Bayrağımızı yüksəyə qaldırmaqdan böyük nailiyyət ola bilməzdi”

 

Beynəlxalq müsabiqələr qalibi Aylin Nəcəfli gələcəkdə də böyük uğurlar qazanacağına əmindir

 

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr studiyası”nın balaca istedadları Bolqarıstanın Varna şəhərində keçirilən “Golden Sparkles European Music Festival”ında iştirak ediblər. Ölkəmizin üçüncü dəfə təmsil olunduğu bu festivalda studiyanın fəalları birincilik qazanıblar. Bu günlərdə həmin fəallardan biri olan, qeyri-adi istedadı ilə fərqlənən Aylin Nəcəfli səfər təəssüratlarını bizimlə bölüşdü. 10 yaşlı müsahibim özü haqqında ətraflı məlumat verdi.

 

Tamaşaya görə Qran-pri, ifaya görə isə I yer

 

- 2007-ci ildə Bakıda anadan olmuşam. 5 yaşında olarkən “Kaspi” Təhsil Mərkəzində məktəbəqədər hazırlıq kursunda oxumuş, sonra isə 267 nömrəli məktəb-liseyə getmişəm. Hazırda Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasında təhsil alıram. Məktəbdə aktyorluq dərnəyində məşğul oluram. Bununla yanaşı A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatr studiyasının aktrisasıyam. Space telekanalında yayımlanan “Mən böyümüşəm” verilişində fəal iştirak etdiyimə görə diplomlarla mükafatlandırılmışam. 2016-cı ildə Sankt-Peterburqda keçirilən “Caz karuseli” adlı beynəlxalq müsabiqədə studiyanın fəallarından olan rəfiqəm Selcan Museyibova da bizimlə idi. Müsabiqədə Rusiyadan və başqa ölkələrdən uşaqlar iştirak edirdilər. Onlar musiqili tamaşalar nümayiş etdirirdilər. Uşaqlar çox güclü idilər. Amma bizim üstünlüyümüz onda idi ki, kukla ilə çıxış etdik. Həm kukla oynatdıq, həm də canlı ifa etdik. Tamaşaya görə “Qran-Pri”, ifaya görə isə I yeri tutduq. Səhnəni alqış sədaları bürümüşdü. Bizimlə bərabər münsiflər heyəti də sevinirdi. Həmin gün qələbə qazandığımıza görə çox sevindik, lap çox. Rəfiqəm Selcan musiqisi Ramiz Mirişliyə, sözləri də Ramiz Rövşənə məxsus olan “Tıq-tıq xanım”, mən isə sözləri bizim aktyorumuz, baş rəssam İqbal Əliyevə, musiqisi də Cahangir Zülfüqarova aid olan “Sehrli dünya” mahnılarını ifa etdik. Sözləri Cəmilə Allahverdiyevaya, musiqisi isə Ülviyyə Bəbirliyə məxsus olan bir mahnı da səsləndirdik. Nəticədə birincilik qazandıq. Uğur qazanmağımızın səbəblərindən biri də rejissor və pedaqoq Cəmilə Allahverdiyevanın üzərimizdə gərgin əməyi oldu.

 

“Ən yaxşı ifaçı” kimi mükafatlandırıldım

 

- Studiyamızın rəhbəri Səidə Haqverdiyeva bizə məsləhətlərini də əsirgəmir, deyir ki, tamaşa oynayarkən sərbəst olun, tələsməyin, səhnədə daxilinizdəki istedadı tamaşaçıya göstərməyə çalışın. 2014-cü ildə ilk dəfə olaraq Bolqarıstanın Varna şəhərində uşaqlar arasında keçirilən “Golden Sparkles European Music Festivalı”na da qatıldım. Bu müsabiqəyə Rumıniya, İtaliya, Malta, Belorus, Makedoniya və sair ölkələrin istedadlı uşaqları qatılmışdılar. Mən həmin müsabiqədə xalq artisti Flora Kərimovanın repertuarından “Tıq-tıq xanım” cizgi filminin “Soundtrak”ını ifa etdim. Festivalın ikinci günü isə musiqisi Cahangir Zülfiqarova, sözləri Elçin Nəsirliyə aid “İşıqlı dünya” mahnısı ilə tamaşaçıları heyran etdim. Yaşıdlarım arasında “Ən yaxşı ifaçı” kimi mükafatlandırıldım. Bolqarıstanın məşhur rəssamı Natalia Vəliyevanın rəsm əsəri mənə hədiyyə kimi təqdim olunanda sevincimin hədd-hüdudu yox idi. 30-a yaxın ölkənin nümayəndələrinin iştirak etdiyi festivalda uğur qazanmaq heç də asan deyildi. Məncə Azərbaycanın üçrəngli bayrağını yüksəyə qaldırmaqdan böyük nailiyyət ola bilməzdi. Bilik və bacarığımı nümayiş etdirərək birincilik qazanmışdım. Gələcəkdə də böyük uğurlar qazanacağıma və məktəbimizin adını həmişə ucaldacağıma əminəm. Balaca tamaşaçılarımız da günü-gündən çoxalır. Çalışırıq ki, hər şey onların istəyincə olsun. Uşaqlar özləri də bizim təqdim etdiyimiz nağıl qəhrəmanlarına bənzəməyi çox xoşlayırlar.

 

“Sarı gəlin”i ifa edərək birincilik qazandıq

 

- Üçüncü dəfə Bolqarıstanda festivalda olarkən münsiflər heyətinin qarşısında rəqs və musiqinin sintezində Azərbaycan xalq mahnısı “Sarı gəlin”i ifa edərək birincilik qazandıq. Yarışmanın ilk günü musiqisi Vüqar Camalzadəyə, sözləri isə Cəmilə Allahverdiyevaya məxsus “Əlimdən tut” mahnısı ilə çıxış etdik. Növbəti gün isə “Sarı gəlin”i ifa etdik. Əynimizdə “Qarabaq” milli geyimi var idi. Münsiflər heyəti, tamaşaçılar ifalarımızla bərabər geyimimizi də bəyəndilər. Festivalda İtaliya, İngiltərə, Rusiya, Makedoniya, Ukrayna, Belarus, Fransa, Yunanıstan və sair ölkələrdən istedadlı iştirakçılar var idi. Münsiflər səsimizi, səhnə hərəkətlərimizi çox bəyəndilər. Onlar ilk gün ən gözəl mahnını seçirlər, ikinci gün isə ifanı, səsi qiymətləndirirdilər. Yarışma müddətində “Sarı gəlin” xalq mahnısı dövlət radiosunda səsləndirildi. Bu müsabiqədə ikinci dəfə idi ki, iştirak edirdim. Artıq təcrübəm var idi. Bəlkə də uğur qazanmağımın bir səbəbi də elə bu idi. Rəfiqəm Surin də oxudu, sonra isə “Sarı gəlin” mahnısı ilə sadəcə rəqs elədi. Mehrin Vəlizadə isə ilk dəfə idi ki, xarici ölkədə keçirilən yarışmaya qatılırdı. Bu festivalda Mehrin və Surin Vəlizadə bacıları və mən I yeri qazandıq. Qeyd edim ki, mən müsabiqədə “Sarı gəlin” i Azərbaycan dilində ifa etdim. Vətənə döndükdən sonra “Oyuq” teatr studiyasının uşaqları bizi milli geyimdə mahnı sədaları altında qarşıladılar, bizimlə fəxr etdiklərini söylədilər. Ertəsi gün bizi yerli kanallara dəvət etdilər. AzTV-də həm “Sarı gəlin” xalq mahnısını oxuduq, həm də tamaşa nümayiş etdirdik.

 

Aylin çox istedadlıdır

 

“Oyuq” teatr-studiyası uşaq qrupunun rəhbəri Səidə Haqverdiyevanın söylədikləri: - Rəhbərlik etdiyim studiyanın 30-dən çox üzvü var. 2012-ci ilin mayında ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə “Hər birimiz bir çiçək” adlı tamaşa hazırlamaq üçün “Kaspi” Təhsil Mərkəzinin kurslarına müraciət etdik. Müsabiqəyə 600-dən artıq uşaq qatılmışdı. Onlardan 60-nı seçdik. 60 nəfərdən 30-u ilə tamaşa hazırlandı. İlk olaraq “Hər birimiz bir çiçək” adlı konsert verdik. Konsert çox uğurlu alındı. O vaxtdan fəallıq göstəririk və mütəmadi olaraq ayda bir dəfə tamaşa nümayiş etdiririk. Elə uşaqlar var ki, böyüyəndə teatrı tərk etmək istəmir, əksinə, aktyor olmaq istəyir. Son illər teatr tamaşalarına maraq artıb. Mən bu teatrda 6 ildir çalışıram. Azərbaycan Dövlət Kukla Teatrının rejissoru, mərhum sənətkarımız Rəhman Əlizadə teatr studiyaya “Oyuq” adını verib. Bu, taxtadan oyma yolu ilə kuklaların hazırlanması ilə bağlıdır. Uşaqlar studiyaya müsabiqə yolu ilə cəlb olunur. Onlar teatrda həvəslə çalışırlar, buna görə də yüksək nəticələr əldə edə bilirlər. Həm kukla oynadırlar, həm də canlı ifa edirlər. Aylin qızımız çox istedadlıdır, gözəl səsi, yüksək aktrisalıq bacarığı var. Aylin “Oyuq”a gələndə 5 yaşında idi. Rus dilində danışırdı. Artıq o, Azərbaycan dilində sərbəst danışır və bütün bədii ədəbiyyatları da öz ana dilimizdə oxuyur. Tamaşaçılarımızın da çox sevimlisidir.

 

Vokal dərsləri alıram

 

- “Oyuq” teatr studiyası mənə çox doğmadır. Beynəlxalq teatr və musiqi yarışmalarında həvəslə iştirak edirəm. Hər dəfə beynəlxalq yarışmalara anam Aytənin xeyir-duası ilə qatılıram və qələbə ilə vətənə dönürəm. Paytaxtdakı 22 nömrəli musiqi məktəbində təhsil alıram. “Oyuq” teatr studiyasında vokal dərsləri alıram. Müəllimim Firuzə İbadova çalışqan olduğum üçün məni çox sevir. Onun da dərslərini mükəmməl öyrənirəm. Deyir ki, musiqi duyumun çox gözəldir. Anam BDU-nun fizika-riyaziyyat fakültəsini bitirib. Musiqini çox sevir, hər gün fortepianoda ifa edir, mən də dinləyirəm. Mənimlə məşğul olduğundan o, peşəsindən də uzaqlaşıb. Demək olar ki, bütün vaxtını mənə sərf edir. Hər dəfə birincilik qazananda ömrüm bir az da uzandı, - deyir mənim sevimli anam.

 

Tamaşa bitdikdən sonra xeyli güldük

 

- Mən səhnədə “Uzun corab Pepini” tamaşasını oynayırdım. Müəllimim də elə rəfiqəm Aysun idi. Tamaşanı oynadıqda birdən gözüm rəfiqəmin parikinə sataşdı. Onun öz saçlarını gördüm. Pariki sürüşmüşdü və çox gülməli görünürdü. Mən də özümü saxlaya bilməyərək gülümsündüm. Müəllimimin ciddi baxışlarını görəndə isə özümü toplayıb tamaşanı oynadım.Tamaşa bitdikdən sonra Aysu güzgüyə baxdı və xeyli güldük.

 

Müəllimimizə minnətdarıq

 

- Hər mahnıya, tamaşaya uyğun paltarlar tikdiririk. Selcan, Mehri, Vüsalə, Aysu, Məryəm və s. rəfiqələrim çoxdur. Onlarla ünsiyyət qurur, dostluq edirəm. Son dəfə Səidə Haqverdiyevaya məxsus “Gözəl və Cadugər” əsərini səhnələşdirib, valideyn himayəsindən məhrum uşaqlar qarşında nümayiş etdirmişik. Əlamətdar günlərdə rəngarəng konsert proqramları ilə səhnəyə çıxırıq. Beynəlxalq Uşaqların Müdafiəsi Günü munasibətilə xeyriyyə tədbirləri keçiririk. “Şahin xudpəsənd oğlu” tamaşasında, 23 Aprel Uşaq Günü münasibətilə Türkiyədə keçirilən möhtəşəm tədbirdə “Nağıl çələngi” adlı tamaşa - konsertlə çıxış etmişəm və hər dəfə də tamaşaçı rəğbəti qazanmışam. Çoxlu sayda fəxri fərmanlarım və diplomlarım var. Gələcəkdə aktrisa olmaq arzusundayam.

Bizim birincilik qazanmağımızda Səidə müəllimin əməyi böyükdür. Qrupumuz adından müəllimimizə minnətdarlığımızı bildiririk.

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2017.- 22 sentyabr.- S.12.