“Orta məktəb illəri insan
üçün böyük qənimətdir”
Vüsalə
Mahirqızı: “Müəllim nə qədər ciddi yük
altına girdiyinin fərqində olmalıdır”
Bilmirsən
prosesi ləngidən nədir? Cəmiyyətin mentalitet dediyi
qaydalar toplusu, yoxsa özümüzün daha az səy göstərməyimiz.
Amma ortada olan nəticə bundan ibarətdir ki, ölkənin
ictimai-siyasi həyatında qadınlar azlıq təşkil
edir. “Məktəb illəri”ndə bu dəfə o az sayda
qadın liderlərdən birini
uşaqlıq illərindən danışmağa dəvət
etdik.
Vüsalə
Mahirqızı 1979-cu il avqustun 5-də Ucarın Lək kəndində anadan olub. Elə kəndin
məktəbini bitirib. BDU-nun filologiya fakültəsinin məzunudur.
İlk iş yeri “Bakı universiteti” qəzeti olub.
“Günaydın”, “Bu gün” qəzetlərində işləyib.
2004-cü ildən APA İnformasiya Agentliyini qurub.
Hazırda APA Holdinqin rəhbəri
kimi fəaliyyətini davam etdirir.
- Uşaqlıqdan başlayaq, kim olmaq istəmisiniz?
- Orta məktəbdə çox yaxşı ədəbiyyat müəllimim olub, Zakir müəllim. Onun sayəsində istiqamətim demək olar ki, ədəbiyyat yönümlü idi. O, mənə ədəbiyyatı sevdirə bilmişdi. Ailəmdə də hamı müəllimdir, valideynlər, babam, bibilərim. Yəni əslində, müəllim ailəsinin uşağıyam. Özü də deyim sizə ki, ailəmdəki müəllimlərimin əksəriyyəti riyaziyyatçıdır. Zakir müəllim bu qədər riyaziyyatçı arasında məni ədəbiyyata tərəf döndərə bilmişdi. Rəhbər yox, amma jurnalist olmaq uşaqlıq arzum idi. Bəlkə elə ədəbiyyatdan da bu üzdən bərk tutmuşdum. Onda indiki səviyyədə jurnalistika yox idi. Yəni bizim illərdə görünən jurnalistika televiziya aparıcıları ilə məhdudlaşırdı. Hədəfimiz buna görə televiziyalar idi. Məndə də təxminən bu idi durum. Hədəfim TV jurnalisti olmaq idi. Bu olmayacağı təqdirdə ikinci planım ədəbiyyat müəllimi olmağa bağlanırdı.
Müəllimlərimdən
biri
də babam olub
- İlk müəlliminiz kim idi? Yadınızdadırmı?
- Kəndimizlə əlaqəni kəsməmişəm, məktəbimizə gedirəm. İbtidai sinif müəllimimi də çox tez-tez görürəm. Nailə müəllimi xatırlamamaq olmaz. Ümumiyyətlə, bizim kənd böyükdür. Özü də o zamanlar rayonlarda belə bir adət var idi, daha çox müəllimlər öz uşaqlarını oxudurdu. Yəni, ali təhsil verirdi. Özü də məhz müəllim olmalarını istəyirdilər. Kənddə məktəbdə işləyənlər də bu üzdən təxminən iki-üç nəsildən olan müəllimlər idi. Onun biri də bizim nəsil idi. Bizim ailədə gəlinlərimiz də müəllimdir. Maraqlı olanı bu idi ki, özümüzdən ibarət olan müəllimlərin böyük əksəriyyəti həm də mənə dərs deyirdi. Müəllimlərimdən biri də babam olub. Uzun müddət mənə bibim də riyaziyyatdan dərs keçib. Amma indi də, o vaxt da önəm verdiyim əsas ədəbiyyat müəllimim idi. O vaxt da, indi də düşünmüşəm ki, kaş bizim universitetlərdə, orta məktəblərin özündə o cür savadlı adamlar qalaydı, daha çox olaydılar. Yadımdadır ki, o vaxt universitetdə ilk müəllimlərimdən biri professor Nizami Cəfərov Əbdüləziz Dəmirçizadənin kitabından Azərbaycan dilinin qrammatikasına aid bir sual verdi. Təbii ki, bu, orta məktəb səviyyəsində sual deyildi. Yəni, Zakir müəllim mənə orta məktəb səviyyəsindən üstün kitablardan oxumağı məsləhət bilirdi. Mən də bu məsləhətləri dinləyirdim. Nizami müəllim o sualı verəndən sonra əlli nəfərlik auditoriyada əlimi qaldırıb cavab verdim. Soruşdu haranı bitirmisən, məktəbimi dedim. Yarızarafat mənə qayıtdı ki, sən Ucardan çıxan ilk dilçi alim olacaqsan.
Müəllimlərlə dil
tapa bilmirdim...
- Necə
şagird olmusunuz?
- Dalaşqan.
-
Döydüyünüz sinif yoldaşları ilə indi
aranız necədir?
- Mən
sinif yoldaşlarımla yox, müəllimlərlə
dalaşmışam. Zakir müəllimin bizə
dərs demədiyi aralar da oldu. Yəni, mən
5-dən 10-cu sinfə qədər onun tələbəsi
olmamışam. Bu səbəbdən onun əvəzinə
bizə verilən müəllimlərlə dil tapa bilmirdim.
Yəni, müəllimlər Zakir müəllim
qədər deyildilər. Daim mübahisə
edirdik. Az qala dava həddinə qədər.
Yenə də cavabımı ala bilməyən
kimi Zakir müəllimin yanına qaçırdım. Tənəffüsdə, fasilələrdə,
boş dərsi olanda o, mütləq mənim öyrənmək
istədiklərimi öyrədirdi, bütün suallarıma
cavab verirdi. Əvvəlki kimi yönəldirdi
məni. Müəllimlər məndən ən
çox o səbəbdən narazı qalırdılar ki, həddindən
artıq tələb edən şagird idim. Bəzən irad bildirirdim, səhv tuturdum. İndinin özündə də müəllimin səhv
etməsinin, bilməməsinin, aşağı səviyyədə
olmasının qəbulolunmazlığında israrlıyam.
Müəllim səhv etməməlidir. Müəllim o adamdır ki, mütləq bilməlidir.
Müəllim adına layiq səviyyədə
olmayanda o, şagirdin psixologiyasına təsir edir. Müəllim şagirdin gözündə ideal insan
obrazıdır. Bu üzdən o peşənin
sahibləri müəllimlik edəndə mütləq nə qədər
ciddi yük altına girdiklərinin fərqində
olmalıdırlar. Bunu anlamayan o
yükü şərəflə çəkə bilməz.
- Baba ilə
bibinin adama dərs deməsi necədir? Məsuliyyəti
çoxdur, ya güzəştləri?
-
Maraqlı deyil. Əslində, adamı yorur.
Uşaqlar aşağı sinifdən mənə
necə deyim, əl uşağı kimi baxırdılar.
Bunun bir səbəbi elə
yaxınlarımın işlədiyi məktəbdə
oxumağım idi. Babamın birinci nəvəsiyəm.
Dördüncü sinfə qədər
çantamı heç vaxt özüm gəzdirməmişəm.
Babam aparıb səhər, geri dönəndə
də anamla qayıdırdım, onda da o gətirirdi. Uşaqlar buna görə məni həmişə ələ
salırdı ki, babası çantasını
daşıyır. Bir dəfə buna
görə əməlli üsyan elədim evdə. Ağladım ki, bəs hamı çantasını
özü aparır, mənimkini siz
daşıyırsınız deyə uşaqlar məni ələ
salır. Ondan sonra özüm apardım.
Babamlı xatirələr...
- Babam sərt
adam idi. Bu üzdən
yadımda qalan bir hadisəni də danışım sizə.
Deməli, atam qızıl medala layiq oxuyub.
Bütün fənlərdən qiyməti beş
idi. Riyaziyyat fənnindən müəllimi
öz atası olub. Atam indi də ən
çətin riyazi hesablamaları yazaraq yox, beynində həll
eləyib, cavabı şifahi söyləyir. Amma onun qızıl medal almamasının səbəbi
babam olub. Bütün fənlərdən qiyməti beş olsa da, riyaziyyatdan atası ona dörd
yazıb. Nənəm deyirdi ki, bunu ölənə
qədər ona bağışlamayacağam. Çox pis olurdu. Oğluna öz
atasının elədiyi “pisliyi” böyük haqsızlıq
bilirdi. Babam da deyirdi ona görə yazmadım ki, kənddə
hamı deyəcəkdi öz oğluna beş
yazır. Əslində, babam atamla bağlı
bu hərəkətini bəlkə özü də
özünə bağışlamırdı. Amma artıq söz eşitməsin deyə yenə də
düzgün qərar verdiyini deyirdi. Onun xeyli ümidləri mənə
bağlı idi. Mən universiteti bitirən ili
artıq yaşı da çox idi, səhhəti də pisləşmişdi.
Nənəm deyir heç danışa da
bilmirdi. Sən dövlət imtahanından
çıxıb, qırmızı diplom alandan sonra bunu
yavaşca dedim ona. Babamın son hərəkəti
əlini göyə qaldırıb, mənə görə
tanrıya şükür eləməsi, mənim uğuruma
görə sevinib gülümsəməsi olub. Bundan sonra gözlərini əbədi yumub. Bunu mənə deyəndə çox pis olmuşdum.
Həmişə də yaddaşımda qalacaq
xatirədir.
Babamın işdən çıxmasını da
danışım sizə. Onun işdən
çıxması da mənim oxuduğum sinifdəki hadisə
ilə bağlı oldu. Artıq
yaşlanmışdı. Uşaqlardan biri
sinifdə onunla ünsiyyətdə tərbiyəsiz
davrandı. Mən onda reaksiya verə bilmədim.
Gəldim evdə atama dedim ki, bir də babama kimsə elə
etsə, mən o məktəbə getməyəcəm. Bunu
atam babama dedi. Elə o ilin sonu,
tədris ili bitən kimi babam ərizəsini
yazıb işdən getdi.
Bəzən 24 saat yetmir...
- Məktəb
illəri üçün darıxdığınız olurmu?
- Olur. Xüsusən də bu aylarda kəndimiz yadıma
düşür. Bizim tərəflərin ən
yaxşı ayları elə bu aylardır. Qalan aylar ya çox isti olur, ya da çox soyuq.
İndi ən yaxşı vaxtlarıdır kəndin.
Sinif yoldaşlarım axtarır məni tez-tez.
Bəzisi sosial şəbəkədə
tapır, bəzisinin yadına televiziyada görünəndə
düşürəm, zəng vurur. Bəzən
də problemi olanlar kömək üçün axtarır.
Sadəcə görüşmək istəyənlər
də olur. Onda lap darıxıram. Müəllimlərimi də yadımdan
çıxarmıram. Məktəb illəri
insanın ən yaxşı illəridir. Bəlkə o
anı yaşayanda adam bunu dərk etmir. Amma sonradan görürsən ki, çox vacib mərhələdir.
Və hətta oxuduğundan daha çox şey oxuyub öyrənə
bilərdin, amma məsuliyyəti tam başa düşmədiyin
üçün daha az öyrənə
bilmisən. İndi nəyisə oxumaq istəyirsən,
baxırsan ki, vaxt yoxdur. Amma 17
yaşında vaxt məsələsi gündəmdə olmur.
Onun oxumağa daha çox imkanı və
vaxtı olur. O üzdən elə burdan deyirəm ki, qoy
zamanı və vaxtı yaxşı dəyərləndirsinlər
uşaqlar. Bəzən hətta 24 saat da bir
gün üçün yetərli olmur adama. Məsələn, hər dəfə
düşünürəm ki, mənim çox gözəl
rus dili müəllimlərim var idi. Mən
onlarla daha çox işləsəydim, daha mükəmməl
rus dilini bilərdim. Eyni şeyi ingilis dili
haqda deyə bilərəm. Mənim
çox peşəkar ingilis dili müəllimim olub. İndinin özündə də böyük
şirkətlərdən birində mütəxəssis olaraq
çalışır. Mən ondan da
lazımi qədər bəhrələnə bilməmişəm.
Bunların hamısı sonradan həyatın
“kaş ki”ləri olur. Və həmin “kaş ki”ni də sonradan yoluna qoymaq olmur. Orta
məktəb illəri insan üçün böyük qənimətdir.
Orda yığa biləcəyin baza üzərindən
sonradan sənin bütün həyatın müəyyənləşir.
Gələcəyin sərmayəsi...
- “Kaş ki, çox pulum olardı” mənim
üçün prioritet olmayıb heç vaxt. O üzdən kimin imkanı
varsa, 17 yaşına hələ çatmayıbsa, mütləq
daha çox öyrənsin. Çünki gələcəyin
sərmayəsi budur, daha çox və daha yaxşı oxumaq.
Bunu xüsusilə qızlarımıza
arzulayıram. Nə qədər imkan varsa,
yaxşı bir alətdə ifa etməyi öyrənin,
yaxşı bir idman növü ilə məşğul olun,
xarici dilləri mənimsəyin. Çünki
cəmiyyətin intellektual olmasının böyük məsuliyyəti
məhz xanımların üzərinə düşür gələcəkdə.
İnsanları dünyaya gətirən,
böyüdüb tərbiyə edəndir qadın. Bir az əvvəl Təhsil Nazirliyinin illik
hesabatında nazir Mikayıl Cabbarov da bu məsələyə
toxundu. Gələcəyin mütəxəssisi
o zaman uğurlu olacaq ki, o, mütləq əlavə dili biləcək.
Eyni zamanda informasiya texnologiyaları sahəsində
biliklərə malik olacaq. Yəni, istiqamət
bəllidir, tələb standartı da məlumdur. Sadəcə, bunlara uyğun sistemini qurub
formalaşmaq lazımdır.
Bir maraqlı məqamı da deyim o illik hesabatla
bağlı.
Deməli, maraqlı olanı budur ki, bizim indi
hazırladığımız mütəxəssislərin 60
faizi gələcəkdə indi olmayan peşələr
üzrə kadr kimi çalışacaq. Bu
həm ciddi bir mesajdır. Ailələr,
valideynlər, məktəblilər və cəmiyyətin
özü üçün. Bu mesajı
alıb, anlayıb, ardınca getmək lazımdır. O
üzdən lap elə bu gündən, bu andan o gələcəyi
düşünmək lazımdır.
Məktəb illərində saç
düzümüm də dəyişmədi...
- Məktəb
formasından kənara çıxmısınızmı?
- Qətiyyətlə yox. Bizim ailədə mümkünsüz iş idi bu. Müəllim ailəsi olaraq nümunə olmalı idik. O üzdən məktəb zamanı formadan başqa heç nə geyinməmişəm. On birinci sinfi bitirənə qədər mənim saç düzümümə toxunulması belə qadağan idi. Bizim məktəb illərimiz 90-cı illərin əvvəllərinə düşdü. Ölkədə vəziyyət xaotik idi. O zaman qalstuk və oktyabryat nişanlarına paralel, bəzi ailələr məktəb formalarından da çıxdılar. Amma bu bizim ailədə keçərli deyildi. Məktəbdəki digər dəyişikliklər günün reallığı idi. Amma formasız məktəb, bu, mümkün deyildi. Biz də bunu düşünərək formaları sona qədər saxladıq. Və proses göstərdi ki, əslində, yanaşmamız düzgün idi. Anam indi də müəllim kimi fəaliyyətini davam etdirir. Deyim sizə ki, indinin özündə də tələbləri qüvvəsindədir. Məktəblinin geyimi, forması yerində olmalıdır. Bu standartdan kənara çıxmalar evin içində baş versə belə, o, kəskin reaksiya verir. Mütləq o deyəni edirik.
Xaotik
uşaqlıq...
- Bir də bayaq dediniz məktəb xatirələri.
Mən baxıram bu gün uşaqların daha gözəl, həzin,
maraqlı xatirələri var. Məni də, sizi də
düşünəndə, bizim uşaqlıq, məktəbli
illərimiz çox qarışıq dövrə təsadüf
elədi. Siyasi quruluşlar dəyişirdi, sistemdən-sistemə
keçirdik. Pioner qalstuklarımızı
yandırırdıq, oktyabryat nişanlarından imtina edirdik,
komsomola keçməyi rədd etdiyimizə görə cəzalanırdıq.
Hələ üstəlik, Dağlıq Qarabağda gedən
ağır döyüşlər, yaralılar. Bundan başqa,
qaçqın və məcburi köçkünlərin
gözümüz önündən getməyən dəhşətli
həyatları. Sonra məktəbin radio qovşağı. Biz
orda tez-tez direktorumuzun oxuduğu məlumatları dinləyirdik.
Bu, nağıl, əfsanə deyildi. Rayonumuzdan, məktəbimizdən
şəhid olanlardan danışırdı. Biz hər gün şəhid xəbəri
gözləyən məktəbli idik. Biz ağlımız hələ
tam kəsməyən olayların balaca şahidləri idik.
Onlarsa bizim qorxulu xatirələrimiz. Yəni əslində,
bizim qorxulu xatirələrimiz daha çoxdur. Biz
uşaqlığını, yeniyetməliyini, hətta gəncliyinin
bir dönəmini həyəcanla yaşayanlarıq. İndi bu
kimi problemlər yoxdur. Bu isə o deməkdir ki, daha
yaxşı, hətta yaxşının yaxşısı ola
bilmək imkanı var. Bu imkanları mütləq dəyərləndirmək
və qarşılığını vermək
lazımdır.
Jalə MÜTƏLLİMOVA
Azərbaycan müəllimi.- 2017.-
23 iyun.- S.6.