Tətildə məktəb
“Məktəblinin
dostu” layihəsi çərçivəsində “Yay məktəbi”ndə
bir gün
2016-2017-ci tədris ili başa çatsa da, “Məktəblinin dostları” hələ də məktəblərdədir. Dekabr ayından fəaliyyət göstərən layihə çərçivəsində 18 ümumtəhsil müəssisəsində yay məktəbləri təşkil olunub.
İki mərhələdə təşkili nəzərdə tutulan yay məktəblərində 3-28 iyul tarixlərini əhatə edən birinci mərhələdə 5-6-cı siniflər üzrə məktəblilər iştirak edib. Avqustun 1-dən isə 7-8-ci siniflərin əhatə olunduğu növbəti mərhələyə start veriləcək. “Məktəblinin dostları”nın özündən və feysbuk səhifəsindən yay məktəbləri barədə məlumat əldə edən valideynlər artıq təklifi dəyərləndirib və uşaqlarının yay məktəblərinə qatılması məqsədi ilə müraciət edib.
Yay məktəblərinin başa çatmaq üzrə olan birinci mərhələsini izləmək məqsədi ilə “Azərbaycan müəllimi” bir günü şəhid Ayaz Məhərrəmov adına 95 nömrəli tam orta məktəbdə təşkil edilən yay məktəbində keçirib. Burada gün səhər saat 9-da başlayır. Valideynlər uşaqlarını gətirib məktəbin qapısından məktəblinin dostlarına təhvil verib gedir.
Niyə
qapısından?
Məktəblinin dostlarına qədər məktəbdə giriş-çıxış sərbəstliyi olub. Ancaq otaqlardan birində telefon oğurluğu baş verib. Məsələyə polis qarışıb. Lakin oğrunu müəyyənləşdirmək mümkün olmayıb. Çünki kameralardan görünən şübhəli üzünü gizlədib. O vaxtdan nəinki oğurluq, həm də uşaqların təhlükəsizliyi nəzərə alınaraq, məktəbə daxil olanlara məhdudiyyətlər qoyulub.
Məktəblinin
dostları qonaqpərvərliyi öyrədir
Qapıda məhdudiyyət qoyulsa da, məktəb daxilində istiqanlılıq müşahidə olunur. Qarşılayanlar məktəblilərin gülərüz dostları - Nübar Xəlilova, Nüşabə Qaracayeva və Azad Əlizadə olduğundan qonaq üçün narahatlıq yaradan səbəb yoxdur. Haşiyə çıxaraq qeyd edim ki, əslində, bu məktəbdə 5 məktəblinin dostu fəaliyyət göstərir. Ancaq bu gün Könül Əliyeva və Sara Quliyeva burda deyillər.
Bəs, hanı
bu məktəbin sakinləri?
Gözə niyə
dəymirlər?
Yay məktəblərinin gündəlik proqramı bir-birindən fərqlənir. Bir günü o birinə bənzəməsin deyə, uşaqlar üçün ayrı-ayrı oyunlar qurulur, sözlü-nəğməli yarışlar keçirilir. Bir az bundan əvvəl də məktəbin həyətindəki ağacların kölgəsində oyun oynayıb, söhbət edə-edə çay içiblər. İndi isə kinoya baxırlar.
Qapıdan içəri daxil olanda yerə döşənib kinoya baxan və az qala otağın hər tərəfinə yayılan uşaqlar ayağa qalxdı. Bütün diqqətlər gələn qonağa yönəldi. Baxdıqları kinonu belə, bir andaca unutdular. Axı qonaqları vardı. Gələn qonağa isə diqqət göstərilməli, onun istəyi ön plana çəkilməlidir. Bu minvalla uşaqlara aşılanan qonaqpərvərliklə də tanış olduq.
Hər gün burada biri ev sahibi olur. Səsvermə ilə 6 nəfər namizəd arasından seçilən həmin şəxs ev sahibinin üzərinə düşən hər nə varsa hamısını sıra ilə yerinə yetirir. Bu gün də ev sahibi Kamaldır.
Onu da qeyd edim ki, uşaqlarda qonaqpərvərlik, ev sahibinə məxsus məsuliyyət hissinin aşılanması kimi ənənə sadəcə yay məktəblərinə xas deyil. “Məktəblinin dostları” layihəsi icra olunmağa başlayandan məhz bu məqama xüsusi diqqət yetirilir. Məsələn, məktəblərdə keçirilən tədbirlərə layihənin icra olunduğu bütün məktəblərdən qatılırlar. Onların qarşılanması, yerləşdirilməsi, layiqli şəkildə yola salınması ev sahibi olan məktəblərin şagirdlərinin üzərinə düşür. Qonaq məktəblər isə necə qarşılandıqlarını diqqətlə izləyir, onlardan fərqli nə edə biləcəkləri barədə düşünürlər. Bu yolla məktəblilərdə qonaqpərvərlik xüsusiyyətləri, ev sahibliyi vərdişləri formalaşdırılır.
VI sinif şagirdi olan Kamal Ağayev özünü əsl ev sahibi kimi apardı. Qonağının bütün istəklərini təmin etmək, bütün suallarını cavablandırmaq üçün əlindən gələni etdi.
“Kompleksim yoxdur”
Ev sahibinə yaraşan şəkildə söhbətə özü başladı: “Burda biz çox əylənirik. Hər günümüz maraqlı keçir. Mənim üçün məktəblinin dostlarının yeri ayrıdır. Onlar gələnə, bizimlə münasibət qurana qədər çox utancaq idim. Danışmaqdan çəkinirdim. Çoxlu kompleksim vardı. Amma indi elə deyiləm. Nəinki danışıram, hətta televiziyalara müsahibə də verirəm. Məktəbimiz futbol yarışında qalib gəlmişdi. Qalib komandanın nümayəndəsi kimi müsahibə verdim”.
Məktəblinin dostu Azad Əlizadənin sözlərinə görə, Kamal çox qapalı olub. Burada, sözün əsl mənasında, inkişaf dövrü keçib: “Yay məktəbinin ikinci günü mövzumuz komplekslərlə bağlı oldu. Xeyli söhbət etdik. Uşaqlara kompleksləriylə necə mübarizə aparmalı olduqlarını öyrətdik. Kamalda da gördüyünüz kimi, artıq utanıb kənarda duran, ağzını açıb bir kəlmə belə danışmayan uşaqlarımız, demək olar ki, yoxdur. Kamal kimi uşaqlar çox olub. Elə Şükriyyə Əhmədova da əvvəlcə çox utancaq olsa da, artıq belə problemi yoxdur. Fikrini rahat ifadə edə bilir. Valideyni də onu yay məktəbinə qoyanda bizdən xahiş etdi ki, onunla daha çox məşğul olaq. Ümumiyyətlə, valideynlər uşaqlarını bura gətirəndə xüsusi vurğulayırlar ki, bizimlə münasibət qurmaq şagirdlərdə kompleksləri aradan qaldırır”.
Musiqi, rəqs,
karaoke
Yay məktəbinin ən maraqlı günləri musiqili olanlardır. Rəqs edəni, şeir yazıb mahnı oxuyanı da çoxdur 95 nömrəli məktəbin. Məktəblinin dostları da onlara texnika ilə rəqs etməyi öyrədirlər. Odur ki, yarışlarda, tədbirlərdə başqa məktəblərdən geri qalmırlar. Uşaqların repçi kimi tanıdığı Sadiq Babayev özü burda olmasa da, söhbəti keçdi. Uşaqlar deyir ki, tez-tez Sadiqi oxutdurub ona həvəslə qulaq asırlar. Yay məktəbinin dadı-duzu olan Sadiq həm də yaxşı futbol oynayır.
Siz zəif
deyilsiniz, biz güclüyük
Futboldan söz düşən kimi, Elgün Qasımov söhbətə qoşuldu. Məktəbin fəal oyunçularından olan Elgün deyir ki, məhəllədə oynaya-oynaya öyrənib: “Məktəbimizdə futbolçu çoxdur. Əsas odur ki, biz komanda olaraq oynaya bilirik. Ən son oyunumuzda rəqiblərimizə qalib gəldik. O qədər yaxşı oynadıq ki, bizimlə oynamaqdan imtina etdilər. Ancaq biz də özümüzə yaraşan şəkildə, məktəblinin dostlarının bizə öyrətdiyi şəkildə davrandıq. Rəqibimizin əlini sıxdıq. Onlara dedik ki, meydanda rəqib olsaq da, kənarda dostuq. Rəqib komandada oynayan yoldaşlarımızdan ağlayanlar vardı. Onlara yaxınlaşıb təsəlli də verdik. Dedik ki, siz zəif deyilsiniz, biz güclüyük, hamını uduruq. Siz bizim ən güclü rəqiblərimizdən oldunuz”.
Məktəblilər
təlimdən təlimə
Əhməd Bayramlı da yay məktəbinə həvəslə qatılanlardandır. Burada keçirdiyi ən maraqlı günləri bir-bir xatırlayır. Məsələn, Əhməd burada yol hərəkəti qaydalarına dair öz bildiklərindən fərqli nə öyrəndiyini anlatdıqca insan heyrətini gizlədə bilmir: “V sinifdə oxuyuram. Yol hərəkəti qaydaları barədə məlumatlı idim. Buna baxmayaraq, yolu keçəndə qorxa-qorxa keçirdim. Amma burda yol hərəkəti qaydaları ilə bağlı məktəblinin dostları ilə təlim keçəndən sonra vəziyyət dəyişdi. Daha qorxmuram. Bildiyim qaydalara əməl edirəm. Sürücü ilə göz təması qurub yolu rahatca, qorxmadan keçirəm. İndi onu da bilirəm ki, dayanacaqda yolu keçərkən avtobusun arxasından keçməliyəm”.
Nəinki yol hərəkəti, fövqəladə vəziyyətlərdə davranış qaydalarına həsr edilən təlimlər də keçirilib. Məktəblinin dostları deyirlər ki, Fövqəladə Hallar Nazirliyi bu təlimlərə hazırlaşarkən onlara çox kömək edib. Davranış qaydalarından bəhs edən çoxlu kitab göndəriblər. İlk təlimlərdə fərqlənənlərə həmin kitablar hədiyyə edilib. Ancaq yay məktəbini bitirən hər kəsə bu kitablardan paylanacaq.
Birimizin bildiyini
hamımız öyrəndik
Yay məktəbində bütün fəaliyyət uşaqların zamanını səmərəli keçirməsinə yönəldilsə də, kitablar da unudulmayıb. Vaxtın səmərəli təşkilində kitabların xüsusi önəmi nəzərə alınıb. Uşaqlara kitablar verilib. Təbii ki, hər kəsin zövqünə, istəyinə və yaşına uyğun seçilən kitabların müzakirəsinə də ayrıca gün ayrılıb. İbrahim Məmmədli əsərlərini oxuyub müzakirəyə çıxardıqları müəlliflərin adını birnəfəsə sadalayır: “Cəlil Məmmədquluzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, İlyas Əfəndiyevin, Mikayıl Müşfiqin...”.
Elmir Balışov isə şəxsiyyətlər haqında təqdimatla çıxış etdiklərindən danışdı: “Bizə verilən tapşırıqları yerinə yetirdik. Nəsirəddin Tusi, Eynşteyn, Höte, Üzeyir Hacıbəyli, dünyanın 7 möcüzəsi, məhv olmuş xalqlarla bağlı təqdimatlar hazırladıq. Təqdimatlarda bir-birimizin mövzularımıza aid suallar verdik. Əslində, hər birimiz ayrı-ayrı mövzu üzrə hazırlaşdıq. Ancaq müzakirə zamanı birimizin öyrəndiyini hamımız bildik”.
Kino günü
Uşaqlar sadəcə kitabları deyil, baxdıqları kinoları da müzakirə edirlər. Əvvəlcə, istirahət otağında yerə döşənib kinoya baxır, sonra təlim otağına keçərək onu müzakirə edirlər. Baxdıqları filmdə təsirləndikləri məqamlardan danışırlar. Artıq yay məktəbində o qədər kinoya baxıblar ki, nəinki adlarını, sayını belə unudublar.
Breyn-rinq
Əhməd Nəsrullayev yay məktəbində təşkil edilən ingilis dilində oyunlardan zövq alıb. Ən xoşuna gələn isə breyn-rinq olub. Nəinki Əhməd, bütün uşaqlar üçün ən maraqlı gün breyn-rinq yarışları təşkil olunan gündür. Əsas məqsədi istedadlı uşaqların potensialını üzə çıxarmaq olan məktəblinin dostları buna nail olmaq üçün breyn-rinq yarışlarından xüsusilə faydalanırlar. Məktəbdə tanınıb sevilmələrinə də məhz bu yarışın təşkilindən sonra nail olduqlarını deyirlər: “Hər biri 6 nəfərdən ibarət 20 komanda təşkil edilmişdi. 7-9-cu siniflər komanda təşkil etməklə bu yarışa qatıla bilərdilər. Təsəvvür edin ki, günün sonunadək, demək olar ki, komandalar hazır idi. Komanda qurur, ad verir, liderini seçib qatılırdılar. Bu proses özü və sonra yarış bizi uşaqlarla yaxınlaşdırdı!”.
Həm intellektual, həm də əyləncəli olan yarışlar uşaqların da dilindən düşmür. 95 nömrəli məktəbin 6 şagirdi məktəblərarası yarışa qatılıb və qazandıqları uğura görə hər birinə telefon hədiyyə edilib.
Məktəb həyətində
piknik
Mirzağa Talıbzadə həyətdə piknik elədikləri günü xatırladı: “Yeməyimizi, içkimizi, oyunlarımızı götürüb həyətdə özümüzə məclis qurduq. Çox maraqlı keçdi. Oynayıb, gülüb əyləndik”.
Uşaqların ən
sevimli məşğuliyyəti
Hər kəsi cəlb edən məşğuliyyət
var. Biri çəkir,
biri toxuyur, o biri yığır... Həvəslə yay məktəbinə
gətirib onlarla dostlarını da tanış
edirlər. Məsələn, Mirzə ilə
Sadiqin pul kolleksiyası artıq yay məktəbində məşhurlaşıb.
Rəsm,
toxuma kimi qabiliyyətləri ilə tanınanlar da az deyil. Bir-birinə baxıb həvəslənən
uşaqların əl işləri arasında bəyənilənlər
ölkə əhəmiyyətli tədbirlərdə də
nümayiş etdirilib.
Maraqlıdır ki, uşaqlar bu qabiliyyətlərindən
həm də sevgisini nümayiş etdirmək
üçün istifadə edirlər. Məsələn,
rəssamlıq qabiliyyəti olan uşaqlar arasında məktəblinin
dostlarının rəsmini çəkənlər
çoxdur. Münasibətini rəsmlə,
əl qabiliyyəti ilə göstərənlərlə
yanaşı, sözlə ifadə edənlər də var. Məsələn,
ibtidai sinif müəllimi Zümrüd Hüseynova sinfinə məktəblinin
dostu ilə bağlı inşa yazdırıb. Həmin inşaları da ilin sonunda məktəblilərin
dostlarına təqdim edib. Yazılarda məktəblinin
dostları ilə bağlı ancaq xoş sözlər var.
Ümumiyyətlə, məktəbdə uşaqların
məktəblilərin dostlarına olan sevgisini hamı hiss
edir. Fəal müəllimlər yeri gəldikcə bu
sevgidən istifadə edirlər. Məsələn,
onları “açıq dərs”lərinə dəvət edirlər.
Rəfiqə müəllim ilə birgə tədbirlərindən
danışan məktəblinin dostları onların köməyindən
istifadə edilməsindən çox məmnun
görünürlər. Müəllimlərin
təşəbbüsü ilə uşaqlarla birgə ağac
əkir, onları teatr, kino və festivallara aparırlar.
Məktəblilərin öz
dostlarına sevgisi
Bu gün də məktəblinin dostları ilə
münasibətlərindən çox danışırlar. Danışdıqları
hər mövzuda sevimli dostlarının adı mütləq
keçir. Əksəriyyəti də məktəblinin
dostları ilə ilk tanışlıqlarını
xatırlayır, əvvəlki təəssüratları ilə
sonrakı müşahidələrini müqayisə edirlər.
Əhməd Bayramlı: “Əvvəlcə çox qorxurduq. Elə bilirdik ki, bir səhvimiz olanda onlar bizi cəzalandıracaq.
Sonra anladıq ki,
düşündüyümüz kimi deyil. İlk dəfə
onlarla dostumla dalaşdığımız gün tanış oldum. Onlar mənə məsləhət
verdi. Könül müəllim
dostluqdan, dostlarla münasibət qurmaqdan danışdı.
Yola getməyi öyrətdi”.
Yay məktəbi 5-6-cı siniflərlə təşkil
olunsa da, III və IX sinfin şagirdləri mütəmadi olaraq
məktəbə baş çəkir, burada vaxt keçirməkdən
yorulmurlar. Məktəblinin dostları şagirdlərin sadəcə
sirdaşı da deyil, həm də ən nüfuzlu pərəstişkarlarıdır.
Onları tədbirlərinə, imtahanlarına dəvət
edir, iştiraklarına sevinir, dəvətlərinə
qatılmayandan isə küsürlər.
Məktəblinin dostlarının
büdcəsi
Məktəblinin dostları deyirlər ki, istənilən
planları barədə direktora deməkləri kifayət edir. Onlar
üçün hər şərait yaradılır. Beləliklə, hər hansı məsələ
olanda müvafiq olaraq ya məktəb, ya da layihə rəhbərliyinə
xəbər verir, istənilən köməyi alırlar.
Maraqlıdır, bəs, gündəlik xərclərini kim verir?
Məsələn, onlar şəxsi qonaqpərvərlikləri
ilə həm valideynlərin, həm də şagirdlərin
sevgisini qazanıblar. Ancaq belə məlum olur ki, layihənin bu
cür məqsədlər üçün ayrıca büdcəsi
yoxdur. Ona görə də məktəblinin
dostları dəvət etdikləri valideynləri özləri
üçün aldıqları çaya qonaq edirlər.
Hətta şagirdlər belə bu qonaqpərvərliyi
qiymətləndirib. Məktəblinin dostu ilə
bağlı yazılan ürək sözlərinin arasında
belə bir fikir var: “Məktəblinin dostu bizi öz cibindən
aldığı çaya qonaq etdi”.
Məktəblinin dostları deyir ki, etirazlarına
baxmayaraq, ötən ay ərzində ayrı-ayrı valideynlər
də yay məktəbinin iştirakçılarını
şirniyyatlara qonaq ediblər.
Daha uşaqlarımdan nigaran deyiləm
Günortadır. Saat 2-yə yaxınlaşdıqca valideynlər
gəlib uşaqlarını götürürlər. Məktəblilərin
dostlarını görmədən heç kim
getmir. Fidan Abışovanın valideyni Xəyalə
Zeynalova da gəldi. Bu ay onun qızı
Fidan yay məktəbinin iştirakçısıdır.
Gələn aydan oğlu İzzət gələcək.
Övladlarından həvəslə danışır: “Fidan
yaxşı futbol oynayır. Artıq milli
komandada təmsil olunur. 5-ci sinif
şagirdidir. Yəni yaşı milli
komandanın üzvü olmaq üçün azdır. Buna baxmayaraq, onu qəbul ediblər. Atasının ürəyincə olsa da, mən
futbolla məşğul olmasına razı deyiləm. Ancaq mane də olmuram. Çünki
gələcəkdə polis olmağını istəyirəm.
Odur ki, idman növlərindən biri ilə məşğul
olmasının ona köməyi dəyəcəyini
düşünürəm. Qızım
çox nümunəvidir. Təhsili də
yaxşıdır, zərbəçidir. Amma
oğlum İzzətlə bağlı eyni sözləri deyə
bilmirəm. Ona görə məktəblinin
dostları məni məktəbə də
çağırıb. Amma o da
istedadlıdır. Aktyor olacaq. Elə gözəl oynayır ki. Bir
anda istədiyin obraza girir. Uşaqlarımın
hər ikisi məktəblinin dostlarını çox sevir.
Evdə tez-tez onların söhbəti gedir.
Məktəbdə birgə nə etsələr,
evdə mütləq danışılır. Məktəblinin dostlarının olması həyatımızı
çox asanlaşdırıb. Hər məsələdə
köməyimizə gəlirlər. Hətta
uşaqlarımızla dil tapmaqda belə. Evimizdən
məktəbin həyəti görünür. Azad müəllimin burada gəzişdiyini
görüb rahatlaşıram. Çox
narahat insanam. Məktəblinin dostları gələnə
qədər gün ərzində elə olurdu ki, bir neçə
dəfə məktəbə gəlir, uşaqları
yoxlayırdım. Artıq bir növ mənəvi
rahatlıq tapmışam. Uşaqlarımdan
nigaran deyiləm. Bütün valideynlər
də mənim kimidir. Uşağı
qapıdan ötürüb gedirik”.
Məktəblinin dostları növbəti
tədris ilində:
daha hazırlıqlı, daha təcrübəli
Xəyalə xanımın oğlu İzzət də
daxil olmaqla, avqust ayında 30 nəfərə yaxın uşaq
yay məktəbinə qeydiyyatdan keçib. Məktəblinin dostları
əmindir ki, bu rəqəm gələn il
daha çox olacaq. Onların sözlərinə
görə, ilk təcrübələri olduğu
üçün həm valideynlər, həm də məktəblinin
dostları yay məktəblərinə ehtiyatla
yanaşdılar. Gələn il isə
onlar daha hazırlıqlı, uşaqlar isə daha çox
olacaq.
Uzun
sözün qısası, “Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası”na
uyğun olaraq Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin tabeliyindəki 30 ümumi təhsil müəssisəsində
pilot olaraq həyata keçirilən “Məktəblinin
dostları” layihəsi tədris ili ərzində
qazandığı uğuru yay məktəbində də davam
etdirir.
Xatırladaq
ki, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və
İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə
reallaşdırdığı layihənin məqsədi tədris
prosesinin sağlam, təhlükəsiz, əlverişli
psixoloji mühitdə təşkil edilməsi, valideynlərin
övladlarının təhsil şəraiti barədə məlumatlılığının
və məmnunluğunun artırılmasıdır. Azərbaycan
təhsil sistemində ilk dəfə olaraq gerçəkləşdirilən
“Məktəblinin dostu” layihəsi dünyanın müxtəlif
ölkələrində müxtəlif adlarla uğurla
sınaqdan çıxarılıb. Burada əsas hədəf
məktəb-təhsilalan-valideyn
üçbucağının tərəfləri arasında
üfüqi ünsiyyətin qurulması və hədəf
olaraq təhsilalana ahəngdar özünü gerçəkləşdirmə
imkanları yaratmaqdır.
Ruhiyyə
DAŞSALAHLI
Azərbaycan müəllimi.- 2017.-
28 iyul.- S.1; 6.