Yazıçılıqla uğur əldə etməyin fəndlərini bilən hüquqşünas

 

Mohsin Hamid və “Könülsüz radikal” romanı

 

Belə bir deyim var. Çox gəzən çox bilər. Təsəvvür edin, gözünüzü açandan fərqli ölkələrdə, fərqli mədəniyyətlərin qucağında boya-başa çatırsınız. Təxəyyülünüz rəngarəng olur. Bir çox ölkəni hətta qoxusundan tanıyırsınız. Pakistanlı Mohsin Hamid məhz belə yazıçılardandır.

O, 1971-ci ildə Pakistanın ikinci böyük şəhəri olan Lahorda doğulub. Mohsinin üç yaşı olanda atası Stenford Universitetinin doktoranturasına qəbul olunur və ailəsini də özü ilə ABŞ-a aparır. Altı illik Amerika həyatından sonra ata Hamid yenidən Lahora qayıdır. Əlbəttə, yüksək mədəni və müasir səviyyəli mühitdən mühafizəkar Pakistan cəmiyyətinə dönüş balaca Mohsinə əməlli-başlı mədəniyyət şoku yaşadır. Ailəsi bunu nəzərə alaraq övladını Lahordakı Amerika məktəbinə yazdırır. Mohsin həyatının bu keçid dövrünü xatirələrində belə təsvir edir: “1980-ci ildə sosial şəbəkələr, elektron poçt ünvanı yox idi. Beynəlxalq telefon danışıqlarını isə əvvəldən sifariş etməli və qarşılığında böyük sərvət ödəməli olurdun. Bu səbədən də heç bir dostumu sonralar nə görə, nə də onlarla danışa bildim”.

 

Yeni dünyanın atlasını çəkən balaca pakistanlı

 

Ancaq kompüterin, internetin əvəzinə Mohsinin macəra və fantastik mövzulu nağıllarla zəngin kitabxanası vardı. Deməli, ya küçədə tamamilə başqa tərbiyədə, dünyagörüşdə olan uşaqlarla mənasız oyunlar oynamalı, ya da kitablarla dostluq etməli idi. Mohsin ikincini seçir. Xüsusən, ingilis yazıçısı Klive Stapliş Luisin yeddi kitab seriyasından biri “Narniya günləri” onun darıxdırıcı Lahor həyatına rəng qatır. Digər məşhur ingilis yazıçısı Con Ronald Tolkinin müxtəlif adət-ənənələrə malik tayfalar və nəsillərin tarixini özündə əks etdirən əsərləri də Mohsinə müsbət təsir edir. Bu kitabları oxumaq Kaliforniyadan Pakistana köç etmiş balaca oğlan üçün zəngin dünyagörüş qazanmağın ən faydalı üsulu olur. Artıq o özü də qeyri-adi xəyallar qurmağa başlayır. Maraqlı məşğuliyyət icad edir. Xəritələrin üzünü köçürərək, fərqli rənglərdə yenidən boyayıb arzuladığı dünyanın atlasını çəkir. Yəqin ki, Mohsin bu dünyanın içinə sığdırdığı, hələ tanımadığı ölkələrdə bir vaxt məşhur ədəbi imzaya çevriləcəyini ağlına gətirməzdi.

 

ABŞ təhsili, xəyal qırıqlığı, London həyatı

 

18 yaşına çatanda bu dəfə Mohsin atası kimi təhsil almaq üçün Amerikaya yollanır. Ümumiyyətlə, onun çox uğurlu və yüksək nailiyyətlərlə dolu təhsil gündəliyi var. Belə ki, tələbəlik illərində məşhur yazıçılar Coys Kerol Outs və Toni Morrisondan ədəbiyyat dərsləri alır. Hətta Mohsin ilk romanının əvvəlki variantını Toni Morrisonun rəhbərliyi ilə ədəbi müzakirələrin təşkil olunduğu elmalatxanada yazır. Bu əlyazmanı yarıda saxlayan Hamid vətəninə qayıtmalı olur. Lakin çox az müddət ərzində o, ikinci təhsil almaqdan ötrü yenidən ABŞ-a gedir. Özü də bu dəfə tələbə təqaüdü proqramı əsasında daha bir məşhur ali təhsil ocağına qəbul olunur. Harvard Universitetinin hüquq fakültəsinin tələbəsi adını qazanır. Amma məzun olduqdan sonra hüquq sahəsində işləmək ona çox darıxdırıcı görünürdü. Bəxtini sınayıb Nyu-Yorkda tanınmış şirkətlərin birinə idarəetmə məsləhətçisi vakansiyasına müraciət göndərir. Təbii ki, şirkət belə yüksək təhsil göstəriciləri olan namizədi geri çevirə bilməzdi. Hətta digər işçilərdən fərqli olaraq Hamidin yazıçılıq qabiliyyətini nəzərə alıb, ona ildə üç ay məzuniyyət verirdilər. Əlbəttə, yazmaq üçün bundan əlverişli fürsəti arzulamaq ağılsızlıq olardı. Yüksək məvacib Mohsini məişət qayğılarından uzaqlaşdırmaqla yanaşı, bütün diqqətini və istedadını yaradıcılığına yönəltməyə imkan yaradırdı. Elə ona ilk şöhrəti qazandıran da bu müddətdə yazdığı “Pərvanə dumanı” (Moth Smoke) romanı olur.

Ədəbi mühitə yenicə addım atan Hamid yaşayış yerini dəyişmək qərarına gəlir. 2011-ci ilin yayında Londona köçür. Səkkiz il orada yaşamalı olur və İngiltərə vətəndaşlığını alır. Yazıçı mənəvi rahatlığına burada qovuşur. Mohsin Hamid Londona yerləşdiyi ilk illəri haqda təəssüratları belə ifadə edir: “Buraya gələndə çox az müddətdə qalacağımı düşünürdüm. Yenidən Nyu-Yorka qayıdacaqdım. Ancaq mən burada miqrantlara, söz azadlığına, yaradıcılığa daha çox diqqət və qayğı gördüm. Ona görə də İngiltərənin vətəndaşlığını qəbul etdim. Ev aldım, həyat yoldaşımı tapdım, övladım doğuldu və uğurlu biznes sahəsində iş qurdum. Bunlarla yanaşı, romanlarımı yazdım. Əlbəttə, bu üstünlüklər mənim nəzərimdə İngiltərəni yaşamaq üçün daha rahat və kosmopolit məkana çevirir”.

Beləcə, Mohsin bundan sonrakı iş fəaliyyəti və həyatının prioritet peşəsi kimi yazıçılığı seçir. Bu səbəbdən brend markaların tanıtımı və biznes strategiyası ilə məşğul olan şirkətlə əməkdaşlıq müqaviləsində müəyyən güzəştlər tələb edir. Həftənin üç günü işləməli, qalan günlərini yazıya həsr etməlidir. Şirkət Mohsinin bu şərtini heç bir narazılıq bildirmədən qəbul edir. Üstəlik, növbəti illərdə peşəkar mütəxəssis kimi qiymətləndirilərək rəhbər vəzifələrdən biri ona həvalə olunur.

 

Amerikanın mübarizə üsulu bombalardır

 

Yazıçı köşələrində heç çəkinmədən Amerikaya antoqonist münasibətini açıq-aşkar sərgiləyir. O, yazılarında daha irəli gedərək bütün amerikalıları miqrant adlandırır. Hətta etiraf edir ki, baxmayaraq mükəmməl təhsil aldığına görə Amerikaya borcludur, elə ən dərin təəssüf hissini də ona bu dövlət yaşadıb. ABŞ-ın digər ölkələrin siyasətinə qarışmağı, üstəlik, bu müdaxilə zamanı bombaları mübarizə üsulu kimi tətbiq etməsi onda ikrah yaradır. Mohsin Hamid məhz ikinci səs-küylü romanı “Könülsüz radikal”ı (The reluctant Fundamentalist) dünyanın ən güclü ölkəsinə əks mövqeyi, düşüncələri fonunda ərsəyə gətirib. 2007-ci ildə çap edilən roman çox sürətlə 25 dilə tərcümə olundu, “Nyu-York Tayms”ın ən çox satılan əsərlər siyahısında 4-cü yeri tutdu. Eyni vaxtda “Beynəlxalq Man Buker Mükafatı” və digər nüfuzlu ədəbi təşkilatların mükafatlarını qazandı.

Mohsin Hamid yazıçılıqla uğur əldə etməyin fəndlərini bilənlərdəndir. Çünki növbəti romanları da müəllifə bolluca şan-şöhrət gətirməkdə davam edir. Yazıçı 2017-ci ilin sonuncu nəşri “Qərbdən çıxış” (Exit West) romanı ilə yenidən oxucularının rəğbətini qazanmağı bacarıb.

 

“Könülsüz radikal”

 

Rubrikamızın bu sayında Mohsin Hamidin “Könülsüz radikal” əsəri haqqında danışacağıq.

Tənqidçilər bu romanı insan beyninə təsir edə biləcək 10 ən yaxşı ədəbi nümunələrdən biri kimi qiymətləndirirlər. Əsər həm də yazıçının həyatındakı bənzərliklə yadda qalır.

Maraqlananlar rejissoru Mira Nair, ssenarisi müəlliflə birgə Uilyam Viler, Ami Boqhaniyə aid olan eyniadlı filmi də izləyə bilərlər.

“Üzrlü hesab edin, cənab. Sizə necə kömək edə bilərəm? Deyəsən, sizi qorxutdum. Saqqalımdan qorxmaq lazım deyil. Mən Amerikanı sevən biriyəm”.

Əsər müəllifin rasizm, millətlərarası ziddiyyətlərə ironik müasibətini əks etdirən bu cümlələrlə başlayır. Baş obrazın adı Çingizdir. İlk sözlərdən oxucu sanki onun amerikalı bir kişi ilə danışdığını zənn edir. Amma bu cənab sona qədər Çingizi sakitcə dinləyir. Həmsöhbətinin düşüncələrini əsər boyu yalnız Çingizin vasitəsilə oxuya bilirik. Elə ona görə də əsərin məğzinə dərindən varsaq, onun danışdığı adamın məhz Amerikanın ümumiləşmiş obrazı olduğunu görə bilərik.

Gələcəyə böyük ümid və arzularla Pakistandan ABŞ-a təhsil almağa gedən Çingiz gənc yaşda çoxlarının həsəd aparacağı uğurlar əldə edir. Prinston Universitetini yüksək nəticələrlə bitirir. O, universitetin bir qrup məzunu ilə Afinaya gəzintiyə gedəndə Erika adlı gözəl, sarışın amerikalı xanımla tanış olur. Erika keçmiş sevgilisinin ölümündən sonra depressiv sarsıntılarla mübarizə aparırdı. Çingizin onun həyatına daxil olması Erikanı tərəddüdlərə sürükləyir. Gənc qız Çingizin bütün sevgi və qayğılarına baxmayaraq, bu hisslərdən qurtula bilmir. Ailəsi tərəfindən psixiatrik klinikaya yatızdırılan Erika günlərin birində buradan qaçır və itkin düşür.

Çingiz sevgi uğursuzluğunu soyuqqanlı yaşayır. O, intellekti və hazırcavablığı sayəsində rəqiblərini geridə qoyaraq, böyük layihələrə investisiya məsləhəti verən bir firmaya işə qəbul olunur. Bəxti gətirir. El dili ilə desək, əlini vurduğu hər işi yarıdır. Tezliklə, rəhbərinin sevimli və güvənli işçisinə çevrilir.

Hətta şirkət Çingizin iqtisadi uzaqgörənliyinə o qədər əmin olur ki, xarici ölkələrdə əməkdaşlıq etdiyi layihələrin idarəçiliyini məhz ona həvalə edir. Amma 2001-ci ilin sentyabrında Nyu-Yorkdakı məşhur Dünya Ticarət Mərkəzinin terrorçular tərəfindən dağıdılmasından sonra Çingizin həyatı alt-üst olur. Müsəlmanlardan sui-istifadə edilməsi, güclü dövlətlərin siyasi oyuncağına çevrilən kasıb ölkələr, Pakistanın Hindistan tərəfindən təhdidi Çingizin mənəvi ağrılarını üzə çıxarır. O, bütün çaxnaşmaların günahını Amerikada görürdü. Özünü də bu tələnin qurbanı hesab edirdi. Çingiz düşünürdü ki, ABŞ digər xalqları öz köləsinə çevirməyin planlarını çox ustalıqla qurur. Və bunu məhz təhsilin gücü ilə etməsi, vətəninin bu imkanlardan geri qalması onu daha çox qıcıqlandırırdı.

“Biz həmişə borc yükü altında xarici dövlətlərin yardım və sədəqələrinə bağlı bir ölkə olmadıq. Televiziya kanallarında göstərdiyiniz səfil və qəzəbli radikallardan çox övliyaların, şairlərin, fəthləri ilə yadda qalan xaqanların ölkəsi olduğumuzu xatırladım sizə. Padşah Məscidi və Şalamar Bağlarını biz inşa etdik. Və biz bütün bunları edərkən, sizin ölkəniz qitənin ucunda əziyyət içində yaşayan 13 koloniyadan ibarət idi”.

Təbii ki, geridə qalmış xalqların bu cür özünümüdafiə taktikası keçmişdə deyil, indi kim olmağın önəmini xatırladır. Ona görə də yazıçının tarixə belə münasibətini gülməli və əhəmiyyətsiz emosional etiraz kimi dəyərləndirmək yerinə düşər.

Yazıçı əsər boyu tez-tez həmsöhbətini ehtiyatlı davranan, təhlükələrə qarşı açıqgözlü və tamahkar biri kimi təqdim edir. O, Amerikada başına gələnləri axıra qədər danışır.

Sonuncu layihə ilə bağlı getdiyi Çilinin paytaxtı Santyaqoda Çingiz onu tutub saxlayan zəncirlərdən qurtulmaq qərarına gəlir. Öhdəliyində olan layihənin sifarişçisi Jan Batista ziyana uğrasa da, bu əcnəbi gənci anlayırdı. Çünki adi bir şirkət qurmaq üçün Amerikadan yardım istəmişdi. Peşəkar mütəxəssisləri oradan dəvət etməli olmuşdu. Axı, nəyə görə hamı ABŞ-a möhtac idi? Bu sualın cavabını Çingizlə söhbətində görürük: “Osmanlı imperiyasının ordusunda xidmət edən yeniçərilər barədə eşitmisən? Bax, onlar xristian oğlan uşaqlarından ibarət idi. Uşaqlıqdan müsəlman orduda xidmətə hazırlıq təlimləri keçirdilər. Çox erkən yaşdan təlimə cəlb edildikləri üçün unudulacaq xatirələri olmurdu. Ona görə sadiq əsgərlər kimi yetişirdilər. Axı, unutmasalar imperiya uğrunda döyüşə bilməzdilər”.

Bu söhbət sanki Çingizi oyadır. İndi Amerikanın məqsədlərini daha aydın görə bilirdi. Çünki o da hələ 18 yaşında təhsil almaq üçün buranı seçmişdi. Özünə etirafı isə Çingizi daha çox sarsıdırdı. Doğmaları, yaşıdları ilə özünü müqayisə edəndə nə qədər irəlidə olduğunu görürdü. Bəs, bu yüksək təhsili, dünyagörüşünü ona kim qazandırmışdı. Əfsuslar olsun, Amerika.

Əsərin sonuna yaxın əcnəbini evinə qədər ötürən Çingiz ürəyindəki ən təsirli iradını ona bildirir. “Pakistanlıları potensial terrorçu kimi görmək doğru deyil. Necə ki, biz amerikalıların hamısını gizli sui-qəsdçi olaraq görmürük”.

 

Gülnarə İLHAM

 

Azərbaycan müəllimi.- 2017.- 22 sentyabr.- S.13.