“Adım gənc istedadların “Qızıl kitabı”na yazıldı”

 

Beynəlxalq müsabiqələr qalibi Murad İbrahimov uğurları çoxaldıqca məsuliyyətinin artdığını etiraf edir

 

Murad İbrahimov 2003-cü ildə Bakı şəhərində anadan olub. Paytaxtdakı Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin xanəndə ixtisası üzrə Ayşən Eminlinin sinfində təhsil alaraq muğamlarımızın sirlərinə dərindən yiyələnib. 2017-ci ildə ATV-də yayımlanan “Tanıdım səni” layihəsinə qatılıb. Bütün janrlarda mahnılar ifa edib. “Heyratı” zərb muğamını, “Bülbüllər oxur”, “Yaşa mənim xalqım”, “Mehriban olaq” və sair mahnılarını oxuyub, ammaŞahnaz” muğamı hamını heyran edib. Dərslərini yaxşı oxuyur, bütün fənlərə sevgi ilə yanaşır, xüsusilə ədəbiyyat fənnini çox sevir, amma uşaqlıqdan muğamlarımıza olan məhəbbəti onu öz arzularına qovuşdurub. Murad haqqında məqalə hazırlamaq istədiyimi bildirəndə tərəddüd etmədən razılıq verdi. Dəstəyi yerinə qoyub S.Bəhlulzadə adına Xarici Dillər Gimnaziyasına yollandım və onunla təhsil ocağında görüşüb söhbətləşdik.

 

Qran-pri mükafatına layiq görüldüm

 

- İlk uğurum 2012-ci ildə olub. Xan Şuşinski adına I respublika muğam festivalında iştirak etmişəm və gözəl ifama görə Qran- pri mükafatına layiq görülmüşəm. 2015-ci ildə isə paytaxtda keçirilən beynəlxalq uşaq muğam müsabiqəsinə qatıldım və yenə də Qran-pri mükafatına sahib oldum. Elə həmin il növbəti dəfə Özbəkistanda keçirilən beynəlxalq uşaq muğam yarışmasında da Qran-pri ilə mükafatlandırıldım. 2016-cı il mənim üçün daha da uğurlu olub. Həmin ilHarmoniyauşaq festivalında və Antalyada keçirilən “Ekspo” adlı tədbirdə iştirak edərək birincilik qazandım. Vətənə dönəndə sevincimi yaşıdlarımla bölüşdüm. Hamıdan çox sevinən muğam müəllimim Ayşən Eminli idi. Bunun ardınca “Azərbaycanın gələcəyi” adlı festivalda, Türkiyədə 23 Nisan Cocuq bayramında iştirak etdim. “Natiq ritmqrupu da orada bizimlə idi. Üç gün orada qaldıq, parkxiyabanlarda gəzdik, qədim abidələrlə tanış olduq. Vaxtımızın nə vaxt bitdiyini heç hiss etmədik. Etiraf edim ki, uğurlarım çoxaldıqca məsuliyyətim də birə-beş artır. Daha səylə çalışmağa başlayıram. Azərbaycan Dövlət Filarmoniyasında Q.Qarayev adına Dövlət Kamera Orkestrinin müşayiəti ilə baş tutan çıxışlarım məni böyük səhnəyə hazırlayırdı. Sonra müxtəlif dövlət tədbirlərində öz istedad və bacarığımı nümayiş etdirdim. Tarda məni Emin Eminli, kamançada isə Vaqif Hacıyev müşayiət edirdi. Növbəti çıxışım Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş uşaq, yeniyetmə və gənclər arasında keçirilən respublika musiqi müsabiqəsində oldu və I yerə layiq görüldüm.

 

Müəllimim nailiyyətlərimi həmişə dəyərləndirir

 

- Müəllimim Ayşən Eminli mənim gələcəyimə böyük ümid bəsləyir. Deyir ki, əməyimin hədər getməyəcəyinə əminəm. Əgər xanəndə olmağı, muğam sənətinə yiyələnməyi qərarlaşdırıbsansa gərək ilk növbədə öz səsini qoruyasan. Onun bu tövsiyəsinə ciddi surətdə əməl edirəm. Bilirəm ki, muğamlarımızı bizə qədər yaşadanlar, onları zaman-zaman əmanət qoyanlar estafeti indı bugünkü nəslə verib. Bizöz növbəmizdə bu etimadı doğrultmaq üçün lap çox çalışmalıyıq. Müəllimim həmişə nailiyyətlərimi dəyərləndirir, muğam dəryadır,-deyir. “Qarabağ şikəstəsi”ni, “Yenilməz batalyon” filmindən Teymurun mahnısını da ifa etmişəm. Özbəkistanda beynəlxalq müsabiqədə çıxış edən zaman çox həyəcanlı idim. Tamaşaçıların səsimə bu cür diqqət kəsilməsi az qala məni çaşdıracaqdı. Nəhayət ki, özümü toparlayıb “Şahnaz” və “Heyratı” muğamlarını ifa etdim. Tamaşaçılar məni ayaq üstə alqışlayırdılar.

 

2017-ci il həyatımda ən yaddaqalan il olacaq

 

- Dəfələrlə beynəlxalq müsabiqələrdə birincilik qazanaraq fəxri fərman və diplomlar qazanmışam. 2017-ci ildə isə həyatımda yaddaqalacaq hadisələr daha çox olub. Adım Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə gənc istedadların “Qızıl kitabı”na yazılıb və Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülmüşəm.

Bundan böyük xoşbəxtlik olarmı? Bu əvəzsiz qiymət mənim ifaçılıq sənətinə məhəbbətimi birə-beş artırıb. Bu gün daha böyük məsuliyyətlə, əzmlə çalışır, mənə göstərilən yüksək etimadı layiqincə doğrultmaq üçün gecəmi-gündüzümə qatıb, yeni ifalar üzərində işləyir, muğamlar, təsniflər, xalq mahnıları öyrənirəm.

 

Boş vaxtlarımda dəyərli ustadlarımızın ifalarını dinləyirəm

 

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə layihəsi olan VI Muğam müsabiqəsi bir çox gənclərdə, o cümlədən məndə də muğama qarşı olan sevgini artırdı. Boş vaxtlarımda dəyərli ustadlarımız Xan Şuşinskinin, Əlibaba Məmmədovun, Arif Babayevin və Mənsum İbrahimovun ifalarına diqqətlə qulaq asıram. Hazırda işlərim çoxdur. Məktəbdə də, evdə də məşqlər edirəm. Çünki bu günlərdə Parisdə keçiriləcək müxtəlif janrlarda təqdim olunacaq konsert proqramlarına mən də qatılacağam. Orada “Bayatı Şiraz” muğamını ifa edəcəyəm. Gələcəkdə isə Milli Konservatoriyaya qəbul olmaq arzusu ilə yaşayıram. Çünki alacağım ali təhsil musiqi nəzəriyyəsini dərindən mənimsəməyimə təkan verəcək.

 

Qeyri-adi istedad sahibi

 

Muradın sinif rəhbəri Almaz Abbasova da sevimli şagirdi haqqında ürəkdolusu danışdı. Dedi ki, o, qeyri-adi istedad sahibi kimi məktəbin sevimlisidir, nizam-intizamlıdır, yüksək intellektli, vətənpərvər gəncdir. Məktəbimizdə keçirilən bütün tədbirlərdə Murad xüsusilə seçilir. Oxuduğu xalq mahnılarını, muğamları dinləməkdən doymaq olmur. Beynəlxalq müsabiqələrdə qazandığı uğurlar məktəbimizə şərəf gətirir. Onunla fəxr edirik. Bəzən dərsdən sonra məlahətli səsi ilə biz müəllimləri və şagirdləri feyziyab da edir. “Qarabağ şikəstəsi”ni oxuyanda isə qeyri-ixtiyari kövrəlirik. Sanki bu bal səsin qanadlarında boya-başa çatdığım Kəlbəcərimə doğru uçuram.

...Murad haqqında məqaləmin nöqtəsini qoyandan sonra nədənsə birdən ATV kanalında yayımlanan “Tanıdım səni” layihəsindəki çıxışlarını Yutubda yenidən dinləmək həvəsinə düşdüm və açığını deyim ki, dinlədikcə haldan-hala düşdüm, çox, lap çox kövrəldim. Onun məlahətli səsinin sehrinə düşmək mənə çox asan oldu, amma bu səsin ahəngindən ayrılmaqsa olduqca çətin idi...

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2017.- 29 sentyabr.- S.13.