Neyrolinqvistik proqramlaşdırma
təhsil texnologiyası kimi
Bu texnologiyadan istifadə dərsləri
cəlbedici və maraqlı edir
Müasir dövrdə Azərbaycan təhsil
sisteminin yenidən qurulması, müasirləşdirilməsi
və bu prosesdə yeni texnoloji innovasiyalardan istifadə
olunması vacib məsələlərdən biridir. Təhsil
sisteminin inkişaf tendensiyası innovativ və interaktiv metodlardan
istifadə edən novator müəllimlərin iş
üsullarına dair toplanmış faydalı təcrübələrin,
pedaqoji-psixoloji tədqiqatların nəticələrinin daim
sistemləşdirilməsi, ümumiləşdirilməsi və
təlim-tərbiyə prosesinin məzmununun yeniləşdirilməsini
tələb edir. Bu problemlərin həlli təhsil
sferasına, pedaqoji prosesə interaktiv metodlar
anlayışının elmi əsaslarla gətirilməsini
vacib bir problem kimi qarşıya qoyur və bütövlükdə
təhsildə müasir texnoloji yanaşmaların tətbiqini
aktuallaşdırır.
Müasir təhsilin inkişaf indikatorlarından biri də təhsil
işçilərinin və bütövlükdə təhsil
sisteminin ictimai həyatın tələblərindən irəli
gələn yeni ideyalara, texnoloji innovasiyalara çevik və
adekvat reaksiyasıdır. Başqa sözlə, sosial-ictimai həyat,
əmək bazarı, İKT və digər sferalarda baş verən
yeniliklərin təhsildə çevik inikası təhsilin
inkişafından xəbər verir, bu inkişafı şərtləndirir.
Təhsilin inkişafı istənilən sosial-ictimai, texnoloji
inkişaf ilə uyğun tempdə və üzvi vəhdətdə
cərəyan etməlidir ki, onun yetişdirdiyi şəxsiyyətlər
cəmiyyətdə, ictimai-sosial həyatda baş verən
yeniliklərdən xəbərdar olsunlar və bu yeniləşmə
prosesinə öz töhfələrini versinlər.
Digər tərəfdən, təhsil
sistemi sürətli, intensiv dəyişikliklər
mühitinə, informasiya çoxluğuna, ictimai-sosial həyatdakı
gərginlik faktorlarına, gənc nəslin yeniləşməkdə
olan həyat fəlsəfələrinə adekvat öyrənmə,
öyrətmə metodları, ünsiyyət-davranış
modelləri təklif etməli və
formalaşdırmalıdır. Başqa sözlə, didaktik arsenal tədricən
yenilənməli və zənginləşdirilməlidir.
Müasir təhsil yanaşmalarında
pedaqoji fəaliyyət
yaradıcılığın növlərindən biri kimi dəyərləndirilir. Bu fəaliyyətin
icrasını şərtləndirən amillər, mexanizmlər,
üsul və vasitələr əvvəlcədən
planlaşdırılmalıdır. İnkişaf etmiş
müasir təhsil sistemlərində yeni nəsil müəllimlərdən
öyrətdikləri fənnin struktur məzmununa və məqsədinə
uyğun olaraq uşaqların fərdi xüsusiyyətlərini
nəzərə almaq, şagirdlərin harmonik
inkişafını mümkün edən texnologiyalar
seçib tətbiq etmək tələb olunur.
Neyrolinqvistik
proqramlaşdırma nədir?
Neyrolinqvistik
proqramlaşdırma (NLP) texnikalarının təhsil modelinə
əlavə edilməsi tədris prosesini fərdi proqram üzrə
təşkil etməyə, şagirdin dərsə
marağını stimullaşdırmağa imkan verir. NLP
texnikalarının istifadə olunduğu dərslər
uşaqlar üçün çox cəlbedici və
maraqlı olur.
NLP zehin və dil arasındakı qarşılıqlı əlaqənin
davranışımıza təsirini ifadə edir. İlk olaraq NLP
anlayışına qısaca şərh verək.
Neyro -
hiss üzvlərimizdən gələn
informasiyadan istifadə edərək, xarici dünya
haqqındakı təcrübələrimizi şüurlu və
şüuraltı düşüncələrə çevirən
nevroloji proseslərlə əlaqədardır. NLP bədənimizdə
fizioloji və psixoloji proseslərin bir vəhdətdə
işləməsinə əsaslanır. NLP nevroloji prosesi
canlandıraraq onu idarə etmək bacarığını
qazandırır.
Linqvistika - dil vasitəsi ilə təcrübələrimizə
məna qazandırmaq, onları başqalarına
çatdırmaq üçün ən səmərəli
vasitədir.
Dil düşüncələrimiz, təcrübələrimiz
və görüşlərimizin xaricə təzahür vasitəsidir.
Proqramlaşdırma - məqsədə çatmaqda
təcrübələrimizi uyğunlaşdıraraq və tənzimləyərək
modelləşdirməkdir. Əldə etdiyimiz nəticələr,
onların başqalarına və özümüzə təsiri
fərdi proqramlaşdırma fəaliyyətimizin nəticəsidir.
Dilçi və riyaziyyatçı
işbirliyinin nəticəsi
NLP-in
müasir anlamda əsası 1974-cü ildə Kaliforniyada,
dilçi Con Qrinder ilə riyaziyyatçı Riçard
Bendler tərəfindən qoyulub. Onların ortaq fəaliyyəti
nəticəsində ailə psixoterapevti Virginia Satir,
geştalt terapiyasının banisi Fritz Perls və hipnoterapevt
Milton Eriksonun istifadə etdikləri nitq nümunələrinin
modelləri təhlil edilmiş və bunun nəticəsində
NLP-nin təməli qoyulmuşdur. Böyük uğur qazanan
insanlarda ortaq əlamətlərin olması və az uğurlu
insanlarda da oxşar xüsusiyyətlərin müşahidə
edilməsi NLP texnikalarının yaranmasına və
inkişafına təkan vermişdir.
Qeyd edək ki, dünya
təcrübəsində NLP insan fəaliyyətinin bir
çox sahələrində - təhsil, peşəkar fəaliyyət,
idman, şəxsi inkişaf, liderlik, sağlamlıq, ünsiyyət
və s. uğurla tətbiq edilir. NLP-nin təhsil fəaliyyəti
ilə bağlı aşağıdakı faydalarını sadalamaq
olar: öyrənməni asanlaşdırır; yaddaşı
gücləndirir; özünəinam hissini yüksəldir;
fobiyalardan qurtulmanı asanlaşdırır; zəruri dəyişikliklər
tez və səmərəli olur; duyğu və
düşüncəni inkişaf etdirir; stresli hallar idarə
olunur; qətiyyəti və inamlılığı
artırır; motivasiyanı yüksəldir və fərdi
performansı artırır.
NLP texnikaları vasitəsi ilə duyğu və düşüncələrimizi
yönləndirərək daxili dünyamızın sahibi və
gələcəyimizin memarı ola bilərik.
NLP texnikaları düşünmə, nitq və
davranış proseslərinə təsir edərək hədəfə
çatmaq üçün ən səmərəli vasitələr
kimi çıxış edir. Bu texnikalar insanın bir məqsədə
çatması ilə bağlı davranışlarında
dörd əsas qaydaya əməl etməsini təşviq edir:
Əməl edilməsi lazım
gələn 4 qayda:
1) Əvvəlcə
nə istədiyini dəqiq, aydın və qəti şəkildə
müəyyən etməlidir. Əldə etmək istədiyi
nəticəni birmənalı olaraq təyin etməlidir.
2) Fəaliyyətə
başlamalıdır. Bir şeyə nail olmaq
üçün niyyətlə bağlı məqsədyönlü
fəaliyyət olmalıdır. Hədəfə çatmaq
üçün mütləq yola
çıxılmalıdır.
3) Nəticələrin
fərqində olmalı, diqqətli və həssas
olmalıdır. Hər bir fəaliyyətlə bağlı hədəfə
yaxınlaşdığını və ya
uzaqlaşdığını düzgün dəyərləndirmək
üçün özünə, onu maraqlandıran subyektlərə,
psixoloji mühitə və qarşılıqlı münasibətlərə
qarşı yetərincə həssas olmalıdır.
4) Kifayət
qədər mütəhərrik (elastik) və çevik
olmalıdır. İstədiyini əldə edənə qədər
münasibət və davranışında məqsədyönlü
dəyişikliklər etməlidir.
NLP-nin istinad etdiyi əsas müddəalar
NLP-nin
istinad etdiyi əsas müddəalar bunlardır:
*
Uğursuzluq yoxdur, alınan nəticələr və
qazanılan təcrübələr vardır.
*
Qarşılıqlı əlaqənin mənası onun səmərəliliyindədir.
* Xəritə
ərazinin özü deyil, hər kəsin xəritəsi fərqlidir.
*
İnsan ona lazım olan bütün resurslara malikdir.
* Bədən
və zehin eyni sistemin üzvi şəkildə əlaqəli
hissələridir.
* Hər
problemin bir həlli vardır.
* Bir insan
bir işi bacarırsa, bunu hamı öyrənə bilər.
* Hər
bir neqativ davranışın arxasında pozitiv bir niyyət
var.
Qeyd edək
ki, NLP-nin uğur strategiyaları məhz bu müddəalara əsaslanır.
NLP
dünyanın öndə gedən bir çox ali təhsil
müəsssisələrində (Kaliforniya Universiteti, Harvard
Universiteti, Stenford Universiteti, Kembric Universiteti və s.) tədris
olunur. Fikrimizcə, bizim universitetlərdə də NLP-nin tədrisi
məqsədəuyğundur.
NLP texnikalarının faydaları
Bu gün
həyatımızın müxtəlif sahələrində
istifadəsi aktual olan NLP texnikalarının mahiyyətinin nə
olduğunu və onların cəmiyyətə nə kimi
faydalar verə biləcəyi sualı çoxlarını
düşündürməkdədir. NLP texnikaları
insanın uğur qazanması, özündə liderlik
bacarıqlarını formalaşdırması və uğurlu
ünsiyyət qurması üçün səmərəli
bir vasitədir. NLP-nin məqsədi insanın şəxsi
potensialını, resurslarını aşkar edərək
ondan daha səmərəli şəkildə istifadəni təmin
etməkdir. Onun digər məqsədi insanın
yaradıcılıq fəaliyyətini təkmilləşdirmək,
yeni öyrənmə strategiyalarını inteqrasiya etmək,
neqativ halları aradan qaldırmaq, özünəinamı
artırmaq, şəxsiyyət keyfiyyətlərini yüksəltməkdir.
NLP texnikalarının təhsil sektorunun
inkişafına ciddi töhfələr verəcəyi, xarici
dilin öyrənilməsində bu texnikaların geniş
imkanlara malik olacağı artıq öz təsdiqini
tapmışdır. NLP-nin təlim mühitində səmərəliliyini təsdiqləyən
tədqiqatlar mövcuddur. Nümunə olaraq, eksperimental qrupda
NLP texnikalarından, nəzarət qrupunda isə ənənəvi
təlim üsullarından istifadə etməklə tələbələrin
lüğət ehtiyatının zənginləşdirilməsi
təcrübəsini göstərmək olar. Eksperiment nəticəsində
məlum olmuşdur ki, NLP texnikalarının istifadə
olunduğu qrupda lüğət ehtiyatının zənginləşməsi,
sözlərin daha çevik şəkildə yadda
saxlanılması və yeri gəldikcə istifadəsi nəzarət
qrupuna nisbətən daha sürətli və uğurlu
olmuşdur.
NLP-nin təhsilə
tətbiq edilməsinə
dair aparılmış tədqiqatlar göstərir ki,
müvafiq texnikaların tətbiqi şagirdlərin nəzəri-metodoloji
biliklərini, praktik bacarıq və təcrübələrini
inteqrasiya etməklə tədris prosesini xeyli canlandırır
və onu şagirdlər üçün maraqlı edir. Bu texnikalar uşaqlarda məntiqi,
tənqidi, yaradıcı və çevik düşünməni,
təşəbbüskarlıq, tədris materialını dərindən
dərk etmək kimi qabiliyyətləri inkişaf etdirir.
Məlumdur ki, beynin sol
yarımkürəsi sözlər, saylar, sıra, nizam,
düzgünlük, məntiq, növlərə ayırmaq,
müqayisə etmək, hesablamaq və s. kimi anlayış və
fəaliyyətlərə, sağ beyin yarımkürəsi isə
rəng, ritm, xəyal qurmaq, həyat, gözəllik,
yaradıcılıq, bütövlük, kosmos, emosiyalar,
ölçü və s. kimi anlayış və fəaliyyətlərə
“bağlıdır”. Buradan görünür ki, gündəlik
həyatımız, təhsil və peşə fəaliyyətimiz
əsasən sol beyin yarımkürəsinin
inkişafını dəstəkləyir. NLP
texnikalarının təlim prosesinə tətbiqinin verəcəyi
üstünlüklərdən biri də odur ki, bu texnikalar
eyni zamanda sağ və sol yarımkürələrdə gedən
prosesləri fəallaşdıraraq onların əlaqəli və
harmonik inkişafını təmin edir. Bu isə onların
yaradıcılıq uğurları üçün ciddi zəmin
yaradır.
NLP effektin öyrənmə və
öyrətmə
strategiyasını inkişaf etdirir
NLP vasitəsilə təhsildə effektiv öyrənmə
və öyrətmə strategiyaları inkişaf etdirilir. Təhsil sahəsində NLP
ənənəvi təlim metodlarından fərqli xüsusiyyətlərə
malikdir. NLP texnikaları təlim prosesində yaranan mövcud
problemlərin müəyyən edilməsinə və
onların aradan qaldırılmasına yönəlmir, bu
texnikalar problemlərin yaranmaması üçün
şagirdlərə ən uyğun performansın gerçəkləşdirilməsinə
yönəlir. Başqa sözlə, problemlərin
profilaktikasına, yaranmamasına xidmət edir. Burada “problem”
dedikdə “problem situasiya” deyil, şagirdin öyrənməsi
ilə bağlı problemlər nəzərdə tutulur. NLP
müvəffəqiyyətsizliyin aradan qaldırılması
üçün strategiyalar təklif etmir, müvəffəqiyyət
üçün strategiyalar müəyyən edir. NLP-də “ən
yaxşı metod” və ya “universal metod” anlayışları
yoxdur. O, hər bir insanın qüsursuzluğundan
çıxış edərək, hər kəsin öz
potensial imkanına uyğun inkişaf etməsi
üçün bir çərçivə təqdim edir. Beləliklə,
insanın öz inkişaf strategiyaları olur və o,
onları müxtəlif fəaliyyət sahələrində tətbiq
edə bilir (Kamp, 2004).
Təhsilalanların ən çox şikayət etdikləri problem lazımi məlumatların
çətin yadda saxlanılması və tez
unudulmasıdır. Əslində problem informasiyanın unudulmasında deyil,
onun xatırlanmasının çətinləşməsindədir.
NLP-nin hafizə texnikaları şagirdləri izafi təkrarlamadan
azad edir, öyrənmə prosesində beynin bəzi passiv mərkəzlərini
fəallaşdıraraq məlumatların sistemləşdirilməsini,
uzun müddət yadda saxlanılmasını və
asanlıqla xatırlanmasını təmin edir. Beləliklə,
bu texnikalar qısa müddətdə asan və sürətli
öyrənməni təmin edir, tələbələrin «vaxt
çatışmazlığı» problemini aradan
qaldırır. Hafizə texnikaları kimi “bağlama
texnikası”, “hafizə mismarları”, “akrostiş”və
İSOAT texnikalarından geniş sferada istifadə olunur.
Uğur qazanmaq üçün faydalı vasitə
Müəyyən bir sahədə insanın uğur qazanması üçün onun yüksək bacarıq potensialı çox zaman kifayət etmir. Uğur üçün yüksək bacarıq potensialı ilə yanaşı insanlarla pozitiv qarşılıqlı münasibətlərin qurulması, səmimi ünsiyyət, empatiya, bədən dilini anlama və bu dildə ifadə etmə bacarığı da lazımdır. NLP texnikaları bu sahədə də faydalı vasitələrdir. NLP terminologiyasında “Kalibrasiya” anlayışı başqalarının ruhi hallarını düzgün anlaya bilmək bacarığını ifadə edir. Kalibrasiya - sözlərin arxasında gizlədilmiş fikirləri anlamaq, sətiraltı mənaları başa düşmək, deyilənləri deyil, deyilməyənləri də hiss etmək, eşidə bilmək, deyilənlərin məzmunu ilə yanaşı onları müşayiət edən duyğu və düşüncələri də hiss etməkdir. Bu baxımdan NLP texnikaları istedadlı, çətin tərbiyə olunan və xüsusi qayğıya ehtiyacı olan uşaqların təliminin təşkilində şagirdlərin, müəllim, psixoloq və valideynlərin səmərəli alətlərinə çevrilə bilər.
Beləliklə, bir çox sahədə geniş
tətbiq imkanlarına malik olan NLP texnikaları insan fəaliyyətinin
ünsiyyət və münasibətlərinin olduğu
hər bir yerdə istifadə edilə bilər.
NLP texnikaları əvvəlcə insanın özünü
dərk etməsinə, daha sonra münasibət quracağı insanları
tanımasına və onlarla uğurlu ünsiyyət qurmasına əlverişli
zəmin yaradır. Nəticədə NLP texnikaları
insanın harmonik inkişafını
şərtləndirir və cəmiyyətə faydalı olan şəxsiyyətlərin
formalaşmasına xidmət edir. Bu texnikaların təhsildə tətbiqinin geniş imkanları var və
bu sahədə tədqiqatlar davam etdirilməlidir.
Elxan BƏYLƏROV,
Təhsil İnstitutunun Psixologiya və yaş fiziologiyası
şöbəsinin müdiri,
psixologiya üzrə elmlər doktoru
Azərbaycan müəllimi.- 2017.-
28 iyul.- S.4.