İmişlidə dahi Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

 

Sentyabrın 18-də Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum günüMilli Musiqi Günü münasibətilə Mədəniyyət evində tədbir keçirilib. Tədbirdə rayon Mədəniyyət evinin əməkdaşları, Uşaq musiqi məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi, İmişli rayon üzrə nümayəndə Nazim Əzimov çıxış edərək əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib. Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından danışan N.Əzimov onun əsərlərinin Azərbaycan musiqisinin ən gözəl nümunələri olduğunu vurğulayıb. Qeyd olunub ki, böyük bəstəkar Azərbaycanda milli operasimfonik musiqi əsərlərinin bünövrəsini qoyub. Azərbaycan musiqisinin demək olar ki, bütün sahələri Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Belə ki, ilk operamız, xalq çalğı alətləri orkestrimiz, operettamız, mahnı və rəqs ansamblımız, xorumuz, simfonik orkestrimiz məhz o dövrdə fəaliyyətə başlayan Azərbaycan Dövlət Konservatoriyası onun bilavasitə rəhbərliyi, eyni zamanda məhsuldar əməyi sayəsində yaranmışdır. Bu gün dünyanın tanınmış musiqiçiləri Üzeyir Hacıbəylinin musiqisini dinləyir, onu tanıyır və yüksək dəyər verirlər.

Sonda şagird və müəllimlərin ifasında dahi bəstəkarın əsərlərindən nümunələr səsləndirilib.

 

Vilayət ƏLİYEV,

İmişli Rayon Təhsil Şöbəsinin

ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

 

Azərbaycan müəllimi.- 2017.- 22 sentyabr.- S.6.