“Səhnənin məsuliyyəti məni
sıxırdı”
Banu Tağıyeva, beynəlxalq
müsabiqələr laureatı: “Azərbaycanı layiqincə
təmsil etmək arzuları ilə yaşayıram”
11 yaşlı müsahibim qeyri-istedad sahibi Banu
Tağıyevadır. O, Milli
Konservatoriyanın tərkibində Respublika
İncəsənət Gimnaziyasının VI sinfində təhsil
alır. Dərslərini yaxşı oxumaqla
bərabər əməkdar müəllim Nigar
Nəcəflinin sinfində fortepiano
ifaçılığının sirlərinə də yiyələnir.
Nizam-intizamı, davranışı ilə fərqlənən
səmimi və bir az da utancaq olan
müsahibim onunla
söhbət edəcəyimi biləndə əvvəlcə bir az sıxıldı. Ancaq çox keçmədi
ki, həyəcan arxada
qaldı. Banu ilə dostlaşdıq və
ona ünvanladığım sualları təmkinlə
cavablandırmağa başladı.
4 yaşımdan
musiqiyə marağım olub
2006-cı ildə Bakı şəhərində anadan olmuşam. Hələ 4 yaşında olarkən məndə musiqiyə böyük həvəs oyanıb. Bakıdakı 99 nömrəli uşaq bağçasına gedirdim. Musiqiyə böyük maraq göstərdiyim üçün məktəbəqədər tədris müəssisələrində keçirilən tədbirlərdə fəal iştirak edirdim. Rəqs etməyi daha çox sevirdim. Həmişə rəngarəng rəqslərimlə valideynlərimi, qohumlarımı heyran edirdim. Anamın söylədiyinə görə, hələ lap balaca ikən telekanallarda, radioda bir oynaq mahnı səslənən kimi özünəməxsus tərzdə rəqslər etmişəm. Rəqsə marağımı görən anam məni “Səma” rəqs qrupuna yazdırıb. İstedad və bacarığımla orada da qısa müddətdə başqalarından fərqləndim. Telekanallarda uşaq verilişlərinin qonağı oldum. Rəsid Behbudov adına Mahnı Teatrında ifalarımla dəfələrlə tamaşaçılara xoş ovqat yaşadaraq fəxri fərmanlara, diplomlara layiq görüldüm.
Böyük səhnələrdə ilk uğurum
Böyük səhnələrdə ilk uğurum 2015-ci ildə olub. Musiqi müəllimim Nigar Nəcəfzadədən öyrəndim ki, İtaliyanın Pesaro səhərində XII “Citta di Pesaro”adlı gənc ifaçıların beynəlxalq müsabiqəsi keçiriləcək və həmin müsabiqədə mən də iştirak edəcəyəm. Nigar müəllim dünya bəstəkarlarının əsərlərindən bir neçəsini ifa etdi və mən öz zövqümə uyğun gələnlərini seçdim. Birincilik qazanmaq üçün əzmlə çalışdım. Nəhayət ki, İtaliyaya yola düşdük. Müəllimimin üzərimdəki əziyyəti, mənim zəhmətim hədər getmədi. İfama görə I yerə layiq görülərək laureat adını qazandım. Çıxışım münsiflər heyətinin çox xoşuna gəlmişdi. Yenidən səhnəyə dəvət olundum. Alqış sədaları ətrafı bürümüşdü. Hamı “Spasibo, Azerbaydjan!”, - deyə qışqırırdı. Ən çox sevinənsə, şübhəsiz, anam və müəllimim idi, çünki öz yetirmələrinin bəhrəsini görürdülər. Alqış sədaları məni daha çox ruhlandırırdı və qətiyyən həyəcan keçirmədən növbəti ifamı da tamaşaçılara təqdim etdim. 7 gün İtaliyada qaldıq. Orada olarkən tarixi abidələrlə tanış olduq, muzeyləri gəzdik. Şəhər çox xoşuma gəlmişdi. İnanın ki, italyan dostlarımdan, birdə ki, şəhərdən ayrılmaq çox çətin idi mənə. Amma paytaxtımız üçün də darıxırdım. Əgər İtaliyada yenidən beynəlxalq müsabiqə keçirilərsə, mütləq qatılacağam, çünki bu ölkənin gözəlliklərini yaddaşımdan silə bilmirəm. İnanın ki, bəzən yuxularımda da İtaliyada oluram.
Evdə
qardaşımın müəllimi də mənəm
Yeri gəlmişkən qeyd edim ki, qardaşım Elcan III sinifdə oxuyur və tar ifaçılığı ilə məşğul olur. Hər il olduğu kimi, bu il də Beynəlxalq Muğam Mərkəzində gimnaziyanın təşkil etdiyi çərşənbə günlərinə həsr olunmuş konsert keçirildi. Mən də qardaşımla M.Əhmədovun “Marş” əsərini ifa etdik. Boş vaxtlarımda qardaşım tarda Azərbaycan mahnılarını ifa edərkən mən onun səhvlərini tuturam. Evdə onun müəllimi də elə özüməm. Musiqi zövqüm güclü olduğu üçün ən kiçik səhvləri belə tuta bilirəm.
Ustad dərslərimiz çox
maraqlı keçdi
2016-cı il həyatımda daha əlamətdar və yaddaqalan bir il oldu. Həmin il Fransanın Paris şəhərində keçirilən XIII beynəlxalq Nikolay Rubinşteyn adına müsabiqədə mən də adımı qaliblər sırasına yazdıra bildim. Bu müsabiqəyə çox ciddi hazırlaşmışdım, ona görə də bəhrəsini gördüm və I yerə layiq görüldüm. Münsiflərin qarşısında İ.S.Baxın ən çətin və mürəkkəb “Sonata vals”ını məharətlə ifa etdim və çox bəyəndilər. Səhnəyə çıxarkən qeyri-ixtiyari tamaşaçılara tərəf boylandım. Anamın və müəllimimin baxışları məni daha məsuliyyətli olmağa çağırırdı. Səhnənin məsuliyyəti, səhnə izdihamı qeyri-ixtiyari məni sıxırdı. Özümü ələ ala bilmirdim. Gimnaziyadan Nuranə Əliyeva və Nigar Hüseynli də bu yarışmada iştirak edirdilər. Orada olduğumuz müddətdə ustad dərsləri də aldım.
Müsabiqəyə
videoyazı vasitəsilə qatıldım
2017-ci ilin yanvarında Nyu-York şəhərində keçirilən “American Protege” adlı müsabiqəyə isə videoyazı vasitəsilə qatıldım və III yeri tutdum. Bu müsabiqənin təşkilatçıları sonra məni may ayında ABŞ-ın Nyu-York şəhərində keçirilən Gala konsertə dəvət etdilər. Konsert möhtəşəm Nyu-York-un Carnegie Hall zalında keçiriləcəkdi. Təəssüf edirəm ki, üzrlü səbəbdən orada iştirak edə bilmədim.
Asudə
vaxtlarımda mütaliə etməyi xoşlayıram
Hazırda görkəmli bəstəkar Tofiq Quliyevin 100 illiyinə həsr olunan möhtəşəm konsertə hazırlıq işləri gedir. Mən də həmin konsertdə “Sənə də qalmaz” mahnısını ifa edəcəyəm. İnanıram ki, bu konsertdə də müəllimlərimin etimadını doğruldacağam. Asudə vaxtlarımda isə mütaliə etməyi xoşlayıram. Daha böyük nailiyyətlər əldə etmək, beynəlxalq müsabiqələrdə Azərbaycanı layiqincə təmsil etmək arzuları ilə yaşayıram və bu arzuları gerçəkləşdirə bilmək üçün öz üzərimdə səylə çalışıram. Bakı Musiqi Akademiyasının məzunu olmaq da gələcək arzularımın sırasındadır.
Qazandığı
nailiyyətlər bizim
ünvanımıza yazılır
...Bayaqdan bizim
söhbətə diqqət kəsilən gimnaziyanın direktoru Aytən Əhmədova da
seyrçi qala bilməyib,
istedadlı yeniyetmə haqqında öz
fikirlərini bölüşdü.
Söylədi ki, bu təhsil
ocağında istedadlı şagirdlərimizin sayı çoxdur. Bu il iyun ayının 4-dən
11-dək Rusiyanın Samara şəhərində
Yuri Başmetin MDB və
Baltikyanı ölkələrin VII Uşaq
Musiqi Akademiyasında keçirdiyi
ustad dərslərində Banu
Tağıyeva da iştirak
edib. Həmçinin P.Çaykovski
adına Moskva Dövlət
Konservatoriyasının dosenti Sergey Qlavatskixdən ustad dərsləri
alıb. Layihə çərçivəsində o, iki konsertdə
çıxış edib və sertifikat qazanıb. Banunun
qazandığı böyük nailiyyətlər
bizim ünvanımıza yazılır, bir neçə ildən sonra
isə dünya səhnələrində
qazanacağı uğurlar ölkəmizin
ünvanına yazılacaq.
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.- 2017.-
3 noyabr.- S.14.