NDU-da kitab təqdimatı
keçirilib
Naxçıvan Dövlət
Universitetinin incəsənət
fakültəsinin dekanı,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru Günay Məmmədovanın “Tofiq
Bakıxanov: Naxçıvan
sevincləri” və “Bəstəkar Nəriman Məmmədov” adlı kitablarının təqdimat
mərasimi olub.
NDU-nun Elmi
kitabxanasında təşkil
olunan tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov incəsənət
fakültəsində nəzəri
biliklərin tədrisi
baxımından qiymətli
dərslik nümunəsi
olan hər iki kitabın elmi əhəmiyyətini qeyd edib. Vurğulanıb
ki, musiqi mədəniyyətimizin tədqiqinə
və inkişafına
layiqli töhfə olan kitablar gələcəkdə
bu istiqamətdə daha geniş formada aparılacaq elmi işlərin başlanğıcı ola bilər. Rektor müəllifi təbrik edib və ona
yaradıcılıq uğurları
arzulayıb.
Musiqişünaslıq və metodika kafedrasının müdiri, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru, dosent İnara Məmmədova “Bəstəkar Nəriman Məmmədov”, musiqi təlimi kafedrasının
müdiri, pedaqogika üzrə fəlsəfə
doktoru, dosent İsmayıl Mürsəlov
isə “Tofiq Bakıxanov: Naxçıvan
sevincləri” adlı kitabın hər iki dəyərli sənətkarımızın həyat
və yaradıcılığının
öyrənilməsinə, ali və orta
ixtisas təhsili müəssisələrində Azərbaycan musiqi tarixi və bəstəkarlıq məktəbi
fənlərinin tədrisinə
verə biləcəyi
töhfələrdən danışıblar.
Kitablarla bağlı fikirlərini dilə gətirən müəllif qeyd edib ki, “Tofiq Bakıxanov: Naxçıvan sevincləri” kitabında Azərbaycan Respublikasının xalq artisti, əməkdar incəsənət xadimi, professor, “Şöhrət” ordenli bəstəkar Tofiq Bakıxanovun Naxçıvan görüşləri, onun Naxçıvanda keçirilən yubileyləri haqqında olan yazılar, bəstəkarın özünün naxçıvanlı bəstəkarlar Nəriman Məmmədov və Məmməd Nəsirbəyov haqqında yazdığı məqalələr, Naxçıvana həsr etdiyi mahnıların notları, eyni zamanda Tofiq Bakıxanovun Naxçıvanda keçirilən tədbirlərindən fotoları öz əksini tapıb. Müəllif Tofiq Bakıxanovun Naxçıvanla bağlı təəssüratlarını dilə gətirərək bəstəkarın bu qədim və zəngin mədəniyyət mərkəzinə könüldən bağlı olduğunu bildirib.
Müəllifin sözlərinə görə, “Bəstəkar Nəriman Məmmədov” adlı kitabda isə xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, tanınmış bəstəkar, musiqişünas, alim-folklorçu, professor Nəriman Məmmədovun həyat və yaradıcılığı, eyni zamanda bəstəkarın yaradıcılığının əsas hissəsini təşkil edən mahnıları haqqında məlumat verilir. Kitabda həmçinin görkəmli sənət adamlarının Nəriman Məmmədov haqqında xatirələri, bəstəkarın ömür səhifələrindən fotolar da dərc edilib.
Fortepiano
kafedrasının müdiri, professor Səidə Məmmədova,
musiqişünaslıq və metodika
kafedrasının müəllimi Samirə Hüseynova
kitablar haqda dəyərli
fikirlər səsləndirib, müəllifə
yaradıcılıq uğurları arzulayıblar.
Azərbaycan
müəllimi.- 2017.- 29 sentyabr.- S.13.