Həyat prinsipi:
MÜƏLLİM OLACAĞAM!
Nailə Cəlilova: “İşinizlə
məşğul ola-ola zamanınızı səbrlə
gözləyin”
1950-ci ildə Bakıda ziyalı ailəsində anadan
olub. 132 nömrəli məktəbdə təhsil
alıb. Bakı Dövlət Universitetinin
Şərqşünaslıq fakültəsini bitirib. Deyir Şərq dilləri, xüsusən də ərəb
dili üzrə mütəxəssis olmaq uşaqlıq arzusu
olub. Bu üzdən ali məktəbə
məhz arzuladığı fakültəyə qəbul olanda
sevincinin hədd-hüdudu olmayıb...
Beləliklə,
“Məktəb illəri”nin qonağı 267
nömrəli məktəbdə ərəb dilini tədris edən
Əməkdar müəllim Nailə Cəlilovadır. Ona ilk sualımız məktəbdə işlərin
necə getməsi ilə bağlı oldu.
- Hər
şey qaydası ilə gedir hələlik. Düzü,
bir şikayətim yoxdur.
- Nailə
xanım, sovet dönəminin məktəblisi və ərəb
dili, hansı tərəfdən baxılsa qəribə mənzərədir.
Hardan yaranmışdı ərəb dilinə
maraq sizdə?
- Orta məktəbdə
oxuyanda bizə ərəb dili keçilirdi. Bilmirəm
niyə, baxmayaraq ki, çox mürəkkəb dildir, son dərəcə
həvəsli idim. Başqa uşaqlar qiymət
almaq xatirinə öyrənirdilər. Mən
dərinliklərinə getməyə
çalışırdım. Bəzən
müəllimlərə də təəccüblü gəlirdi
ərəb dilinə olan bu sevgim. Amma yəqin
ki, istiqamətim bu yönə olacaqmış deyə, bu maraq
var idi.
- Universitetə necə gedib
çıxmağınıza qayıdacağıq. Amma uşaqlıq illəri, ailənizi
xatırlamağınızı istərdik. Hansı ailədə
böyümüsünüz, kim idi
valideynləriniz?
- Həkim
ailəsində dünyaya gəlmişəm. Atam
Cəfər Bağırov indiki Respublika Xəstəxanasında
baş həkimin müavini kimi çalışıb. Anam isə rentgenoloq idi. Əmi,
dayı, bibi, xala hamı həkimdir. Atam ərəb
dili ilə məşğul olmaq istəyimi eşidəndə,
necə deyərlər, “daş atıb, başını
tutdu”. Heç istəmirdi bu istiqamətə
gedim. Ailə peşəsini davam etdirməyimi
istəyirdi. Hətta bəzən olurdu
Şərqşünaslıq fakültəsini gözümdən
salmağa cəhd edirdi. Deyirdi sən ora
heç girə də bilməyəcəksən. Çünki cəmi altı yerdir, imtahanları da ağır.
Kəsiləcəksən deyib durmuşdu. Elə bil ona inad edirdim. O, getmə dedikcə,
daha çox oxuyurdum. Deməli, adamın alın
yazısının olması gerçək bir şeydir.
Yəni BDU-nun Şərqşünaslıq
fakültəsi həm də mənim alın yazım idi.
- Bəs
siz qəbul olanda nə reaksiya verdi
atanız?
-
Heç nə, susdu, gülümsədi və hamı kimi o da
razılaşdı, təbrik elədi məni.
- Deyilənə
görə, siz həm də zadəgan ailəsinin
qızısınız. Babalarınız kim
olub?
- O qədər
də məşhur milyonçulardan sayılmaz mənim babam. Amma dövrünün yaxşı kişilərindən
biri olub. Bunu o zamanlar danışmaq qorxulu
idi. İnsanları belə keçmişlərinə
görə həbs edib, sürgünə göndərirdilər.
İndi hamı danışır. Bizim ailədə də belə bir qol var. Babam Hidayət
Quliyev Bakı kəndlərində nüfuzlu kişilərdən
idi. Çoxlu mülkü olub,
dövründə tanınan sahibkarlardan imiş. Ana babamdır. Repressiya illərində
babamı sürgünə yollayıblar. Bu
barədə biz həmişə danışmağa
qorxmuşuq. Bizi başa salıblar ki, əgər
kiməsə danışsaq, valideynlərimizə pis olacaq.
Təbii ki, illər öncə belə idi.
Amma illər sonra bir gün qapımız
döyüldü. Dedilər biz rəsmi
dövlət qurumundanıq, sizin babanıza bəraət
verilib. Hamı bir-birinə baxdı və
heç nə demədi.
- İndiki dillə soruşsaq babanız hansı biznes fəaliyyəti
ilə məşğul imiş?
- Siz
demiş, müasir dillə desək, nəqliyyat sektorunda fəaliyyət
göstərib. Nəqliyyat şirkəti olub.
Yəni çoxlu sayda faytona sahib imiş. Tikinti işi ilə məşğul olub həm də.
- Bəraətdən
sonra nə baş verdi?
- Anamgil
üç bacı, bir qardaş idi. Dövlət
qurumundan gələn nümayəndələr dedilər ki,
sizin üçün nə edilməsini istəyirsinizsə,
edək. Yəni, babamdan qalan mal-mülkdən
nəyi geri almaq istəsəydilər, ala bilərdilər.
Hər halda belə dedilər.
- Bəs
nəticə nə oldu?
- Yəqin
ki, çoxları Buzovnadakı məşhur sanatoriyanı
tanıyır. Ora mənim babamın evi olub.
Yəni anamgil həmin evdə dünyaya gəlib,
böyüyüblər. Şəxsi
mülkiyyəti imiş babamın. Bizim ailə
qərara gəldi ki, baba mülkümüzü geri istəsinlər.
Uşaqlıq illəri və atalarından qalan
yadigar kimi. Sağ olsun dövlətimiz, babamızın
mülkünü bizə qaytardı. İndi
sanatoriyanın sənədləri bizdədir. Yəni, biz o binanın rəsmi sahibləriyik. Babamızın evini əvvəlki
halına gətirib bərpa edə bilmirik, çünki
böyük vəsait tələb edir. Ev də,
ərazisi də yetərincə böyükdür. Amma bizim olduğunu dəqiq bilirik. Bu, adama mənəvi rahatlıq gətirir.
- İndi kimsə yaşayırmı orada?
- Heç kim. Amma hərdən ailəlikcə
yığışıb gedirik, təmizlik aparırıq, həyətini
sulayırıq, elə bil adamın ruhu yenilənir, başqa
cür oluruq hamımız. Bilirsən ki,
bura sənin ulu nənə-babanın, ailə üzvlərinin
ruhları dolaşan yerdir.
-
Qayıdaq universitetə qəbul olduğunuz illərə...
- Bizim
fakültəni bitirənlər adətən tərcüməçi
olur. Mən istədim pedaqoq olum. Yəni, orta məktəbdə şagirdlərə ərəb
dilini öyrədim.
- Siz ali
təhsilinizi bitirdiyiniz illər hələ də belə məktəblər
qalırdımı?
- Var idi,
amma artıq son dərəcə azalmışdı dərs
saatları.
- Bəs
sizin plan necə oldu?
-
Düzünə qalsa, əslində, heç bir plan yox idi. Sadəcə, araşdırmağa başladım.
Haradasa yetmişinci illərin əvvəlləri
idi, Bakıda Xarici Ölkələrlə Əlaqələr
üzrə Dostluq Cəmiyyəti var idi. Müəllim
kimi yerləşənə qədər həmin cəmiyyətdə
tərcüməçi olaraq işə düzəldim.
Sonra ailə qurdum. Elə ailə
vəziyyətimizlə əlaqədər Liviyaya köçəsi
olduq. Yəni müəllimlik arzum baş
tutmadı. Köçməyə həyat
yoldaşımla birgə qərar versək də, bir
narazılığım var idi içimdə. Axı ərəb dili müəllimliyi arzum
reallaşmamışdı. Onu
reallaşdıra bilmirdim deyə, çox təəssüflənirdim. Eyni zamanda getməyə
də bilmirdim. Başqa yol yox idi, qərar
verilmişdi, getdik. Beləcə, peşə
fəaliyyətimin Liviya hissəsi başladı. SSRİ-nin Liviyadakı səfirliyinin ictimaiyyətlə
əlaqələr bölməsində həm redaktor, həm də
tərcüməçi kimi işlədim. İş
çox, maaş yaxşı idi, amma məni
qane eləmirdi. Biz 1978-ci ildə getmişdik,
1988-ci ildə Bakıya qayıtdıq. Yenə
də araşdırmağa başladım, görüm
hansı məktəblərdə ərəb dili fənni tədris
olunur. Narahat idim,
düşünürdüm bəlkə, ümumiyyətlə,
yığışdırılıb.
- Tərcüməçi
kimi fəaliyyətinizi də davam etdirə bilərdiniz...
- Yox, ailə
ilə uyğun gəlmirdi tərcüməçilik. Həm də illərdir əlçatmaz arzum var idi.
Müəllim olmalıydım, mütləq! Tərcümə
işinə gəlincə, çətin işdir. Kimisə
tərcümə etmək yox, iş qrafiki
ağırdır. Yəni tərcüməçinin
gecəsi-gündüzü olmur. Tutalım
bir xarici qonaqla işləyirsən. Bir də
görürsən axşam saatlarına qədər çəkir
tədbirlər, müzakirələr. Ailə
və azyaşlı uşaqla bu mümkün olmurdu. O
üzdən heç tərcüməçi kimi işləməyi
ailədə də istəmədilər. Dedilər
müəllim kimi işlə. Bu da öz
arzum idi axı. Beləcə, bir gün
qarşıma elan çıxdı. Baxdım
267 nömrəli məktəbdə ərəb dilinin tədrisi
üçün mütəxəssis, müəllim
axtarırlar. Qəzetdə rast gəldiyim
bu elan elə bildim nəfəs almaq üçün yeni bir pəncərə
oldu. İllər öncəki arzumun bir
addımlığındayam. Getdim məktəbə.
Dili harada öyrəndiyim, indiyə qədər
harada çalışdığım, niyə müəllim
olmaq istədiyimi soruşdular. Bütün suallara cavab verdim,
sonda da dedim ki, orta məktəbdə
oxuduğum illərdəki arzumdur müəllim olmaq, mənə
dərs saatı verin, sizi yanıltmaram. O vaxtdan bu məktəbdəyəm,
267 nömrəli məktəbdə. Sağ olsunlar, iş
verildi, indiyə qədər də işləyirəm.
- Bu
gün ingilis və rus dilləri prioritetdir. Bəlkə
dəbdədir də demək olar. Ərəb
dilinə necə, maraq göstərən varmı?
- İlk başladığım ildə ərəb dili
ancaq məktəbin Azərbaycan bölməsində tədris
olunurdu. Ancaq sonra rus bölməsində də tədrisə
başladıq. İki bölmədə
keçirdik və çox maraqlı idi. Elə
indi də bu cür davam edir.
-
Çox az məktəbdə xarici dilin tədrisində
Şərq dillərinə, xüsusən də ərəb
dilinə rast gəlinə bilər. Sizcə bunu
niyə ediblər?
-
Düşünürəm BDU-nun Şərqşünaslıq
fakültəsinin olmasına və bir də Şərq
ölkələrindəki diplomatik nümayəndəliklərdə
çalışacaq, bu dili oyrənəcək gənclərdə
dilin bazasını formalaşdırmaqdır məqsəd.
- Hərənin
həyatında rol oynayan bir müəllimi olur. Sizin həyat
müəlliminiz kim olub?
- Azərbaycan
dili və ədəbiyyatı müəllimim vardı, Billurə
xanım. Əfrasiyab müəllim vardı,
Bibixanım müəllim var idi. Riyaziyyat
müəllimimi xatırlayıram, Zeynəb xanımı.
Amma biri var idi, onu xüsusi xatırlayıram, mənim
ərəb dili müəllimim.
Əvvəllər Əlcəzairdə tərcüməçi
kimi işləmişdi. Sonradan orta məktəb
müəllimi kimi fəaliyyət göstərirdi. Bəlkə də o, həyatımın
formalaşmasında rolu olan iki-üç insandan biridir.
-
Çoxu üçün müəllimlik növbəti vəzifəyə
tramplindir. Kimisi üçün bəhanədir.
O mənada ki, hə, mən də qızımı, oğlumu
oxutdum. Sizin yanaşmanız necədir?
- Müəllimlik
tək diplomla həll olunacaq iş deyil. İnsan
müəllim olmaq üçün doğulmalıdır.
Bu peşəni, səmimiyyətimə
inanın, çox nadir halda oxumaqla qazanmaq olar. Sizin sadaladığınız halları görəndə
həm təəssüf edirəm, həm də istəmirəm
belə yanaşmalar olsun. Çünki
insan yetişdirəcək peşəyə dırnaqarası
yanaşma cəmiyyətin faciəsi olar. Müəllimlik
səbr tələb edən peşədir. Bəzən deyirlər, uşaq pisdir. Mən deyirəm ki, pis uşaq yoxdur. O
uşağın dilini tapa bilməyən müəllim var.
İşləmək, o uşaqdan kimsə düzəltmək
istəyən müəllim olmalıdır. Uşağa qalsa,
heç kim olmaz. Uşaqlarla
işləmək ilk baxışdan asan görünə bilər,
amma çox ciddi və məsuliyyətli işdir. İradəsi olmayan, cəldliyi və səbri
çatmayan adamdan müəllim olmaz. Nə
qədər savadlı olur-olsun, alınmaz. Müəllimlik yaxşı mənada tanrıdan gələn
istedaddır.
- Mərhələyə
bölsək, müəllim uşağın tərbiyəsində
neçənci yerdədir?
- Birinci
yerdə mütləq ailədir. İkinci yerdə
mühit. Sonra damarında axan qan və cəmiyyət.
Amma bir şey var, istənilən halda müəllim
nümunə olmalıdır, yaxşı nümunə. Geyimində, mədəniyyətində, savadında,
tərbiyəsində. Belə olsa mütləq
sinfin ən dəcəl uşağı da istəyəcək
o müəllimdən nəsə öyrənib,
götürsün.
- Siz necə
müəllimsiniz? Yəni, özünüzə
kənardan baxa bilirsinizmi?
-
Baxıram, əlbəttə. Təəssüratlarımı
bölüşmək istəmirəm amma. Sadəcə deyə bilərəm ki, peşəmdən,
onun mənə gətirdiyi hörmətdən,
uşaqların, valideynlərin münasibətindən
çox razıyam. Yaxşı ki, mən
müəllim oldum. Başqa heç bir sahədə
bu qədər işim uğurlu alınmazdı.
- Əməkdar müəllimsiniz. Bu bir müəllimə
verilə biləcək ən böyük dəyər,
hörmətdir dövləti tərəfindən. O
adı aldığınızı öyrəndiyiniz anı
necə xatırlayırsınız?
- Ən yaxşı müəllim müsabiqəsi
keçirilirdi. O müsabiqəyə qatıldım. Müsabiqə
üç mərhələdən ibarət idi. Birinci mərhələdə müəllimin
pedaqogikaya aid yazıları çap olunmalı idi. Burdan keçdim. Sonra müsahibə
mərhələsində iştirak etdim. Üçüncü
mərhələdə tanımadığın bir məktəbdə,
dərsin mövzusunu bilmədən sinfə girməli, dərs
soruşub, yeni dərs keçməli idin. Dərsə girdim və on uşaqla qrup formatında
dərs keçdim. Uşaqlardan çox
razı qaldım. Deyəsən, onlar da məndən
razı idilər. Ancaq bu son mərhələnin
nəticəsini bilmədim. Evə gəldim,
narahat idim. Axşam bir
tanışımız sevincək zəng elədi ki, bəs
müsabiqənin nəticələri dərc olunub. Xahiş etdim mənim də adımı yoxlasın.
Bir də gördüm sevinə-sevinə geri zəng vurub, dedi
qaliblərdənsən. Yüz müəllimdən
biri olmuşdum. Bu məni çox
sevindirirdi. Yadımdadır, o vaxt evdəkilər
məndən çox sevinmişdilər. Həmin
gün böyük ailə tədbiri də keçirdik. Nəyə görə
sualınıza cavabı bu qədər uzaqdan başladım?
Qoyun, bunu da deyim. Məni
Əməkdar müəllim olmağa aparan yolun birinci mərhələsi
bu idi. Sonra elə bil bu qalibiyyət mənə daha
çox işləmək həvəsi verdi.
Başladım dərsliklər üzərində
çalışmağa. Beş sinif
üzrə ərəb dili dərslik komplektinin müəllifiyəm.
Bundan sonra Əməkdar müəllim fəxri adına
təqdimatım oldu. Sağ olsun bu təqdimatı edənlər.
O cümlədən müəllim əməyinə qiymət
verən cənab Prezidentə təşəkkür edirəm.
Mən adımı rəsmi sənədlərdə
Əməkdar müəllim kimi görəndə, inana
bilmirdim. Evdə ailə üzvlərim də dedilər,
nəhayət, sənin
də dəyərin verildi. Bu, çox ayrı və
xoş bir hissdir. Yaşamadan izah edilə
bilməz.
- Sizcə,
həyat həmişə belədirmi? Yəni,
bütün çəkilən zəhmətlərin
qarşılığı varmı?
- Mütləq
var. Buna adım qədər əminəm. Əgər
hesab edirsənsə zəhmət çəkmisən, amma bəhrəsi
yoxdur, deməli, haradasa səhvlərə yol vermisən.
Bu, mütləq belədir. Başqa
cür mümkün deyil. Mən buna
çox inanıram. Olar ki, bir az gec,
bir az çətin dəyərlənər zəhmətin. Amma gec-tez dəyərlənər. Bu üzdən
əziyyətinə dəyər verilmədiyini
düşünən insanlara bir məsləhətim olub həmişə:
sənətinizi sevin, daim axtarışda olun, mübarizə
aparın, həm də işinizlə məşğul ola-ola
zamanınızı səbrlə gözləyin. Mütləq nəticə olacaq.
-
Yaxşı müəllim olmağın formulu nədir? Kimdir yaxşı müəllim?
- Müəllim
işıqlı sima, səbrli insan, savadlı adam,
müdrik, təcrübəli biri olmalıdır. Hər an gözlənilməzliyə
hazırlıqlı olmalıdır. Müəllim
əldən tutmağı bacarmalıdır. Uşağı söz-söz, sətir-sətir
öyrədib, insan etməlidir. Müəllimi
başqa cür təsəvvür edə bilmirəm.
Jalə MÜTƏLLİMOVA
Azərbaycan müəllimi.- 2018.-
6 aprel.- S.13.