“İfa etdiyim dəsgahlar
“Qızıl fond”da saxlanılacaq”
Almaxanım
Əhmədli, VI Muğam Müsabiqəsinin
qalibi: “Ən çətin imtahanlarım
hələ qarşıdadır”
Musiqi dünyasında özünün
zəngin fəlsəfəsi, məna çalarları ilə
seçilən muğam və onun korifey
daşıyıcıları barədə çoxlu
kitablar, monoqrafiyaları şeir
və poemalar yazılıb. Qədim Şərq mədəniyyətinin ən inci, ən ülvi
yadigarı kimi canımıza,
qanımıza hopan muğamın təravəti,
şirinliyi Xan əminin,
Seyidin, Cabbarın, onlarla
başqa ustadların nəfəslərindən
yayıldı, sevildi və bu gün də
xalqımızın ömrünü, musiqi duyumunu bəzəməkdə,
təravətləndirməkdədir. Klassik
muğam ifaçılıq sənətinin
davamçıları bu gün
də bu dəryanın bal
dadını gənclərimizin boğazlarında, zəngulələrində
yaşatmağa çalışırlar.
Ustad sənətkarlardan
dərs alan, bu gün özləri ustad
zirvəsindən musiqi, xüsusilə muğam dünyamızı zənginləşdirən
yeniyetmə və gənc xanəndələri seyr
edən, onları səs və zəngulə meydanlarında
ruhlandıran xalq artistləri Əlibaba Məmmədov
və Arif Babayev kimi müəllimlərin dillərindən
qopan xoş sözlər
muğamımıza, onun ağır yükünü tək boğazlarında deyil, coşan ürəklərində
yaşadanlara məhəbbətimizi birə-beş
artırır. Qürur hissi
ilə demək olar ki,
gözəl səs sahibləri olan bugünkü gəncliyimiz bu
missiyanın öhdəsindən layiqincə gəlir. Artıq
onlar öz
yaşıdları arasında muğam
ifaçılıq sənətinin sirlərinə tam yiyələnən istedad
sahibləri kimi seçilir,
sevilirlər.
Belə gənclərdən biri də Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam müsabiqəsi başlanan gündən bal səsi, zəngülələri ilə ustad sənətkarların diqqətini cəlb edən Almaxanım Əhmədli oldu. Haqqında ətraflı məlumat almaq üçün gənc xanəndənin atası, tanınmış şair, professor Vüqar Əhməd ilə telefon əlaqəsi saxladıq. Sevincinin hədd-hüdudu yox idi: “Qızım Azərbaycan Milli Konservatoriyasının solo oxuma fakültəsinə daxil olub. Çox sevincliyəm. Çünki o, bu çətin sahədə bütün uğurları gərgin zəhməti hesabına qazanıb. Yuxusuz gecələr, məşqlər, inadkarlıq, ən başlıcası bu çətin sahəyə olan hədsiz məhəbbəti nəhayət ki, öz bəhrəsini verdi. Qızımın müəllimi, əməkdar artist Təyyar Bayramovu da təbrik edirəm. O, tək gözəl xanəndə olduğunu deyil, eyni zamanda gözəl müəllim olduğunu da sübut etdi”.
Qeyd edək ki, Almaxanım Əhmədli 2001-ci ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə paytaxtdakı S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında, sonra isə 259 nömrəli tam orta məktəbdə təhsil alıb. Nümunəvi davranışı, ağlı, zəkası ilə məktəbin fərqlənən şagirdlərindən olub. Səsinin şirinliyi, özünəməxsus ifa tərzi müsabiqə boyu tamaşaçıları heyran edib. Artıq yeniyetmə yaşlarında muğam sənətinin sirlərini tam mənimsəyən ifaçı paytaxtdakı 13 nömrəli musiqi məktəbinin muğam şöbəsini fərqlənmə diplomu ilə bitirib. Onunla söhbətimiz də olduqca maraqlı keçdi.
Korifey sənətkarları dinləməkdən
doymuram
-2014-cü il mənim üçün çox uğurlu olub, - dedi. Türk xalqları üzrə beynəlxalq musiqi müsabiqəsinin qalibi kimi bürünc medalın sahibi oldum. Həmin ilin iyulunda isə muğam, təsnif, xalq və bəstəkar mahnılarından ibarət “Qarabağ” adlı ilk diskim işıq üzü gördü. Pərəstişkarı olduğum korifey sənətkarların muğamlarını dinləməkdən doymuram. Bütün janrlarda oxumağı bacarsam da, muğam ifaçısı kimi tanınmaq arzusundayam. Çünki məhz muğam ifa edərkən mən mənəvi dünyamda rahatlıq tapır, arzularımın qanadında pərvaz edirəm. Gələcəkdə planlarım çoxdur, yeni mahnılar yazdırmaq həvəsindəyəm. “Bu dünyanı sevim, sevməyim” adlı mahnım da tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Düşünürəm ki, bu istiqamətdə işlərimi davam etdirməli, bu çətin sənətin sirlərinə daha dərindən yiyələnməliyəm. Yaxşı ifaçı olmaq üçün öz üzərimdə daha da çox çalışıram. Azərbaycanın musiqi tarixini, mədəniyyətini mükəmməl bilməliyəm. İngilis, ərəb, fars və türk mahnılarını da ifa edirəm.
Həyatımda ən
unudulmaz gün
...Çoxdankı arzum idi muğam müsabiqəsinə
qatılmaq. Nəhayət
ki, həmin gün reallaşdı. İyunun 12-si. Heydər
Əliyev Mərkəzində altıncı “Muğam televiziya
müsabiqəsi”nin final mərhələsində adımı
qaliblər sırasında gördükdə sevincimdən az
qala qanad açıb uçacaqdım. Üç ay müddətində
gənc xanəndələr birincilik qazanmaq uğrunda
yarışırdılar. VI “Muğam televiziya müsabiqəsi”nin
final mərhələsində münsiflər heyətinin qərarı
ilə Qran-pri mükafatına layiq görüldüm. Avqust
ayında 16 yaşım tamam olduqdan sonra isə AzTV-də
solist kimi fəaliyyətə başlayacağım barədə
məlumat aldım. Eyni zamanda, müsabiqədə ifa etdiyim dəsgahlar
teleradionun “Qızıl fond”unda saxlanılacaq xəbərini
eşitdim. Bundan da böyük xoşbəxtlik olarmı?
Müsabiqə qalibi olmaq
üçün çox çalışırdım
- 3 aydan
artıq davam edən yarışma müddətində öz
üzərimdə səylə çalışırdım.
Müəllimlərimlə məşqlər edirdim. Yeni qəzəllər
əzbərləyir, repertuarımı rəngarəng etməyə
çalışırdım. Əməkdar artist Təyyar
Bayramov müəllimim olub, üzərimdə əməyi
böyükdür. Hər dəfə səhnəyə
çıxanda mənimlə bərabər o da həyəcan
keçirirdi. Tamaşaçılar arasında onu görəndə
daha da ürəklənirdim. Bəlkə də kənardan
baxanlara elə görünür ki, sadəcə qəzəldir
də oxuyuruq, vəssalam. Ancaq belə deyil. Bu, çox çətin
bir prosesdir. Bir həftə ərzində böyük bir
repertuar hazırlamaq sənətdə özünü təsdiq
etməyə çalışan gənc üçün asan
iş deyil. Təsəvvür edin ki, biz bir dəsgahı bir həftəyə
hazırlamalı olurduq və hər birimiz də bu çətin
tapşırığın öhdəsindən gəlməyə
çalışırdıq.
İlk dəfə məni atam təbrik
etdi
- Hər
dəfə səhnəyə çıxanda atama söz
verirdim ki, qələbə qazanacağam. Elə də olurdu.
Çünki onun inamlı, güvəncli baxışları
mənə güc verirdi. Həmin gün təbriklər
yağışına bürünmüşdüm. Hamı zəng
edib təbrik edirdi. Zəhmətimin bəhrəsi göz
önündə idi. Əslində qalib olmağa hazır idim.
Axı, çox çalışmışdım. Münsiflər
heyəti hər dəfə mənim ifalarıma yüksək
qiymət verirdi. Muğam ifaçılığı sahəsində
zirvədə dayanan xalq artisti Əlibaba Məmmədovun
verdiyi yüksək qiymət mənim özümə
inamımı artırırdı.
Uşaqlıqdan musiqi həvəskarı
olmuşam
- Musiqi sədaları
altında dünyaya göz açmışam. Hər gün
eşitdiyim gözəl musiqilər mənə ana laylası qədər
əziz idi. Dayım İzzət Bağırov da gözəl
ifaçıdır. O, muğam janrında ifa etməsə də,
estrada janrının mahir ifaçılarındandır.
Uşaqlıqdan musiqi həvəskarı olmuşam. Ümumiyyətlə,
ailəmiz muğamsevərdir. Atam musiqiçi olmasa da, 7 illik
musiqi təhsili var. Özü də musiqişünasdır.
O, bütün muğamları gözəl bilir. Muğam
janrı xalqımızın mənəvi irsidir. Biz onu
bütün dünyaya tanıtmalıyıq. Muğamla ölkəmizi
beynəlxalq festivallarda, müsabiqələrdə təbliğ
etmək istəyirəm. Yeri gəlmişkən, Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümü
bildirirəm. Mehriban xanım həmişə gənc muğam
ifaçılarımıza dəstək olur.
Muğam ifaçısı kimi
özümü təsdiqləmək istəyirdim
-
Muğam müsabiqəsindən üç il əvvəl
efirlərdə mütəmadi olaraq görünürdüm.
Tam muğam janrında olmasa da, başqa janrlarda mahnılar
oxuyurdum. Bu müsabiqəyə qatılmaqda məqsədim
özümü muğam ifaçısı kimi təsdiqləmək
idi. İlk olaraq 400 nəfər müraciət etmişdi.
Onların içərisində istedadlı və gözəl
səsli ifaçılar az deyildi. Amma bu, məni zərrəcə
qorxutmadı. 4 ay ərzində əziyyət çəkdim və
məqsədimə nail oldum. Bunun üçün öncə
ailə üzvlərim mənə çox dayaq oldular. Bəlkə
də qalibiyyətimin əsas səbəbkarı da elə
onlardır. Odur ki, valideynlərimə çox minnətdaram.
Bu, mənim üçün
böyük şansdır
- Bir
neçə aydan sonra AzTV-nin solisti olacağam, əlbəttə
bu, böyük etimaddır. Bu, mənim üçün
böyük şansdır. Dövlət televiziyasında solist
kimi çalışmaq hər ifaçıya nəsib olmur.
Buna görə də Tanrıma və Azərbaycan Dövlət
Televiziyasının rəhbərliyinə, xüsusilə Arif
Alışanova təşəkkür edirəm. Onlar gənclərə hər zaman dəstəkdirlər.
Arzulayıram ki, nə vaxtsa Leyli obrazını
canlandırım
- Yeri gəlmişkən, sənətinin, səsinin
vurğunu olduğum müəllimim Təyyar Bayramova da təşəkkürümü
bildirirəm. Bütün nailiyyətlərimdə
onun əməyi var. Onunla bərabər xalq artistimiz Mənsum İbrahimovdan da öyrəndiklərim olub. Opera və
Balet Teatrının səhnəsində çıxış
etməksə arzularımın
sırasında bəlkə
də ən öndə yer tutur. Arif müəllim dedi ki, inşallah səni gələcəkdə
Leyli kimi görərik. Mən də arzulayıram
ki, nə vaxtsa “Leyli və
Məcnun” operasında
Leyli obrazını canlandırım. İnşallah, gələcəkdə layiq
görsələr, sevə-sevə
bu rolu öz
ifamda bir daha sevdirərəm.
Çünki öz potensialıma
inanıram. Bilirəm ki,
əziyyət çəkərək,
istənilən uğura
imza ata bilərəm. Beynəlxalq festivallarda
ölkəmizi təmsil
etmək istəyirəm.
Ümumiyyətlə, gələcək
planlarım çoxdur,
lap çox.
Tələbə adını qazanmışam
- Milli Konservatoriyaya
qəbul olub tələbə adını
qazanmışam. Bu nailiyyətim
musiqi sahəsində nəzəri biliklərə
daha dərindən yiyələnəcəyimə zəmin
yaradacaq. Musiqi bir
dəryadır, orada hərə bacardığı
qədər üzə
bilər. Mən ən
dərinliklərə baş
vurmağı xoşlayıram.
Müəllimlərimin, nəğməkar şair olan atam Vüqar Əhmədin ümidlərini
doğruldacağıma söz
vermişəm. Ən çətin
imtahanlarım da hələ qarşıdadır.
Bu gün tələbə
adını qazandımsa,
o imtahanlara da hazır olduğumu sübut etməliyəm.
İnşallah, edəcəyəm də.
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.- 2017.-
8 sentyabr.- S.8.