Kadr hazırlığına yeni yanaşma

 

Təhsil və Vergilər nazirliklərindən təhsilalanlara dəstək

 

Tələbələr Vergilər Nazirliyinin aparatında və strukturlarında təcrübə keçə biləcəklər. Bu imkan Təhsil və Vergilər nazirlikləri arasında aprelin 3-də imzalanan əməkdaşlıq memorandumu əsasında yaradılıb.

İndiyə qədər iki nazirlik birgə müxtəlif maraqlı layihələr həyata keçirib. Ancaq həm orta, həm də ali təhsil pilləsində geniş əməkdaşlığı nəzərdə tutan yeni memorandum iki qurum arasında əlaqələri daha da genişləndirəcək. Əməkdaşlıq memorandumu 5 illik dövrü əhatə etsə də, sonradan müddətinin uzadılacağı da istisna edilmir. İşəgötürənlərlə təhsilalanlar arasında effektiv əlaqənin qurulmasını nəzərdə tutan yeni sənədi “işəgötürənlə təhsilalan arasında səmərəli əlaqə vasitəsi” hesab edən vergilər nazirinin müavini Sahib Ələkbərovun fikrincə, bu layihənin həyata keçirilməsi ölkədə kadr hazırlığında yeni bir yanaşmanı müəyyən edəcək.

Təhsildə həyata keçirilən islahatlarda əməkdaşlıqların əhəmiyyətini önə çəkən təhsil nazirinin müavini Firudin Qurbanov Vergilər Nazirliyi ilə əməkdaşlığa xüsusi əhəmiyyət verildiyini bildirib. O, qeyd edib ki, insan kapitalını formalaşdıran ən əsas iki amil - təhsil və təcrübədir: “İnsan bilik, bacarıqlara təcrübə yolu ilə yiyələnməlidir.  Əməkdaşlığımız tələbələrə məhz bu imkanı qazandıracaq. Tələbələr Vergilər Nazirliyionun strukturlarında təcrübə keçmək, beləliklə də, fəaliyyətini daim yeniləşdirən, təkmilləşdirən, islahatlar aparan bir sahə ilə tanışlıq imkanı qazanacaqlar”.

 

Memorandum təhsilə nə verəcək?

 

Memoranduma əsasən, həm ali, həm də orta təhsil pilləsində bir sıra tədbirlər həyata keçiriləcək. Məsələn, ali məktəblərdə fəaliyyət göstərən müəllimlər Vergilər Nazirliyinin təşkil etdiyi treninqlərdə iştirak edəcək və bununla da vergi sistemində həyata keçirilən yeniliklərdən xəbər tutacaqlar. Vergilər Nazirliyində və bütövlükdə vergi sistemində çalışan yüksək səviyyəli mütəxəssislərin bilik və bacarıqlarından istifadə etmək  imkanı yaranacaq. Memoranduma əsasən, onların da təhsil prosesində iştirakı mümkündürbu əməkdaşlığın təhsilin keyfiyyətinə yüksək təsir göstərəcəyi şübhə doğurmur.

İki qurum arasında əməkdaşlıq elmi tədqiqat sahələri üzrə qarşılıqlı əlaqələrin inkişafını da nəzərdə tutur. S.Ələkbərov Təhsil və Vergilər nazirliklərinin əməkdaşlığındakı bu yeni həlqəni belə qiymətləndirir: “Gənclərə praktik vərdişlər aşılamaq məqsədi ilə Vergilər Nazirliyi əməkdaşlarının ali təhsil müəssisələrində, ilk növbədə SABAH qruplarında elmi-pedaqoji fəaliyyətlə məşğul olmaları, habelə onların təhsil sistemində çalışan mütəxəssislər üçün təşkil olunan treninqlərə təlimçi qismində cəlb edilmələri təmin olunacaq.

Vergi sistemində kifayət qədər bacarıqlı, bu sahəni dərindən bilən alimlər çalışırlar və onların bu prosesdə iştirakı ümumi məqsədimizə çatmağımıza xidmət edəcək. Vergilər Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə müasir standartlara cavab verən kadr hazırlığı proqramlarının, müvafiq sahə üzrə biliyin qiymətləndirilməsinin vacib formasının, təhsil müəssisələri üçün vahid vergi proqramının tərtib edilməsi və digər sənədlərin hazırlanmasında da iştirak etmək niyyətindədir. Müəllim və tələbə heyəti Vergilər Nazirliyi tərəfindən keçirilən treninqlərə cəlb ediləcək. Mövcud səlahiyyətlər və imkanlar çərçivəsində nəinki SABAH qruplarına, Təhsil Nazirliyinin gənclər üçün həyata keçirdiyi xüsusi layihələrə də müvafiq dəstək göstərməyə çalışacaq”.

F.Qurbanov əməkdaşlıq çərçivəsində tələbələrə Vergilər Nazirliyi tərəfindən verilən dəstəyin əhəmiyyətini belə izah edib: “Tələbələr istehsalat təcrübəsi dövrünü Vergilər Nazirliyində və onun strukturlarında keçəcək. Müasir standartlara cavab verən kadr hazırlığı proqramları, təhsil müəssisələri üçün vahid vergi proqramı və digər sənədlər hazırlanacaq, müəllim və tələbə heyəti bu qurum tərəfindən keçirilən təlim və seminarlara, treninqlərə cəlb ediləcəklər. Layihə elm, təhsil və təcrübənin bir-birini tamamlamasına xidmət edəcək və gələcək peşəkar kadrların yetişdirilməsinə böyük təkan olacaq”.

 

SABAH qruplarına dəstək

 

Vergilər Nazirliyinin dəstəyinin əsas ünvanı SABAH qruplarıdır.

Məlum olduğu kimi, 4 il əvvəl Təhsil Nazirliyinin təşəbbüsü ilə ali təhsil müəssisələrində SABAH qrupları təşkil edilib. Artıq 12 ali təhsil müəssisəsində 2300 tələbəni əhatə edən bu layihədə yeni və fərqli mühitdə təhsil, gənclərin savadlı, bacarıqlı və hazırlıqlı kadr kimi yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığına istiqamətlənməsi Vergilər Nazirliyinin də diqqətini cəlb edib. S.Ələkbərovun sözlərinə görə, Təhsil Nazirliyi ilə aparılan müzakirələrdən sonra SABAH qruplarında təhsilalanların inkişafı, tədris, təlim, peşə hazırlığı məqsədi ilə layihəyə start verilib: “Bu layihə məhz ali təhsil ocaqlarında xüsusi istedadlı tələbələr üçün yaradılmış SABAH qruplarında təhsil alan gənclərin gələcək hazırlığı ilə bağlıdır. Layihə gənclərin tədris dövründə inkişafını, təlim və peşə hazırlığı üzrə biliklərinin dərinləşdirilməsi və möhkəmləndirilməsini, peşəkar kadr kimi yetişdirilməsini, potensialı olan gənclərin gələcəkdə vergi xidmətində işə cəlb edilməsi üçün ilkin hazırlığını nəzərdə tutur”.

Texnologiyaların yüksək sürətlə inkişaf etdiyi bir dövrdə rəqabətədavamlı kadrların hazırlanmasında SABAH qruplarının yaradılmasını və Vergilər Nazirliyinin qrupa dəstəyini xüsusi qeyd edən F.Qurbanov SABAH qruplarında əldə edilən nəticələrə diqqət çəkib: “721 nəfər SABAH məzunundan 53 faizi magistraturaya qəbul olunub. Magistraturaya qəbul olunanların 16 faizi təhsilini xaricdə davam etdirir. Məzunların 30 faizi dövlət və özəl sektorda işlə təmin olunub. Bu, çox yaxşı göstəricidir”.

 

Vergi mədəniyyəti”ni

öyrədən kurslar təşkil ediləcək

 

Vergilər Nazirliyi ilə Təhsil Nazirliyi arasında əldə edilən yeni əməkdaşlıq şərtlərinə görə, orta təhsil müəssisələrində kurslar təşkil ediləcək. Həmin kurslarda şagirdlərə “Vergi mədəniyyəti” aşılanacaq.

 

Bu sənəddən Vergilər

Nazirliyi nə qazanacaq?

 

İnsan resurslarının dövlət qurumlarının və əmək bazarının tələbi nəzərə alınmaqla savadlı, bacarıqlı və hazırlıqlı kadr kimi yetişdirilməsinə şərait yaradacaq bu sənədin imzalanmasını zərurətə çevirən səbəblər olub. Nazir müavini S.Ələkbərovun sözlərinə görə, vergi orqanlarında çalışanların yarısı gənclərdir. Rəhbər vəzifələrdə çalışanların 32 faizinin yaşı 35-dən aşağıdır. İş prosesində gənclərə üstünlük verən bir qurumun Təhsil Nazirliyi ilə imzaladığı bu memorandumuinsan resurslarının inkişafına yatırılan investisiya” adlandıran S.Ələkbərov deyib ki, nəinki ali təhsil pilləsinin ikinci kurslarında yaradılan  SABAH qruplarında, ümumiyyətlə, ali təhsil alan gənclər üçün formativ tədris prosesi düzgün qurularsa, hər bir dövlət qurumu həmin gənclər arasından özünün insan resursları bazası üçün yüksək hazırlığa malik kadrlar əldə edə bilər.

 

Gənclərdən nə tələb ediləcək?

 

Vergi orqanlarının fəaliyyəti günün tələbinə uyğun olaraq təkmilləşdirilir. Öz fəaliyyətində müasir texnoloji resurslardan geniş istifadə edən Vergilər Nazirliyi elektron hökumətin ən mühüm həlqələrindən biridir. Hazırda vergi risklərinin müəyyən olunması və yayındırılan vergilərin aşkarlanması məqsədi ilə risklərin idarə edilməsi, elektron audit kimi innovativ alətlər uğurla tətbiq edilir. Vergi bəyannamələrinin hazırlanmasından tutmuş onların göndərilməsi, vergilərin ödənilməsinə qədər bütün proseslər elektronlaşdırılıb. Vergi xidmətində çalışan əməkdaş bütün prosesini informasiya texnologiyaları vasitəsi ilə həyata keçirir. Bu da vergi işçisindən yüksək bilik, bacarıq və təcrübəsi tələb edir. İnformasiya texnologiyaları daim yenilənən bir sahədir və onunla çalışan insandan da bu yeniliklərlə ayaqlaşmaq tələb olunur. Odur ki, bu sistemdə çalışmaq niyyətində olan tələbələr bu tələblərə cavab verməlidir. Vergilər Nazirliyi işə qəbul edəcəyi şəxslər arasında müasir düşüncə sahibi, yenilikçi, öz potensialını reallaşdırmaq istəyən təşəbbüskar gənclərə üstünlük verir.

Odur ki, vergi sistemində çalışmaq istəyində olan gənclər, bu tələblərə cavab vermək üçün təhsilinizə daha məsuliyyətli yanaşın!

 

Ruhiyyə DAŞSALAHLI

 

Azərbaycan müəllimi.- 2018.- 6 aprel.- S.1; 3.