Məktəbdə yaradıcı və sağlam

mühit kollektivi ruhlandırır

 

Ümumi təhsil müəssisələrində münasibətlər qarşılıqlı inam üzərində qurulmalıdır

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Azərbaycan müəllimi” qəzetinin birgə təqdim etdiyi “Mənim məktəbim” layihəsinin məqsədi məktəb direktorlarının rəhbərlik etdikləri təhsil müəssisələrinin özünəməxsusluğu haqqında qələmə aldığı məqaləni, tədrisin və idarəçiliyin təşkilində həm pedaqoq, həm də rəhbər kimi müvafiq düşüncələrini geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir.

Layihədə idarəedənin pedaqoji və ictimai-fəlsəfi baxımdan məktəbin əsas hədəflərinə və özünəməxsusluğuna dair yanaşmasına da xüsusi yer verilir. Layihə çərçivəsində mövcud reallığı əks etdirən, təhsil müəssisələrinin qarşısında duran məsələlərin həlli yollarını göstərən, məktəb idarəetməsinə və uğurlu məktəb modelinə dair orijinal şəxsi fikirlərin və dünya təcrübəsinə əsaslanan faktların yer aldığı məqalələr təqdim olunur.

Ümumi təhsil məktəbində yaradıcı və sağlam mühitin yaradılması əsas şərtlərdəndir. Belə mühitdə pedaqoji kollektiv işə, şagirdlər dərslərinə daha məsuliyyətlə yanaşır. Nəticədə isə məktəblilərin nailiyyətləri artır. Bu da həm ümumi təhsil müəssisəsinin kollektivini, həm də valideynləri razı salır.

Məktəbdə yaradıcı və sağlam mühitin formalaşdırılması birbaşa idarəetmənin düzgün təşkilindən asılıdır. Ümumi təhsil müəssisəsinin idarəolunması elə qurulmalıdır ki, orada hər kəs özünü rahat hiss etsin. Məktəb rəhbərliyi, müəllim, şagird və valideynlər arasında səmimi münasibət qurulsun. Şagird müəllimlərinin onu valideyni qədər sevdiyini, gələcəyi üçün çalışdığını düşünsün. Məktəbdə şagirdin yüksək bilik əldə etməsi və müasir tələblər səviyyəsində inkişafı üçün şərait yaradılsın. Şagird təhsil aldığı məktəbə həvəslə gəlsin. Yalnız belə mühitdə bilikli, dünyagörüşlü, Vətənini, torpağını, xalqını, o cümlədən, məktəbini, müəllimini və valideynini sevən şagird yetişdirmək olar.

 

Göstəriciləri yüksəldən mühit

 

 İşin yaradıcı və sağlam mühit üzərində qurulduğu məktəbimizdə idarəetmə demokratik prinsiplərə əsaslanır.  Burada müəllim və şagirdlər üçün inkişafa xidmət edən əlverişli şərait yaradılıb. Bu mühit sağlam düşüncələrin təşəkkülünə, yaradıcı qabiliyyətin inkişafına, fikir və ideyaların sərbəst irəli sürülməsinə şərait yaradır, eləcə də məktəbə inamı artırır.

Məktəbdə formalaşan qarşılıqlı inam şəraitində daha yüksək nailiyyətlərin əldə edilməsi istiqamətində işlər görülür. Bütün qüvvələr göstəricilərin artırılması üçün səfərbər olunur. Şagirdlərin təlim göstəricilərinin artırılması, həmçinin, onların müsabiqə, olimpiada və yarışlarda yüksək nəticələr göstərməsi üçün konkret tədbirlər planı hazırlanır.

Bir məqamı da vurğulamaq istəyirəm ki, məktəb direktoru olaraq, daim kollektivi ruhlandırmağa çalışıram. Xüsusilə məktəbin fəaliyyəti ilə bağlı göstəriş və əmrlər verərkən bu amili əsas götürürəm. Belə yanaşma kollektivdə əmək fəaliyyətinin daha səmərəli təşkilinə, yüksək nəticə əldə edilməsinə şərait yaradır.

Ümumiyyətlə, təcrübə göstərir ki, məktəbə rəhbərlik edən hər bir şəxs fəaliyyətində demokratik prinsipləri əsas tutmalıdır. Direktor işinə  mənəvi-psixoloji cəhətdən hazır, həmçinin, liderlik xüsusiyyətinə malik olmalıdır. O, həm də ünsiyyətcilliyi, tənqidə dözümü, obyektivliyioperativliyi ilə seçilməli, əməyi və ictimai fəallığı stimullaşdırmalıdır.

Həm də qeyd edim ki, məktəb direktorunun xarakteri, əməyə münasibəti bir sıra məsələlərə təsir göstərir. Ona görə də ümumi təhsil müəssisəsinə rəhbərlik edən şəxs özünə qarşı tələbkar yanaşmalı, başqlarına nümunə olmağı bacarmalıdır. Çünki məktəb şəraitində rəhbərliyin müsbət və ya mənfi xüsusiyyətləri tədricən kollektivdə də təşəkkül tapır, əmək fəaliyyətinə təsir edir. Əlbəttə ki, müsbət xüsusiyyət kollektivdə ruh yüksəkliyinin, mənfi xüsusiyyət isə gərginliyin yaranmasına səbəb olur.

Bu baxımdan məktəbimizdə hər kəs üçün əlverişli şərait mövcuddur. Hamı məktəbə ruh yüksəkliyi ilə gəlir, gərginlik olmayan bir mühitdə fəaliyyət göstərir. Bu hal təlim göstəricilərinə müsbət təsir göstərir.

 

Keyfiyyəti artırmaq üsulları

 

Məktəbimizdə müəllimlərin fəaliyyəti üçün əlverişli şəraitin yaradılması da xüsusi fikir verilən məsələlərdəndir. Mütəmadi olaraq, onların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə təlim və seminarlarda iştirakı təmin edilir. Bu zaman müəllimlərin İKT-dən istifadə bacarıqlarının artırılmasına, elmdə baş verən yenilikləri mənimsəməsinə diqqət yetirilir.

Məktəbimizdə müəllimlər arasında təcrübə mübadiləsi də həyata keçirilir. Gənc müəllimlərin daha təcrübəli həmkarlarından öyrənməsinə şərait yaradılır. Bu məqsədlə dərs dinləmələri təşkil olunur. Bununla yanaşı, müəllimlər arasında rəqabət mühiti formalaşdırılır. Daha təcrübəli və peşəkar müəllimlər mükafatlandırılır, nümunə göstərilir. Həmçinin, müəllimlər arasında kollektivçiliyin güclənməsinə ciddi önəm verilir.

Bütün bu tədbirlər müəllimlərin fəaliyyətinin daha da təkmilləşməsinə, peşəkarlığının yüksəlməsinə şərait yaradır ki, bu da tədrisin keyfiyyətini və şagirdlərin nailiyyətlərini artırır.

 

Hərtərəfli inkişaf və gələcəyə ümid

 

Məktəbdə yaradılan sağlam mühit və yanaşma, kreativ fikirlərə, innovativ metodlara açıq münasibət şagirdləri daha yaradıcı olmağa həvəsləndirir, onların yeniliklərə meylini gücləndirir. Dərslərdə müasir texnologiyalara üstünlük verilməsi isə onların daha savadlı və bacarıqlı yetişməsində əhəmiyyətli rol oynayır.

Qeyd edim ki, məktəbdə şagirdlərə yüksək səviyyədə biliyin verilməsi ilə yanaşı, onların məktəbdənkənar tədbirlərə cəlb olunmasına da xüsusi diqqət yetirilir. Bu da onların yaradıcılıq imkanlarını artırır. Müxtəlif dərnəklər, idman oyunları və digər bu kimi tədbirlər həm şagirdlərin asudə vaxtını səmərəli keçirməsinə, həm də onların bilik və bacarıqlarını  nümayiş etdirməsinə şərait yaradır.

Təcrübəyə əsaslanaraq deyə bilərəm ki, məktəbdənkənar tədbirlərdə fəal olan şagirdlər dərslərini də yaxşı oxuyurlar.  Onlar müstəqil və kreativ fikirləri, innovativ yanaşmaları ilə seçilirlər. Həmçinin, məktəbdənkənar tədbirlər şagirdlərin vətənpərvər, dövlətini, xalqını sevən layiqli şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərir.

Sonda qeyd edim ki, məktəblinin cəmiyyətdə layiqli yer tuta biləcək hərtərəfli şəxsiyyət kimi yetişdirilməsi qarşımızda duran əsas vəzifədir. Bunun üçün isə ümumi təhsil müəssisəsində əlverişli mühitin olması vacibdir.

Əminəm ki, yaradıcı və sağlam mühitdə təlim-tərbiyə görmüş məktəbli gələcəkdə ölkəmizə böyük fayda verə bilər.

 

Fayaz HÜSEYNOV,

60 nömrəli tam orta məktəbin direktoru

 

Azərbaycan müəllimi.- 2018.- 6 aprel.- S.9.