Kolumbiyalı yazıçı ADU tələbələrinə mühazirə oxuyub

 

Sentyabrın 26-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla kolumbiyalı alim, yazıçı Konrado Zuaqo və Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Marta Qalindo ilə görüşüb.

Kamal Abdulla Konrado Zuaqonun ADU-ya gəlişini yüksək qiymətləndirib və qonağa təşəkkür edib. ADU rektoru qeyd edib ki, Kolumbiyanın qədim və müasir mədəniyyəti Azərbaycanın keçmişindiki mədəniyyətinə yaxındır.

Dünya şöhrətli kolumbiyalı yazıçı, jurnalist, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin yaradıcılığından söhbət açan Kamal Abdulla qeyd edib ki, Azərbaycan ədəbiyyatsevərləri Markesin demək olar ki, bütün əsərləri ilə tanışdırlar və o əsərləri yüksək qiymətləndirirlər. Markesin insanların qəlbində əbədi yaşayacağını vurğulayan ADU rektoru onun Azərbaycanı Latın Amerikasına daha da yaxın etdiyini bildirib.

Universitetdəki “Səfir saatı” haqqında qonaqlara məlumat verən rektor Marta Qalindonu ADU-da tələbələrə mühazirə deməyə dəvət edib.

Marta Qalindo təklifi müsbət qiymətləndirdiyini söyləyərək, tələbələrə mühazirə deməkdən məmnun olacağını diqqətə çatdırıb.

Yüksək qonaqpərvərliyə görə universitet rəhbərliyinə öz təşəkkürünü bildirən Konrado Zuaqo belə bir universitetdə olmaqdan şərəf hissi duyduğunu söyləyib.

Görüşdən sonra Konrado Zuaqo ADU tələbələrinə Qabriel Qarsiya Markes haqqında ispan dilində mühazirə deyib.

 

Azərbaycan müəllimi.- 2017.-29 sentyabr.- S.9.