Kamera qarşısında müəllimlərdir
Və yaxud “El
bilir ki, sən müəllimsən” necə ərsəyə gəldi?
Təhsil Nazirliyinin sifarişi ilə Təhsil TV-nin çəkdiyi “El bilir ki, sən müəllimsən” adlı sosial çarx sosial şəbəkələrdə böyük rezonans yaradıb. Maraq doğurmaqla yanaşı, həm də geniş müzakirələrə səbəb olan 54 saniyəlik həmin sosial çarxın çəkilməsi üçün hətta xaricdən çəkiliş qrupu gətirildiyini düşünənlər də olub.
Oyunçusu əsl
müəllimlər və şagirdlər olan film
Əslində isə baş qəhrəmanı müəllimlər olan bu videoçarxın “oyunçular”ı 189-190, 46, 7, 220, 229 nömrəli məktəblər daxil olmaqla, ümumilikdə 40 məktəbdən seçilib. 500 nəfərə yaxın namizəd arasından Azərbaycan dili və ədəbiyyat müəllimi Ağasəlim Əhmədov, Azərbaycan və rus bölməsində ibtidai sinif müəllimləri Rəna Abbasova və Yevgeniya Butiryova, ingilis dili müəllimi Aynur Hüseynova, musiqi müəllimi İradə Axundova, kimyaçı Dürdanə müəllim, riyaziyyat müəllimi Nəzakət Sultanova, fiziki tərbiyə müəllimi Hüseyn Hüseynov, rus dili və ədəbiyyatı müəllimi Nüşabə Orduxanova fərqlənərək həyatdakı rolunun videoçarxdakı obrazına çevriliblər. 1000 nəfərə qədər şagird arasında isə diqqət çəkən 189 nömrəli məktəbin şagirdi Ayan Figarova, 46 nömrəli məktəbin şagirdi Rübabə Qafarova, 309 nömrəli məktəbin şagirdləri Cəlal və Şahin, 220 nömrəli məktəbdən Arzu müəllimin məktəbəhazırlıq sinfi də əsas səhnələrdə yer alıblar.
Müəllimlər baş qəhrəmanı olduğu videoçarxda həm də məsləhətçi olub. Bu peşə sahiblərinin doğru görüntüsünü yaratmaqda çəkiliş qrupuna xeyli kömək ediblər. Peşələri ilə bağlı nəyin düz, nəyin yanlış olduğunu deməklə kifayətlənməyib, hətta təkliflər də veriblər. Nəticə isə odur ki, azərbaycanlı rejissor Vüqar İslamzadə və operator Rauf Qurbanəliyevin peşəkar, prodüser İlkin Babayevin isə texniki dəstəyi, Azərbaycan müəllimləri və şagirdlərinin iştirakı ilə baxımlı, maraqlı və sıradan olmayan bir iş ortaya çıxıb. Çəkənin də, çəkilənlərin də özümüzdən olduğu videoçarxın çəkiliş prosesindən maraqlı görüntülər qalıb: həm xatirələrdə, həm də fotolarda.
Əsl müəllim
və şagirdlərlə 3 gün
Rejissor Vüqar İslamzadə də, operator Rauf Qurbanəliyev də hesab edir ki, çəkilişlər özünəməxsus çətinliklərə baxmayaraq, onları təəccübləndirəcək qədər rahat, asan başa gəlib. İşin asan tərəfi onda olub ki, həm müəllimlər, həm də şagirdlər kamera qarşısında da elə öz gündəlik işini görüb.
3 gün çəkən çəkiliş prosesində əsas şərt o olub ki, əsl müəllim və şagirdlərlə maraqlı, geniş ictimaiyyətə xitab edən, ictimai əhəmiyyət kəsb edən və müəllimə verilən dəyəri göstərən sosial çarx çəkilsin. Bunun üçün lazım olan hər şərait yaradılıb. Müəllimlər və şagirdlər 7 nömrəli orta məktəbə dəvət edilib, orda seçilib. Uğurla keçən seçimdən sonra müəllimlər və şagirdlər kamera qarşısına keçib.
“Məni də çək”
Rejissorun
və operatorun “asan” dediyinə baxmayın. Özünüz təsəvvür
edin: sinif otaqları dar, görüləcək iş isə
böyük. Təxəyyüllərdə hazırlanıb
kağız üzərinə köçürülən
ideyanı gerçəkləşdirmək elə də asan
olmayıb.
Çəkiliş
üçün 229 nömrəli məktəbdə
hazırlıq görülüb. Kameralar, işıqlar,
ağır texniki avadanlıqlar məktəbin ənənəvi
görüntüsünü dəyişib. Məktəb
otağı bir anda dönüb olub çəkiliş
meydançası.
Videoçarxa
maraq elə hazırlıq mərhələsindən
başlayıb. Çəkilişlərin
başladığını, özü də müəllim və
şagirdlərin çəkildiyini eşidənlər Təhsil
TV-nin məktəbdə qurulan kiçik sinif otağından
ibarət çəkiliş meydançasına axın edib.
Bax, əsl çətinlik də bu zaman başlayıb.
Çəkiliş
üçün seçilən müəllimlərdən
“Neçə saatdı elə bunun üçün gözləyirik?”,
- deyəni, valideynlərin “Mənim uşağımı niyə
çəkmirsiz?”, - tələb edəni, hətta müəllimlərdən
belə “məni də çəkin”, - deyə israr edəni
burda vəziyyəti bəzən dözülməz edib.
Zaman-zaman
ağız deyəni qulaq eşitmədiyi anlar olub.
Bütün bu qarmaqarışıqlıqda valideynləri
razı salan cavablar vermək rejissor üçün heç
də həmişə asan olmayıb. Ancaq elə ki, çəkiliş
anı çatdı...
Diqqət, çəkiliş gedir!
Qaynayan
çəkiliş meydançasında səssizliyi bir az
çaşqın, bir az maraqlı baxışlar
müşayiət edib. Müəllimlər də, şagirdlər
də kamera qarşısında özünü peşəkarlar
kimi aparıb. Rejissor Vüqar İslamzadəni heyrətləndirən
faktlardan biri bununla bağlıdır. Onun fikrincə, peşəkar
aktyorlarla bir kadr 2-3 dəfəyə çəkilməlidir.
Qaydalara görə, uşaqlarla, yaşlılarla çəkilən
kadrlar üçün 5-7 dubl normal qəbul edilir. Amma bu
çəkilişlərdə nəinki müəllimlər,
uşaqlar belə 2-3 dubla çəkilib.
Beləliklə,
işığından tutmuş kölgəsinə,
gündüzündən tutmuş gecəsinə qədər
hər məqam, hər kadr millimetrinə qədər dəqiq
hesablanıb. Hər bir epizod ən incə detalına qədər
düşünülüb, sonra çəkilib. Montaj mərhələsinə
hər hansı düzəliş, əlavə effekt
saxlanılmayıb. Videoçarxda gördüyümüz nə
varsa, hamısı çəkilənlərdir. Məsələn,
fortepianoda müəllim ifa edir, şagird oxuyur. Bu səhnəni
çəkərkən nə günəşin mövqeyi, nə
musiqi alətinin yeri lazım olan görüntünü əldə
etməyə imkan verməyib. Həmin mövqedən
otağın pəncərəsi də
görünmürmüş. Odur ki, operator fortepianonu sinif
otağının ortasına çəkdirib. Günəş
şüalarını isə otağa özünün
işıqları ilə ona lazım olan istiqamətdən
salıb. Elə edib ki, biz videoçarxda pianonun ortada
olduğunu anlamır, şagirdin arxasından pəncərəni
görürük.
Çəkiliş
prosesini ağırlaşdıran başlıca səbəblərdən
biri istifadə edilən texnika olub. Qeyd edək ki, nəzərdə
tutulan hərəkətli kadrlar üçün istifadə
olunan texnika öz ağırlığı ilə
seçilir. Videoçarxda, fikir vermisinizsə, bir epizoddan digər
epizoda sürətli keçid edilir. Ona görə də
quraşdırma işləri, bir məkandan başqa məkana
keçid daha çox vaxt aparıb, nəinki çəkiliş.
Ağır
texnika ilə müqayisə edəndə uşaqların nə
yaşca kiçik olması, nə də təcrübəsizliyi,
demək olar ki, hiss olunub. Azyaşlı olduqları
üçün çəkiliş vaxtı onların hər
birinə fərdi yanaşma tələb olunsa da, əsasən
məktəbəhazırlıq mərhələsinin
uşaqlarından ibarət olan kiçik “aktyorlar” bunun öhdəsindən
gəlib. Verilən taşırıqları müəllimlərinin
və valideynlərinin köməyi ilə çox cəsarətlə
yerinə yetiriblər. Müəllimlər isə kameranı
hiss edirmiş. Hara, necə baxmaq lazımdırsa, onu dərhal
tuturmuşlar. Bir sözlə, hər kəs işindən
zövq alıb.
Məktəbdə ev şəraiti
Çəkiliş
prosesindən xatirələrdə qalan səhnələr ən
çox çətin alınan kadrlarla bağlıdır. Məsələn,
iplə şagirdin yuxarı qalxdığı epizod nisbətən
çətin, yəni 3-4 cəhddən sonra çəkilib.
Qalan bütün kadrlar bir, ya da ikinci cəhddə uğurla
çəkilib.
Maraqlı
məqamlardan biri də müəllimin axşam vaxtı
uşağın dəftərinə “Afərin”
yazdığı kadrdır. Əslində, həmin kadr evdə
çəkilməliydi. Ancaq çəkiliş qrupu məktəbdə
gecə işıqlandırması edib ev şəraiti
yaratmaqla bu epizodu elə sinifdəcə çəkib.
Gecəyə
gündüz, gündüzə gecə effekti vermək o qədər
asanlaşıb ki, artıq səmada görünən göy
cisminin Ay, yoxsa Günəş olması çarxda əhəmiyyət
kəsb etmir. Məsələn, videoçarxda kimya
otağında çəkilən epizod axşam çəkilib.
Artıq hava qaralanda kameraları işə salan operator məkanı
elə işıqlandırıb ki, tamaşaçı orada
gündüz olduğunu düşünür, şər
qaralmaq üzrə olduğu heç ağlına da gəlmir.
Çəkiliş vaxtı orada olan uşaqlar
üçün isə bunu izləmək heyrətamiz olub. Yəqin
ki, çəkiliş prosesinin ən maraqlı səhnəsi
bu ziddiyyəti görən uşaqların
çaşqınlıqları olub: maraq və təəccübü
gözlərindən oxunan uşaqlar üçün şər
vaxtı sinifdə necə gündüz olduğunu görmək
hər halda adi deyildi.
Çəkiliş başa
çatdı
Beləliklə,
çəkiliş başa çatdı, videoçarx
hazırlanıb yayımlandı. Müəllim və
şagirdlərin çəkildiyi, kamera qarşısında
öz həyatlarını oynadığı maraqlı bir
“film” hər nüansı ilə yaddaşlarda qaldı.
Qeyd edək
ki, müəllim, şagird və tələbələrin
iştirakı ilə 5 fərqli videoçarx çəkilib.
Məktəbəhazırlıq və müəllim peşəsinin
seçimi ilə bağlı olan çarxların hər biri
özünəməxsusluğu ilə seçilir.
Baş rolda niyə əsl müəllimlərdir?
Təhsil
Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun
müdiri Cəsarət Valehov sosial çarxın çəkilməsi
məqsədlərindən danışarkən deyib ki, müəllimin
cəmiyyətdə nüfuzunun artırılması
üçün bütün mümkün yollara əl
atılır. İstər diaqnostik qiymətləndirmənin
keçirilməsi və onun nəticələrinə
uyğun islahatların aparılması, istər müəllimlərin
işə qəbulu və yerdəyişməsində baş
verən yeniliklər sözügedən peşə sahiblərinin
sosial rifahının yaxşılaşdırılmasına, əməyinin
düzgün qiymətləndirilməsinə, o cümlədən,
cəmiyyətdə nüfuzunun artırılmasına xidmət
edir. Artıq bir neçə ildir müşahidə olunan,
müəllimlərin cəmiyyətdə artan nüfuzunun əsas
göstəricisinə çevrilən məqamı da qeyd etməsək,
olmaz. Qəbul imtahanlarında yüksək nəticə
göstərənlər məhz müəllimlik
ixtisasını seçirlər. Demək, peşə olaraq
müəllimliyin nüfuzu qalxır. “El bilir ki, sən müəllimsən”
adlı sosial çarx da bu istiqamətdə həyata
keçirilən məqsədyönlü fəaliyyətin tərkib
hissəsi olaraq hazırlanıb. Müəllim, valideyn və
şagirdlərin cəlb olunduğu layihə məhz elə bu
səbəbdən böyük marağa səbəb olub.
C.Valehov hesab edir ki, təcrübəli aktyorlardan istifadə
olunsaydı, çəkiliş daha sürətli, iş daha
keyfiyyətli ola bilərdi: “Ancaq biz müəllimin
missiyasını cəmiyyətə həmin peşə sahiblərinin
özlərinin göstərməsini istədik. Nəticəyə
baxanda bir daha əmin oluruq ki, doğru qərar vermişik”.
Ruhiyyə DAŞSALAHLI
Azərbaycan müəllimi.- 2017.-
28 iyul.- S.1; 5.