Dünyanın ən yaxşı 100
universiteti
2017-2018-ci illər üzrə
növbəti reytinq cədvəli açıqlanıb
Böyük Britaniyanın “Times Higher Education”
(THE) jurnalı sentyabrın 5-də 2017-2018-ci illər üzrə
dünyanın ən nüfuzlu universitetlərinin növbəti
reytinq cədvəlini açıqlayıb. Dünyanın 77
ölkəsindən 10 min ali məktəbin yer
aldığı dünya reytinqində Böyük
Britaniyanın iki universiteti ön sıraları tutub. Oksford Universiteti reytinqin
lideri, ötənilki sıralamada 4-cü olan Kembric Universiteti
isə bu dəfə 2-ci olub. Reytinqin ilk 10-luğu
aşağıdakı universitetlərdən ibarətdir:
1.Oksford Universiteti, 2.Kembric Universiteti, 3.Kaliforniya Texnologiya
İnstitutu, 4.Stanford Universiteti, 5.Massaçusets Texnologiya
İnstitutu, 6.Harvard Universiteti, 7.Prinston Universiteti, 8.London
İmperial Kolleci, 9.Çikaqo Universiteti, 10.ETH Sürix -
İsveçrə Federal Texnologiya İnstitutu. Builki reytinqdə
başlıca faktor sıralamanın önündə olan hər
iki ali məktəbin ötən il Avropa İttifaqından tədqiqat
qrantları formasında aldıqları vəsaitlər əsasında
əldə etdikləri gəlirlərdir. Həm Oksford, həm
də Kembric özlərinin institusional gəlirlərinin həcmini
müvafiq olaraq 24, 11 faiz artırıblar. Onların yaxın rəqibləri
olan Kaliforniya Texnologiya İnstitutu və Stenford Universiteti isə
gəlirlərini azaldıb. Reytinqin ilk sıralarında yer
alan ali məktəblər arasında yüksək rəqabət
müşahidə olunub. İlk sıralarda təmsil olunan ali
məktəblər tədrisin səviyyəsi, tədqiqatlar,
sitatgətirilmə əmsalı, beynəlxalq perspektiv və gəlirlər
sahəsində yüksək nəticələr göstəriblər.
Yeni
reytinqdə Rusiya ali məktəblərinin sayı ötənilkinə
nisbətən azalıb. M.V.Lomonosov adına Moskva Dövlət
Universiteti 194-cü yeri tutub. MDU ayrı-ayrı istiqamətlər
- təhsil fəaliyyəti üzrə 26-cı, sənayedən
gələn gəlirlər göstəricisi üzrə 58-ci,
elmi tədqiqatların qiymətləndirilməsinə görə
isə 71-ci mövqedə qərarlaşa bilib. Beləliklə
də MDU 5 əsas fəaliyyət göstəricisindən
3-ü üzrə ilk 100-lükdə yer alıb. Universitetin
rektoru, akademik V.Sadovniçinin sözlərinə görə,
MDU təhsil sahəsində çox gözəl nəticələr
nümayiş etdirə bilib. Reytinqin direktoru Fill Beytinin
sözlərinə görə, Rusiya ali məktəblərinin
sayının azalmasını digər universitetlər tərəfindən
rəqabət səviyyəsinin artması ilə izah etmək
olar. Bu, heç də Rusiya ali məktəblərinin keyfiyyətinin
aşağı düşməsi deyil.
Qeyd edək
ki, THE artıq 14-cü dəfədir ki, tərtib olunur.
Reytinqin əsasında 5 qrupa bölünmüş 13 kriteriya
dayanıb. Onlara aiddir: innovasiyalara töhfə, tədrisin
keyfiyyəti, elmi məqalələrdən sitatgətirilmə,
ali məktəbin qlobal nüfuzu, elmi tədqiqatlardan əldə
olunan gəlirlər və s. Sıralamada dünya universitetlərinin
5 faizi təmsil olunub. Reytinqlə daha ətraflı
www.timeshighereducation.com/world-university-rankings/2018/world-ranking səhifəsindən tanış
olmaq olar.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2017.-
16 sentyabr.- S.8.