Biliyin bütləşdirildiyi ölkə

 

Yaponiyada təhsil insanın sosialmaddi statusunun yüksəlməsi yoludur

 

XII əsrədək Yaponiyada təhsil Çin və Koreyanın nəzarəti və təzyiqi altında olub. İmperator Odzinanın dövründə ölkədə Koreyanın Pekçe dövlətindən olan iki alim - AtikaVani təhsil işləri ilə məşğul olublar. 552-ci ildə onların vasitəsilə Yaponiyaya buddizm gəlir. Buddanın ardıcılları ölkədə kontinental elmi bilikləri, texniki və bədii vərdişləri təbliğ edirdilər. 607-ci ildə şahzadə Syötoku Çinə elçilər göndərərək yaponlara Asiyanın qabaqcıl nailiyyətlərini öyrətməyi xahiş etmişdi. İmperator Tedzinin dövründə isə ilk hökumət məktəbinin əsası qoyulur.

VII əsrdə yaponlar Çinin Tan sülaləsi ilə sıx əlaqədə idilər. Bu dövrdə Tayxo kodeksi işə düşür. Bu kodeksin əsasında Çin təhsil sisteminə istinad edən təhsilin əsası qoyulur. Paytaxt Narada akademiya yaradılır, əyalətlərdə isə məktəblər. Bu sistem 794-cü ildə paytaxtın Kiotoya köçürülməsindən sonra da qüvvədə qalır. IX-XII əsrlərdə Çin mədəniyyətinin təsiri ilə ədəbiyyat və poeziya ciddi inkişaf yolu keçir. Məmurlar və varlılar üçün əyalət məktəbləri və buddist monastırları, sadə camaat üçün isə rahiblər tərəfindən yaradılmış xüsusi məktəblər fəaliyyət göstərirdi ki, burada oxumağı və yazmağı öyrətməklə yanaşı, müəyyən texniki biliklər də verilirdi.

Sonrakı illərdə tədricən Çin təhsil sistemi tənəzzülə uğramağa başladı. Mərkəzləşdirilmiş təhsil sistemi sıradan çıxır, özəl və evdə təhsillə əvəzlənirdi. Bütün dini sektalar təhsil təklif edirdilər. Ancaq bu, dəyişməyə başlayan dünyadakı proseslərə cavab verə biləcək təhsil deyildi.

Orta əsrlərin sonlarınadək Yaponiya ətraf aləmdən təcrid olunmuş vəziyyətdə idi: ölkəyə xaricilərin gəlməsinə icazə verilmir, ölkədən gedənlərə maneələr yaradılırdı. Hər iki istiqamətdə elmi mübadilə minimum səviyyəsində idi - hökumət savadlı insanların ölkəni tərk edəcəyindən ehtiyatlanırdı. Zaman dəyişdikcə, Yaponiya da dəyişikliyə uğradı - XX əsrdə yaponlar imperiya iddiasına düşmüşdülər, bunun nəticəsidir ki, iki dünya müharibəsindən sonra ölkə tam işğala məruz qaldı və qərbləşmə prosesinin əsası qoyuldu.

 

Ailə bütü

 

Yaponiyada təhsil ailə, cəmiyyət və dövlət tərəfindən dəstəklənən bir bütdür. Yapon cəmiyyətini anlamadan onun təhsilini öyrənə bilməzsiniz. Yaponiyanın özü kimi təhsili də Şərq müəmması və ekzotikliyi ilə əhatə olunub. Qərb insanı üçün Yaponiya gözəl təbiət, möhtəşəm meqapolislər, kosmik texnologiyalar deməkdir. Burada işıqforların yaşıl rəngi mavi rəngdədir.

Yapon dilində “axmaqdan sərt söyüş yoxdur. İnsanı “axmaq” sözündən daha pis təhqir etmək istəyirsənsə, bu sözü xüsusi intonasiya və yüksək səs tonu ilə deməlisən. Burada hədiyyə vermək - dəxli yoxdur, toyda, ali məktəbə daxil olduqda, yaxud ad günündə, - sanki bir dini mərasimdir.

Ona görə də ictimai münasibətlərin spesifikliyini anlamadan təhsil barədə mühakimə etmək mümkünsüzdür.

Ənənəvi yapon ailəsi ata, anaiki uşaqdan ibarətdir. Ata ailə başçısıdır, onun vəzifəsi evə qazanc gətirməkdir. Ana uşaqların tərbiyəçisidir. Subordinasiya uşaqlar arasında da qorunur: “qardaş” və “bacı” anlayışları yoxdur, “kiçik qardaş/böyük qardaş” və “kiçik bacı/böyük bacı” var. Ev və ailə uşaqlıqdan psixoloji komfort yeri kimi təlqin edilir, ana isə bu əhvalın təminatçısıdır.

Tərbiyə ilə ana məşğul olur. İlk ildə uşaq sanki ananın bədəninin davamıdır. Uşağa heçqadağan edilmir, sadəcə “təhlükə”, “çirkli” və “pis” sözləri öyrədilir. Bu vəziyyət 5 yaşadək davam edir. Uşağın başına bir gəldikdə ana özünü günahkar sayır və körpədən üzr istəyir. Yaponlar uşağa qışqırmazlar, dolayı yolla narazılıqlarını bildirərlər. Adətən yapon uşaqları analarını çox sevir və ilahiləşdirirlər. Münaqişələr zamanı analar uşaqlardan uzaqlaşmır, əksinə, daha yaxın olurlar.

Yaponlar uşaqların erkən inkişafının tərəfdarıdırlar. 1 yaşında uşağa özünəinam təlqin olunmalıdır, 2 yaşında əl işi öyrədilməlidir, 3 yaşında məsuliyyət izah edilir, 4 yaşında xeyir və şər haqqında məlumat verilir, 5 yaşında liderlik keyfiyyətləri inkişaf etdirilir.

 

Bərabər imkanlar ölkəsi

 

Ötən əsrin 70-ci illərində Yaponiya iqtisadiyyatı sürətli inkişaf yolu qət etdi və nəticədə onun dünya təsərrüfatındakı payı 10%-ə çatdı. Əksər ölkəşünaslar hesab edir ki, bu sürətli tərəqqidə təhsilin danılmaz payı var.

6 illik ibtidai təhsil və orta məktəbin ilk 3 illik pilləsi Yaponiyada icbaridir və uşaqların 100%-ni əhatə edir. 9 illik təhsildən sonra növbəti pilləyə keçid kütləvi mahiyyət kəsb edir, buna görə də hansısa uşağın xüsusi istedadına göbir pillə tez yuxarı keçirilməsindən söhbət gedə bilməz. İkinci pillə üçillikdir, məcburi xarakter daşımır, ancaq buna baxmayaraq, əhatə dairəsi 97%-dir. 12 illik orta təhsili keçən uşaqların bir qismi kollec və universitetlərə üz tuturlar, digər qismi isə xüsusi təhsil müəssisələrinə. Beləliklə, orta məktəbi bitirənlərin tən yarısı ali təhsil ocaqlarına daxil olur və onların demək olar hamısı buradakı təhsil yollarını sonadək başa vururlar.

Gənclərin yarısı 12 illik orta təhsildən dərhal sonra işləməyə başlayır. Qalan yarısı isə ali təhsili başa vurduqdan sonra peşəkar fəaliyyətə start verir. Ancaq hər iki qrupun təmsilçiləri təhsillərindən asılı olmayaraq, yerlərində ixtisaslaşma kursları keçməlidirlər. Bir az da konkretləşdirsək deyə bilərik ki, yaponlar üçün lazımi savad və bacarıqların yalnız yarısını təhsil vasitəsilə əldə edirlər. Qalanlarını isə ya işlədikləri yerlərdə, ya da müstəqil şəkildə ixtisasartırma kurslarına getməklə öyrənirlər. Yaponiyada müəssisələrdə işçiyə heç vaxt bir funksiya həvalə olunmur. İşçi elə hazırlanır ki, bir neçə işin öhdəsindən gələ bilir - bu ona imkan verir ki, təkmilləşsin və tapşırılacaq daha mürəkkəb vəzifələrin öhdəsindən gələ bilsin.

Ötən əsrin 80-ci illərində amerikalıların Yaponiyada təhsilə münasibətə dair apardıqları araşdırmadan belə qənaət hasil olundu ki, yapon cəmiyyətində təhsilin nüfuzu hədsiz dərəcədə yüksəkdir. Təhsildə uğur həyatdakı uğura bərabərdir, təhsil insanın sosialmaddi statusunun yüksəlməsi yoludur. Yapon təhsil sistemi valideynlər, təhsilalanlar və pedaqoqların birgə səyi ilə möcüzəvi nəticələr göstərir. 9 illik icbari orta təhsil mükəmməl planlaşdırılıb və tərtib olunub. Bunun nəticəsidir ki, orta davamiyyət göstəricisi olduqca yüksəkdir. Bu sistem uşaqları bilikləri uğurla əxz etməyə stimullaşdırır, çünki materialın öyrənilməsi üçün effektiv metodlardan istifadə olunur. Məktəblər şəxsiyyətin kompleks tərbiyəsini həyata keçirir, məktəblilərin gələcək peşələrinin seçilməsində yaxından iştirak edir.

Yapon cəmiyyətinə etnik ayrıseçkilik anlayışı yaddır. İkinci Dünya müharibəsi nəticəsində yaşayış yerlərinin kütləvi dağıdılması, sonrakı urbanizasiya prosesi, torpaq islahatı, yenidən - sıfırdan başlama elə bir mənzərə yaratdı ki, sosial bərabərsizlik ortadan qalxmış oldu. Hamı eyni vəziyyətdə idi, hər kəs özünü orta təbəqə sayırdı. Belə bir situasiyada istisnasız olaraq hər kəs üçün “yuxarı” qalxmağın yeganə yolu təhsil oldu. 120 milyonluq bir cəmiyyətdə, hansı ki, heç bir linqvistiketnik ayrı-seçkiliyə məhəl qoymur, - istedadlı insan üçün perspektivli üfüqlər açılır. Belə cəmiyyətdə şəxsiyyətin sosial durumunu müəyyənləşdirən əsas amil onun təhsili olur. Məhz buna görə də diplom və təhsil ocağının nüfuzu ciddi amilə çevrilirlər.

Today-Japan.ru saytının verdiyi statistik məlumata görə, orta təhsili bitirən gənclərin 48%-i ali məktəblərə daxil olur. Yuxarıda qeyd etmişdik ki, uşaqların 97%-i orta məktəbi tam bitirir, halbuki bu 12 ildən yalnız 9-u məcburi xarakter daşıyır. Yaponiyada 5 min orta məktəb və təqribən 4,6 milyon məktəbli, 500 kollec və 400 min tələbə, 460 universitet və 1,8 milyon tələbə var. Ortaali təhsilin belə miqyaslı olmasına rəğmən, işəgötürənlərin səhih kadr seçimi metodikası mövcuddur. Onlar seçimin ilk qeyri-rəsmi pilləsində daha çox ən nüfuzlu ali məktəbləri bitirənlərə üstünlük verirlər. Yəni artıq bu mərhələdə bir növ seçim baş verir. Başqa sözlə, gənclərin universitetlərə qəbul imtahanlarının nəticələri onların gələcəkdə harada işləyəcəklərini müəyyən edir. Yəni məktəblinin taleyi onun hansı ali məktəbə daxil olacağı ilə birbaşa əlaqəlidir. Bu məntiqlə təhsil sistemi bir növ ölkənin əmək potensialının “çeşidlənməsi”dir.

İndi isə yaponların ibtidaidən ali təhsilədək keçdikləri yola və mərhələlərə ümumiləşdirilmiş nəzər salaq.

YOÇİEN və HOİKUEN (Məktəbəqədər təhsil). Yapon təhsil sistemi Britaniya, Fransa və ABŞ təhsil sistemlərindən xeyli əlamətləri özündə əks etdirir. Amerika təhsil sisteminin təsirinin xüsusilə geniş olduğunu qeyd etmək lazımdır. Yapon uşağı ilə əvvəl evdə valideynləri məşğul olur, ona etiket, hesaboxu barədə ən ilkin məlumatlar çatdırılır. Sonra özəl uşaq bağçaları (yoçien) və dövlət uşaqlara qayğı mərkəzləri (hoikuen) gəlir. Bu müəssisələrin əsas missiyası uşaqları öyrətməkdən daha çox onları sosiallaşdırmaqdır.

ŞOQAKKOU və ya ibtidai təhsil. 6 yaşına çatmış uşaqlar orta məktəbə qədəm qoyurlar. Bu məktəblərin 99%-i dövlətə məxsusdur. Özəl ibtidai məktəbdə təhsil almaq olduqca bahalıdır. Şagirdləri onların sarı beysbol papaqları, çətir və yağış gödəkçələrindən tanımaq olar - Yaponiyada məktəbli forması bütün ölkəboyu eynidir. İbtidai məktəblərdə yapon dili, riyaziyyat, təbiət elmləri, musiqi, rəsm, əmək, bədən tərbiyəsi dərsləri keçilir. Tədris ili apreldə başlayır və növbəti ilin martında bitir. İl yay, qış və yaz semestrlərinə bölünür, hər birinin bitməsindən sonra tətil gəlir.

ÇUQAKKOU, yəni natamam orta təhsil. Bu mərhələyə 3 il - 7, 8 və 9-cu siniflər daxildir. Bu siniflərdə bir sıra elmlərin dərin öyrənilməsi başlayır. Hər fənni ayrı müəllim keçməlidir, siniflər böyük olur - təqribən 39 nəfər. Uşaqlar 4-5 qrupa bölünürlər. Dərslər bitəndən sonra uşaqlar fərqli dərnəklərə gedirlər (məktəb daxilində) və burada axşam saat 18-dək məşğul olurlar. Ekspertlərə görə, bu dərnəklər uşaqlar arasında pis vərdişlərin neytrallaşdırılmasında ciddi rol oynayırlar.

KOUKOU (Tam orta məktəb). Bu pillədə təhsil məcburi deyil, ancaq uşaqların 99%-i təhsillərini davam etdirirlər. Tam orta məktəbə daxil olmaq üçün imtahanlar vermək lazım gəlir. Tam orta məktəblərin 55%-i özəl sektora məxsusdur, ancaq maraqlıdır ki, təhsil həm burada, həm də dövlət məktəblərində pulludur. Bu məktəblərdə uşaqlar adi fənlərlə yanaşı, balıqçılıq, naviqasiya, işgüzar ingiliscə və keramikanın emalı kimi sahələri də öyrənə bilirlər. Hesab edilir ki, tam orta məktəb uşağın gələcək taleyində mühüm mərhələdir. Çünki nüfuzlu tam orta məktəbə daxil olmaq onun gələcəkdə eynilə nüfuzlu universitetə qəbul olunmasına ciddi təkan verir. Ümumiyyətlə, yapon təhsil sistemində hər bir pillə özündən sonrakını müəyyən edir: yaxşı ibtidai məktəb gələcəkdə yaxşı orta məktəb və məntiqlə nüfuzlu ali məktəb deməkdir.

DZÜKU. Yaponiyada yuxarıda qeyd olunan məktəb təhsili pillələrindən savayı daha bir mərhələ var - Dzüku. Bu, uşaqlara əlavə biliklər təklif edən xüsusi özəl məktəblərdir. Özü də söhbət bütün yaş qruplarından gedir. Dzükuya o uşaqlar müraciət edir ki, təhsil proqramında geridə qalırlar, yaxud xəstəlik ucbatından təhsilləri yarımçıqdır və s. Bu tip məktəblər iki növ olur: akademik və qeyri-akademik. Qeyri-akademik məktəblərdə uşaqlara incəsənət, musiqi, yaxud üzgüçülük öyrədilir. Bu növ məktəblər uşaqlar arasında çox populyardır, həm özlərinə yeni dostlar tapır, həm də müəllimlərlə daha yaxın təmasda olurlar. Dzüku uşaqların tərbiyəsində, onların küçədən uzaq olmalarında mühüm rola malikdir.

ALİ TƏHSİL. Yaponiyada ali məktəb sferası dövlət və özəl universitetlər, ikiillik kolleclər, xüsusi peşə hazırlığı məktəbləri, texnoloji kolleclər və sonrakı ali təhsil müəssisələri ilə təmsil olunur.

İkiillik kolleclər əsas etibarilə özəl müəssisələrdir burada təhsil alanların 90%-i qızlardan ibarətdir. Xüsusi peşə hazırlığı məktəbləri isə peşəkar təhsil verir. Əksər tələbələr oğlanlardır. Bir çox halda bu müəssisələrə universitetdə təhsil alanlar da müraciət edirlər ki, hər hansı sahəyə dair sertifikat ya diplom əldə etsinlər. Texnoloji kolleclər yüksək ixtisaslı kadrların hazırlığı ilə məşğuldurlar. Tədris 5 illik proqramla həyata keçirlir. Məzunların 10%-i təhsillərini universitetlərdə davam etdirir, ali məktəblər onları birbaşa 3-cü kursa qəbul edirlər. Bəzi universitetlər, ümumiyyətlə, əvvəlcədən texnoloji kolleclərdən gələn məzunlar üçün yerlər saxlayırlar. Məsələn, Tokio Universiteti Tokio Texnoloji İnstitutu ötən əsrin 80-ci illərindən bu təcrübəyə start verib.

Universitetlərə qəbul imtahanla həyata keçirilir. Hərçənd bəzi özəl ali məktəblər ibtidai orta təhsili universitet tərkibində həyata keçirirlər ki, bu pillələri bitirənlər ali məktəbə imtahansız qəbul edilsinlər. Ali məktəbin ilk iki ilində tarix, fəlsəfə, ədəbiyyat, cəmiyyətşünaslıq, xarici dillər gələcək ixtisas üzrə xüsusi kurslar keçilir. Sonrakı iki ildə isə ixtisasdan irəli gələn dərslərə önəm verilir. 4 illik təhsili bitirənə bakalavr (qakuşi) dərəcəsi verilir. Bunun üçün 124-150 bal yığılmalıdır. Magistr (şuşi) dərəcəsi almaq üçün daha 2 il lazımdır. Doktor (hakuşi) dərəcəsinin alınmasına isə 3 il sərf olunur.

Yaponiya təhsil sistemi təhsilin səviyyəsi göstərir ki, yaponlar qədər tarixi reallıqdan nəticə çıxarmağı bacaran bəlkə ikinci belə xalq yoxdur. Ölkənin tərəqqisi bu gün dünyanın bir möcüzəsi kimi qəbul edilməsinin əsası İkinci Dünya müharibəsində alınmış ağır, dağıdıcı fəsadları olan məğlubiyyətdən sonraya təsadüf edir. Dünya tarixində ilk son nüvə bombardmanına məruz qalan ölkə Yaponiyadır. Ancaq yapon xalqı onu bu faciəyə məruz qoyan Qərb dünyasının təhsil nailiyyətlərini inkar etməyib, ondan ən proqressivlərini əxz edərək hazırkı inkişaf səviyyəsinə çata bilib. Bir əlavə edək ki, söhbət Qərbdən götürülən məhz ən proqressiv innovasiyalardan gedir. Çünki Yaponiya XXI əsrdə bu qədər texnoloji sıçrayışa rəğmən hələ dərin tarixi köklərinə, adət-ənənələrinə əsaslanan mühafizəkar ölkədir.

 

Rüstəm QARAXANLI

 

Azərbaycan müəllimi.- 2017.- 30 iyun.- S.1; 4.