Tanınmışı tanıtmaq ehtiyacı

 

Əməkdar müəllim, şair-publisist Əyyub Şırlanlının 70 yaşı tamam olur

 

Adətən, tanıtım-təqdimatı ilk yazısı, fərqi yoxdur, o elmi, publisistik, pedaqoji -metodik məqalə olsun, ya da şeir, hekayə, mətbuatda dərc olunan müəllif haqqında yazırlar. Yazırlar ki, oxucular elmə, publisistikaya, poeziyaya, nəsrə kimin gəldiyini bilsin və yazısı xoşlarına gələrsə yaradıcılığını izləsinlər. Qəzetimizin bu sayındakı “Yaradıcılıq” səhifəmizdə şeirlərini dərc etdiyimiz Əyyub müəllimin isə, fikrimizcə, belə təqdimata ehtiyacı yoxdur. Çünki ömrünün əlli ilini pedaqoji fəaliyyətə həsr edən Əyyub Əbdüləzimov (Şırlanlı) çoxdan ustad müəllim kimi tanınır. Yarım əsr ərzində anadan olduğu Şuşa rayonunun məktəblərində müəllimlik edib, müxtəlif vaxtlarda rayon təhsil şöbəsinin müdiri, RTŞ-nin inspektoru, məsləhətçisi vəzifələrində çalışıb. İki il olar təqaüdə çıxıb.

Bacarıqlı, yaradıcı müəllim olub Əyyub Əbdüləzimov. Təcrübəsini mətbuatda, eləcə də qəzetimizdə vaxtaşırı dərc etdirdiyi məqalələr, böyük ustalıqla apardığı “açıq dərs”lər, ustad dərsləri vasitəsilə həmkarları ilə bölüşüb, rayonun müəllimlərinə bacardığı qədər elmi-metodik köməklik göstərib. 400-dək elmi-metodik, publisistik məqalənin, pedaqoji mündəricəli çoxlu kitabın, o cümlədən “Ömrə nur saçan insanlar”(Bakı, 2000), “Qarabağın harayları”(Bakı, 2009), “Ömrün yaddaqalan illəri”(Bakı, 2009), “Şuşa Zaqafqaziyada müstəsna əhəmiyyət kəsb edən təhsil mərkəzi və ziyalılar şəhəridir” (Bakı, 2010) kitablarının, Təhsil Nazirliyinin 19.02. 2014-cü il tarixli, 206 nömrəli əmri ilə təsdiq olunmuş 8-ci siniflər üçünQarabağ tarixi” proqramının və eyniadlı dərsliyin müəllifidir. Təhsilimizdəki 50 illik səmərəli xidməti “Tərəqqi” medalı (2012), “Əməkdar müəllim” fəxri adı ilə qiymətləndirilib.

50 il öncə ilk şeiri mətbuatda dərc olunan Əyyub Şırlanlı yarım əsrlik yaradıcılığı dövründə həm də incə rübablı şair kimi tanınıb və sevilib. Şuşa nisgili yaradıcılığından qırmızı xətlə keçən şair-pedaqoqun vətənpərvərlik ruhlu şeirləri böyüməkdə olan nəslin milli-mənəvi tərbiyəsində böyük rol oynayır. Əyyub müəllim qələmə aldığı poeziya nümunələrini də kitablara çevirib. İndiyədək “Vətən kişiliyə çağırır bizi”(Bakı, 2000), “Vətən yaraları, Vətən harayı” (Bakı, 2003), “Dərdinin üsyanı” (Bakı, 2006), “Necə baxım gözlərinə dağların” (Bakı, 2009) və s. kitabları işıq üzü görüb.

Bu yığcam qeydlərimizdən də göründüyü kimi, kifayət qədər tanınan Əyyub müəllimi tanıtmağa əslində ehtiyac yoxdurbizim məqsədimiz də bu deyil. Sadəcə istədik veteran pedaqoqşairin yaxın günlərdə 70 yaşının tamam olacağını xatırladaq və bu münasibətlə, eləcə də elmi-pedaqoji fəaliyyətinin və yaradıcılığının 50 illiyi ilə əlaqədar onu təbrik edək.

 

Azərbaycan müəllimi.- 2017.-29 sentyabr.- S.14.