Qərib durna

 

Qərib durna, söylə hardan gəlirsən,

Şuşanın üstündən uçub keçdinmi?!

Diz üstə əyilib ovuclarımla,

İçdiyim bulaqdan sən də içdinmi?!

 

De görüm bu bahar bizim bağçada,

Nəğməkar bülbüllər yuva qururmu?!

Tarixlər şahidi qoca çinarlar,

Palıdlar, cökələr hələ dururmu?!

 

Qumru bulaqların, şəlalələrin,

Yayda dodağından buz sallanırmı.

Qoyunlu-quzulu göy yaylaqların,

Qoynunda köhlənlər tumarlanırmı?!

 

De görüm dururmu qədim kurqanlar,

Qoşa minarələr, məscidlər, pirlər?!

Sökülüb, dağılıb, yoxsa yaşayır,

Məzarlar, türbələr, daş kitabələr?!

 

Durna, Xocalının, Kərgicahanın,

Yanından keçəndə nələri gördün?!

Şəhidlik zirvəsin qanıyla yazan,

Balaca Pənahın halını sordun?!

 

Sənə qurban olum, ay qərib durna,

Mənim ünvanımı hardan almısan?!

Canımı istəsən, verərəm sənə,

Amma söyləmə ki, köçkün olmusan!

 

Bəlkə gəlmisən ki, qayıdaq yurda?

İnan, qayıtmağa hər an hazıram.

Allahdan ömür yox, möhlət istədim,

Şuşanı görməyə hələ dözürəm.

 

Durna, gizlədim ötən illərdə,

Xəyaldan, ümiddən təsəlli aldıq.

Coşqun çaylar təki coşub-daşmadıq,

Elə ona görə Şuşasız qaldıq!..

 

İçimi göynədən suallarıma,

Ay durna, üçün cavab vermirsən?!

Dahilər yurdundan didərgin düşmüş,

Əyyubun alovun, odun görmürsən?!

 

Dağlar

 

Yollarım bağlıdır, gələ bilmirəm,

Sürülər yaylağa çıxırmı, dağlar?!

Uzundərədəki o “Qibləbulaq,

Yenə qibləyə axırmı, dağlar?!

 

Bilmirəm necədirQaçaqlar”, “Tala”,

Həsrətlə boylanıb baxıram yola...

vaxt qayıdarıq, bilmirəm, hələ...

Buludlar göz yaşın sıxırmı, dağlar?!

 

Çöllərdə qovduğum kəpənəkləri,

Çiyələk yığdığım biçənəkləri,

Mənim vəsf etdiyim gül-çiçəkləri,

Gözəllər sırğa tək taxırmı, dağlar?!

 

Çapardıq atları eniş-yoxuşda,

Quzular qalardı çöldə-örüşdə.

Gəzib islanardıq leysan yağışda,

Yenə ildırım çaxırmı, dağlar?!

 

Başqa bir aləmdir pəmbəli göylər,

Yazda məcrasına sığmayan çaylar.

Yaman tez ötüşdü fəsillər, aylar...

Sellər qayaları yıxırmı, dağlar?!

 

Əyyubam, bir sual verirəm sənə,

Cavabın xəlvətcə pıçılda mənə...

Mən ölüm, de görüm o gözəl yenə,

Dalımca eyvandan baxırmı, dağlar?!

 

Öyrət

 

Ay qadın, doğduğun oğula, qıza,

Məğrur palıd təki yaşamaq öyrət!

Düşmən qabağında gözün qırpmayan,

Cəsur Mübarizə oxşamaq öyrət!

 

Hay-həşir, sızıltı, göz yaşı tökmək,

Kişiyə yaraşan əlamət deyil.

Döyüş meydanına girməzdən əvvəl,

Müqəddəs Vətənin önündə əyil!

 

Aldanma düşmənin yağlı dilinə,

Qalibin heç yerdə yoxdu hakimi.

Götür silahını, oğul, əlinə,

Atıl döyüşlərə Koroğlu kimi!

 

Vermə bir kimsəyə qara daşın da,

Sənə layla çalan Ana Vətənin!

Doğra məftilləri, doğra sədləri,

Bütöv Azərbaycan sənindir, sənin!

 

Əyyub Şırlanlı

 

Azərbaycan müəllimi.- 2017.-29 sentyabr.- S.14.