“Musiqisi Səid
Rüstəmovundur”
Musiqi Kolleci böyük sənətkarın 110 illiyini ifaçılıq müsabiqəsi ilə
qeyd etdi
Bu ifadənin ilk dəfə konferansyelərin dilindən eşidildiyi, konsert proqramlarında göründüyü vaxtdan, təxminən, 90 il ötür. Üç qərinəyə yaxındr ki, bu təqdimatla ifa olunan bir-birindən gözəl, zərif lirik mahnılar ruhları oxşamaqda, qəlbləri ehtizaza gətirməkdədir.
Bəstəkar mahnıılarını yaşam müddəti baxımından güllərlə müqayisə etmək olar. Güllərin gec açıb tez solanı və tez açıb uzun müddət təravətini saxlayanı olduğu kimi, mahnıların da kiçik bir zaman kəsiyində seviləni və zamanı tanımayanları olur, Səid Rüstəmovun qərinələri aşan mahnıları kimi. Müqtədir sənətkarın rübabından süzülən və uzun illər Gülağa Məmmədov, Şövkət Ələkbərova kimi sənət korifeylərinin repertuarında yer tutmuş “Qurban adına”, “Oxu tar”, “Sürəyya” kimi mahnıları mayın 17-də Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin akt zalında bir daha səsləndi. Bu dəfə tələbələrin ifasında. Adı musiqi tariximizə qızıl hərflərlə həkk olunmuş görkəmli bəstəkar, xalq artisti, Dövlət mükafatı laureatı, professor Səid Rüstəmovun 110 illik yubileyi münasibətilə keçirilən xalq çalğı alətləri ifaçıları müsabiqəsinin yekun konsertində. Kollecin müəllim və tələbə heyətindən, dəvət olunmuş çoxsaylı qonaqlardan, Səid musiqisisevərlərindən ibarət tamaşaçılar qarşısında.
Tədbiri Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov açıb, görkəmli bəstəkarın keçdiyi çətin, şərəfli həyat yolundan danışdı. Dedi ki, Azərbaycan bəstəkarlıq məktəbinin formalaşmasında Səid Rüstəmovun müstəsna xidmətləri olub. Onun bəstələdiyi çoxlu lirik mahnılar var ki, bu mahnılar hazırda da musiqi xəzinəmizin qızıl fondunu təşkil edir. Xatırladıldı ki, Səid Rüstəmov müəllimlər seminariyasını, Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. Pedaqogikanı, ayrı-ayrı fənlərin tədrisi metodikasını yaxşı bilib, zəngin müəllimlik təcrübəsi olub. Bütün bunlar isə onun musiqi təhsili sahəsində ustad pedaqoq kimi tanınmasına zəmin yaradıb. N.Kazımov diqqətə çatdırdı ki, Səid Rüstəmovun pedaqoji fəaliyyətinin mühüm bir dövrü Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası ilə bağlı olub. O, bu mötəbər ali musiqi təhsili ocağında xalq musiqisi kafedrası yaranan vaxtdan istedadlı tarzənlərin yoluna işıq tutub. Dahi Üzeyirin vəfatından sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçilib və 1953-cü ilədək həmin vəzifədə ustad müəlliminin adına layiq çalışıb.
Qonaqları söz alıb bəstəkarın yaradcılıq yolundan, əsərlərinin məziyyətlərindən danışdılar, bəstəkarla bağlı xatirələrini bölüşdülər. Sənətkarn geniş ictimai fəaliyyəti də söhbət mövzusu oldu. Qeyd olundu ki, Bakı Şəhər Sovetinin deputatı olduğu illərdə zəhmətkeşlərin mədəni həyat səviyyəsinin yüksəlməsi naminə yorulmadan çalışıb. SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü kimi səmərəli iş aparıb, beynəlxalq musiqi məclislərində ölkəmizi ləyaqətlə təmsil edib, dəfələrlə xalq çalğı alətləri ifaçıları üçün keçirilən beynəlxalq və ölkə miqyaslı musiqi festivallarında münsiflər heyətinin sədri və üzvü olub.
Bəstəkarın qızı Rəna Rüstəmova çıxışında son illər ölkəmizdə mədəniyyət sahəsində xidmətləri olan insanlara dövlətimizin böyük qiymət verdiyini, atasının xatirəsinin daim əziz tutulduğunu qeyd etdi, müsabiqəni Səid Rüstəmovun xatirəsinə dəyərli töhfə kimi qiymətləndirdi.
Sonra müsabiqə
başladı. Müsabiqənin proqramı, əsasən, Səid
Rüstəmovun əsərlərindən tərtib olunmuşdu. Tələbələr bəstəkarın
sevilən mahnılarını, digər əsərlərindən
parçaları məharətlə ifa
etdilər. Konsert proqramı başa çatdıqdan sonra
müsabiqənin qalibləri və
mükafatçıları elan edildi. Kollecin II kurs tələbəsi, tar ifaçısı Məmmədəli Məmmədov
və III kurs tələbəsi, qanun ifaçısı Solmaz
Rəhimova müsabiqənin qalibləri oldular.
İkinci yerə II kurs
tələbəsi, tar ifaçısı
Hacı Həsənzadə, II kurs tələbəsi
tar ifaçısı Fatimə
Tahirzadə layiq görüldülər.
Minəxanım Əliyeva (qanun), Vüsal Dadaşlı (kamança),
Aytac Əsədova (qanun)
Nərmin Səmədova (qanun), Bəxtiyar
Bəndəliyev (tar) müsabiqə üçüncüsü oldular.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2017.-
26 may.- S.7.