Yeni dərs ili qarşısında
İrəliləyişlər
və perspektivlər
Azərbaycanın
müstəqilliyi onun inkişaf etməsinə, daha geniş
miqyasda tanınmasına imkan yaratdı. İstər
iqtisadiyyat, mədəniyyət və istərsə də digər
sahələrdə baş verən dəyişikliklər onun
dünya ölkələri sırasında böyük bir
panaramının yaranmasına səbəb oldu. Zaman-zaman həyata keçirilən
islahatlar müstəqil Azərbaycanın imicinin
formalaşması ilə nəticələndi. Xüsusilə
təhsil sahəsində atılan ilk addımlar onun
böyük gələcəyindən xəbər verirdi. Ulu
öndər Heydər Əliyev vaxtı ilə
görüşlərinin birində qeyd edirdi ki, “Hər bir
xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən
edir. Bilik səviyyəsinə də nail olmaq üçün
təhsil daim mövcud olmalıdır və o ardıcıl
surətdə inkişaf etməlidir. Biz gələcəkdə
Azərbaycanın təhsilinin daha da təkmilləşməsinə,
keyfiyyətinin yüksəlməsinə nail ola biləcəyik”.
Ötən illər inamla deyilmiş bu fikirlər reallığa çevrildi. Azərbaycan təhsilində böyük quruculuq işləri aparılmağa başlandı. Ölkə miqyasında qəbul edilmiş İslahat Proqramı çərçivəsində ardıcıl və sistemli tədbirlər həyata keçirildi. Möhtərəm Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycanda təhsil sisteminin təkmilləşməsinə çox böyük diqqət göstərilir. Təhsil bizim gələcəyimizdir. Təhsilin səviyyəsi ölkəmizin perspektivlərini müəyyən edəcəkdir. Biz inkişaf etmiş ölkələrin təcrübəsini yaxşı bilirik və görürük ki, o ölkələr sözün əsl mənasında inkişaf edir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Biz çalışırıq ki, Azərbaycanda bu sahəyə daimi diqqət göstərilsin, praktik tədbirlər görülsün, təhsil sisteminin maddi-texniki bazası güclənsin, eyni zamanda və ən önəmlisi, təhsilin keyfiyyəti artsın. Həm orta, həm də ali məktəblərdə bu proses ardıcıllıqla, vahid sistem şəklində aparılmalıdır və aparılır”.
Son illərdə ölkəmizin təhsil həyatının
ardıcıl və sistemli inkişafını tənzimləyən
dövlət əhəmiyyətli sənədlər qəbul
edilmişdir. “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyası (2012), “Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası” (2013), eləcə də “Azərbaycan
Respublikasının milli iqtisadiyyat perspektivi üzrə
Strateji Yol Xəritəsi” (2016) sənədləri bilavasitə
yaxın gələcək üçün təhsil sahəsindəki
fəaliyyətləri istiqamətləndirməklə
perspektiv əhəmiyyət daşıyır. Həmin
sənədlərdə müasir məzmunu, infrastrukturu, idarəetmə
mexanizmlərini yaratmaqla, eləcə də maliyyə və
kadrların yeniləşməsi siyasətini həyata
keçirməklə yeni təhsil sisteminin formalaşması
strateji əhəmiyyət daşıyan vəzifələr
kimi qarşıya qoyulur. Bütün bu fəaliyyətlərin
uğurla həyata keçirilməsində, Azərbaycan
ictimaiyyətinin qlobal tələblərə uyğun
inkişaf etdirilməsində insan amili xüsusi əhəmiyyət
daşıyır. Cəmiyyəti irəli aparan, onun
inkişafını təmin edən belə bir insanın
yetişməsi isə təhsilin üzərinə
düşür. Bunun üçün təhsilin bütün
pillə və səviyyələrində keyfiyyətin
yüksəldilməsi strateji məqsəd kimi qarşıya
qoyulur. Təhsil naziri Mikayıl Cabbarovun 2017-2018-ci dərs
ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi
barədə əmri də bu missiyadan irəli gəlir.
Peşəkar kompetensiyalara və
biliklərə malik olan bir insanın yetişdirilməsi əslində
insan kapitalının formalaşdırılması kimi
başa düşülür. İnsan kapitalı isə cəmiyyətin
fövqündə dayanan və onun hərəkət leytmotivinə
çevrilməklə həmişə
aktuallığını saxlayır. Ölkəmizin yaxın
və uzaq gələcəyi
üçün iqtisadi doktrina kimi dəyərləndirilə
bilən strateji yol xəritəsində bu məsələyə
xüsusi yer ayırmaqla önəm verilir: “İnkişaf
etmiş ölkələrdə milli sərvətin
böyük hissəsini kapital təşkil edir və iqtisadi
artımda intellektual əmək üstün xüsusi
çəkiyə malikdir. Azərbaycanda da dayanıqlı
inkişafı təmin etmək məqsədilə insan
kapitalının formalaşdırılması və ondan səmərəli
istifadə əsas prioritet hesab edilir”. Təbii
ki, bu da məntiqi olaraq müasir təhsilin insan, ən
başlıcası, vətəndaş yetişdirmək fəlsəfəsini
təşkil edir. Əslində təhsil özlüyündə
cəmiyyətin formalaşdığı bir sistemdir ki, orada hər
zaman şəffaflıq meyarı ilə qurulan və
hamının gözü qabağında razılıqla
qarşılanan inkişaf mexanizmləri tətbiq olunur. Bu gün ölkəmizdə aparılan təhsil
islahatlarının əsas canını, fəlsəfəsini
məhz həmin məsələlər təşkil edir ki, bu
il keçiriləcək müəllimlərin sentyabr konfranslarında
onların ətrafında söhbətlərin
aparılması tövsiyə olunur. Aşağıda təsnif
olunan və bu gün razılıqla qəbul edilən nəticələr
ətrafinda fikir mübadilələrinin aparılması əhəmiyyətli
hesab edilir.
*
Maaşları artırılan müəllimlərin
sayının 91 minə çatması.
* Məktəbəhazırlıq proqramının əhatəliliyinin 24%-dən 55%-ə çatması.
* IX və XI siniflərin buraxılış imtahanlarında, eləcə də ali təhsil müəssisələrinə qəbul imtahanlarında məqbul qiymət alanların çəkisinin artması.
* Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrin sayının 3500-ü keçməsi.
* Respublika fənn olimpiadalarında iştirakçıların sayının artması.
* Beynəlxalq fənn olimpiadalarında son 6 ildə qazanılan medalların sayının 111-ə çatması.
* 3000-dən çox müəllimin işə qəbul olunması.
* 30 mindən çox şagirdin biliyinin qimətləndirilməsi.
* “Sağlam təhsil-sağlam millət” layihəsində şagirdlərin sayının 2848-ə çatması.
* “Məktəblinin dostu” layihəsinin start götürməsi.
* Təmayüllü
siniflərdə şagirdlərin sayının 7268-ə
çatması.
* 500-dən
çox bal toplayıb müəllimlik
ixtisasını seçənlərin sayının
artması.
* Ərazi Hesablama Mərkəzlərinin
yaradılması.
* 488 məktəbin
təmir edilməsi və s.
Məktəbəqədər təhsil
haqqında
Aparılmış araşdırmalar onu göstərir
ki, ümumilikdə təhsilin daha keyfiyyətli qurulmasında
məktəbəqədər təhsil əhəmiyyətli
rol oynayır.
Ölkəmizdə məktəbəqədər
təhsilə cəlbin faiz etibarı ilə aşağı
olması onun inkişafina mənfi təsir göstərir.
Ona görə də dövlətin təhsil sahəsindəki
strateji planlarında uşaqların məktəbəqədər
təhsilə cəlb olunmasının yüksəldilməsi
prioritet istiqamətlərdən biri hesab edilir. Bundan əlavə, ailələrin məktəbəqədər
təhsilə münasibətlərinin
formalaşdırılması, ümumiyyətlə, məktəbəqədər
təhsil mədəniyyətinin inkişaf etdirilməsi zəruri
məsələlər kimi diqqət mərkəzində
dayanır. Bundan əlavə, məktəbəhazırlıq
qruplarında işin təşkili məsələlərindən
danışmaq faydalı bilinir.
Ümumi təhsilin məzmun
konteksti: dəyişikliklər
Heç şübhəsiz, sentyabr konfranslarının
müzakirələrinə qatılanlar təhsilin məzmun
konteksti üzərində dayanacaqlar. İllər uzunu
ümumi olan bu anlayışın müasir izahına diqqət
yetirəcəklər. Çünki yeni
pedaqoji təfəkkürün ölçülərində
səriştə əsaslı yeni məzmunla yanaşı,
kurikulumlar da yer tutur. Əslində bu o deməkdir
ki, yeni yanaşmalarda standartlarla yanaşı, kurikulumlar da məzmun
komponenti hesab olunur. Bu, ölkəmizin təhsil
sahəsində müəyyən etdiyi Dövlət
Strategiyasındakı müddəalardan irəli gəlir.
Ən
başlıca məsələlərdən biri Azərbaycan
Respublikasının təhsil naziri tərəfindən
yaxın günlərdə 2017/2018-ci dərs ili
üçün təsdiq olunmuş tədris
planlarıdır. Hazırda ümumi təhsilin
fəaliyyəti iki mühüm normativ-hüquqi sənədlə
tənzimlənir. Onlardan birincisi, 2010-cu ildə
təsdiq olunmuş “Ümumi təhsil pilləsinin dövlət
standartı və proqramları (kurikulumları)”dır. Yeni təhsil konsepsiyası kimi dəyərləndirilən
bu sənədə əsasən I-X siniflərdə tədris-təlim
işləri aparılır. İkincisi isə
1999-cu ildə qəbul olunmuş “Azərbaycan Respublikasında
ümumi orta təhsilin dövlət standartları”dır ki,
onun əsasında da yalnız XI siniflərdə təlim məşğələləri
keçilir. Göründüyü kimi,
belə bir vəziyyətin yaranması yeni konsepsiyanın tədricən
tətbiq olunmasından irəli gəlir və bu keçidin
növbəti ildə başa çatacağı nəzərdə
tutulur.
Artıq
Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə tam
orta təhsil səviyyəsində təhsilin təmayüllər
üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin
2017/2018-ci dərs ili üçün tədris
planları təsdiq edilmişdir. Həm tədris
Azərbaycan, həm də rus dillərində olan məktəblər
üçün hazırlanmış nümunəvi tədris
planlarında texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət,
texniki və riyaziyyat-iqtisadiyyat, texniki və təbiət,
humanitar və riyaziyyat-iqtisadiyyat təmayülləri nəzərə
alınmışdır. Bu təmayüllü
siniflərin tədris planlarında ən çoxu 12, 13 fənnin
tədris olunması nəzərdə tutulmuşdur. Hər bir təmayül siniflərində ana dilinin,
xarici dilin, ikinci xarici dilin, fiziki tərbiyənin, eləcə
də çağırışaqədərki
hazırlığın tədris olunması nəzərdə
tutulur. Qalan fənlər isə təmayüllərə
uyğun olaraq müəyyənləşdirilir.
Konfransda
yeni tədris planlarına əsasən “Dərsdənkənar
məşğələlər” adlı məktəb
komponentini təşkil edən bölmədən də
danışılması, onun məktəbdə
planlaşdırılması məsələlərindən bəhs
olunması, X sinifdə tədris edilən “Nitq mədəniyyəti”
və “İqtisadiyyatın əsasları” adda fakültativ
kurslardan söhbət açılması tövsiyə olunur.
Fənlərin fəlsəfəsi və
ya ona
uyğun qurulan strategiyalar
Fənlər ənənəvi olaraq qarşıya
qoyulmuş məqsədlərin həyata keçirilməsinə
xidmət göstərir. Bir qayda olaraq fənlərin mahiyyət və
məzmunu proqramlarda öz əksini tapır. Bu vaxta qədər fənnin fundamentallığı
daha üstün cəhət kimi nəzərə
alınmış, hətta biliklilik savadlılıq kimi qəbul
olunmaqla fənlərin məzmununa təsir göstərmişdir.
Bu gün səriştə əsaslı təhsil məzmunun
yaradıldığı bir zamanda bilikləri sadəcə
bilik öyrətmək üçün deyil, müəyyən
dəyərlərə söykənən həyati səriştələri
formalaşdırmaq məqsədilə tədris edirik. Belə
olduğu halda, fənlərin yeni fəlsəfəsinin
yaranması zərurəti meydana çıxır.
Əgər ümumi təhsil vətəndaş şəxsiyyətini
formalaşdırırsa, onun məzmunundakı fənlərin
hər biri, öz növbəsində, şəxsiyyətin
bütövlüyünü təmin edən dəyərlərin,
mədəniyyətlərin formalaşmasına xidmət
göstərir: məsələn, ana dili nitq mədəniyyətini,
riyaziyyat təfəkkür mədəniyyətini, biologiya
ekoloji mədəniyyəti, musiqi, təsviri incəsənət
estetik mədəniyyəti və sairi formalaşdırır.
Təbii ki, özünün yeni fəlsəfəsi ilə
məktəbə gələn fənlər özlərinin
yeni pedaqoji strategiyaları ilə fərqlənməyə
başlayırlar. Bu pedaqoji strategiyaların mahiyyətində
şagirdlərin idraki, mənəvi və fiziki qabiliyyətlərinin
inkişaf etdirilməsi dayanır. Təhsil
sahəsində fəaliyyət göstərən bütün
iştirakçıların ölçü vahidlərinin əsasında
da məhz bu inkişafın izlənilməsi və onun nəticələrinin
ölçülməsi durur.
Yeni pedaqoji texnologiyalar
haqqında söhbət
Konfransda yeni pedaqoji texnologiyalar haqqında söhbətin
aparılması da məqsədəmüvafiq hesab edilir. Pedaqoji
işçilər, o cümlədən müəllimlər
zaman-zaman öz imkanları daxilində pedaqoji texnologiyalardan
istifadə ediblər. Bəzən onlar
heç bir elmi-metodik xarakterdə təhlillər aparmadan fəaliyyətlərini
qurublar. Lakin bu gün biliklər cəmiyyətinin
formalaşdığı bir zamanda şagird marağına
daha çox səbəb olmaq üçün yeni texnologiyalar
axtarmalı oluruq. Qeyri-adiliklə müşayiət
olunan və şagirdin maraq effektinə təsir göstərən
forma, üsul və vasitələr üzərində
dayanırıq. O zaman istər təlim, istər tərbiyə,
istər qiymətləndirmə, istər idarəetmə
texnologiyası olsun, onların hər birinin xarakterində
humanist və demokratik effektin, eləcə də təhsilalanları
inandıran, stimullaşdıran, istiqamətləndirən
motivin olmasına çalışmalıyıq.
Müasir dərsin özəllikləri
Bu günün dərsi necə olmalıdır? Yaxud müasir
dərs anlamında nələrə diqqət yetirilməlidir?
Daim bu suallar müəllimlərimizi
düşündürür. Həm də
onun necə qurulması barədə bacarıqlara yiyələnmək
ritorik sual kimi onları tərk etmir. Heç
şübhəsiz ki, müxtəlif toplantılarda bu məsələlər
ətrafında düşünməli, suallar verməli
olurlar.
Dərs təlimin əsas təşkilat forması kimi
funksiya daşıyır. Onun məqsədliliyi,
müəllim-şagird münasibətləri fonunda konkret
zaman çərçivəsində olması bəlli
atributlardır. Dərsin müasirlik
ölçüləri sadəcə elmi-nəzəri səviyyəsinə
görə müəyyən edilmir. Dərsin
daşıdığı funksiyalar, istinad etdiyi texnologiyalar,
xidmət göstərdiyi məqsəd və vəzifələr
onun müasirlik elementləri kimi dəyərləndirilir.
Dərsə ənənəvi yanaşmalar
dövrünü geridə buraxsaq da, yenidən onu
standartlaşdırmağa, vahid məntiqə tabe etməyə
cəhd göstərənlərə rast gəlinir. Dərs bir təlim
texnologiyası olmaqla mütəhərrik və dinamik xarakter
daşıyır. Onu
şablonlaşdırdıqda müəllimin yaradıcı fəaliyyətinə
məhdudiyyətlər qoyulur.
Əslində
psixoloqların və pedaqoqların son araşdırmalarına
əsasən yeni pedaqoji təfəkkür dövrünün
dərslərində üç mərhələ əsas
götürülür: 1) motivasiya mərhələsi; 2) əməliyyat-idrak
mərhələsi; 3) reflektiv-qiymətləndirmə mərhələsi.
Göründüyü kimi, bu mərhələlər
müasir dərsin problem-dərs xarakterindən irəli gələn
bir cəhət olmaqla sadəcə onun həlli istiqamətinə
yönəldilir. Bu zaman dərsin daha maraqlı qurulması
məqsədilə müəllimin yaradıcı-konstruktiv
yanaşmasına imkan yaranır.
Məktəbin müəllim amili
Dövlətin təhsil sahəsindəki strateji
addımlarında məktəbin xarakterinin dəyişildiyi,
“yaddaş” məktəbindən təfəkkür, idrak məktəbinə
keçiləcəyinin labüdlüyü göstərilir. Bu keçidin
əsasında başlıca amil kimi müəllim şəxsiyyəti
dayanır. Elə müəllim ki, ixtisas
bilikləri, peşəkarlığı ilə yanaşı,
texnologiyalara bələdliyi, çevikliyi,
tolerentlığı, kommunikativ mədəniyyəti ilə
bir yaradıcı, tədqiqatçı insan, pedaqoq kimi
başqalarından fərqlənir. Müəllim
adı və müəllimliyi ilə fəxarət hissi
keçirir. Konfransda müəllim şəxsiyyətinin
bu baxımdan inkişaf etdirilməsi məsələləri də
gündəmdə dayanmalıdır.
Uşaqlar suallar verməyə
başlayıblar
Professor
Əbdül Əlizadə Azərbaycan məktəbinin
psixoloji problemlərindən bəhs edərkən bir sual
qarşısında daha çox düşünməli olur: məktəbdə
uşaqlar niyə sual vermirlər?
Əlbəttə, bu, müəllifin yazı manerası
kimi qəbul olunsa da, ifadə olunmuş fikirdə heç bir
yanlışlıq yoxdur. Onun qənaətinə
görə, uşaqlar düşünə bilmədikdə
suallar verməkdən çəkinirlər.
Həm də qeyri-fəal bir mövqedə dayanaraq
susmaqla kifayətlənirlər. Lakin bu günün dərslərində
qəribə bir canlanma hiss edilməkdədir. Son
araşdırmalar zamanı əldə edilən təcrübələr
onu söyləməyə əsas verir ki, artıq yeni təhsil
prosesində şagirdlər fəal, özünə
inamlı, təşəbbüskar olmağa başlayıblar.
Müasir məktəbin
valideyni necə olmalıdır?
Müasir ümumtəhsil məktəbinin missiyası
şəxsiyyət, vətəndaş yetişdirməkdən
ibarətdir. Bu missiyanın yerinə yetirilməsi
üçün onun qarşısında ciddi tələblər
vardır. Bütün hallarda məktəb öz
uğurlarına nail olmaqdan ötrü ardıcıl və
sistemli fəaliyyət qurmalı olur.
Belə bir həqiqət vardır ki, məktəb bu
missiyanın həyata keçirilməsində həm də
valideynlərlə birgə məsuliyyət daşıyır. Valideyn-məktəb əlaqəsinin
tarixi yeni olmasa da, valideynlərlə əməkdaşlıq,
iş birliyi qurmaq, pedaqoji prosesdə məsuliyyəti
bölüşdürməklə bərabər addımlamaq
yenidir. Bu mənada məktəb öz tərəfdaşı
ilə əlaqələrinin sıx qurulmasında maraqlı tərəflərdən
biri kimi daha fəal olmalı, təşkilatçı, maarifləndirici
funksiya daşımaqla fəaliyyətini qurmalıdır.
İstedadlı uşaqları itirməməliyik
Azərbaycan Respublikasının Konstitusiyasında qeyd
olunduğu kimi, ölkəmizdə istedadlıların
inkişaf etdirilməsinə qayğı göstərilir, onun
mühüm dövlət siyasəti kimi həyata keçirilməsinə
xüsusi diqqət yetirilir. “Şagirdlərin
istedad və qabiliyyətlərinin reallaşdırılması
üçün şərait yaradılır”. Hər bir ümumtəhsil məktəbinin dövlət
qarşısında borcu xalqın savadlanması, inkişaf
etdirilməsi ilə yanaşı, həm də onun
istedadlılarının meydana çıxarılması və
onların inkişafı üçün şərait
yaradılması ilə izah edilir. Bu həm
də müasir məktəbin fəaliyyətinin ayrılmaz
hissəsi hesab olunur. Ölkənin milli sərvətlərinə
qayğı kimi dəyərləndirilir.
İnklüzivlik humanist təhsilin tələbidir
İnklüzivlik ümumi təhsilin
inkişafının müasir mərhələsində
aparıcı tələblərdən biri kimi meydana
çıxmışdır. Artıq
dünyanın çox ölkələrində ümumi təhsilin
bütün səviyyələrdən olan şagirdlərinin
bir təhsil mühitində olması vacib tələblərdən
birinə çevrilmişdir. Bu, daha
çox ümumi təhsilin humanist xarakter
daşımasından, yetişən gənc nəslə
sosiallaşa bilmək üçün imkanların
yaradılması zərurətindən irəli gəlmişdir.
Artıq bizim ölkəmizin təhsil mühitində də
belə bir şəraitin yaradılması istiqamətində
işlər aparılır. Əslində bu proses qlobal
dünyanın təhsil tendensiyalarından biri kimi baş verməklə
daha geniş miqyasda əhəmiyyət daşıyır. Bu həm də beynəlxalq təhsil
yanaşmalarında faydalı təcrübə kimi dəyərləndirilməklə
genişləndirilir.
İdarəetmənin
inkişafetdirici xarakteri
Məktəbin uğurlu fəaliyyət göstərməsinin
bir mühüm şərti onun peşəkarlıqla idarə
olunmasıdır. Təhsil tarixi göstərir ki, ümumtəhsil
məktəbinin idarə olunması təcrübəsi uzun illər
boyu formalaşmışdır və əksər zamanlarda
inzibati-amirlik onun aparıcı idarəetmə prinsipi
olmuşdur. Bu gün məktəb
özünün xarakterini və missiyasını dəyişməklə
həm də yeni idarəetmə keyfiyyəti
qazanmışdır. Məktəbi sadəcə
inzibati qaydalarla, üsullarla yox, onu daha humanist və demokratik
yanaşma tərzi ilə idarə etmək tələbləri
meydana çıxmışdır. Professor
Əbdül Əlizadənin təbirincə demiş olsaq,
pedaqoji aləmdə olan inkişafetdiricilik elə müasir
humanistləşdirmədir. Məktəbin
idarə olunması insanların inkişaf etməsi naminə
qurulmasıdır. Bu həm də müəllim-direktor,
müəllim-müəllim, müəllim-şagird, eləcə
də müəllim-valideyn arasında münasibətlərin
inkişafına dəstək verə bilməsidir.
Bütün
bunlarla yanaşı, məktəbin tədris-metodik
ehtiyaclarının ödənilməsi, şagird nailiyyətlərinin
qiymətləndirilməsi, təhsil müəssisələrində
layihə üsulundan istifadə olunmaqla müxtəlif
tapşırıqların yerinə yetirilməsi, məktəbin
produktiv fəaliyyətinin gücləndirilməsi istiqamətində
tədbirlərin həyata keçirilməsi, müəllimlərin
peşəkarlıqlarının artırılması və
digər məsələlərin müzakirə obyektinə
çevrilməsi də məqsədəmüvafiq hesab edilir.
Respublikada sentyabr konfranslarının keçirilməsi müəllimlərimizin ənənəvi tədbiri olmaqla həm də onların məsləhət, məşvərət yeridir. Ümidvarıq ki, bu konfranslarda yuxarıda qeyd olunan məsələlər ətrafında geniş müzakirələr təşkil olunacaq və orada söylənilən arzu və təkliflər ümumiləşdirilərək Azərbaycan Respublikasının Təhsil İnstitutuna (Zərifə Əliyeva, 96) göndəriləcəkdir. Bu istiqamətdə fəaliyyət göstərən hər kəsə əvvəlcədən təşəkkürümüzü bildiririk.
Ənvər
ABBASOV,
Təhsil
İnstitutunun direktor müavini,
pedaqogika üzrə fəlsəfə
doktoru, dosent
Azərbaycan müəllimi.- 2017.-
1 sentyabr.- S.6.