liseyə, onun kollektivinə,valideynlərimə başucalığı gətirim.
- Orta
məktəbdə daha çox
hansı fənlərə maraq göstərirdiniz?
- Bütün fənlərə maraq göstərirdim. Hər bir fəndən verilən tapşırıqları səylə yerinə yetirirdim. Amma özümü riyaziyyat və fizika fənlərində daha mükəmməl görürdüm. Ona görə də bu fənlərdən keçirilən yarışlarda, olimpiadalarda iştirak edir, uğurlar qazanırdım.
- Uşaqlıqda
hansı peşəni hədəf seçmişdiniz?
- Doğrusunu desəm, uşaqlıqdan hər hansı bir peşəni hədəf seçməmişdim. Fikirləşirdim ki, mənim üzərimə düşən vəzifə hələ ki oxumaq, keçilən fənlərin, verilən tapşırıqların öhdəsindən gəlməkdir. Yuxarı siniflərdə riyaziyyat sahəsinə marağımın çox olması məni bu sahəyə yönəltdi.
- Bir
neçə iri layihə və
olimpiadaların qalibi olmusunuz.
Sizcə, bilik sahəsində zirvəyə
çatmaq üçün
insandan nələr tələb olunur?
- Bəli, mən lisey, rayon, şəhər, respublika olimpiadalarının iştirakçısı və qalibi olmuşam. Mənə elə gəlir ki, bilik sahəsində zirvəyə çatmaq üçün ən əsası insandan səbir və təmkin, sonra çalışqanlıq və zəhmətsevərlik, özünəinam, özündən narazılıq və təvazökarlıq tələb olunur. Səbir və təmkin olanda insan oxumaqdan, çalışmaqdan usanmır. İnsanda özünəinam olanda irəli getməkdən çəkinmir. İnsan özündən narazı olanda çalışır ki, özünü mükəmməl bir səviyyəyə qaldırsın. Və ən yüksək səviyyədə olsa belə, təvazökarlıq insana həmişə hörmət qazandırar, ucalıq gətirər.
- Elm yolunu
seçərkən gələcəkdə sizi
hansı çətinliklərin gözlədiyini düşünürdünüzmü? Yeniyetmələrə
nə kimi tövsiyələr verərdiniz?
- Mənə elə gəlir ki, insan qarşısına hər hansı məqsəd qoyursa, ona nail olmaq üçün çətinliklərdən, əzab-əziyyətdən mütləq keçməlidir. Zəhmətsiz qazanılan uğur təməlsiz, bünövrəsiz binaya bənzəyir. Ən zəif təkan onu məhv edə bilər. Mən liseydə oxuyan zamandan bilirdim ki, uğur qazanmaq elə də asan deyil. Əla qiymət almaq, nəticə göstərmək üçün səylə çalışırdım, davamlı olaraq dərslərimi oxuyurdum, müəllimlərimə çox diqqətlə qulaq asırdım. Məktəblilərə demək istəyirəm ki, əzmkar, zəhmətkeş, calışqan olsunlar, milli ruhda boyüsünlər, vətənimizi sevsinlər, adət-ənənələrimizə sadiq qalsınlar. Qarşılarına qoyduqları məqsəd uğrunda mübarizə aparmağı bacarsınlar. Valideynlərin, müəllimlərin dəyərini bilsinlər. Zərərli hərəkət və davranışlardan uzaq olsunlar.
“Onlar mənim mənəvi
dünyamın
sönməyən işıqlarıdır”
- Siz
“İNTEL-İSEF” - “Sabahın alimləri” layihəsinin qaliblərindən
olmusunuz. Bu kimi layihələrdə uğur
qazanmaq üçün
nə etmək lazımdır?
- “Gənc istedadlar” liseyinin məzunu olmağımı mən özümə şərəf bilirəm. Lisey BDU-nun nəzdində olduğundan orada dərs deyən müəllimlərin bir çoxu BDU-nun müəllim və professorlarıdır. Biz kiçik yaşlarımızdan belə insanlarla ünsiyyətdə olduğumuza görə elmi iş, araşdırma, tədqiqatın nə olduğu haqqında bilgilərimiz olub. Mən əgər sıradan bir məktəbin şagirdi olsaydım, yəqin ki, “İNTEL-İSEF” nə olduğunu da bilməzdim. “Gənc istedadlar” liseyi belə layihələrin qapılarını öz şagirdlərinin üzünə açır. Bəli, mən o yarışmanın iştirakçısı və qalibi olmuş, vətənimizi ABŞ-da təmsil etmişəm. Bu cür layihələrin iştirakçısı olmaq üçün yüksək intellektual səviyyə, yol göstərən, istiqamət verən elmi rəhbər, işləmək üçün laboratoriyalar, yüksək səviyyədə xarici (əsasən ingilis) dildə danışmaq bacarığı tələb olunur. Eyni zamanda inamlı və cəsarətli olmalısan.
- Bütün uğurlarınızda sizə dəstək
olmuş kimləri qeyd
edərdiniz? Valideynləriniz xaricdə təhsil almaq qərarınızı necə
qarşıladı?
- İnsan həyatda var olmağına, qazandığı uğurlarına görə, ilk növbədə, Allahına, sonra valideynlərinə və müəllimlərinə borclu olmalıdır. Mən də ilk olaraq ulu yaradanıma təşəkkür edirəm ki, arzularıma qapı açır. Mən valideynlərimə minnətdaram ki, məni düzgün tərbiyə ediblər. Haramdan, yalanlardan, saxtakarlıqdan uzaq olmuşuq. Evimizin bəzəyi, ailəmizin dostu, sirdaşı da kitablar olub. Mən müəllimlərimə də həyatım boyu borcluyam. Çünki onlar mənim mənəvi dünyamın sönməyən işıqlarıdır. Özəlliklə də “Gənc istedadlar” liseyinin direktoru, professor Qasım Hüseynova minnətdaram. Qasım müəllim liseydə oxuduğum müddətdə həmişə mənə dəstək olub, bu günə qədər də bütün uğurlarımla maraqlanır, öz doğma övladı kimi qazandığım nailiyyətlərə sevinir.
Xaricdə təhsil almaq fikri ailəmizlə birgə ortaq
qərarımızdır. Liseyi bitirən
zaman qazandığım uğurlarla
yanaşı, 6.5 səviyyəsində İELTS göstəricim
də var idi. Qəbul
imtahanından topladığım 695 bal da Dövlət Proqramı ilə xaricdə oxumaq arzumu
reallaşdırdı.
“Müəllimlər
dərsdənkənar zamanlarda
da tələbələrə
yardım edir”
- Özünüzü
Kanadanın nüfuzlu
universitetində necə
hiss edirsiniz? Çətinlikləriniz olurmu və
bu çətinliklər
əsasən nə ilə bağlıdır?
- Mən dövlətimə
minnətdaram ki, bizim kimi gənclərə
dəstək olub dünyanın ən nüfuzlu universitetlərində
oxudur. Təhsilimdən çox məmnunam.
Bacardığım qədər çalışıram
ki, yaxşı oxuyum, savadlı kadr kimi yetişim,
dövlətimin etimadını
doğruldum.
Çətinliklər, əlbəttə, olur, amma öhdəsindən gəldiyimi düşünürəm. Birincisi, burada
təhsil çox çətin və ağırdır. Eyni zamanda,
ətrafımızdakı insanların
intellektual səviyyəsi
çox yüksəkdir.
Bu durumda daha
əzmkarlıqla çalışmaq
lazım gəlir.
Əsas çətinlik qürbətdə
ailədən, valideynlərdən
uzaq, yad insanların əhatəsində
yaşamaqdır.
Təhsil aldığım ixtisas isə Vaterloo Universitetində ən güclü və nüfuzlu ixtisasdır. Hətta dünyada
bəzi məşhur şəxsiyyətlər də
bu universitetdən məzun olub. Təhsilə gəldikdə isə
burada bizə kompüter elmləri haqqında dərin və hərtərəfli
biliklər öyrədilir,
eləcə də qazandığımız bilikləri
tətbiq etmək üçün çeşidli
şirkətlərdə təcrübə
imkanları yaradılır.
- Universitetdə tələbə həyatınız,
asudə vaxtlarınız
necə keçir?
- Vaterloo Universitetində
asudə vaxtların səmərəli keçməsi
üçün bir çox imkan mövcuddur. Universitetdə olan idman zalları, fərqli klublar və dərnəklər, tələbə
təşkilatları, müxtəlif
məzmunlu yarışmalar
və elmi seminarlar imkan verir ki, tələbələr
dərslərdən əlavə
maraq dairələrini
genişləndirsinlər və
sosiallaşsınlar. Düzünü
desəm, ixtisasımdakı
dərslərin ağırlığı
dərsdənkənar fəaliyyətlərə
nisbətən az vaxt ayırmağıma
səbəb olur. Ancaq, əlbəttə ki, çalışıram boş
vaxtlarımda tennis və
qaçışla məşğul
olum. Bundan başqa, universitetin
kitabxanasında olan maraqlı məqalə və elmi kitabları
vərəqləməyi də
çox sevirəm.
Universitetimiz Şimali
Amerikanın bir çox şirkəti ilə iş birliyi qurub. Bəzi şirkətlərin universitet
daxilində keçirdiyi
konfranslara qatılmaq da maraqlarımdan biridir. Son olaraq,
ixtisasımdakı rəqabəti
nəzərə alaraq
boş vaxtlarımda onlayn dərslər götürüb daha hərtərəfli biliklər
əldə etməyə
çalışıram.
Vaterloo Universitetinin
müəllim və
professor heyəti də
dərsdənkənar zamanlarda
da tələbələrə
yardım edir və məsləhətlərini
əsirgəmirlər.
- Tələbələrin
elmi tədqiqatlara cəlb olunması nə səviyyədədir
və sizi elmi tədqiqatlar maraqlandırırmı?
- Universitetimizdə istər
kompüter elmləri,
istər mühəndislik,
istərsə də sosial elmlər sahəsində hər zaman elmi tədqiqatlar
aparılır. Belə ki,
hər bir mühəndislik ixtisasında
tələbələrdən təhsillərinin son ilində
elmi tədqiqat aparıb layihələrini
öz universitetimizin
elm sərgisində təqdim
etmək tələb olunur. Eləcə də həm mənim təhsil aldığım riyaziyyat
fakültəsində, həm
də digər fakültələrdə tələbələr
professorların tədqiqat
assistentləri olub onlara çalışdığı
araşdırmalarda yardım
edir və elmi yeniliklərlə daha yaxından tanış olurlar.
Sonda qeyd etmək olar ki, fakültəmizdə olan tələbələr
dərslərdə və
şirkətlərdə üzərində
çalışdığı layihələrdən olduğu
kimi, universitetdə tanınmış professorların
keçirdiyi seminarlardan
da elmi tədqiqatlara
həvəsləndirilirlər. Özümə gəldikdə isə kompüter elmlərində
olan bir çox istiqamətlə maraqlanıram. Maraqlandığım
sahələrin nəzəri
tərəflərini dərindən
öyrənmək üçün
aparılan elmi tədqiqatlarla yaxından tanış olmaq vacibdir, ancaq daha önəmlisi
bu elmi prinsiplərin
təcrübədə olan
xüsusiyyətlərini bilməkdir.
Bu səbəbdən, inanıram kı, fərqli layihələr üzərində çalışaraq
həm nəzəri, həm də praktik bacarıqlarımı
inkişaf etdirərəm.
- Gələcək
planlarınız barədə
nə deyə bilərsiniz?
- Əlbəttə ki,
qarşımda olan ən birinci planım dərslərimdə
müvəffəq olmaq
və təhsilimi uğurla başa vurmaqdır. Ən əsası, savadlı
və işini peşəkarcasına bilən
bir kadr kimi yetişmək, xalqıma və cəmiyyətə xeyirli vətəndaş olmaqdır.
Bundan əlavə, təhsilim üzrə reallaşdırmaq
istədiyim başqa istəklərim də var, lakin ondan
sonrası haqqında danışmağın erkən
olduğunu düşünürəm.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.-
2017.- 14 iyul.- S.8.